Icma.az
close
up
RU
Süni intellekt dünyanın strateji resursuna çevrilir

Süni intellekt dünyanın strateji resursuna çevrilir

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müsahibimiz İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Rasim Mahmudovdur

– Bu gün qlobal miqyasda süni intellektin inkişafı ilə bağlı əsas tendensiyalar hansılardır?

– Bu gün süni intellekt sahəsində dünyada baş verən proseslərə baxdıqda, bir neçə əsas tendensiyanı açıq şəkildə görmək mümkündür. Bu tendensiyalar həm texnoloji yeniliklər, həm iqtisadi nöqteyi-nəzərdən, həm də siyasi və etik çalarlar baxımından olduqca maraqlıdır.

Əgər bir vaxtlar neft əsas strateji resurs sayılırdısa, bu gün artıq süni intellektə qlobal strateji resurs kimi baxılır. Artıq hesab olunur ki, informasiya və süni intellekt kimdədirsə, gələcək də onun tərəfindədir. Dünyada artıq, sadəcə, texnologiya yarışı yox, strateji üstünlük uğrunda ciddi bir rəqabət gedir. Süni intellekt təkcə proqramçıların maraq və fəaliyyət sahəsi deyil – o, bu gün ən güclü iqtisadi silahdır, diplomatik alətdir, strateji mövqedir. ABŞ, Çin, Yaponiya, Cənubi Koreya, Avropa İttifaqı ölkələri və digər iddialı dövlətlər süni intellekt sahəsinə amansız rəqabət aparır, bu sahəyə böyük həcmdə investisiya yatırırlar. Bu ölkələr süni intellektə həm iqtisadi yüksəliş aləti, həm də milli təhlükəsizlik və strateji nəzarət vasitəsi kimi baxırlar.

Hazırda süni intellektin inkişaf istiqamətləri sırasında ən çox diqqət çəkən sahələrdən biri və bəlkə də birincisi generativ texnologiyalardır. ChatGPT, Gemini, Deep Seek, Claude və s. bu sahənin qabaqcıl nümunələrindəndir. Bu texnologiyalar artıq təhsildən tutmuş hüquq sisteminə, tibbdən jurnalistikaya qədər bir çox sahədə tətbiq edilir. Yəni artıq süni intellekt təkcə hesablamalar aparmır, həm də yazır, danışır, rəsm çəkir, hətta musiqi bəstələyir. Generativ süni intellekt texnologiyaları artıq insanla dialoq qura bilən maşınlar səviyyəsinə gəlib çatıb. Yəni, artıq bu proqramlar kompüter dili ilə yox, sizin kimi, mənim kimi danışırlar.

Yəni bu gün süni intellekt yalnız hansısa intellektual elita üçün deyil, bütöv cəmiyyət, hər bir vətəndaş üçündür deyə bilərik. Hər kəs peşəsinə, vəzifəsinə, intellektual səviyyəsinə, həyat tərzinə, dünyagörüşünə uyğun olaraq onun imkanlarından istifadə edə bilir. Generativ süni intellekt alətləri hər kəs üçün əlçatandır, hər kəs üçün eyni imkanlar yaradır. İndiyə qədər süni intellekt, əsasən, “bilən maşın” idi. Amma indi onu həm də “hiss edən maşın” etməyə çalışırlar. Hədəf odur ki, robot üz ifadəsindən insanın halını başa düşsün, yazdığı məktubdan onun emosiyasını sezsin, hətta depressiyaya düşməyini hiss eləsin. Yəni, gələcəkdə bu tip məsələlərlə bağlı psixoloqa yox, süni intellektə müraciət edə bilərik.

Süni intellektin narahatlıq doğuran əsas məqamlarından biri də onun etik aspektləri ilə bağlıdır. Bu gün bununla bağlı qlobal çağırışlar ondan ibarətdir ki, süni intellekt heç kəsi cinsi, yaşı, etnik mənşəyi və ya sosial statusuna görə ayrı-seçkiliyə məruz qoymamalıdır. Bu texnologiya istifadəçinin icazəsi olmadan onun məlumatlarını toplamalı və paylaşmalı deyil. İstifadəçinin konfidensiallığı ən yüksək səviyyədə qorunmalıdır. İnsanlar süni intellektin necə qərar verdiyini anlaya bilməlidirlər. Bu texnologiya qərarların qəbulundə insanları tam əvəz etməməli, burada son söz hüququ insana aid olmalıdır.

Ən çox narahatlıq doğuran məsələlərdən biri də süni intellektin saxta videolar, saxta fotolar, saxta səs yazıları yaratmaq, manipulyasiya etmək imkanı ilə bağlıdır. İnsanlar bir çox hallarda bunların saxta, yoxsa həqiqi olduğunu ayırd edə bilmirlər. Bu da bir çox fəsadlara yol açır. Bu, süni intellektin ən böyük təhlükələrindən biri sayılır. ABŞ-da, Avropada bu cür saxtakarlıqlar əleyhinə qanunlar hazırlanır.

Süni intellektlə bağlı əsas narahatlıqlardan biri də əmək bazarının transformasiyası ilə bağlıdır. İnsanlar təşvişə düşürlər ki, robotlar gəlib onların işlərini əllərindən alacaq. Doğrudur, bir sıra sahələrdə bu proses baş verir: maliyyə analizləri, mühasibatlıq, tərcümə, texniki idarəetmə və s. işlər artıq alqoritmlərin ixtiyarındadır. Amma bununla yanaşı, yeni iş sahələri də yaranır. Məsələn, süni intellekt təlimçisi, alqoritm etikası üzrə mütəxəssis, süni intellektlə işləyə bilən müəllimlər və s. Ona görə də süni intellektin insan əməyini mənimsəməsindən təşvişə düşmək lazım deyil. Rutin (gündəlik – red.) işlərin yerinə daha intellektual peşələr yaranır. Yetər ki, insanlar əmək bazarında rəqabətədavamlı olmaq üçün səy göstərsinlər.

Maraqlı tendensiyalardan biri də süni intellektin ekoloji məsələlərə xidmət etməyə başlamasıdır. Ona görə də indi “yaşıl süni intellekt” deyilən bir trend meydana gəlib. Məsələn, enerji istehlakı modellərinin optimallaşdırılması, kənd təsərrüfatında resursların daha səmərəli idarə olunması, iqlim dəyişikliyinin proqnozlaşdırılması sahələrində süni intellekt artıq tətbiq edilir.

– Dünyanın bir çox ölkələri süni intellektin inkişafını prioritetlərdən biri kimi qəbul edirlər və bu sahədə qlobal liderliyə can atırlar. Sizcə, süni intellekt liderliyi iddiaları hansı starateji hədəflərlə bağlıdır?

– Süni intellekt yarışında öndə olmaq, sadəcə “texnoloji nüfuz” qazanmaq deyil. Bu, siyasi güc, iqtisadi üstünlük, hərbi imkan, informasiya nəzarəti və hətta mədəni təsir deməkdir. Yəni, kim bu sahədə liderdirsə, gələcəyin qaydalarını da o yazır.

Ölkələr başa düşürlər ki, bu texnologiyanı inkişaf etdirən, həm də tətbiq edənlər iqtisadiyyatın bütün sahələrini yenidən quracaqlar. Bank sistemindən tutmuş kənd təsərrüfatına, səhiyyə sistemindən tutmuş nəqliyyata qədər hər şey süni intellekt vasitəsilə optimallaşdırılır. Yəni, süni intellekt sahəsində lider olmaq daha sürətli, daha ucuz və daha effektiv iqtisadiyyata malik olmaq deməkdir.

İndi döyüş meydanlarında təkcə ənənəvi texnika və əsgərlər yox, dronlar, robotlar, analitik sistemlər də iştirak edirlər. Süni intellekt kəşfiyyat məlumatlarını analiz edir, düşmən hərəkətlərini qabaqcadan proqnozlaşdırır, hətta bəzi hallarda avtomatik qərar verir. ABŞ, Çin, Türkiyə, İsrail kimi ölkələr bu sahəyə dövlət səviyyəsində milyardlarla vəsait yatırır. Çünki bilirlər ki, sabahkı müharibələrdə “ağıllı sistemlər” odlu silahdan önə keçəcək.

Maraqlı bir məqam da ondan ibarətdir ki, texnologiya yalnız funksiya deyil, o həm də ideologiya daşıyıcısıdır. Məsələn, əgər sən ABŞ-ın süni intellekt məhsulundan istifadə edirsənsə, bu, təkcə texnologiya deyil, həm də Qərb dəyərləri, fərdi azadlıq, etik prinsiplər də daxil olur paketə.

Eyni ilə, Çin texnologiyası ilə gələn sistem də mərkəzləşdirilmiş nəzarət, kollektiv qərarlar və senzura ilə daxil olur. Yəni, süni intellekt vasitəsi ilə həm də mədəni ekspansiya həyata keçirilir, “hansı cəmiyyət modeli doğrudur” sualının cavabı ixrac olunur.

Süni intellektdə öndə olan ölkə təkcə texnologiya ixrac etmir, həm də beyin ixracı və idxalı ilə məşğul olur. Dünyanın ən yaxşı “beyinləri” bu gün OpenAI, Google Brain, DeepMind kimi mərkəzlərdə cəmləşib. Ölkələr başa düşür ki, kim bu cür “elmi maqnitə” çevrilirsə, sabahın elmi-siyasi xəritəsini o cızacaq.

– Süni intellekt sahəsində liderliyə iddialı olan ölkələr bunun üçün hansı məsələləri prioritet kimi qəbul edirlər?

– Hər hansı bir ölkə süni intellekt sahəsində qlobal lider olmaq iddiasını ortaya qoyursa, bunu yalnız hansısa texnologiya, robot düzəltməklə həll edə bilməz. Bu iş böyük bir strateji plan, siyasi iradə və texnoloji ekosistem tələb edir.

Süni intellekt sahəsində liderliyə iddialı olan ölkələr əvvəlcə özlərinə bu sualı verməlidirlər ki, texnologiyanı kim yaradacaq? Cavab sadədir: texnologiyanı ağıllı və texnoloji biliklərə malik olan insanlar yaratmalıdırlar. Ona görə də ilk addım yüksək səviyyəli təhsil sistemini qurmaqdır. ABŞ, Çin, Almaniya, Yaponiya kimi ölkələr artıq ibtidai təhsil səviyyəsindən alqoritmik təfəkkürü uşaqlara öyrətməyə başlayırlar. Universitetlərdə süni intellekt üzrə ayrıca fakültələr açılır, magistr və doktorantura proqramları genişləndirilir. Harvard, Tsinghua, ETH Zurich kimi mərkəzlər yalnız öz ölkələrinin deyil, bütün dünyanın ən istedadlı gənclərini özlərinə cəlb edirlər.

Liderlik ideyası və iddiası təqdirəlayiqdir, amma onu həyata keçirmək üçün pul və resurs lazımdır. Süni intellekt sahəsində liderliyə can atan ölkələr təkcə dövlət büdcəsindən deyil, həm də özəl sektordan bu istiqamətə külli miqdarda vəsait yönəldirlər. Məsələn, Çin süni intellektə hər il 50 milyard dollardan çox sərmayə ayırır. Avropa İttifaqı “Rəqəmsal Avropa” proqramı çərçivəsində yüz milyardlarla avro sərmayə qoyur. Bu vəsaitlər yalnız texnoloji inkişaf üçün deyil, həm də süni intellektlə bağlı sosial, etik məsələləri həll etmək, tətbiq sahələrinin genişləndirilməsi üçün nəzərdə tutulur. Özəl sektor, xüsusilə Google, Amazon, Microsoft kimi texnoloji nəhənglər də bu yarışın önündədir. Onlar həm tədqiqat mərkəzləri açır, həm də süni intellekt startaplarına investisiya yatırırlar.

Süni intellekt sadəcə proqramlaşdırma deyil, bu texnologiyanın “qidalanması” üçün güclü texnoloji baza – superkompüterlər, məlumat mərkəzləri və sürətli şəbəkələr lazımdır. İddialı ölkələr bu infrastrukturun qurulmasına milyardlarla vəsait ayırırlar. Məsələn, Fransa 2030-cu ilə qədər qitənin ən güclü süni intellekt superkompüterlərindən birini qurmağı planlaşdırır. ABŞ-ın NVIDIA, Meta, Google kimi şirkətləri artıq o qədər güclü maşınlara sahibdir ki, bir model yüz minlərlə əməliyyatı eyni anda icra edə bilir. Süni intellekt böyük verilənlərlə “qidalanır”. Buna görə də data mərkəzləri və bulud texnologiyaları bu prosesdə ön plana çıxır.

Süni intellekt yalnız elmi laboratoriyalarda yox, bazarın özündə, real tətbiqlərdə dəyər qazanır. Bu baxımdan startaplar – yəni yeni, çevik texnoloji ideyalarla çıxış edən gənc şirkətlər çox önəmlidir. ABŞ bu sahədə ən qabaqcıllardan biridir: Silikon Vadisi, Boston Texnoloji Zonası və digər mərkəzlər gənc tədqiqatçılar üçün sərmayə, mentorluq və beynəlxalq əlaqələr təklif edir. Çin süni intellekt startaplarının sürətli böyüməsi üçün xüsusi innovasiya zonaları yaradıb. Bu prosesdə dövlət, sadəcə, müşahidəçi deyil, həm tənzimləyici, həm də təşviqedici tərəf kimi çıxış edir. Əgər ideya real məhsula çevrilirsə, həm iqtisadi dəyər yaranır, həm də texnoloji reputasiya. Ən maraqlısı odur ki, startaplar təkcə texnoloji deyil, həm də etik, sosial, ekoloji problemlərə yenilikçi həll yolları axtarır.

Bu gün süni intellekt qlobal bir oyun meydanıdır. Lider olmaq istəyən ölkələr yalnız texnologiya yaratmaqla kifayətlənmirlər, onlar həm də bu texnologiyanın qaydalarını yazmaq istəyirlər. Məsələn, Avropa İttifaqı “etik süni intellekt” sahəsində qlobal standartlar formalaşdırmaq üçün BMT və UNESCO çərçivəsində təşəbbüslər irəli sürür. ABŞ daha çox “açıq texnologiyalar” prinsipini dəstəkləyir və bu xətt üzrə digər ölkələrlə ittifaqlar qurur. Çin isə öz texnologiyasını “İpək yolu” ölkələrinə yaymaqla həm siyasi, həm də texnoloji nüfuzunu artırmaq istəyir. Süni intellekt həm də artıq təhlükəli bir silah kimi görünür – kibertəhlükəsizlik, dezinformasiya, seçkilərə təsir kimi risklər dövlətləri hərəkətə gətirir. Bu səbəbdən normativ çərçivə yaratmaq, beynəlxalq əməkdaşlıqda fəal olmaq, bu sahənin qaydalarını yaratmaqda söz sahibi olmaq liderlik iddiasının ayrılmaz tərkib hissəsidir.

– Süni intellekt sahəsində liderlik uğrunda rəqabət ölkələr arasında siyasi, iqtisadi, texnoloji, hərbi qarşıdurmalara gətirib çıxara bilərmi?

– Əlbəttə, bu gün süni intellekt artıq təkcə texnologiya kimi deyil, həm də dünyanın yeni “geosiyasi valyutası” kimi qiymətləndirilir. Ölkələrin gücü artıq yalnız neftlə, qızılla, nüvə silahı ilə ölçülmür – məlumat bazası, hesablama gücü və alqoritmik üstünlük bu gün geosiyasi nizamın yenidən qurulmasında əsas rol oynayır. Bu yarış birbaşa olaraq qarşıdurmalara, həm açıq, həm də dolayı münaqişələrə yol açır. Artıq XXI əsrin böyük savaşları təkcə tanklarla, raketlərlə aparılmayacaq. Onlar həm də server otaqlarında, data mərkəzlərində həyata keçiriləcək. Yəni bu müharibələrin əsas silahları güllələr və bombalar deyil, alqoritmlər və çiplər olacaq.

Texnoloji qarşıdurma artıq ABŞ və Çin arasında açıq şəkildə özünü büruzə verməkdədir. 2022-ci ildən etibarən həmin ölkələr bu sahədə açıq mübarizəyə başlayıblar. ABŞ hökuməti NVIDIA və AMD kimi texnoloji nəhənglərə yüksək göstəricilərə malik süni intellekt çiplərini Çinə satmağı qadağan etdi. Hətta ABŞ-ın müttəfiqləri olan Tayvan, Hollandiya, Cənubi Koreya və Yaponiya da bu embarqoya qoşuldu. Bunu texnologiya üzərində qlobal səviyyəli bir “koalisiya blokadası” adlandırmaq olar. Bu, açıq şəkildə süni intellekt yarışında Çinin önə çıxmasının qarşısını almağa yönəlmiş addım idi.

Çin isə bu addıma cavab olaraq “Texnoloji müstəqillik proqramı”nı reallaşdırmağa başladı, öz çip sənayesinə milyardlarla investisiya yatırdı. Bu ölkənin Huawei şirkəti yeni Ascend çiplərinin istehsalına start verdi. Bu texnoloji qarşıdurma artıq siyasi və hərbi güc balansını dəyişdirmək üçün gedən strateji döyüşdür.

Bu ölkələr arasında daha bir qarşıdurma Çinə məxsus TikTok sosial şəbəkəsi ilə bağlıdır. Bildiyiniz kimi, TikTok, sadəcə, bir əyləncə proqramı deyil. Onun arxasında güclü alqoritmlər və “məlumat hasilatı fabriki” dayanır. TikTok-da süni intellekt alqoritmləri vasitəsilə insanların davranışlarını izləmək, yönləndirmək, hətta ictimai fikri manipulyasiya etmək mümkündür. Bu isə informasiya müharibəsi üçün güclü bir vasitə hesab olunur. ABŞ TikTok-u “milli təhlükə” elan edərək ya satılması, ya da ölkədən çıxarılması tələbini irəli sürdü. Buna bənzər məhdudiyyətlər Vaşinqtonun müttəfiqləri olan Hindistan, Kanada və Böyük Britaniyada da tətbiq olundu.

Hazırda davam edən Rusiya – Ukrayna müharibəsi də, eyni zamanda, ölkələrarası texnoloji qarşıdurmanın bir nümunəsidir. Bu müharibə süni intellektin müasir döyüşlərdə necə real silaha çevrildiyini göstərdi. Palantir Technologies adlı ABŞ şirkəti Ukraynaya süni intellektlə işləyən döyüş planlaşdırma sistemləri təqdim etdi. Bu sistemlər Rusiya hərbi qüvvələrinin hərəkətini analiz edir, hədəf seçimləri təklif edir, artilleriyanın idarə olunmasına dəstək verir. Rusiya isə informasiya müharibəsində süni intellektlə yaradılan dezinformasiya və “deepfake” texnologiyalarından istifadə edir, qarşı tərəfə kiberhücumlar təşkil edir.

– Süni intellekt sahəsində beynəlxalq hüquqi tənzimləmələrin mövcud vəziyyəti necədir? Müvafiq tənzimləmə sahəsində əsas hansı məsələlərə daha çox diqqət yetirilir?

– Süni intellekt texnologiyalarının sürətlə inkişafı beynəlxalq hüquqi müstəvidə yeni və mürəkkəb çağırışlar yaradır. Bu gün dünyada süni intellekti tənzimləməyə yönəlmiş tam və universal bir hüquqi sistem yoxdur. Əksinə, hər bir ölkə bu sahədə öz milli prioritetlərinə və təhlükəsizlik baxışlarına uyğun fərqli strategiyalar tətbiq edir.

Avropa İttifaqı məsələyə sistemli və ehtiyatlı yanaşan regionlardan biridir. 2021-ci ildə təqdim edilən “Süni intellekt” Qanunu çərçivəsində risk əsaslı yanaşma tətbiq olunaraq, texnologiyalar “qadağan edilmiş”, “yüksək riskli”, “məhdud riskli” və “minimum riskli” kateqoriyalara bölünür. Bu modelin əsas məqsədi insan hüquqları, şəffaflıq və təhlükəsizlik kimi prinsiplərin qorunmasıdır.

ABŞ isə daha çox bazar yönümlü və innovasiyaları təşviq edən yanaşmanı üstün tutur. Sərt normativ çərçivələrdən qaçmağa çalışır, əvəzində etik prinsiplər və özünütənzimləmə modellərinə üstünlük verir. Bu isə texnologiyanın daha sürətli kommersiyalaşmasına şərait yaradır, lakin hüquqi boşluqlar və məsuliyyət məsələlərində problemlər doğurur.

Çin isə süni intellekti həm iqtisadi inkişaf, həm də dövlət nəzarətinin bir aləti kimi istifadə edir. Ölkə daxilində ciddi nəzarət mexanizmləri mövcuddur, eyni zamanda, texnologiyanın hərbi və strateji sahələrdə geniş tətbiqi ilə bağlı təcrübəsi var. Bu da beynəlxalq ictimaiyyətdə narahatlıq yaradan məqamlardan biridir.

Bütün fikir ayrılıqlarına baxmayaraq, süni intellektin hüquqi tənzimlənməsi sahəsində ümidverici addımlar da atılır. BMT, UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumlar artıq bu məsələdə qlobal dialoq yaratmağa başlamışdır. Məsələn,

UNESCO-nun qəbul etdiyi “Süni İntellekt Etikası üzrə Tövsiyələr” adlı sənəd ilk dəfədir ki, 190-dan çox ölkənin razılığı ilə qəbul olunmuş normativ çərçivəni təklif edir. Bu, böyük bir razılaşma üçün başlanğıc nöqtəsi sayıla bilər.

Eyni zamanda, texnologiya nəhəngləri – Google, Microsoft, OpenAI, Meta və digərləri də öz etik kodekslərini təqdim edərək cəmiyyətin narahatlıqlarına daha məsuliyyətlə yanaşmağa çalışırlar. Sənaye daxilində məsuliyyətli və şəffaf texnologiya inkişafı ilə bağlı özünütənzimləmə təşəbbüsləri də artmaqdadır.

Daha bir vacib məqam ondan ibarətdir ki, bu sahədə qlobal ictimaiyyətin fəallığı artır. Artıq yalnız hüquqşünaslar və texnoloqlar deyil, digər peşə sahiblkəri, vətəndaş cəmiyyəti nümayəndələri də bu prosesdə fəallıq göstərməyə çalışırlar. Bu isə gələcəkdə süni intellektin təkcə iqtisadi və texnoloji deyil, həm də humanist dəyərlərə söykənərək inkişaf etdirilməsi üçün inam yaradır.

Müsahibəni aldı:
Səbuhi MƏMMƏDOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elgünün işi ilə bağlı rəsmi çağırış: Kimdə varsa, gətirsin

20 May 2025 14:19see279

Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub

21 May 2025 19:43see236

Türkiyə minifutbol yığmasının baş məşqçisi: Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir

21 May 2025 16:39see170

Bakı Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var FOTO VİDEO

21 May 2025 06:36see127

Bakıdakı dünya çempionatına start verildi Azərbaycan Bəhreynə qarşı

21 May 2025 09:47see120

Tbilisidəki bu məşhur tikili söküləcək

22 May 2025 03:17see120

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

21 May 2025 18:04see120

Məşhur türk bloger Azərbaycanı silkləyən qətllə bağlı çağırış etdi VİDEO

22 May 2025 03:11see119

Qarabağ FCSB matçı Avropa Liqasının TOP 10 da

20 May 2025 21:07see118

Bakıdan Tehrana və Təl Əvivə mesaj: Azərbaycan heç kimə hesabat vermir

20 May 2025 18:07see118

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

21 May 2025 07:16see117

Bu halda hər ay 200 manat ala bilərsiniz TƏLƏBLƏR

22 May 2025 07:04see116

NATO bu ölkədə əməliyyat mərkəzi yaradır

20 May 2025 18:10see116

Azərbaycanla məsələni həll edərsə, Ermənistanın da bu fürsətdən yararlanmaq imkanı var

21 May 2025 16:40see116

Ukrayna Rusiyanın mühüm zavodunu vurdu

21 May 2025 10:06see116

"İsrail özünü dostlarından təcrid edir"

20 May 2025 22:39see115

Çox çiyələk yemək sizi kökəldə bilər

22 May 2025 05:31see114

TƏHLİL: BƏZİ ABŞ BANKLARI SƏHMLƏRİNİN TÜKƏNMƏSİ İLƏ ÜZLƏŞƏCƏK

22 May 2025 06:12see114

Rubio etiraf edir...

21 May 2025 19:47see114

Sankt Peterburq sakini Azərbaycan konsulunun iradından sonra söyüşə görə həbs edilib

22 May 2025 02:06see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri