Tarla qoşa gedilən tale yolu
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şahanə MÜŞFİQ
Ömrü səslə ölçülən insanlar var. Bu səs nə saat əqrəblərinin qaçışıdır, nə də təqvimin yelqanadlı çevrilişi. Bu səs musiqinin insan ruhunu riqqətə gətirən, qəlbin ən zərif tellərinə toxunan və zamanla qocalmayan bir səsdir. Musiqiçi ömrü məhz bu ecazkar səslə ölçülür.
Əməkdar artist Sahib Paşazadənin həyat yolu tarın sinəsində doğulan, barmaqların ucunda yaşayan və illər keçdikcə sənətə çevrilən bir səsin yoludur. O yol ki, Azərbaycan muğamının ruhundan keçir, ənənə ilə müasirliyin sərhədində dayanır və dinləyicini təkcə eşitməyə yox, həm də bütün qəlbi və ruhu ilə hiss etməyə məcbur edir.
Sahib Paşazadənin sinəsindəki tar bizə musiqinin müqəddəsliyini, əvəzedilməzliyini sakit, amma dərin, klassik, lakin heç zaman köhnəlməyən səslə danışır. Məhz buna görə də çalğısı zamanın sınağından alnıaçıq, üzüağ çıxan ifadır.
lll
Sahib Paşazadənin həyat və yaradıcılığı haqqında internet resurslarında kifayət qədər məlumat var. Lakin bu yazıda da onun tərcümeyi-halına baxış etmək yerinə düşərdi.
Tarzən S.Paşazadə 1980-ci ildə Bakı şəhərində doğulub. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə piano sinfi üzrə daxil olub. 1992-ci ildən Tar ixtisası üzrə təhsilini davam etdirib. İlk müəllimi atası - Xalq artisti, professor Ağaverdi Paşayev olub. Sonra isə not ixtisası üzrə Akif Novruzovdan, muğam üzrə isə Sərvər İbrahimovdan dərs alıb.
O, hələ uşaq yaşlarından etibarən müxtəlif müsabiqələrdə, festivallarda iştirak edərək önəmli uğurlar qazanıb.
1998-ci ildə məktəbi bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Burada ona ixtisas fənni üzrə Xalq artisti, mərhum professor Ramiz Quliyev, muğamdan isə Xalq artisti Vamiq Məmmədəliyev dərs deyib.
2001-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Xalq Çalğı Alətləri Orkestrində fəaliyyətə başlayıb. 2008-2018-ci illərdə orkestrin konsertmeysteri olub.
2001-ci ildə Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə İİR-nın Tehran şəhərində 10 konsertdə solo çıxışlar edib.
2002-ci ildən təhsilini Azərbaycan Milli Konservatoriyasında davam etdirib. Burada onun müəllimləri Əməkdar incəsənət xadimi, professor Məmmədağa Kərimov, muğamdan isə Xalq artisti, professor Ağasəlim Abdullayev olublar. 2003-cü ildə Azərbaycan Milli Konservatoriyasını bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. 2005-ci ildə həmin ali təhsil müəssisəsinin magistr pilləsini də fərqlənmə diplomu ilə bitirib və elə həmin ildən Azərbaycan Milli Konservatoriyasında müəllim vəzifəsində çalışmağa başlayıb. 2005-2009-cu illərdə aspirantura pilləsini bitirib. 2013-cü ildən Konservatoriyanın dosentidir.
2015-ci ildə Nardaran muğam biliciləri tərəfindən verilən və tarzənlər arasında çox az sayda rast gəlinən "Mirzə" tituluna layiq görülüb.
2015-ci ildə Fransanın Sorbonna Universitetinin Kardinal Rişelye adına konsert salonunda pianoçu Səidə Zülfüqarova ilə solo konsert verib. 2015-ci ildə Braziliyanın San Paolo şəhərində keçirilən 14-cü Serrinha Festivalında iştirak edib. Festivaldan sonra San Paoloda "Casa do Nucleo" konsert salonunda solo konsert proqramı ilə çıxış edib. Festivalda 10 gün ərzində səslənən musiqilərdən ibarət CD və DVD albom "Musica na Serrinha" 2017-ci ildə Braziliyada işıq üzü görüb.
2017-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən dünya şöhrətli 11-ci "Şərq Təranələri" festivalında ölkəmizi ilk dəfə olaraq alət ifaçısı kimi təmsil edib və 70 ölkə arasında Qran Pri mükafatı qazanaraq 20 ildən sonra 2-ci Qran Pri mükafatını Azərbaycana gətirib. Ümumilikdə bütün festival tarixində Qran Pri qazanan ilk alət ifaçısıdır.
2017-ci ildə Fransanın Bulon-Biyankur Kirxasında pianoçu Səidə Zülfüqarova ilə ikinci solo konsertini verib.
2018-ci ildə Özbəkistanın Şəhrisəbz şəhərində keçirilən I Beynəlxalq MAKOM Festivalında rəhbərlik etdiyi "Muğam" ansamblı ilə I yer qazanıb.
2018-ci ildə Polşada Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov tərəfindən Polşa və Azərbaycan Respublikalarının müstəqilliyinin 100 illiyi şərəfinə həsr olunmuş medal ilə təltif olunub.
2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.
2023-cü il 23 oktyabr tarixində "Azərbaycan Musiqi Mədəniyyətinin yüksək səviyyədə təqdim və təbliği" nominasiyasında "Humay" mükafatı laureatı olub.
2024-cü il 12 iyun tarixində Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun fəxri professoru adına layiq görülüb.
2025-ci ildə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı, "Vətən övladı" ictimai ordeni ("Qızıl Orden"), Özbəkistanın mədəniyyət naziri tərəfindən "Özbəkistan Mədəniyyətinin Səfiri" medalı ilə təltif olunub, Özbəkistanın Yunus Rəcəbi adında Özbək Milli Musiqi Sənəti İnstitutunun fəxri professoru seçilib.
Sahib Paşazadə çox sayda dünyamiqyaslı turlarda iştirak edib, bir sıra xarici orkestr və dirijorlar ilə ABŞ, Kanada, Yaponiya, Braziliya, Argentina, Avstriya, Macarıstan, Fransa, İtaliya, Almaniya, Belçika, Niderland, Böyük Britaniya, Rumıniya, Yunanıstan, Mərakeş, Nigeriya, Çin, Latviya, Litva, İsveç, İsveçrə, Norveç, Koreya, Səudiyyə Ərəbistanı, Pakistan, Meksika, Polşa və sair kimi 50-dən çox ölkədə, 200-ə yaxın şəhərdə Azərbaycan muğamını və musiqisini layiqincə təmsil edib. Ümumilikdə 70-dən yuxarı Beynəlxalq Festivalda iştirak edib. Dünyada 40-a yaxın solo konserti keçirilib.
Tar və orkestr üçün bəstələnmiş 8 irihəcmli konsert, ümumilikdə isə 15-ə yaxın əsər Sahib Paşazadəyə həsr olunub. O, 60-a yaxın əsərin ilk ifaçısıdır.
Tarla qurulan tale
Hər sənətkarın həyatında bir başlanğıc nöqtəsi olur. O nöqtə bəzən bir səs, bəzən bir təsadüf, bəzən də ailə mühitidir. Sahib Paşazadənin sənət yolu isə taleyin tarla bağladığı bir yoldur. Tar onun üçün sadəcə musiqi aləti olmayıb - o, bir düşüncə tərzi, bir daxili nizam, bir həyat fəlsəfəsidir. Bu alətlə qurulan münasibət illər ərzində ustad-şagird münasibətindən də o yana keçərək, sənətkarla sənətin vəhdətinə çevrilib.
Tar ifaçılığı səbr və sonsuz əzm tələb edir. Hər barmaq yeri, hər mizrab zərbəsi, hər pauza uzun illərin təcrübəsindən süzülüb gəlir. Sahib Paşazadənin ifasında həm uzun illərin zəhməti, həm də sonsuz səbr və sevgi hiss olunur. Bu sevgi təkcə musiqiyə, tar alətinə deyil. Bu, milli kimliyinə, Azərbaycan adına, onun tarixi köklərinə, Şərqin ruhuna olan sevgidir. Elə bir sevgi ki, hər notla dinləyicisinə də sirayət edir, onun qəlbinə ən gözəl duyğuları toxuyur.
Muğamın dili, tarın yaddaşı
Azərbaycan muğamı tarixdir, düşüncədir, bir xalqın milli kimliyidir, daxili dünyasıdır. Muğam ifaçısı olmaq üçün notları bilmək kifayət etmir. Muğamı yaşamaq, onu hiss etmək, onunla eyni ritmdə nəfəs almaq lazımdır. Sahib Paşazadənin tar ifaçılığı məhz bu baxımdan seçilir. Onun ifasında muğam hər zərrəsi ilə yaşanılır və yaşadılır.
Sahib Paşazadə muğamı klassik çərçivədə saxlayaraq, onu canlı və çağdaş səsləndirməyi bacaran sənətkarlardandır. O, muğamı nə təhrif edir, nə də muzey eksponatına çevirir. Onu olduğu kimi qoruyur, amma bugünün dinləyicisinə təqdim edir.
Səhnədə yüksək enerji ilə özünü göstərən ifaçılar da var, səssiz, lakin dərin təsir buraxanlar da. Sahib Paşazadə ikinci qisim sənətkarlardandır. Onun ifasında nümayişkarlıq yoxdur. O, tarı sinəsinə sıxıb onun tellərinə sevgisini pıçıldayır və bu pıçıltı zalın ən son sırasına qədər gedib çıxır.
Onun ifaçılıq üslubunun əsas xüsusiyyətlərindən biri də daxili intizamdır. O, tar ifaçılığında ənənəni qoruyaraq, öz fərdi səsini tapmağı bacaran sənətkarlardandır.
Əsl sənətkar səhnəyə çıxarkən təkcə öz sənətini icra etmir, həm də bir mədəniyyət nümayiş etdirir. Sahib Paşazadənin səhnə davranışı, ifa zamanı tutduğu mövqe, tamaşaçı ilə qurduğu səssiz ünsiyyət onun sənət etikasının göstəricisidir. O, səhnəni müqəddəs məkan kimi qəbul edir. Tarla olan münasibəti də bu müqəddəsliyin içində formalaşıb.
Bu gün bəzən sürətə, effektə, qısa yoldan təsir yaratmağa üstünlük verildiyi bir dövrdə Sahib Paşazadə kimi sənətkarların varlığı xüsusi əhəmiyyət kəsb edir. Onlar sənətdə tələskənliyin yox, zamanın tərəfdarıdırlar. Onlar bilir ki, həqiqi sənət tələsmir.
lll
Hər zaman milli musiqimizin, bu musiqinin layiqli daşıyıcısı olan sənətkarlarımızın yanında olan dövlətimiz və dövlət başçımız Sahib Paşazadənin hələ uşaq yaşlarından başlanan və sonsuz əmək, gərgin əməklə formalaşan sənət yolunu da diqqətdən kənarda qoymayıb. O, dövlətimiz tərəfindən "Əməkdar artist" fəxri adına, Prezident mükafatına və başqa təltiflərə layiq görülüb.
Ancaq onun kimi sənətkarlar üçün layiq görüldüyü hər mükafat, göstərilən hər etimad bir dayanacaq yox, daha böyük məsuliyyətdir. Çünki həqiqi sənətkar üçün əsl iş mükafatı əldə edəndən sonra başlayır. Sahib Paşazadə bu məsuliyyəti anlayan və daşıyan sənətkarlardandır. Onun hər yeni ifası bu ada yenidən haqq qazandırmaq cəhdidir.
Müasir dövrdə klassik səsin qorunması
Bugünkü musiqi mühiti sürətlə dəyişir. Janrlar qarışır, sərhədlər itir, ənənə bəzən kölgədə qalır. Belə bir zamanda klassik ifaçılıq məktəbinin davamçıları xüsusi dəyər daşıyır. Sahib Paşazadə bu baxımdan təkcə ifaçı deyil, həm də mühafizəçidir. O, tar ifaçılığının klassik estetik dəyərlərini yaşadan, onları gələcək nəsillərə ötürən sənətkardır.
Onun ifasında köhnəlik yoxdur, amma kök var. Bu kök onu torpağa, milli musiqinin yaddaşına bağlayır. Eyni zamanda, bu kök onun müasir dinləyici ilə dialoquna mane olmur. Əksinə, bu dialoqu daha sağlam edir.
Artıq iki ildir ki, Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzi kimi paytaxtımızın, eləcə də ölkəmizin əsas mədəniyyət ocaqlarından birinə rəhbərlik edir. Hər zaman muğamın, milli musiqimizin beşiyi kimi bildiyimiz Beynəlxalq Muğam Mərkəzi onun rəhbərliyindən sonra bir az da canlandı, öz repertuarını genişləndirdi, ən gözəl konsertlərə, ən uğurlu tədbirlərə ev sahibliyi etdi və etməkdədir. Bu da Sahib Paşazadənin həm də bir idarəçi kimi uğurlu fəaliyyətinin göstəricisidir.
Onun sənət yolu bir daha sübut edir ki, həqiqi sənət dəbdən, zamandan, sürətdən asılı deyil. Həqiqi sənət insanın içindən gələn səsdir.
Əziz sənətkarımızı 45 yaşı, eləcə də qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, bütün fəaliyyətlərində sonsuz uğurlar arzulayırıq!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 24 Dekabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















