Icma.az
close
up
RU
Təhsildə Yeni Modelin tətbiqindən əvvəl həll edilməli məsələlər, təkliflər... Vahid Tağıyev

Təhsildə Yeni Modelin tətbiqindən əvvəl həll edilməli məsələlər, təkliflər... Vahid Tağıyev

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Vahid Tağıyev,

Təcrübəli, peşəkar təhsil işçisi.

***

 2027-ci ildən müəllimlərin gündəlik 8 saatlıq iş rejiminə keçməsi nəzərdə tutulur. Bu model ideya baxımından cəlbedici və zəruridir. Dünyanın ən inkişaf etmiş ölkələrində də müəllimlərin iş saatına əsaslanan əməkhaqqı sistemi uğurla tətbiq olunur. Lakin bu model yalnız əməkhaqqının dəyişdirilməsi deyil, ümumi təhsil sisteminin məzmununda, təşkilində, idarəetməsində və pedaqoji mühitində əsaslı dönüş tələb edir. Təhsil sistemli bir proses olduğundan, yeniliklərə düşünülmüş, müzakirəli və elmi yanaşma mütləqdir.

Təhsildə izun illər ərzində toplanmış problemlər, pozulmuş ənənələr, məktəbin öz funksiyasından uzaqlaşması yeni modelin tətbiqini çətinləşdirən əsas amillərdəndir. Cəmiyyətdə bəzən aqressiv görünən müzakirələrin səbəbi də budur: insanlar çox vaxt ümumi mənafeyi deyil, şəxsi maraqları baxımından mövqe bildirirlər. Halbuki burada söhbət millətin gələcəyindən gedir və yanaşma birmənalı şəkildə məsuliyyətli olmalıdır.

Nəzərə almalıyıq ki, yeniliyə müqavimət təbii prosesdir.

Yeniliklərə qarşı müqavimətin: uzun illərin vərdişləri, şəxsi maraqlar, yeni sistemin effektiv olacağına inamsızlıq, mövcud şəraitin uyğun olmaması kimi səbəbləri var.

Lakin bütün bu çətinliklərə baxmayaraq, məqsəd doğru olduqda gedişatda yaranan maneələri aradan qaldırmaq mümkündür.

Məsələyə pozitiv tərəfdən yanaşmağa çalışaraq düşünürəm ki, diaqnostik qiymətləndirmə, sertifikatlaşdırma, işə qəbulun yeni qaydaları və s. məsələlərdən sonra müəllimlərin öz ixtisasları üzrə akademik biliyi kifayət qədər yüksəlmişdir.

Ancaq müəllimin mükəmməl ixtisas biliyi ilə yanaşı, lazımi pedaqoji bacarıqlara malik olması, o cümlədən müxtəlif yaş və anlama səviyyəsində olan şagirdləri öyrətmək üçün tədris prosesini düzgün idarə etməsi,
təlimin öyrədici, inkişafetdirici və tərbiyəedici məqsədlərinə nail olması əsas şərtlərdəndir. Təcrübə göstərir ki, tədris prosesində arzu edilən uğurlar yalnız o zaman əldə edilə bilir ki, təhsil işçiləri kifayət qədər yüksək olan akademik biliklərini bacarıqla nəticəyönümlü fəaliyyətə çevirə bilsin.

Əgər yeni modelin tətbiqi ilə müəllimlərin davamlı peşəkar inkişafını təmin etmək, metodiki, pedaqoji bacarığı, səriştəliliyi, gündəlik hazırlığı artırmaq, təcrübə mübadilələri üçün şərait yaratmaq, intizamı yüksəltmək və nəticə etibarilə təhsildə əsaslı keyfiyyətə nail olmaq kimi hədəflər nəzərdə tutulursa, ideya kimi diqqətə layiqdir və çoxdan gözlənilən arzudur. Təhsildə bu sahədə illərlə yığılıb qalan problemlərin etirafını, onların aradan qalxmasına çalışılmasını hamı dəstəkləməlidir.      

Qarşıya qoyulan məsələ millətin, dövlətin gələcəyini müəyyən edən təhsil sahəsinə aiddirsə, yanaşma birmənalı olmalıdır.

