Süni intellekt qlobal iqtisadiyyatda da inqilab yaradır
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Ölkəmiz yeni texnoloji çağırışların önündə gedir
Süni intellekt elektrik və internet kimi qlobal iqtisadiyyatın bünövrəsini dəyişən yeni bir statusa yüksəlib. O, dəyişən iqtisadi arxitekturanın, nəhəng korporasiyaların payının və beynəlxalq proqnozların təhlilini formalaşdırır. Yeni texnologiya cari qlobal ÜDM-in və kapitalın ən böyük hərəkətverici qüvvəsi olmaq yolunda irəliləyir.
Məsələn, “Möhtəşəm yeddilik” (Nvidia, Microsoft, Apple, Alphabet, Amazon, Meta və Tesla) kimi texnologiya qiqantları qlobal kapital bazarında misilsiz bir paya sahibdirlər. Nvidia, Apple və Alphabet kimi şirkətlərin hər birinin bazar dəyəri 4–5 trilyon dollar səviyyəsini keçib. Onlar “S&P 500” indeksinin ümumi dəyərinin 30 faizindən çoxunu təşkil edirlər. Təkcə Microsoft kimi şirkətlər süni intellekt məlumat mərkəzləri və infrastruktura illik 80 milyard dollardan çox investisiya yatırır. Yaxın gələcəkdə bu korporasiyaların qlobal iqtisadiyyatdakı payının daha da artacağı gözlənilir. Lakin dəyər zənciri təkcə infrastrukturu quranlarda deyil, süni intellekti öz biznes modellərinə tam inteqrasiya edən səhiyyə, maliyyə və logistika sektorlarında cəmləşəcəkdir.
Süni intellektin qlobal iqtisadiyyatın mərkəzi sütunlarından birinə çevrildiyini statistik göstəricilər aydın nümayiş etdirir. Bu sahəyə yönələn illik özəl investisiyalar 100 milyard dollar həddini aşıb. Süni intellektin kütləvi tətbiqi qlobal əmək məhsuldarlığını hər il orta hesabla 0.5–1.5 faiz bəndi artırmaq gücünə malikdir. Bu isə o deməkdir ki, süni intellekt artıq qlobal iqtisadiyyatın “mühərrikinə” çevrilir. Avtomatlaşdırma, data təhlili və “AI Agent”lər sayəsində şirkətlərin resurs xərcləri kəskin azalır, innovasiya dövriyyəsi isə sürətlənir.
Dünyanın aparıcı təşkilatları da süni intellektin yaratdığı iqtisadi dəyəri yüksək qiymətləndirirlər. Məsələn, “PricewaterhouseCoopers” 2030–2035-ci illərə qədər qlobal ÜDM-ə 15.7 trilyon dollar əlavə artım proqnozlaşdırır (təxminən 14-15 faiz artım). “McKinsey” generativ süni intellektin qlobal iqtisadiyyata illik 2.6 – 4.4 trilyon dollar dəyər qatacağını bildirir ki, bu da illik həcm kimi Almaniya iqtisadiyyatı böyüklükdə əlavə dəyər deməkdir. “Goldman sachs” isə növbəti onillikdə generativ süni intellektin qlobal ÜDM-i 7 trilyon dollar artıracağını gözləyir. Beynəlxalq Valyuta Fondu isə süni intellektin əmək bazarının sürətli transformasiyası hesabına illik ÜDM artımına orta hesabla 0,5 faiz töhfə verəcəyini qeyd edir.
Dünyanın aparıcı analitik mərkəzləri texnoloji yeniliyin gətirdiyi iqtisadi imkanlarla yanaşı, risksiz olmadığını da vurğulayırlar. “McKinsey” və “PricewaterhouseCoopers” süni intellektin sadəcə xərcləri azaldan vasitə deyil, tamamilə yeni bazar seqmentləri və gəlir axınları yaradan transformativ güc olduğunu bildirirlər. Beynəlxalq Valyuta Fondu da xəbərdarlıq edir ki, süni intellekt inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı rəqəmsal uçurumu artıracaq. İnkişaf etmiş ölkələrdə iş yerlərinin təxminən 60 faizi bundan təsirlənəcək.
Bəs inkişaf etmiş dövlətlər süni intellektin sürətli inkişafı nəticəsində hansı iqtisadi yeniliklərlə qarşılaşacaqlar? Məsələn, ABŞ süni intellekt inqilabının əsas mərkəzi kimi çıxış edir. Buraya qoyulan özəl kapitalın yarıdan çoxu (illik 50 milyard dollardan çox) ABŞ-a yönəlir. Bu, ölkənin fond bazarlarının həcmini rekord həddə daşıyır və proqram təminatı, maliyyə, səhiyyə sektorunda ciddi məhsuldarlıq vəd edir. Çin də Şərqi Asiyada avtomatlaşdırma və ağıllı istesalat üzrə liderdir. Burada da illik, təqribən, 20 milyard dollar investisiyadan söhbət gedir. Çin süni intellekti fiziki sənayeyə, robototexnikaya və təchizat zəncirinin optimallaşdırılmasına inteqrasiya edərək istehsal xərclərini minimuma endirir.
Azərbaycanda da süni intellektin inkişafı və onun real iqtisadiyyata müsbət təsirləri çərçivəsində olduqca böyük işlər görülür. Bu baxımdan iyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi xüsusi əhəmiyyət daşıyır. İlk iclas ölkənin rəqəmsal transformasiya siyasətində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyatda mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edən strateji platforma kimi qiymətləndirilir.
Müasir iqtisadiyyatda süni intellekt artıq gələcəyin texnologiyası hesab edilmir. Bu gün o, sənayedə istehsal proseslərini optimallaşdırır, kənd təsərrüfatında məhsuldarlığı artırır, maliyyə sektorunda risklərin idarə edilməsini təkmilləşdirir, logistika və nəqliyyatda qərarların qəbulunu sürətləndirir. Dövlət idarəçiliyində isə xidmətlərin daha çevik, şəffaf və vətəndaşyönümlü təşkilinə imkan yaradır. Azərbaycanın qarşıya qoyduğu hədəf də məhz süni intellekti real iqtisadiyyatın bütün sahələrində dəyər yaradan alətə çevirməkdir.
Prezident İlham Əliyevin təsdiqlədiyi “Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” xüsusi diqqət çəkir. Sənəddə ilk dəfə olaraq Generativ Süni İntellektin (GenAI) ölkə iqtisadiyyatına verə biləcəyi real təsir konkret iqtisadi göstəricilərlə müəyyənləşdirilib. Strategiyaya əsasən, 2029-cu ilə qədər Azərbaycanda Generativ Süni İntellektdən istifadə nəticəsində yaradılan iqtisadi təsirin 70 milyon manata çatdırılması nəzərdə tutulur.
Real iqtisadiyyatda bu transformasiyanın təsiri xüsusilə sənaye sektorunda özünü göstərə bilər. Süni intellekt istehsalat avadanlıqlarının texniki vəziyyətini əvvəlcədən proqnozlaşdırmağa, enerji sərfiyyatını optimallaşdırmağa və istehsal xərclərini azaltmağa imkan verir. Kənd təsərrüfatında peyk məlumatları və ağıllı analiz sistemləri məhsuldarlığın yüksəldilməsinə, su və gübrə resurslarından daha səmərəli istifadəyə şərait yaradır. Bank və maliyyə sektorunda kredit risklərinin qiymətləndirilməsi, rəqəmsal ödəniş sistemlərinin təhlükəsizliyi və müştəri xidmətlərinin keyfiyyəti yeni texnoloji həllərlə daha da təkmilləşir.
Süni intellektin iqtisadi səmərəsi onun arxasında dayanan rəqəmsal infrastrukturun gücündən də asılıdır. Məhz buna görə Azərbaycanın beynəlxalq rəqəmsal bağlantılarının genişləndirilməsi strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə mühüm hadisələrdən biri də Trans-Xəzər fiber-optik rabitə xətti layihəsində əldə olunan nailiyyətdir. Qazaxıstanda Xəzər dənizinin dibi ilə çəkilən Trans-Xəzər fiber-optik rabitə xəttinin dəniz hissəsinin tikintisinin uğurla başa çatdırılması regionun rəqəmsal gələcəyi baxımından əlamətdar hadisə hesab olunur. “Qazaxtelekom” və “AzerTelecom International” şirkətlərinin həyata keçirdiyi layihə çərçivəsində sualtı kabel artıq Qazaxıstan sahillərinə çatdırılıb. Aktau–Sumqayıt marşrutu üzrə çəkilən yeni fiber-optik xətt Asiya ilə Avropa arasında yüksək sürətli məlumatötürmə dəhlizi formalaşdıracaq. Hazırda kabelin sahil infrastrukturuna qoşulması istiqamətində işlər davam etdirilir və layihənin bu ilin payızında tam başa çatdırılması planlaşdırılır.
Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlaması, Generativ Süni İntellekt üzrə konkret iqtisadi hədəflərin müəyyənləşdirilməsi və Trans-Xəzər fiber-optik layihəsinin uğurla irəliləməsi göstərir ki, ölkəmiz texnologiyanı iqtisadi inkişafın mühüm aləti kimi dəyərləndirir. Bu yanaşma yaxın illərdə iqtisadiyyatın daha innovativ, məhsuldar və yüksək əlavə dəyər yaradan modelə keçidini sürətləndirəcək. Süni intellekt isə həmin modelin əsas hərəkətverici qüvvələrindən biri olacaq.
Fərid MUSAYEV,
Xəzər Universiteti İnformasiya texnologiyaları departamentinin direktoru
Süni intellektin inkişafı yeni iqtisadi gücün – “İntellekt Əsaslı İqtisadiyyatın” – formalaşmasına işarə edir. Bunun hazırkı inkişaf traektoriyası iqtisadi gücün tərifini, resursların dəyərini və dövlətlərin rəqabət bacarıqlarını yenidən müəyyən edən bir neçə əsas istiqaməti vəd edir.
Əvvəlki sənaye inqilablarında güc neft, kömür və ya metal kimi fiziki resursların sahibliyinə söykənirdi. Yeni dövrdə isə iqtisadi gücün yeni sütunları hesablama gücü və yüksək keyfiyyətli məlumatdır. İqtisadi güc artıq torpaq və ya xammaldan deyil, yüksək performanslı çiplər (GPU/NPU) və bu çipləri işlədə biləcək nəhəng məlumat bazalarına sahib olmaqdan asılı olacaq.
Bu o deməkdir ki, o, yalnız bir sektoru deyil, bütün iqtisadi fəaliyyət sahələrini (tibb, hüquq, istehsalat, maliyyə) kökündən dəyişəcək. Süni intellekt artıq nadir qabiliyyət deyil, elektrik kimi hər bir biznesin əlçatan olduğu, lakin effektiv istifadə edənlərin qlobal bazarda üstünlük qazanacağı infrastruktur elementinə çevriləcək.
Məlumdur ki, yeni texnologiyanın inkişaf çevrəsi çox yüksək giriş baryerləri tələb edir (milyardlarla dollar dəyərində infrastruktur və nadir tapılan mütəxəssis kapitalları). Bu, iqtisadi gücün bir neçə nəhəng korpoorasiyanın əlində cəmləşməsi riskini yaradır. Bu, klassik istehsalat iqtisadiyyatından fərqli olaraq, rəqabətin fiziki resurslarla deyil, alqoritmik üstünlük və şəbəkə effekti ilə təmin olunduğu dövrü vəd edir.
Dövlətlər artıq yeni texnologiyanı milli təhlükəsizlik və iqtisadi müstəqillik məsələsi kimi görürlər. Başqa bir ölkənin və ya korpoorasiyanın süni intellekt infrastrukturundan asılı olmaq, iqtisadi suverenliyin itirilməsi kimi qiymətləndirilir. Dövlətlər öz milli dillərini, mədəniyyətlərini və qanunvericiliklərini əks etdirən, öz infrastrukturunda işləyən milli modellər və hesablama mərkəzləri yaratmaq üçün yarışırlar. Bu, iqtisadi gücün yenidən milli səviyyədə paylanması prosesidir.
Bunun inkişafı məhsuldarlığı inanılmaz dərəcədə artırsa da, bu artımın kimə xeyir verəcəyi sualı kritikdir. Süni intellekt insan əməyinin bir çox funksiyasını əvəz edə bildiyi üçün, iqtisadi dəyər “əmək”dən “kapital”a doğru sürətlə dəyişə bilər. İqtisadiyyatın “koqnitiv avtomatlaşdırılması”. Bu, həm böyük sərvət artımı, həm də işsizlik və gəlir bərabərsizliyinin kəskinləşməsi kimi ikiqat riskli trayektoriyanı eyni anda vəd edir.
Süni intellektin inkişaf trayektoriyası bizə “resurs əsaslı iqtisadiyyatdan” “intellekt əsaslı iqtisadiyyata” keçidi vəd edir. Bu yeni dövrdə iqtisadi gücün ölçüsü məlumatın dərinliyi, alqoritmlərin effektivliyi və hesablama gücünün sürəti ilə ölçüləcək. Bu, iqtisadi gücün təbiətinin köklü şəkildə dəyişməsi deməkdir.
Nurlan ABDALOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 07 Avqust 2026 07:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















