Təklif edirlər ki, sizi qucağımızda qaldıraq Şəhərlər uyğunsuzdur, yoxsa qaydalar?
Icma.az, Oxu.az-ə istinadən məlumat verir Təklif edirlər ki, sizi qucağımızda qaldıraq Şəhərlər uyğunsuzdur, yoxsa qaydalar?.
Bakıda bir çox müəssisələrin pilləkənlərində uşaq və əlil arabası ilə qalxa bilmək üçün panduslar olsa da, onların nə dərəcədə istifadəyə yararlı olduğu müzakirə mövzusu olmaqda qalır.
Oxu.Az-ın redaksiyasına oxuculardan birinin göndərdiyi videoda belə Bakının Bülbülə qəsəbəsində panduslardan birinin tamamilə istifadəyə yararsız olduğu görünür: o, çox dikdir, qarşıdakı divarla arasındakı 20-30 santimetrlik yerdə isə dibçək qoyulub.
Mövcud vəziyyət sosial məsuliyyət və şəhərsalma standartları baxımından da ciddi suallar doğurur. Bu hal təkcə əlilliyi olan şəxslər üçün deyil, eyni zamanda cəmiyyətin digər üzvləri üçün də ciddi çətinliklər yaradır.

Mövzu ilə bağlı Oxu.Az-a danışan rəqs müəllimi, əlil arabasından istifadə edən Qəndaf Əkbərli də deyir ki, bir çox hallarda quraşdırılmış panduslar standartlara uyğun olmur və ya onların istifadəsi real olaraq mümkün deyil:

"Bu, istər pandusun həddindən artıq dik olması, istərsə də yanlış məkanda yerləşdirilməsi ilə bağlı ola bilər. Bu cür hallarda əlilliyi olan şəxslər və uşaq arabası ilə hərəkət edən valideynlər üçün şəhərdə sərbəst hərəkət etmək çox çətinləşir. Hətta bəzi hallarda uyğunlaşdırılmış liftlər də ya quraşdırılmır, ya da işlək vəziyyətdə olmur. Bu, sadə texniki problem deyil, həm də sosial inteqrasiyanın qarşısını alan ciddi maneədir".
Həmsöhbətimiz söyləyir ki, fiziki maneələr təkcə əlilliyi olan şəxslər üçün deyil, eyni zamanda cəmiyyətin digər üzvləri üçün də ciddi çətinliklər yaradır:
"Əsa ilə hərəkət edən yaşlı insanlar, skuterlə hərəkət edən uşaqlar, hətta müvəqqəti olaraq hərəkət məhdudiyyəti yaşayan şəxslər belə bu maneələrdən əziyyət çəkə bilirlər. Bu, tək bir qrupun problemi deyil, bütövlükdə cəmiyyətin hərəkət azadlığını məhdudlaşdıran bir faktordur".
Mövcud problemin səbəbləri və həll yolları barədə Oxu.Az-ın suallarını cavablandıran müyəssərlik üzrə beynəlxalq ekspert Kamal Məmmədov deyir ki, pandusların quraşdırılması üçün müəyyən standartlar olmalıdır və ona əməl edilməlidir:
"Bizdə bununla bağlı standartlar, demək olar ki, yoxdur. Olan məlumat da detallı və başadüşülən deyil. Lakin dünyada bununla bağlı əsas götürülən beynəlxalq standartlar var. Ona görə bizdə də bu məsələ detallı şəkildə qanunvericilikdə öz əksini tapmalıdır".

Mütəxəssisin fikrincə, Azərbaycanda əlilliyi olan şəxslərin hüquqları bütün sahələrdə qorunsa da, bu hüquqlardan istifadə edə bilmirlər, çünki şəhər bunun üçün münasib deyil:
"Məsələn, avtobuslarımızın bir çoxu Avropa standartlarına uyğundur. Lakin mən evdən çıxıb avtobus dayanacağına çata bilmirəm. Dayanacaq mənim üçün əlverişli deyil".

Həmsöhbətimiz bildirir ki, müyəssərliyin təmin edilməsi ilə bağlı metrodakı vəziyyəti test edib və razı qalıb:
"Adi vətəndaş kimi metroya baxış keçirdim və çox razı qaldım. Bakı metropoliteni Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dövründə tikilib və stansiyaları dəyişdirmək mümkün deyil. Lakin indi elə qurğular var ki, onlardan istifadə etməklə metropolitendə rahat hərəkət etmək mümkündür. Eyni zamanda, o qurğular çox mürəkkəbdir. Sevindirici haldır ki, Bakı metropoliteninin işçiləri bu qurğulardan çox rahat istifadə edirlər. Amma metro stansiyasından çıxdıqdan sonra vəziyyət dəyişir. Məsələn, "Nizami" stansiyasından çıxandan sonra yerimdən uzaqlaşa bilmədim, çünki pilləkənlər var idi..."

Mütəxəssisin sözlərinə görə, Bakı Bulvarı və Ağ şəhərdən başqa, istər iş yerləri, istərsə də təhsil, səhiyyə müəssisələrində müyəssərliyin təmin edilməsi ilə bağlı vəziyyət acınacaqlıdır:
"Məsələn, özəl klinikalar fəaliyyət göstərmələri üçün lisenziya alırlar. Lakin həmin klinikalar səkkiz pilləkən yuxarıda yerləşir və əlil, uşaq arabasından istifadə edənlər nəzərə alınmırlar. Pandus quraşdırılmır, iki rels olur və onun üzərində hərəkət etməklə həm özünün, həm də sənə kömək edən insanın zədələnmə ehtimalı daha çoxdur, nəinki yuxarı qalxmaq".
Müətəssəs bildirir ki, bunun həlli üçün hər bir müəssisənin müyəssərlik pasportu olmalıdır:
"Bu pasport ekspertlər tərəfindən verilir. Həmin pasportda müəssisənin dörd kateqoriya üzrə - görmə, eşitmə-nitq, əqli və hərəkət məhdudiyyətli insanlar üçün uyğun olub-olmadığı göstərilir".

"Gərək müəssisə rəhbərləri üzərində müyəssərliyin yaradılması üçün öhdəlik qoyulsun. Azərbaycanda əlilliyi olan şəxslərin 70-80 mini əlil arabasından istifadə edir. Buna görə nəzərə almaq lazımdır ki, istənilən müəssisədən əlil arabasında olan şəxs də istifadə edə bilər. Amma məsələn, hansısa restorana gedirsən, pandus yoxdur. Bu, çox böyük hörmətsizlikdir. Restoranda təklif edirlər ki, sizi qucağımızda qaldıraq. Mən isə cavab verirəm ki, xoşunuza gələr, sizi 45 yaşda harasa qucaqlarında aparsınlar?"

Ekspert qeyd edir ki, müəssisələrdə müyəssərliyin təmin edilməsi, işarələrin qoyulması və təxliyə planının, qurğunun olması çox böyük xərc tələb etmir:
"Təəssüf ki, bu gün Azərbaycanda, demək olar, heç bir müəssisədə əlilliyi olan insanlar üçün təxliyə planı yoxdur".

Məsələnin psixoloji tərəfinə toxunan Kamal Məmmədov bildirir ki, bir insanın daim köməyə möhtac halda yaşamağı onu asılı vəziyyətdə saxlayır:
"Həmin insanlar üçün sadəcə, uyğun şərait yaradılmalı, işlə təmin edilməlidirlər. Onların rahat və maneəsiz hərəkətini təmin etmək lazımdır. Bunun üçün əlilliyi olan insanların da üzərinə iş düşür. Onlar gərək daha aktiv olsunlar ki, diqqət çəksinlər və onlar üçün yaradılan imkanlar genişləndirilsin".

