Tanrı sığalıdır sənin həyatın... Şeirlər
Icma.az, Kulis.az saytına istinadən bildirir.
Kulis.az Rafiq Ələkbərin şeirlərini təqdim edir.
Göylər qismətimdir
Yenə üz tutmuşam kədər dağına,
Dağ saxlamaz dərdi, əlacı göydə.
Ömrüm sanki dönüb göyqurşağına,
Bir ucu yerdədir, bir ucu göydə.
Yaşamaq özü də zülümdür, Allah,
Hələ dayanmıram, hələ gedirəm.
Ömrün son mənzili ölümdür, Allah,
Son mənzilə gülə-gülə gedirəm.
Göy imiş bəlkə də əzəl qismətim,
Günəşə baxıram, Aya baxıram.
Bu yer qurtaracaq günahdan çətin,
Günahı olmayan Göyə baxıram.
Bəlkə də arıya bənzəyək bir az,
Günah əməllərin onda sonu var.
Arı pətəyində İlahi nizam,
Arı dünyasının öz qanunu var.
Tanrı göy üzünü qorumaq üçün,
Təmizlik bəxş etdi ancaq göylərə.
İlahi mələklər göylərdə sakin,
Öz şər mələyini göndərdi yerə.
Pozulur dünyada haqqın gərdişi,
Bu dünya fırlanır, çox nəhs fırlanır.
Qiyamətə qalıb dünyanın işi,
Çünki dünyamızda iblis fırlanır.
Göydə ulduz payım, göydə bürc payım,
Taleyim, qismətim göylərə bağlı.
Ruhuma Tanrıdan gələn güc payı -
Mütləq Yaradanı dərk edən ağlım.
Nədən sıxılıram, İlahi, nədən,
Deyəsən cismimə bu dünya evdir.
Tapmıram bu sirrin izahın nədən,
Yerdə yaşasam da, göyləri sevdim.
Yenə üz tutmuşam kədər dağına,
Dağ saxlamaz dərdi, əlacı göydə.
Ömrüm sanki dönüb göyqurşağına,
Bir ucu yerdədir, bir ucu göydə.
Mənə sınanmağa verin bir meydan
Göyün əlindədir sınanmağım da,
Yerdə sınanmağa verin bir meydan.
Edam ağacını əlində tutub,
O, mənəm - edamdan geri qayıdan.
Məni bu meydanda heç kəs ötməyib,
Belə bir məqama kimsə çatmayıb.
Baxırsan, Günəş də hələ batmayıb,
Bəs nədən tez soraq gəlibdir Aydan?!
Dünya belə günə bəlkə qalmazdı,
Ömür yarpaq kimi çox tez solmazdı.
Allahın mənimlə işi olmazdı,
Əgər olmasaydı ortada şeytan.
Çinar ağacı
Bəlkə yadındadı, demişdim sənə, -
Bir az adi baxaq eşqin oduna.
Yəqin xatırlarsan dediklərimi,
Çinar gölgəsini salsan yadına.
Çox əzab çəkirdim ötkəmliyindən,
Daim yubanmısan görüş yerinə.
Bəlkə də məndən çox vurulmuşdun sən
Çinar ağacının sərinliyinə.
Deyirdim, gəl gedək bulaq başına,
Bir az mehr salaq çeşməyə, suya.
Gizlədək çinardan çox sirrimizi,
Fərqli baxışlarla baxaq dünyaya.
Sənə söyləmişdim, gülüm, bu çinar
Heç vaxt aşiqləri razı salmayıb.
Onun kölgəsində xumarlansaq da,
Amma bərəkəti, barı olmayıb.
Başqaydı bizə bu cinar ağacı, -
Sanki sevdamızın ölkəsi idi.
Bizim eşqimizin pərvazlandığı
Çinar ağacının kölgəsi idi.
Deyirdim, çinara qəlbini açma,
Ona doğma deyil qəm-kədərimiz.
Bizim sevdiyimiz o bulaq ki, var,
Bəlkə ora olsun görüş yerimiz?!
Bütün arzuları suya danışaq,
Dərdimiz varsa da qoy su aparsın.
Çinar kölgəsində olan sirləri
Sular damcı-dancı sovub qoparsın.
Nə gün şəfəq saçdı bizə bu yerdə,
Nə də şərik oldu istimizə heç.
Nə külək xumardan ayıltdı bizi,
Nə yağış islatdı üstümüzü heç.
Solurdu sevdanın gözəllikləri,
Budaqlar böyüyüb olurdu haça.
Boyumuz çinardan nə qədər gödək,
Arzular çinardan nə qədər uca.
Çinar kölgəsində demişdim sənə:
- Bir az adi baxaq eşqin oduna.
İndi sən xatırla dediklərimi,
Çinar kölgəsini salıb yadına.
Çinar yarpaqları soldu bu payız,
Kölgəsi yox oldu bir acı kimi.
Bizim eşqimiz də bar gətirmədi,
Dediyim o çinar ağacı kimi.
Fəsillər dəyişir
Vaxtım cox az qalıb ikiləşməyə,
Hiyə iki deyil, hələ də birəm?
Fəsillər qovurlar məni haraya,
Fəsillər dəyişir, mən dəyişmirəm.
Bir az qılığına girmişəm yazın,
Yayın istisinə əncir saxladım.
Mən öz qəzəbimi cilovlamağa
Dünya əzabından zəncir saxladım.
Payız çılpaqlaşır gəlin olmağa,
Əzəldən o, bilir işin məğzini.
Kecikdirmək olmaz vaxtı, vədəni,
Qış gəlib kəsibdir qapı ağzını.
Get-gedə azaldır yay öz gücünü
Dağın zirvəsini yandıra bilmir.
Çayları daşıran fəsillər niyə?
Bircə yol Xəzəri dondura bilmir.
Bahar öz eşqində israrlı deyil,
Bəlkə buna görə nakam danışır?
Fəsillər dəyişir, mən dəyişmirəm,
Qış da mənim illə ötkəm danışır.
Fəsillər qovurlar məni haraya?
Qoymurlar rahatca bir ömür sürəm.
Fəsillər dalaşır biri-biriylə,
Onlar dəyişsə də mən dəyişmirəm.
Sevirəm
Ağlım tab gətirmir qəlbin səsinə,
Yəni sevdalıyam, yəni sevirəm.
Məndən soruşurlar o, qız kimdir, kim?
Deyirəm, hər kimdir, onu sevirəm.
Bu, bir müəmmadır, seçim də deyil,
Sanki göylərdədir, içimdə deyil.
Səni ram eləmək gücümdə deyil,
Gücüm çatan qədər səni sevirəm.
Sənə aşiq olmaq vəhydi, pozulmaz,
Bilmirəm bu, düzdü, səhvdi, pozulmaz.
Bizim eşqimizin əhdi pozulmaz,
O eşqə and verən günü sevirəm.
Həmişə günəşə, aya baxmısan,
Bəzən də özünü oda yaxmısan.
Dan yeri açanda üzə çıxmısan,
Məndə ki, hər zaman danı sevirəm.
Qurğuşun ətirli sevgi istərəm
Bütün sevdaları şanslar izləyir,
İndi yoxdur bu şans nə sən, nə məndə.
Susuz səhralarda sevgi axtardım,
Qurğuşun iylədim yaşıl çəməndə.
Eşq rahat otursun, nalça qoymuşam,
Əgər yol gedərsə, xalça qoymuşam
Acı anlarına alça qoymuşam,
Sonra axtarmışam üfüqdə, çəndə.
Bir eşq göndərərəm, qəlbdə qovursan,
Görsən sənlik deyil, onu qov, vur, sən.
Söz ilə haraya məni qovursan?
Sözü partladaram qəlbim dinəndə.
Eşq zindana düşsə, təpkilər gözəl,
Ağrıdan yaranan cizgilər gözəl,
Qurğuşun ətirli sevgilər gözəl,
Onu yenə bilməz iman da, din də.
Sənə yaxınlaşmaq arzumdur mənim
Sənə yaxınlaşmaq arzumdur mənim,
İndi arzularım dizim üstədi.
Hər gün ürəyimdə dediyim sözü,
Bircə yol özünə demək istədim.
Çalışdın qaçasan məndən uzağa,
Deyəsən bir az da qıvraqlaşmısan.
Nə vaxt yaxınlaşdım sənə bir addım,
Gördüm iki addım uzaqlaşmısan.
Qaçhaqaç oyunu başlayıb, gülüm,
Uduzdun deyəcəm, yarım, incimə.
Sən məni taleyin küncünə qısıb,
Mən səni qovuram yerin küncünə.
Sən məndən qaçırsan, mən də gəlirəm,
Heç vaxt deməyəcəm, durun, dayanın.
Yer də nəhayətsiz deyildir axı,
Yəqin sonu vardır hər bir oyunun.
Lap çatdın dünyanın son küncünə sən,
Baxıb dayanarsan, hər tərəf sudur.
Sənə çatmaq lazım son məqamda da,
Çatıb deyəcəyəm, bax, sözüm budur.
Bir az reallıqla barışsan əgər,
Onda düşünərdin yol azmamısan.
Sən məni taleyin küncünə qısma,
Mənim taleyimi sən yazmamısan.
Əgər qismətimdə varsansa, yəqin
Mənim olacaqsan ölüm gəlməsə.
Sən ki taleyimdən qaça bilməzsən,
Mənə yaxın belə, gülüm, gəlməsən.
Bu yer bizimkidir, getdiyin yerə,
Mənim də getməyə haqqım var - deyim.
Demirəm, sən məndən niyə qaçırsan,
Dedim, taleyimdən qaçma sevdiyim.
Tanrı sığalıdır sənin həyatın
Tanrı sığalıdır sənin həyatın,
İndi Tanrını da yad sanıram mən.
Daha qarğıyacam fani dünyanı,
Üstündə gəzirsən, qısqanıram mən.
Sinəm məhəccərdir bu gələn qışa,
Səndən ötrü əsim, bax, belə əsim.
Tanrı sığalısan, gözəl, sən yaşa,
Haqqın dərgahına qoy mən tələsim.
O tozlu yollarda dayanma, ay qız,
Yoxsa ətəyinə əlvan toz qonar.
Girmə sən bağçaya tək-tənha, yalqız,
Ətrini vəfasız çiçəklər yonar.
Deyəsən, çox sevir bu dəniz səni,
Onunçün dalğalar üstünə cumur.
Xəzər isladanda isti sinəni,
Tanrı həmin anda gözümü yumur.
O qədər baxdım ki, gözümdə əksin,
Ürəyimdə ölsən, gözüm götürər.
Tanrı sığalını çəkən kəsin də,
Hifzini boynuna özü götürər.
Özünü sevdirə bilmirsən mənə
Özünü sevdirə bilmirsən mənə,
Sən özün gedirsən qəmin üstünə.
Guya ki, günahkar mənəm həmişə,
Hər şeyi yıxırsan mənim üstümə.
Guya gözəlliyi duymuram, məncə
Bu hissi öncədən qəlb etməliydi.
Razı olmasaydım özümdən - dedin,
Gözəlliyin məni cəlb etməliydi.
Sən mənim içimi duymalısan, qız,
Səni uzaq edən içimdir mənim.
Gözəlsən, ölçüyə sığışmalısan,
Şairəm, sonsuzluq ölçümdür mənim.
Eşq də tarazlığı sevir, əzizim,
Çalış, tikanı da gülə döndərək.
İçim okeandır, ümmandır mənim,
Deyirsən, gəl, onu gölə döndərək.
Məndən sevgi payı istəyirsənsə,
Onu xırdalama, etmə heç xırda.
Okeana çaylar, dənizlər sığar,
Göllər bataqlıq da olar axırda.
Həyatda yarıyıb kimlər sevgidən,
O, bəzən şirindir, bəzən acıdır.
Sevilməmək sənə dərddirsə mənə,
Eşqlər həyatımın taxtı-tacıdır.
Gözəlliyi duymaq şairə nədir,
Şair gözəlliyi tora salır, bil.
Şairin içində nurdandır o tor,
Hörümçək toruna düşən tək deyil.
Deyirəm sevilsin, sevsin insanlar,
Hamı sadiq olsun öz aşiqinə.
Gözələ vurular minlər, milyonlar,
Yenə möhtacdırlar şair eşqinə.
Şairlər sevərlər bəni-insanı,
Şairlər göyləri yerlərə qatar.
İnsan yox, şairdən eşq umursansa,
Ondan bir damla pay sənə də çatar.
Tükənməz oyundur sevgi həyatda,
Uduzdun, nəmləmə qəmdən gözünü.
Niyə sevilmirsən, günahkar tapma,
Çalış, sevdirməyi bacar özünü.
Qapı ağzında
Sizin evinizə behişt deyərəm,
Məndən soruşsalar behiştin hanı?
Yolüstü bir dəstə gül alım sənə,
Bəlkə də telinlə dəyişdim onu.
Bu şəhər nə bilir kimik, nəçiyik,
Bir dost kimi sizə gedirik qoşa.
Çatdıqsa, qoy durum qapı ağzında,
Özünsə addımla yuxarı başa.
Yolu da yüz dəfə ölçüb-biçirəm,
Ya yolu genəltdim, ya da ki, yoldum.
Bilirəm, xeyri də olmadı bunun,
Nə irəli düşdüm, nə geri qaldım.
Qapının ağzını xoşlayıram mən,
Evdə tam başqadır yerişin sənin.
Qapını açım ki, çölə rahat çıx,
Qapını örtəndə soyuq dəyməsin.
Açılmaz, örtülsə bəxtin qapısı,
Bəxtin gül açarsa, dili qapıdır.
Sirləri kilidlər qapılar çox vaxt,
Bütün sevdaların həlli qapıdır.
Qapılar hamıya ümid yeridir,
Qapıdan asılıb yellənən də var.
Qapı-qapı gəzib qız axtaran kim,
Qapı-qapı gəzib dilənən də var.
Bütün duyğularım qapı ağzında,
Bəlkə burda çatdım mən kamil yaşa.
Hələlik gözləym qapı ağzında,
Hələ haqq etmirəm yuxarı başa.
Qazdığın quyular
Qazdığın quyular çox dərinləşib,
Bir ömür bəs etməz bu işdə sənə.
Elə bil qazdığın quyular ilə
Yeraltı yol çəkdin cəhənnəminə.
Bu, necə həyatdır seçdin özünə?!
Əlinə dəyməyib çiçək, gül, nədən?
İndi o quyuya özün düşmüsən,
Yəqin istəmədən, yəqin bilmədən.
Necə çıxacaqsan indi quyudan,
Niyə özgəsinə quyu qazırdın?
Ayağın altında daha quyu yox,
Ayağın altında qəbrin hazırdır.
Sən çıxa bilsəydin quyu dibindən,
Görərdin günəşi, görərdin ayı.
Kiməsə qazdığın quyular doldu,
Boş qalıb özünə qazdığın quyu.
Bu yağış nə qədər yuyacaq bizi
Bu yağış nə qədər yuyacaq bizi?
Nə qədər yusa da təmizlənmirik.
Bizə salam verən mələklər ilə
Bir yol söhbət edib əzizlənmirik.
Hər yağış yağanda nələr yuyulur, -
Yuyulur qibtələr, kinlər, həsədlər.
Torpağa girməyə tələsmir hələ
Torpağın üstündə olan cəsədlər.
Zaman süzgəcindən süzülmək üçün,
Məni də yağışa döndər, İlahi.
Ya da ki, yağışa qovuşmaq üçün,
Onu geyindirib göndər, İlahi.
Taleyim, baxtım
Günahım bir əncir yarpağıdırsa,
Deməli, hikmət var gəlişimdə də.
Məni qınamayın az gülməyimlə,
Bir məna axtarın gülüşümdə də.
Bütün dərd, qəmləri ömrümə sıxdım,
Sən niyə beləsən taleyim, baxtım?
Günahım olubsa milyon il qabaq,
İndi nədən ağrı-acıma düşür?
Günahdan bir uzaq koma qurdumsa,
Hardansa yenə də bacama düşür.
Günahı günahkar dünyaya çaxdım,
Sən niyə beləsən taleyim, baxtım?
Əzəldən göyləri sevibdi ömrüm,
Adımı göylərə naxışlayaram.
Dünyadan beşəlli yapışanlara
Vallah, bu dünyanı bağışlayaram.
Çünki göylərədir ucalıq taxtım,
Sən niyə beləsən taleyim, baxtım?
Həmişə qiymətli söz düşünmüşəm,
Dünya çox möhtacdı hikmətli sözə.
Göylərin rəmzidir mavi gözlərim,
Elə ki, dünyayla gəldim göz-gözə.
Gözümlə, sözümlə fövqunə çıxdım,
Sən niyə beləsən taleyim, baxtım?
Bu dünya onsuz da gərəyim deyil,
Hamıdan qaçan mən, təklənən mənəm.
Bu dərdlər, bu qəmlər burulğanında
Ən çox qayğılarla yüklənən mənəm.
Hələ ölməyə də qalmayır vaxtım,
Sən niyə beləsən taleyim, baxtım?
Yuxular
Çox zaman sevirəm yuxularımı,
Çox zaman xoş gəlir yuxular mənə.
Orda xəyalların gerçəkliyi var,
Məlhəmdir gül açan duyğular mənə.
Yuxular ömrümün hissəsi kimi,
Zamanın fırlanan həyat çarxıdır.
Hərdən düşünürəm yuxular həyat,
Yaşadığım həyat bəlkə yuxudur?!
Yuxular hayanım, yol göstərənim,
Saxlayır çox zaman işin tərsindən.
Yuxuda aldığım bir ibrət bəzən
Güclüdür qırx illik həyat dərsindən.
Bütün günahları yuxuda atıb,
Günahsız körpətək uşaqlaşıram.
Sanki olmayıbmış kədərim, qəmim,
Dünya əzabından uzaqlaşıram.
Yuxu müdriklərə hikmət boğçası,
Tanrıyla bağlıdır dua, diləklər,
Mələklər üstümdə keşik çəkirlər,
Hələ ölməyə də qoymur mələklər.
Yuxuda adladım kəhkaşanları,
Nə vaxtdan göylərin qanadındayam.
Bilmirəm ölüyəm, bilmirəm sağam,
Nəyəmsə, Tanrının ümidindəyəm.
Yuxu yozumları çox qəribədir;
Başqa bir dünyadan gələn səs kimi.
Haqqın dərgahına uçur yuxular
Haqqın dərgahına gedən kəs kimi.
Yuxuda şeytana uymaq qorxulu
Cəhənnəmin xofu, qorxularıtək.
Görülən yuxular bəzən çin olur
Həzrəti Yusifin yuxularıtək.
Nə olsa yuxuda mənə olacaq,
Bütün tilsimləri qırdım yuxuda.
Elə yuxuda da ucalmaq olar,
Bəlkə yeni həyat qurdum yuxuda.
İlahi bir eşqin sorağındayam
Çilçıraq yandırdım evin damında,
Axı mən göylərin marağındayam.
Dərdimdən öləsi bir qız olsaydı,
İlahi bir eşqin sorağındayam.
Dərdimi çəkməklə o qız yaşasın,
Bir kimsə görməsin gülən, o qızı.
Ovuda bilməsin heç qonşular da,
Ağlayıb dərdimdən ölən o qızı.
O qız məndən ötrü necə öləcək,
Bir mələk libasda, ağappaq donda.
Bir əli bükülü baxır səmaya,
Cənnət qapısının açarı onda.
Etdiyim bəlkə də qarşıma çıxa,
Çox sirlər örtdüm ki, heç kim bilməsin.
O adam mənəm ha ölüb, dirilən,
Məndən ötrü bir qız niyə ölməsin ?!
O qız yavaş-yavaş ölə dərdimdən,
Hər çiynində olsun bir huri-pəri.
Bircə son nəfəsdə üstündə olum,
Görüm necə ölür məndən ötəri.
Həyatda o qızı dərk etməsəm də,
Barı son nəfəsdə onu duyaydım.
Cəmi bircə dəfə alnından öpüb,
İncə tellərini sığallayaydım.
O qız son nəfəsdə heç tək deyilmiş,
Gözünün yaşını silən var imiş.
Deyirəm, ey dünya, bir mənə bax ha,
Mənim də dərdimdən ölən var imiş...
Halım halıma acıyır
Durduğum yer tərpənməyir
Durub yola düşəndə də.
Halım halıma acıyır
Haldan hala düşəndə də.
Üstümdəsən mələk kimi,
Dinc qoymursan bir tək məni.
Əl çəkmirsən əlcək kimi
Əldən-ələ düşəndə də.
Bəxtim məndən qaçar dedim,
Ver dərdimə açar, dedim.
Öz dilimlə bacarmadım
Dildən-dilə düşəndə də.
Güzəşt etməyəcəm yolumu sənə
Könlümdən könlünə yol salındıqca,
Bədxahlar o bağı qırırlar onda.
Nə vaxtsa aramız düzəlir bir az,
Dərhal aramızı vururlara onda.
Bizim bağımızda ağaclar çoxdur,
Budur qarşımızda tövbə ağacı.
Çalış, o ağaca hələ əl vurma,
Yoxsa göndərərəm qeybə, ağacı.
Gözüm toranlayıb, yaxşı görmürəm,
Tutdu qurduğumuz gizli tor kimi.
Mən sənə baxanda dünya görürəm,
Dünya gözümdədir- monitor kimi.
Demirəm bu yolu məndən qabaq keç,
O vaxt uzatmaram qolumu sənə.
Əzəldən bu yolun sənə dəxli yox,
Güzəşt etməyəcəm yolumu sənə.
Bircə keçid üçün yer saxlamışam
Doğru bitirməyə çiçək əkirəm, -
Bəlkə qol qoymazsan onda yalana.
Bir yol sərt üzünü göstərmirsən heç
Bizim aramızda nifaq salana
Nə olsun mahirsən çox oyunlarda,
Mənlə çıxmayıbmı elə az adın...
Şairin ruhuna göylər şərikdir,
Onə nə edəcək sehrbaz qadın?
Mən təsbeh tuturam əlimdə indi,
Sən odun üstündə bardaş qurursan,
Sirli döşəklərdə ad yazdırmaqla,
Eşqin kürəyinə xəncər vurursan.
İslah etməyəcəm yol azanı ta…
Nə olsun həddən çox sirr saxlamışam.
Barışıq yolları bağlanıb daha,
Bircə keçid üçün yer saxlamışam.
Dünyanı rahat buraxaq
Baxsan dəyən şillələrə,
Şillənin də mərdləri var.
Dünyanı rahat buraxaq,
Dünyanın öz dərdləri var.
Çomağı düşsə çobanın,
Bəxti gətirər yabanın.
Burda yerləşən obanın
Neçə-neçə kəndləri var.
O, dəryada üzən deyil,
Nə mən deyil, ya sən deyil.
Ölüm yolu asan deyil,
Göz görməyən şərtləri var.
Elə dastan yazmışam mən,
Neçə sərhəd pozmuşam mən.
Bir qlobus cızmışam mən,
O dünyaya xətləri var...
Zaman tab gətirmir eşqin gücünə
Bütün xətaların fərqindəyəm mən,
Bilirəm, bu, düzgün bir yol deyildir.
Səndən qazanc kimi qopardıqlarım,
Qaçaqmalçılıqdır, halal deyildir.
Zaman tab gətirmir eşqin gücünə
Onunçün zamandan acığım gəlir.
Eşq irəli gedir, zaman axsayır,
Eh, belə sevgiyə yazığım gəlir.
Bizə lazım olmur ta əxlaq dərsi,
Bildim, ürəyinə xal da düşübdür,
Bir lampa yandırıb yola çıxmışdım,
Gördüm, o lampa da yolda düşübdür..
Hərə bir mərtəbə üstündə durur
Hərə bir mərtəbə üstündə durur
Bütün mərtəbələr miskin təmtəraq.
Hansı mərtəbədə yaşayırıqsa,
Biz o mərtəbəni günahlandıraq.
Vallah mərtəbələr çox qarışdırır,
Evin tavanını, evin çölünü.
Evin içində də mərtəbə saldıq
Sonra gizlətmişik onun yolunu.
Aludə olmayaq mərtəbələrə,
Çıxdınsa təcili dönmək lazımmış
Mərtəbə-mərtəbə yuxarı qalxıb
Mərtəbə-mərtəbə enmək lazımmış
Əgər adlamısan bir mərtəbəni,
Ayaq saxla bax gör kimin evidir.
Birdən tullanmayın mərtəbələrdən,
O da intiharın başqa növüdür.
Hansı mərtəbənin ünvanı dəqiq,
Oradan asılır bi təzə pərdə.
Mən üst mərtəbədə yaşayıram ki,
Gözüm toxunmasın o qıza birdə
Alnımın təriylə pozulub gedir
Bütün görüşlərdə ağrı yaşadım,
Yerli-yersiz durub, qəmzə atırsan.
Eşqimin qətlinə qərarlar verib,
Sonra da əfvinə imza atırsan.
Nə qədər oda mən su tökəcəyəm?
Göz yaşım o suyu daha çatdırmır.
Bir namə yazmışam qərarlarından,
Onu da bir kimsə şaha çatdırmır.
Alın tərim sevmir göz yaşlarımı,
Onun üzərindən süzülüb gedir.
Sənli xatirələr alın yazımdan,
Alnımın təriylə pozulub gedir.
Duman öz ətrini dağlara verir
Yəqinlik halında olan sözlərim,
Heç vaxt xoşum gəlmir gümandan mənim.
Duman öz ətrini dağlara verir,
Niyə xoşum gəlsin dumandan mənim.
Əlinə bir məqam yetişən kimi,
Xəbərdə vermədən devirdin məni.
Nədən peşmançılıq qatdın bu işə,
Axı mən necə də sevirdim səni.
Canıma hopubdur artıq inciklik,
Hətta qaytarsan da ötən ayları.
İndi nəyim qalıb hesablaşmağa,
Xeyrimə deyildir hesab sayları.
Gəl odun üstünə köz atmayaq ta,
Mən közü götürüm, sən də odunu.
İndi kişi kimi sözü mən deyim,
Sən də qadın kimi döğrult adını.
Stəkanı nəlbəkidən ayıraq
Burdan alıb, ora ötür, vur getsin,
Bircə dənə ov tüfəngi lazımdır.
Bu dünyada yaşamağa nə var ki,
Bir stəkan, bir nəlbəki lazımdır.
Yağmaladıq onsuz da ki, hər yeri,
Yerin altı, yerin üstü, təkini.
Tapılmayır stəkana yer daha,
Biz çox kiçiltmişik bu nəlbəkini.
Bir bulaqdan ovuc-ovuc su içək,
Bulaq başı səhnə yeri, əhd yeri.
Burda sənə bir cüt baxış baxacaq, -
Sənə baxan ya huridir, ya pəri.
Bulaq üstə nəlbəkisiz ötüşər,
Qızlar bilsə stəkanın dilini.
Bu nəlbəki necə qısqanmasın ki,
Stəkanla su verənin əlini?
Stəkanla su içəni tər basır,
Tər iyini tənbəkidən ayıraq.
Öz ayağı üstə dursun stəkan,
Stəkanı nəlbəkidən ayıraq...
Bir pusqu qurmusan burda mənimçün
Bir pusqu qurmusan burda mənimçün,
Sən necə qıyırsan canıma, qadın?
Şeytanın çəngindən qurtaran kimi,
Gəlirsən o zaman yanıma, qadın.
Ömür yaranmayıb sarılmaq üçün,
Əgər belədirsə, bəs kəfən nədir?
Beşik-qəbir arasında bu həyat
Nizamlanmış bir fizika fənnidir.
Gecəni gündüzlə az qarışdır ta,
Sübh çağı olmamış oyanma hələ.
Görürsən, pusquna düşmürəm daha,
Sən də bu pusquda dayanma hələ.
Əgər yaxalasan nə vaxtsa məni,
Yəqin yatım deyə dərman verərsən.
Ya məni cənnətin içinə atıb,
Ya da edamıma fərman verərsən.
Rafiq Ələkbər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 18 Sentyabr 2026 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