Uzun illər təhsilin idarə edilməsi sahəsinə fəaliyyətimə, pedaqoji təcrübəmə əsaslanaraq yeni modelin uğurlu olması üçün, geniş miqyasda tətbiqinə başlanmazdan öncə lazımi mühitin, şəraitin yaradılması və müəyyən tədbirlərin həyata keçirilməsini zəruri hesab edərək aşağıdakı təklifləri bildirirəm:

TƏKLİFLƏR:

 1. Müəllimlərə əməkhaqqının iş saatına görə verilməsi təhsil həyatında, təlim- tərbiyə prosesində ciddi dəyişikliklər tələb edən bir məsələdir. Son zamanlarda sağlam olmayan, müxtəlif şəxsi maraqlara hesablanan müzakirələri aradan qaldırmaq üçün məsələyə nazirlik səviyyəsində tam, geniş aydınlıq gətirilməlidir: ilk növbədə qərarın məqsədi, tətbiq mexanizmi, hədəflər, gözlənilən çətinliklər və onların həlli, müəllimin 8 saatda hansı işləri görəcəyi və s. ictimaiyyətə tam və şəffaf şəkildə izah olunmalıdır. Bu olmadan müzakirələr emosional və subyektiv xarakter daşıyacaq, haradasa müəllim nüfuzuna da zərər yetirəcəkdir.

 2. Düşünürəm ki, son illərdə Azərbaycanda təhsilin başlıca problemi ilk növbədə cəmiyyətdə ümumi təhsilin məqsədinin nədən ibarət olması haqqında yanlış düşüncənin formalaşmasıdır. Bu geniş mövzudur, qısaca ifadə etsək isə səbəbi - strategiyasız, sistemsiz fəaliyyətin nəticəsidir.

 Bu gün ümumi təhsil sistemi — dövlət məktəbləri, özəl məktəblər, kurslar, repetitorlar, habelə valideynlər — təhsilin məqsədini yalnız ali məktəbə qəbul kimi görürlər. İllərlə rəsmi qurumlar da məktəbləri məhz bu göstəriciyə görə qiymətləndirməklə bu məsələni daha da rəsmiləşdirmişlər. Bu yanaşma məktəbi öz əsas missiyasından uzaqlaşdırıb.

  Halbuki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təhsilin əsas məqsədi (Maddə 4), yaxud “Ümumi təhsil haqqında” Qanunda ümumi təhsilin mahiyyəti və məqsədi qeyd olunarkən (Maddə 7) ali məktəbə şagird hazırlamaq adlı bir tələb yoxdur.

 Təhsil sisteminin dəyərlərə malik vətəndaş, zəngin mənəviyyatlı insan, bütün hallarda rəqabətqabiliyyətli bacarıqlara malik kadr yetişdirmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq kimi missiyası unudulmaqdadır.

  İstedadlı şagirdlərin və bacarıqlı müəllimlərin böyük hissəsi ali məktəbə qəbul olmaq üçün dövlət məktəbindən kənar təhsillə məşğul olur. Bunlar isə həm də təhsildə və cəmiyyətdə mövcud olan bir çox problemlərin əsasını təşkil edir. Təhsilalanların məktəb həyatından kənar tərbiyəsində qeyri- müəyyənlik, onların keçirdiyi psixoloji gərginlik, övladlarının ali təhsi alması üçün valideynlərin maddi və mənəvi əziyyətləri ciddi narahatlıq doğurur.    

 Nazirlik, media, təhsil ictimaiyyəti, məktəblər birlikdə, sistemli şəkildə çalışmalıdır ki, təhsilin strateji məqsədi cəmiyyətə açıq və aydın çatdırılsın. Məktəbin əsas hədəfi yalnız “test əzbərlətmək və qəbul nəticəsi” kimi anlaşılmasın. Bu düşüncə dəyişməsə, yeni model “yarımçıq doğulan ideya” olaraq qalar.
Təhsilalanın şəxsiyyət kimi formalaşması prioritetə çevrilməlidir.

  3. Məlumdur ki, təhsil- tərbiyə məsələsi elə zərif, həssas bir sahədir ki, bu sahədə işin təşkilinin hədəfdən yayınması, pozulması nə qədər çox müddətdə davam edirsə, onun bərpası və inkişaf etdirilməsi də daha çətin olmaqla çoxşaxəli fəaliyyət, vaxt, əlavə resurslar və s. tələb edir. Təəssüf ki, təhsilimizdə məhz belə vəziyyət yaranmışdır.

Yeni modelin tətbiqinin tələbləri istiqamətində şərait və resurslar üzrə geniş monitorinq aparılmalıdır. 8 saatlıq iş rejimində müəllimlərin iş otaqları, gündəlik minimum şəxsi tələbat qayğıları üçün şərait, texniki imkanlar, kompüter, internet, kitabxana və s. Habelə şagird kontingenti, məktəbin kadr potensialı hər bir məktəb üzrə ayrıca öyrənilərək, yeni qaydaların tətbiqi istiqamətində təhlil edilməlidir.

4. Yeni modelin tətbiqinə pilot layihə formasında mərhələli başlanması məqsədəuyğundur. Uğursuzluq, ləngimələr və gözlənilməz çətinliklərlə qarşılaşmamaq üçün üç səviyyədə, hər biri 10 məktəbi əhatə etməklə 30 məktəb (say şərtidir) seçilə bilər:

1. yüksək potensial və şəraiti olanlar,

2. orta səviyyəli məktəblər,

3. ən çox çətinlik yaradan məktəblər.

Məktəblər şəhər və rayonları əhatə etməlidir. Pilot formatında başlamaqla dolğun təcrübə yaranar, həm də vaxt qazanılar ki, respublika üzrə digər məktəblərdə müəyyən hazırlıq işi getsin, problemlər imkan daxilində aradan qaldırılsın. Pilot nəticələri ümumiləşdirildikdən sonra respublika üzrə tətbiqə başlanıla bilər.

5. Məktəblərin nüfuzunu qaldırmaq, istedadlı repetitor müəllimləri və yuxarı sinif şagirdlərini məktəbə cəlb etmək üçün orta məktəbin yuxarı siniflərində fənn proqramı ilə ali məktəbə qəbul proqramı tam uyğunlaşdırılmalıdır. Repititorluğu  meydana gətirən səbəb müəllimlərin yaxşı dərs keçməməsi deyil, məzmunun  qarışıq, sistemsiz olmasıdır.

Bu qaydaya düşdüyü halda məktəbdən kənarda təhsilə də ehtiyac qalmaz.

Hazırkı uyğunsuzluq təhsilin ən ciddi problemlərindən biridir.

6. Ümumi təhsil məktəblərində 8 saat işləyəcək müəllimin əməkhaqqı ən azı üç dəfə artırılmalıdır. Əlbəttə, müəllimlərin sertifikasiya göstəriciləri nəzərə alınmalıdır. Eyni zamanda yüksək maaş alan müəllimin təlim nəticələri üçün məsuliyyəti və hesabat mexanizmi yaradılmalıdır.

7. Yeni modelin tətbiqində lazımi elmi və pedaqoji köməklik göstərmək üçün peşəkar qrupdan ibarət mərkəz yaratmaq lazımdır (mərkəzə müxtəlif ad vermək olar: beyin mərkəzi, ekspert qrupu və s.). Mərkəz prosesi izləməli, məktəbləri təlimatlandırmalı, çətinlikləri operativ həll etməyə kömək etməli, pedaqoji istiqamət verməlidir. Mərkəz hər rayondan və ya hər məktəbdən müəyyən edilən bacarıqlı bir əlaqələndirici ilə işləməlidir.

  8. Pedaqoji təhsil verən ali məktəblərdə təhsil alan tələbələrin təcrübə sistemi dəyişməlidir. Hazırkı bir neçə saatlıq formal pedaqoji təcrübə müəllim hazırlığına uyğun deyil. Ali təhsil dövrünün son iki kursu ərzində tələbələr müntəzəm məktəb təcrübəsi keçməli, dərsi müasir tələblərə uyğun təşkil etməyi, sinfin idarə edilməsini öyrənməli, özünə inamlı müəllim kimi yetişməlidir. Məktəbə təcrübə qazanmış, yenilikçi müəllim ruhu ilə gəlməlidir.

NƏTİCƏ:

Məktəbdə gündəlik 8 saatlıq iş rejiminə keçidin təşkili, səmərəliliyin artırılması üçün pedaqoji təcrübəli mütəxəssislərlə müzakirələr müntəzəm olaraq davam etməlidir.

Yeni model yalnız əmrlə tətbiq oluna bilməz. Bu, pedaqoji mədəniyyətin, məktəb mühitinin, düşüncə tərzinin dəyişməsini tələb edən çoxşaxəli prosesdir.

Bütün hallarda müəllim özünü sıxışdırılmış deyil, dəyərli hiss etməlidir. Ona qarşı qaydalara uyğun tələbkarlıqla bərabər hörmətlə yanaşmaq, imkan daxilində istirahəti və sağlamlığı barədə də qayğı göstərmək lazımdır. 

Yeni model düzgün hazırlanıb, düşünülmüş formada, mərhələli tətbiq olunsa, yaxın illərdə təhsilin keyfiyyətində ciddi irəliləyiş əldə etmək mümkündür.

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://mia.az
archiveBu xəbər 21 Noyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri