Tarixçi alim Birinci Türkoloji Qurultayın keçirilməsinə səbəb olan amillərdən danışıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 5 noyabr, AZƏRTAC
Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə əlaqədar silsilə materiallar davam etdirilir. AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri tarix elmləri doktoru Güllü Yoloğlu AZƏRTAC-a müsahibəsində Birinci Türkoloji Qurultayın keçirilməsinə səbəb olan amillərdən danışıb.
İnstitutun şöbə müdiri bildirib ki, XX əsrin əvvəlləri Rusiya imperiyasının dağılması və Sovet hakimiyyətinin qurulması ilə müşayiət olunan mürəkkəb ictimai-siyasi hadisələr dövrü idi. 1917-ci il Oktyabr inqilabı Rusiyada çarizmin süqutuna və yeni, sovet ideologiyasına əsaslanan dövlətin yaranmasına şərait yaratmışdı. Bu köklü siyasi dəyişiklik təkcə iqtisadi və ictimai münasibətlərdə deyil, mədəniyyət və dil siyasətində də ciddi islahatlar dalğasına səbəb olmuşdu. Sovet hakimiyyəti milli respublikalar və xalqlar üçün yeni “sosialist mədəniyyəti” yaratmaq məqsədilə əlifba, yazı və maarif sahəsində də genişmiqyaslı dəyişikliklər planlaşdırırdı. Yeni sovet ideologiyası milli xalqların köhnə dini təsirlərdən, xüsusilə də ərəb və kiril əlifbalarından uzaqlaşdırılması məqsədi daşıyırdı. Ərəb qrafikalı yazı İslam mədəniyyəti, Kirill qrafikalı əlifba isə xristianlıqla əlaqələndirildiyindən, bolşeviklər bunu “gerilik” və “keçmişin qalığı” kimi qiymətləndirirdilər. Ona görə də 1920-ci illərin əvvəllərində latın əlifbasına keçid təşviq olunmağa başlandı. Bu istiqamətdə ən mühüm hadisə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay olub. Qurultayda 100-dən çox alim və nümayəndə iştirak etmiş, “yeni türk əlifbası” – latın qrafikalı yazı sisteminə keçid məsələsi geniş müzakirə edilmişdi.
Tarixçi alim qeyd edib ki, 1917-ci il Oktyabr inqilabından sonra keçmiş imperiya ərazisində yaşayan türk xalqlarının milli-mədəni oyanış prosesi yeni mərhələyə qədəm qoyub: “Həmin dövrdə elm, ədəbiyyat və mədəniyyət sahəsində baş verən yeniliklər, ana dilində təhsilin təşkili və milli yazı sistemlərinin formalaşması məsələsi aktuallaşıb. 1920–1930-cu illər sovet milli siyasətinin “korenizasiya” (yerliləşdirmə) mərhələsi kimi xarakterizə olunur. Həmin siyasətin əsas məqsədi ittifaq respublikalarında yerli xalqların dil və mədəniyyətinin inkişafına şərait yaratmaq, eyni zamanda, bu prosesi sovet ideologiyası çərçivəsində yönləndirmək idi. Zaqafqaziya, Türküstan, Ural-İdel xalqlarında türkologiya elminə maraq xeyli artmış, türk xalqlarının dil, tarix və etnoqrafiyasını öyrənən mütəxəssislər yetişməyə başlamışdı.
O zaman ortaq türk mədəni irsinin tədqiqi, yazı islahatı və latın əlifbasına keçid məsələsi ətrafında geniş müzakirələr gedirdi. Yeni əlifbanın qəbul edilməsi məsələsi yalnız texniki deyil, həm də siyasi və ideoloji mahiyyət daşıyırdı. Latın qrafikasına keçid həm türk xalqları arasında mədəni inteqrasiyanı gücləndirmək, həm də ərəb və Kirill qrafikalı əlifbalardan uzaqlaşmaqla dini təsiri azaltmaq məqsədi güdürdü.
Elmi dairələrdə, xüsusilə Azərbaycan, Tatarıstan və Orta Asiya alimləri arasında bu istiqamətdə fəal müzakirələr aparılırdı. Nəticədə 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın çağırılması ideyası irəli sürüldü. Qurultayın keçirilməsində məqsəd türk xalqlarının elmi əməkdaşlığını möhkəmləndirmək, ortaq terminologiya və əlifba məsələlərini müzakirə etmək, eyni zamanda, Sovet İttifaqında türk xalqlarının dil və mədəniyyət siyasətini sistemləşdirmək idi”.
Güllü Yoloğlu bildirib ki, Birinci Türkoloji Qurultayın keçirilməsinə təkan verən başlıca tarixi amil kimi Sovet hakimiyyətinin milli siyasəti, yerli xalqların dil və mədəniyyətinin “rəsmi şəkildə” inkişaf etdirilməsinə təşəbbüs götürülürdü: “Bura türk xalqları arasında milli-mədəni oyanış hərəkatını, elm və maarif sahəsində milli kimliyin qorunması cəhdlərini, yeni əlifba və yazı islahatı məsələsini, latın qrafikasına keçidin ideoloji və praktiki zərurətini, türkologiya elminin təşəkkülünü, alimlərin ortaq elmi əlaqələrinin güclənməsini, Bakının elmi-mədəni mərkəzə çevrilməsini, 1920-ci illərdə Azərbaycanın regionda qabaqcıl intellektual mühitə malik olmasını da əlavə etsək, Birinci Türkoloji Qurultayın keçirilməsinə təkan verən tarixi amillər öz əksini tapacaqdır. Lakin bütün bunlardan əvvəl daha bir amil də vardı ki, o amil sovet dövründə pərdə arxasında qalmışdır. Məsələ burasındadır ki, fəhlə-kəndli hərəkatının rəhbəri V.İ.Lenin latın qrafikalı əlifbanın tərəfdarı idi.
Nəticə etibarilə, 1926-cı ilin mart ayında Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay yalnız elmi hadisə deyil, həm də dövrün ictimai-siyasi reallıqlarının nəticəsi kimi tarixə düşdü. Qurultay türkologiyanın elmi əsaslarını müəyyənləşdirməklə yanaşı, türk xalqları arasında elmi və mədəni birliyin möhkəmlənməsində mühüm mərhələ oldu.
Lakin 1930-cu illərin sonlarından etibarən, SSRİ-də milli siyasətin istiqaməti dəyişdi. Stalin dövründə mərkəzləşmə və ruslaşdırma siyasəti gücləndi. 1939–1940-cı illərdə bütün türk respublikaları və digər xalqlar latın əlifbasından Kirill qrafikasına keçməyə məcbur edilmişdi.
Bu dəyişiklik xalqların mədəni yaxınlaşması əvəzinə, rus dilinin dominant rolunu möhkəmləndirmiş, türk xalqları arasında yazı birliyini pozmuş, milli ədəbiyyatların, təhsil sistemlərinin sovet ideoloji çərçivəyə salınmasına xidmət edib.
Beləliklə, 1917-ci il Oktyabr inqilabından sonra Kirill əlifbasının dəyişdirilməsi prosesi əvvəlcə “maarifləndirmə” və “modernləşmə” adı altında həyata keçirilsə də, sonradan siyasi nəzarət və ideoloji mərkəzləşmə vasitəsinə çevrildi. Əvvəlcə latınlaşma, daha sonra kiril qrafikasına məcburi keçid sovet milli siyasətinin ziddiyyətli mahiyyətini milli mədəniyyətlərin dirçəldilməsi ilə eyni zamanda onların idarə altında saxlanılmasını əks etdirmiş oldu”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 05 Noyabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















