Icma.az
close
up
RU
Tbilisinin qəti addımı

Tbilisinin qəti addımı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sovetdən qalan “Cənubi Osetiya” anlayışına hüquqi nöqtə qoyulur

Hakim “Gürcü arzusu” partiyasının qərarı ilə sabiq prezident Mixeil Saakaşvili tərəfindən 2007-ci ildə keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin ərazisində yaradılmış inzibati-ərazi vahidi ləğv edilir. Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə bəyan edib. Onun sözlərinə görə, dövlət qurumu 2026-cı il yanvarın 1-dən ləğv olunacaq.

Parlament sədri daha sonra bildirib: “İctimaiyyətə xatırlatmaq istəyirəm ki, 2006-cı ilin noyabr ayında “Milli hərəkat”ın rəhbərliyi altında Sxinvali bölgəsində konstitusiyaya zidd seçkilər keçirildi və nəticədə qondarma “Cənubi Osetiyanın prezidenti” elan edildi və qondarma “Cənubi Osetiyanın alternativ hökuməti” yaradıldı. Bu hərəkətlə o vaxtkı hakimiyyət dolayı yolla separatçı prosesləri legitimləşdirdi ki, bu da Gürcüstanın dövlət maraqlarına açıq və ciddi xəyanət idi. Bir neçə ay sonra, 2007-ci ilin iyun ayında yenə Konstitusiya pozularaq, eyni konstitusiyaya zidd “alternativ hökumət” əsasında yenidən “müvəqqəti inzibati-ərazi vahidi administrasiyası” yaradıldı. Bu qərar 1990-cı ildə ləğv edilmiş Cənubi Osetiya Muxtar Vilayətinin inzibati sərhədlərini süni şəkildə bərpa etdi və bu, sonradan Rusiyanın 2008-ci ildəki hərbi təcavüzünə və Gürcüstanın tarixi bölgəsi Samaçablonun işğalına səbəb olan amillərdən birinə çevrildi”.

Ş.Papuaşvili qeyd edib ki, bugünkü perspektivdən baxdıqda, həmin qərarların xarici güclərin apardığı geosiyasi oyunun bir hissəsi olduğu və Gürcüstanın “qurban verilən piyada” roluna endirildiyi aydındır: “Əvvəlki hökumətin həyata keçirdiyi siyasət bölgədə vəziyyətin gərginləşməsinə və nəticədə ölkəni müharibəyə aparıb çıxardı. “Milli hərəkat” tərəfindən “Cənubi Osetiya” termininin dolayı yolla istifadəsi belə əvvəldən Konstitusiyaya və milli maraqlara xəyanət idi. Gürcüstanın hüquqi və ya siyasi məkanında heç bir “Cənubi Osetiya” mövcud deyil.

Ş.Papuaşvili deyib ki, hökumətlə məsləhətləşmələr zamanı bir neçə qanunvericilik təşəbbüsü hazırlanıb və Gürcüstan parlamenti ilin sonuna qədər müvafiq düzəlişləri qəbul etmək niyyətindədir: “Müvafiq olaraq, hökumətlə məsləhətləşmələr nəticəsində biz keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin ərazisində yaradılmış inzibati-ərazi vahidini ləğv etmək qərarına gəldik”.

Gürcüstan parlamenti və hökuməti tərəfindən keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin ərazisində 2007-ci ildə yaradılmış inzibati-ərazi vahidinin ləğv edilməsi ölkənin dövlətçilik fəlsəfəsinə, hüquqi ardıcıllığına və milli maraqlarına tam uyğun addım kimi qiymətləndirilə bilər. Bu qərar həm Gürcüstanın ərazi bütövlüyü prinsipinə sadiqliyini nümayiş etdirir, həm də Tbilisinin uzun illərdir vurğuladığı strateji xəttin – konstitusiya çərçivəsində vahid dövlət idarəçiliyinin bərpası hədəfinin məntiqi davamıdır. Əslində həmin inzibati strukturlar postmünaqişə dövründə yaranmış mürəkkəb təhlükəsizlik və siyasi balansın məhsulu idi. Lakin bu konstruksiya zamanla hüquqi qeyri-müəyyənlik yaradan, beynəlxalq müzakirələrdə terminoloji çaşqınlığa səbəb olan və ən əsası, Gürcüstanın rəsmi mövqeyində ardıcıllığın pozulmasına gətirən elementə çevrilmişdi.

