Sülhə qarşı məhbus oyunu
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün əldə edilməsi üçün ilkin şərt irəli sürüb.
Belə ki, Paşinyan Bakıda həbsdə saxlanılan erməni əsilli müharibə cinayətkarlarının, o cümlədən Qarabağda ləğv edilmiş qondarma rejimin keçmiş rəhbərlərinin azad edilməsini tələb edib. Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa İşləri İnstitutunda keçirilən panel müzakirədə bu məsələnin Ermənistan hakimiyyətinin daim gündəmində olduğunu deyib. “Məhbus problemi reallığımızın ən vacib məsələlərindən biridir. Lakin bunu həll etmək üçün sülhü möhkəmləndirməliyik.
Əks halda, məsələ həll olunmayacaq. Məhbusların mövcudluğu düşmənçilik atmosferini əks etdirir. Əgər düşmənçilik güclənərsə, bu, məsələnin mütləq 100 faiz həll olunmayacağı anlamına gələcək. Diplomatik təmaslar zamanı Ermənistan hakimiyyəti Bakıda saxlanılan ermənilərin məsələsini həmişə qaldırır və onların azad edilməsinə yönəlmiş səylərdən əl çəkmək niyyətində deyil. Yeri gəlmişkən, bu məsələ həmişə gündəmimizdə olub və bu gün də qalmaqdadır. Biz bunu diplomatik təmaslar zamanı daim qaldırırıq.
Biz bu problemi heç vaxt unutmuruq və bu insanların həbsdən azad edilməsi üçün əlimizdən gələni etməyə davam edəcəyik”, - deyə Baş nazir bildirib. Nikol Paşinyanın bu açıqlaması sülh prosesini əngəlləmək üçün yalnız növbəti spekulyasiya kimi qiymətləndirilə bilər. Çünki Ermənistanın Baş naziri bir tərəfdən “Qarabağ hərəkatı”nın bitdiyini və Azərbaycana qarşı müharibə elan etmək niyyətində olmadığını deyir, digər tərəfdən separatçı rejimin qalıqlarının həbsdən çıxarılmasını sülhün baş tutması üçün mühüm şərt hesab edir.
Halbuki Ermənistanın Baş naziri yaxşı bilir ki, müharibə cinayətkarlarının azadlığa çıxması sülh prosesinin pozulması deməkdir. Bu isə Paşinyanın sülh danışıqlarında səmimi olmadığını göstərir. Bakıda cəza çəkən terrorçuların azadlığa buraxılmasında Paşinyanın nə qədər maraqlı olduğu özü kifayət qədər suallar doğrurur. Əslində, Paşinyan yaxşı bilir ki, Arkadi Qukasyan, Bako Saakyan, Ruben Vardanyan, Levon Mnakatsanyan, David İşxanyan Ermənistandakı revanşist müxalifətə və kilsəyə bağlı adamlardır.
Onların azadlığa çıxması Robert Köçəryanın, Samvel Karapetyanın “əlini” gücləndirə bilər. Nikol Paşinyan isə “Qarabağ klanı”nın yenidən güclənməsində maraqlı deyil. Əgər Paşinyan həmin şəxslərin həbs olunmasını istəmirdisə, nə üçün 2023-cü ildə antiterror əməliyyatı zamanı onların Ermənistan ərazisinə keçməsini təmin etmirdi? Paşinyan onu da yaxşı bilir ki, Ruben Vardanyan həbsdən buraxılarsa, Rusiya onu yenidən Ermənistanda hakimiyyətə gətirmək ssenarisini işə salacaq.
Amma Ermənistanın Baş nazirinin danışıqlar prosesində siyasi ritorikasını dəyişdiyi hiss olunur. Bu, ilk növbədə, erməni diasporunun dəstəyini qazanmaq və xaricdən gələn təzyiqləri neytrallaşdırmağa hesablanıb. İkincisi, ABŞ-də demokratların Konqresə keçirilən seçkilərdə qələbə qazanması çox güman ki, Paşinyanın diplomatik mövqeyinə də təsir göstərib. O, 2027-ci ilin yanvar ayında demokratların Senatda və Nümayəndələr Palatasında fəaliyyətə başlamasından sonra müharibə cinayətkarlarının azadlığa buraxılması kimi absurd məsələləri gündəmə gətirəcəyini nəzərə alır.
Ona görə də Paşinyan erməni məhbuslar mövzusu üzərindən manipulyasiya edərək danışıqlar prosesində Azərbaycan qarşısında əlavə ilkin şərtlər irəli sürməyə çalışır. Əslində, sülh müqaviləsinin imzalanması üçün yeganə şərt Ermənistan Konstitusiyasına dəyişikliyin edilməsidir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə açıq şəkildə bəyan edib ki, Bakıda həbsdə saxlanılan şəxslərin Ermənistana təhvil verilməsi məsələsi müzakirə mövzusu deyil. Çünki söhbət Ermənistan vətəndaşlarından deyil, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmuş, işğaldan azad edilən ərazilərimizdə fəaliyyət göstərmiş şəxslərdən gedir.
Onlar Azərbaycan ərazisində saxlanılıblar və bu baxımdan başqa bir dövlətin onların azad edilməsini sülh prosesinin şərti kimi irəli sürməsi yolverilməzdir. Deməli, Paşinyan bu məsələni gündəmə gətirməklə əslində sülh prosesi üzərindən manipulyasiya edir və 2031-ci ili gözləyir. Bununla danışıqlara əlavə siyasi şərtlər daxil etməyə çalışır. Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Nikol Paşinyanın erməni məhbusları gündəmdə saxlamasının arxasında başqa siyasi məqsədlər dayanır.
O qeyd edib ki, Erməni məhbusların azadlığı Paşinyan üçün siyasi riskə çevrilə bilər: “Əslində, Nikol Paşinyan və Ermənistan hökuməti Azərbaycanda həbsdə olan erməni cinayətkarların azadlığa buraxılmasını heç də istəmirlər. Çünki həmin cinayətkarlar azadlığa buraxılaraq Ermənistana qayıtsalar, Paşinyana qarşı radikal müxalifətlə birləşə bilərlər. Buna baxmayaraq, Paşinyan və hökumətinin üzvləri vaxtaşırı Azərbaycanda həbsdə olan ermənilərin azad edilməsi ilə bağlı fikirlər səsləndirirlər. Bununla da radikal müxalifəti susdurmağa çalışırlar. Eyni zamanda, erməni cəmiyyətinə sanki belə bir mesaj verirlər ki, guya ermənilərin taleyinə biganə deyillər. Halbuki reallıqda onların azadlığa buraxılmasını heç özləri də istəmirlər. Məsələnin bir tərəfi budur”. Politoloq əlavə edib ki, Paşinyan məhbus məsələsini qabartmaqdansa, sülh prosesinə diqqət yetirməlidir:
“İkinci tərəfdən, Azərbaycan da həmin şəxsləri azad etməz. Çünki onlar cinayətkardırlar. Azərbaycan ərazilərində separatçılıqla məşğul olub, qətliamlar törədiblər, Gəncənin bombalanması əmrini veriblər. Bu şəxslərin belə asanlıqla azadlığa buraxılması mümkün deyil. Onlar hələ cəzalarının böyük hissəsini çəkməlidirlər. Ona görə də bu məsələdə dəyişən heç nə yoxdur. Paşinyan əslində başqa məsələlərə diqqət yetirməlidir.
Sülh sazişinin imzalanması, Tramp yolunun tikintisi və sərhədlərin müəyyənləşdirilməsi kimi vacib məsələlər var. Lakin o, vaxtaşırı bu mövzuya müraciət etməklə, görünür, sanki erməni cəmiyyətinin radikal hissəsini sakitləşdirmək istəyir. Amma Paşinyan onu da bilməlidir ki, Azərbaycan həmin cinayətkarları heç vaxt qısa müddətdə azadlığa buraxmayacaq”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:75
Bu xəbər 16 Noyabr 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















