Təhsil Tələbə Krediti Fondu cəmiyyətin və ölkənin ümumi inkişafına xidmət edir
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2025-2026-cı tədris ilinin payız semestri üzrə Təhsil Tələbə Krediti Fonduna müraciət dövrü açıq elan olunub. Payız semestri üçün müraciətlərin açıq elan olunduğu tarixindən etibarən bu günə qədər rəsmiləşən müqavilələr üzrə təhsil tələbə kreditindən (TTK) yararlanmaq üçün Azərbaycan Dövlət İqtisad Universitetindən - ümumilikdə 427 rəsmiləşmə - 80 sosial TTK müqaviləsi, 347 standart TTK müqaviləsi, Azərbaycan Texniki Universiteti - ümumilikdə 261 rəsmiləşmə - 46 sosial TTK müqaviləsi, 215 standart TTK müqaviləsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - ümumilikdə 237 rəsmiləşmə - 66 sosial TTK müqaviləsi, 171 standart TTK müqaviləsi, Bakı Avrasiya Universiteti - ümumilikdə 219 rəsmiləşmə - 97 sosial TTK müqaviləsi, 122 standart TTK müqaviləsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti - ümumilikdə 211 rəsmiləşmə - 62 sosial TTK müqaviləsi, 149 standart TTK müqaviləsi təqdim edilib.
Bu statistik göstəricilər artan dinamika ilə dəyişməkdədir. Müraciətlərin davam etdiyi nəzərə alınaraq, rəqəmlərdə hər gün artım müşahidə olunduğunu söyləmək olar.
Qeyd edək ki, Azərbaycanda tələbələrə təklif olunan təhsil kreditlərindən istifadənin əhatə dairəsi genişləndirilib. Artıq ailə başçısını itirməyə görə əmək pensiyası və sosial müavinət alanlar da Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditləri ala bilirlər. Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən "Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"nda dəyişiklik edilməsi nəticəsində hər iki valideynini itirən şəxslərlə yanaşı, digər qanuni nümayəndələrini itirənlər də təhsil tələbə kreditindən yararlana bilirlər. Bu kateqoriyaya, həmçinin bir valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, digər valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Prezidentin təqaüdünü alan şəxslər, eləcə də bir valideyni müəyyən müddətə azadlıqdan məhrum etmə, ömürlük azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması növlərində cəza çəkən, digər valideyni bu Qaydada qeyd olunan kateqoriyalardan hər hansı birinə aid olan şəxslər də şamil edilir.
"Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"nda bir sıra əlavə və dəyişikliklər edilməsi çox müsbət haldır. Artıq "ailə başçısını itirməyə görə əmək pensiyası alan" valideyni olan tələbələr, "bir valideynin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilibsə və digər valideyn orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan" tələbələr, "bir valideyni azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, digər valideyni qaydada qeyd olunan digər kateqoriyalardan hər hansı birinə uyğun olan" tələbələr, tələbənin özünün sosial statuslarına münasibətdə isə indiyədək ailə başçısını itirməyə görə əmək pensiyası alan tələbələr ilə yanaşı, bundan sonra əlavə olaraq "ailə başçısını itirməyə görə sosial müavinət alan" tələbələr də bu güzəştdən istifadə hüququ əldə edib.
Qeyd edilən daha dörd yeni sosial baxımdan həssas əhali qrupuna aid kateqoriyalardan olan tələbələr də Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial növ təhsil tələbə krediti ala bilməsi çox müsbət haldır.
Fondun vəsaiti hesabına kreditlərin verilməsi Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən Qaydaya əsasən elektron sistem tərəfindən həyata keçirilir. Çox asan formada baş tutan müraciətdən sonra emal prosesi başlayır. Əsasən sosial həssas qrupların inteqrasiya olunmuş bazalardan statusları yoxlanılır və nəticə etibarı ilə müraciətçiyə sosial, yoxsa standart kreditin veriləcəyi müəyyənləşdirilir, yaxud imtina cavabı verilir. Qərar barədə məlumat tələbənin müraciət üçün yaratdığı şəxsi kabinetində əksini tapır, eyni zamanda tələbənin ərizə-bəyənnamədə göstərdiyi telefon nömrəsinə SMS göndərilir.
Fonddan bildirilib ki, təhsil tələbə kreditlərindən istifadənin bütün fərdlərə şamil olunması, heç bir limit və ya məhdudiyyətin tətbiq edilməməsi ailələrin maddi rifahına, ümumən cəmiyyətin, ölkənin inkişafına müsbət təsir göstərən amildir: "Təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı ilkin mərhələdə vətəndaş sorğuları aparanda ən çox qərəzli mövqeni qız övladları olan valideynləri göstərmişdilər. Belə ki, onlar qız övladlarının ödənişli təhsilə qəbul olduqda, təhsil kreditləri hesabına oxumalarına mənfi rəy bildirirdilər. Lakin sevindirici haldır ki, təhsil kreditlərinin verilməyə başladığı 2021-ci ildən etibarən ondan yararlanan tələbələrin gender bölgüsündə qızların üstünlük təşkil etdiyini görürük. Bu hal valideynlərin stereotiplərinin qırıldığının və qız övladlarını ödənişli qəbul olduğu halda təhsilə yönəltmələrinin göstəricisidir".
Təhsil eksperti Elşən Qafarov deyir ki, bu fondun Azərbaycanda fəaliyyətdə olduğu müddətdə sosial vəziyyəti zəif olan ödənişli əsaslarla oxuyan tələbələrin təhsilinə böyük töhfələr verib: "Prezidentin sərəncamı ilə ilk olaraq 80, daha sonra 12 və 18 milyon vəsait ayrıldı. Bu isə iki istiqamət üzrə təşkil olunur. Onlardan biri də sosial sahədir. Burada əhatəliyin artırılması böyük dəyişiklik yaradacaq. Məsələn, hər il ödənişli qəbul olan təxminən iki mindən çox tələbə təhsil ala bilmirdi. Bu fond təsis olunduqdan sonra tələbələrin bilik nailiyyətlərində yüksəliş müşahidə edilir. Çünki təhsilini əla qiymətlərlə bitirənlərə kredit verilir. Həmçinin, bu Azərbaycan gəncinin təhsil almaq hüququnun təmin edilməsi naminə çətinlikləri aradan qaldırır. Yeni qərar təqdirəlayiqdir. Fikrimcə, dəyişiklikdən sonra, daha çox tələbə bu fürsətdən yararlana biləcək. Tezliklə isə Nazirlər Kabinetinin tələbələrin yataqxana, nəqliyyat xərclərinin verilməsinə dair qərarı səbirsizliklə gözləyirik".
Təhsil tələbə kreditlərinin vətəndaşın maliyyə sabitliyi və rifahına qatdığı dəyər barədə də danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, təhsil tələbə kreditlərindən istifadənin bütün fərdlərə şamil olunması, heç bir limit və ya məhdudiyyətin tətbiq edilməməsi ailələrin maddi rifahına şübhəsiz ki, müsbət təsir göstərən amildir.
Ekspert qeyd edib ki, kreditlər standart və sosial olmaqla iki kateqoriyadadır: "Standart kredit əsasən, akademik göstəricisi yüksək olan tələbələrə verilir. Bunun üçün onlar qəbul olduqdan sonra ən azı bir semestr təhsil almalıdırlar ki, standart kreditin tətbiq olunub-olunmaması müəyyənləşsin. Digər növ, yəni sosial kredit isə ali təhsil müəssisəsinə qəbul olduğu andan müraciət əsasında təyin oluna bilən kredit növüdür. Burada da yenə əhalinin sosial-həssas qrupuna daxil olan tələbələrə güzəştli şərtlərlə kredit verilir. Ötən il Elm və Təhsil Nazirliyinin müraciəti əsasında Nazirlər Kabineti yeni qərar verdi və bu qərarla da güzəştli kredit ala biləcək şəxslərin əhatəsi bir qədər də genişləndi".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə əsasən, istənilən dövlətin inkişafının göstəricisi onun təhsilinin səviyyəsindən asılıdır. Bu prosesdə ali məktəb tələbələrinin sayı çox önəmlidir. Ali təhsilin ödənişli olması təhsili əlçatan etmirdi: "Çoxlu savadlı gənc ali təhsildən kənarda qalırdı. Qarşıda iki yol var idi. Ya valideynlər olan-olmazını satıb uşaqların təhsil haqqını ödəməli idilər, ya da gənc növbəti illəri gözləməli və ya təhsildən uzaqlaşmalı idi. Başqa sözlə, gəncliyimizin təhsil trayektoriyası qırılırdı. Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən Tələbə Təhsil Krediti hesabına belə gənclərin təhsil haqqı problemi aradan qaldırır. Onlar daha təhsildən uzaqlaşmaq məcburiyyətində qalmırlar".
Sevinc QARAYEVA