Bugünkü təhlükəsizlik reallıqları fonunda Gürcüstan hökumətinin atdığı bu addım Tbilisinin suverenlik və hüquqi müstəqillik standartlarını gücləndirən mexanizm kimi çıxış edir. İnzibati vahidin ləğvi faktiki idarəçilikdə heç bir dəyişiklik yaratmasa da, siyasi-hüquqi siqnal kimi böyük əhəmiyyət daşıyır. Bu qərar həm də Gürcüstanın beynəlxalq tərəfdaşlarına ölkənin ərazi bütövlüyü məsələsində qəti və prinsipial mövqeyə sadiqliyini göstərir. Gürcüstan bu yolla bildirir ki, onun konstitusion sərhədləri heç bir alternativ struktur və ya istilah ilə şübhə altına alına bilməz. Tbilisinin bu qərarı həmçinin münaqişənin dinc və diplomatik həllinə dair mövcud platformaların daha aydın hüquqi əsaslar üzərində qurulması deməkdir. Son illər Gürcüstan hökuməti “Addım-addım etimad” və “Sülh və inteqrasiya” siyasətini gücləndirmək xəttini seçib.

Mühüm məqamlardan biri budur ki, Gürcüstan bu addımı qarşıdurma məqsədilə deyil, məhz hüquqi ardıcıllığı təmin etmək üçün atır. Bu, nə daxili siyasi revanşist addım, nə də keçmiş dövrün qiymətləndirilməsi kontekstidir. Əksinə, müasir təhlükəsizlik mühitində dövlətçilik institutlarının daha sabit əsaslar üzərində qurulması zərurətinin ifadəsidir. Gürcüstan rəhbərliyi göstərir ki, münaqişənin həlli üçün emosional deyil, hüquqi rasional yanaşma daha davamlı nəticə verir. Nəticə olaraq, “Gürcü arzusu” hökumətinin inzibati-ərazi vahidinin ləğvi barədə qərarı Gürcüstanın dövlət maraqlarına, regional sabitlik strategiyasına və beynəlxalq hüququn tələblərinə uyğun addım kimi qiymətləndirilə bilər.

Məsələni şərh edən gürcü politoloq Vladimir Sxvediani bildirib ki, Gürcüstan hakimiyyətinin keçmiş Cənubi Osetiya Muxtar Vilayəti ərazisindəki inzibati qurumu tamamilə ləğv etmək qərarı tarixi hesab edilə bilər. Onun sözlərinə görə, SSRİ dövrünün Cənubi Qafqazdakı “muxtar vilayətlər”dən daha zərərli inzibati-ərazi qurumlarını tapmaq çox çətindir. Politoloq doğru paralellər apararaq qeyd edib bölgədə iki belə qurum var idi: Azərbaycanda Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və Gürcüstanda Cənubi Osetiya Muxtar Vilayəti (COMV): “Bu muxtar vilayətlərin hər ikisi qanlı separatizm müharibələrinin episentrinə çevrildi. Qeyd etmək lazımdır ki, həm DQMV, həm də COMV tamamilə süni şəkildə yaradılmışdır. SSRİ-nin yaranmasından əvvəlki tarixdə heç vaxt “Cənubi Osetiya” və ya “Dağlıq Qarabağ” adlı dövlət və ya inzibati qurumlar, xüsusən də etnik prinsip üzrə təşkil olunmuş vahidlər mövcud olmayıb”.

Ekspert qeyd edib ki, COMV da tamamilə süni şəkildə – təkcə müxtəlif tarixi Gürcüstan torpaqlarının deyil, həm də Rusiya imperiyasının keçmiş Tiflis və Kutaisi quberniyalarının ən azı dörd qəzasının fraqmentlərindən “oyulub”. Onun sözlərinə görə, sərhəd xətti dərələr və vadilər vasitəsilə bir-birindən iqtisadi-təsərrüfat cəhətdən təcrid olunmuş ərazidə etnik osetinlərin minimal üstünlük təşkil etdiyi inzibati vahid yaratmaq üçün çəkilmişdir: “Osetiya yaşayış məntəqələrinin “paytaxtı” funsiyasını yerinə yetirəcək heç bir əhəmiyyətli yaşayış məntəqəsi olmadığı üçün yeni vahid gürcü və yəhudi əhalisi olan kiçik Sxinvali şəhərini və yaxınlıqdakı gürcü kəndlərini əhatə edirdi. Sonrakı tarixi prosesləri təhlil edərkən məyusedici nəticəyə gəlmək olar: hər iki “muxtar vilayət” müəyyən bir anda separatçı münaqişələrə çevrilmək, lazımı anda partlamaq üçün “yavaş hərəkət edən minalar” kimi yaradılmışdır. Onların formalaşması üçün heç bir tarixi, iqtisadi, mədəni, coğrafi və ya digər obyektiv şərtlər sadəcə, yox idi”.

V.Sxvediani bildirib ki, erməni millətçilərinin 1987–1988-ci illərdə DQMV-də qondarma “miatsum” – Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsi üçün hərəkat başlatması fonunda Cənubi Osetiya Muxtar Vilayətinin “sakit” qalması çox diqqətçəkicidir: “O dövrdə erməni millətçiləri Gürcüstana Azərbaycan ərazisinin bir hissəsini “vəd etməklə” gürcü ictimaiyyətini fəal şəkildə cəlb etməyə çalışırdılar. İrəvan və Xankəndidə keçirilən kütləvi mitinqlər zamanı, etnik azərbaycanlıların Ermənistan SSR və DQMV-dən döyülməsi, qətl edilməsi və qovulması fonunda, Sumqayıt hadisələri zamanı və dərhal sonra erməni siyasi fəalları “miatsum”a gürcü dəstəyini qazanmaq və hadisələri “xristian həmvətənlərini yeni soyqırımı təhlükəsindən qorumaq” kimi təqdim etmək üçün əllərindən gələni etdilər. 1988-ci ilin sonu və 1989-cu ilin əvvəllərində Abxaziya və Cənubi Osetiya Muxtar Vilayətində separatçı hərəkatlar “canlandı” – bu dəfə Gürcüstanın özünə qarşı. Bu layihələr əsasən “miatsum” hərəkatı ilə eyni xətt üzrə təşkil olunmuş və vahid mərkəzdən əlaqələndirilmişdi. Eyni zamanda, yerli erməni icmaları, xüsusən də Abxaziyada, gürcülərlə “xristian qardaşlıqlarını” tez bir zamanda unudub separatçıları dəstəklədilər”.

Ekspert qeyd edib ki, Cənubi Osetiya separatçılarının hərəkətlərinə cavab olaraq, Gürcüstan Ali Şurası 1990-cı il dekabrın 11-də COMV-ni ləğv edib. Onun sözlərinə görə, beləliklə, keçmiş muxtar vilayətin ərazisində yaradılmış inzibati-ərazi vahidinin ləğv edilməsi zərurəti göz qabağında idi. Üstəlik, beynəlxalq ictimaiyyətin nəzərində belə bir strukturun mövcudluğu, bütün separatçı layihənin əsaslandığı qondarma “Cənubi Osetiya” anlayışını faktiki olaraq “legitimləşdirdi”. V.Sxvediani qeyd edib ki, məhz buna görə də qərarın Gürcüstanın maraqlarına tam uyğun olmasına baxmayaraq, qərbyönlü müxalifət nümayəndələrinin bunu “rusiyayönümlü” addım kimi təqdim etməyə çalışmaları qəribə görünür.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Noyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see254

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see246

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see224

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see222

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see219

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see213

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see213

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see208

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see182

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see177

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see174

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see169

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see167

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see159

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see158

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri