Sülh sazişi Azərbaycanın risk profilini aşağı salır, ölkəni ABŞ və Qərb investorları üçün etibarlı investisiya məkanına çevirir
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı Əli Səlimovun fikrincə, regional gərginliyin azalması iqtisadi əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır. Uzun müddət məhdudlaşdırılmış nəqliyyat-kommunikasiya xətlərinin bərpası və aktivləşdirilməsi Azərbaycanın tranzit ölkə kimi rolunu daha da gücləndirə bilər: “Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin funksionallığının artması ölkənin yalnız regional deyil, eyni zamanda qlobal ticarət zəncirlərində əhəmiyyətini yüksəldir. Tranzit fəaliyyətinin genişləndirilməsi orta müddətli dövrdə Azərbaycanın tranzit gəlirlərini təxminən 10 faiz artırmaq potensialına malikdir. Bu proses logistika, nəqliyyat infrastrukturu və xidmət sektorlarında xarici sərmayələrin artımını stimullaşdıracaq əsas amillərdən biri kimi çıxış edə bilər”.
Əli Səlimov
İqtisadçı qeyd edib ki, enerji sektoru kontekstində sülh sazişinin təsiri daha strateji xarakter daşıyır. Avropanın enerji təhlükəsizliyi gündəliyində mənbələrin və marşrutların diversifikasiyası əsas prioritet olaraq qalır: “Regional sabitliyin möhkəmlənməsi enerji infrastrukturlarının təhlükəsizliyini artırır və yeni enerji layihələrinin reallaşdırılması üçün əlavə zəmanət formalaşdırır. Yaxın 3–5 il ərzində Azərbaycan yalnız ənənəvi enerji ixracatçısı kimi deyil, həm də bərpa olunan enerji, enerji səmərəliliyi və əlaqəli texnologiyalar sahəsində Qərb kapitalı üçün cəlbedici istiqamətlərdən birinə çevrilə bilər. Bu isə iqtisadiyyatın struktur baxımından daha balanslı və dayanıqlı inkişafına şərait yaradacaq”.
Əli Səlimovun fikrincə, digər tərəfdən sülh sazişi azad olunmuş ərazilərin iqtisadi inteqrasiyası baxımından da yeni mərhələ açır, həmin ərazilərdə infrastrukturun yenidən qurulması, sənaye və aqrar klasterlərin yaradılması, turizm potensialının mərhələli şəkildə reallaşdırılması uzunmüddətli iqtisadi artım üçün əlavə mənbələr formalaşdırır.
“Qərb investorları üçün bu bölgələr xüsusilə “yaşıl enerji”, ağıllı kənd təsərrüfatı və dayanıqlı inkişaf layihələri baxımından perspektivli hesab olunur. Bu investisiyalar yalnız maliyyə axını ilə məhdudlaşmır, eyni zamanda texnologiya transferi və insan kapitalının inkişafını da sürətləndirir”-deyə iqtisadçı bildirib.
Əli Səlimov hesab edir ki, regional sabitliyin təmin olunması Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını dərinləşdirə bilər: “Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq qurumların regiona marağının artması gözləniləndir. Bu isə iri infrastruktur layihələrinin maliyyələşdirilməsi, institusional islahatların sürətləndirilməsi və biznes mühitinin təkmilləşdirilməsi üçün əlavə imkanlar yaradır. Habelə, ABŞ və Avropa İttifaqı ilə iqtisadi tərəfdaşlıq formatlarının genişlənməsi Azərbaycanın geosiyasi və geoiqtisadi çəkisini artırır”.
“Ümumilikdə, Ermənistanla paraflanmış sülh sazişi Azərbaycanın regional sabitlik, investisiya cəlbediciliyi və strateji inkişaf perspektivləri üçün mühüm dönüş nöqtəsi hesab edilə bilər. Bu sənəd ölkəyə yalnız yeni investisiya axınları deyil, həm də iqtisadi diversifikasiya və institusional inkişaf üçün geniş imkanlar açır. Ardıcıllıqla aparılan iqtisadi siyasət və islahatlar fonunda Azərbaycan regionda sabitlik və dayanıqlı inkişaf modeli kimi mövqeyini daha da möhkəmləndirə bilər”-deyə iqtisadçı vurğulayıb.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 12 Yanvar 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