Əlilliyi olan şəxslərə müyəssər şəraitin yaradılması dövlət qurumları tərəfindən necə və hansı normalar nəzərə alınmaqla tənzimlənir?
Mövzu ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Oxu.Az-ın sorğusuna cavabda bildirilib ki, əlilliyi olan şəxslərə müyəssər şəraitin yaradılması komitənin qarşısında duran əsas vəzifələrdən biri kimi şəhərsalma əsaslandırılması layihələrində xüsusi diqqət yetirilən məsələdir:
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil olan layihələrdə yaşayış binalarının və infrastruktur obyektlərinin, o cümlədən yol-nəqliyyat, rabitə, informasiya, mədəniyyət, məişət və digər sosial obyektlərin əlilliyi olan şəxslərə müyəssər olması baxımından qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə riayət edilməsinə ciddi nəzarət olunur. Əgər təqdim olunan layihələrdə bu tələblər pozularsa, komitə öz səlahiyyətləri daxilində müvafiq iradlarını bildirir və bu çatışmazlıqlar aradan qaldırıldıqdan sonra tikinti üçün layihə sənədləşməsi işlərinin davam etdirilməsinə icazə verilir. Sözügedən normativ sənədlərə əsasən, memarlıq-planlaşdırma həllərində əlilliyi olan şəxslərin təhlükəsiz və maneəsiz gediş-gəlişinin, vaxtında tam və keyfiyyətli məlumat almasının təmin olunması, onlar üçün komfortlu mühitin yaradılması və s. tələb olunur".

Qurumdan bildirib ki, məsələnin vacibliyi nəzərə alınaraq, Komitə tərəfindən bu sahə üzrə şəhərsalma və tikintiyə dair normativ sənədlərin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində də müvafiq tədbirlər həyata keçirilir:
"Artıq qeyd olunan məsələləri tənzimləyən yeni normativ sənədin ("Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri olan həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları") layihəsi hazırlanaraq başa çatdırılıb".
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq deyilib ki, "İnfrastruktur obyektlərinin və yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına nəzarət Qaydası"nın 2.1.3 bəndinin tələbinə uyğun olaraq, infrastruktur obyektlərinin və yaşayış binalarının layihələndirilməsi zamanı şəhərsalma və tikintiyə dair normativ sənədlərin müddəalarının tətbiqinə nəzarət Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən həyata keçirilir.

"Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən ekspertizası aparılan layihə sənədlərində yaşayış binalarının və infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılmasına dair normativ tələblərin nəzərə alınmasına xüsusi diqqət yetirilir. Belə ki, tikintisi nəzərə tutulan obyektə əlilliyi olan şəxsin giriş-çıxışının təmin edilməsi üçün pandusların normalara uyğun layihələndirilməsi, sanitar qovşaqların və lift qurğularının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması hər bir tikinti layihəsinin ekspertizasında yoxlanılır. Bunlarla yanaşı, tikinti obyektinin funksional təyinatından asılı olaraq, qüvvədə olan norma və qaydalara əsaslanmaqla əlilliyi olan şəxslərlə bağlı digər zəruri tədbirlərin də layihə sənədlərində nəzərə alınmasına nəzarət edilir".
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında deyib ki, qurum tərəfindən həyata keçirilən və keçirilməsi nəzərə tutulan tədbirlərlə əlaqədar Bakı şəhəri üzrə hərəkət qabiliyyəti məhdud, görmə və ya eşitmə qabiliyyətini itirmiş, əlil şəxslər üçün yaşayış yerlərində əlverişli şəraitin yaradılması, sərbəst hərəkət etmələri üçün infrastrukturun, səkilərin yolun hərəkət hissəsi ilə uyğunlaşdırılması məqsədilə bir sıra binaların qarşısında və yol kəsişmələrində 7 305 pandus quraşdırılıb.

"Təklif edilən layihələr çərçivəsində il ərzində hərəkət məhdudiyyətli şəxslər üçün yeni pandusların quraşdırılması istiqamətində bir sıra işlər görülür. Yenidən qurulan, əsaslı təmir edilən küçə və prospektlərdə hərəkət məhdudiyyətli şəxslər üçün əlçatan mühitin yaradılması istiqamətində layihələr icra edilir", - deyə məlumatda bildirilib.
Mövzu ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, səkilər şəhər infrastrukturunun ayrılmaz hissəsidir. Son illərdə bu sahədə xeyli işlər görülsə də, hələ də bəzi nöqsanlar mövcuddur:
"Bakı Şəhər İcra Hakimiyyətində səkilərin salınması zamanı ərazinin xüsusiyyətlərinin nəzərə alınması ilə bağlı xüsusi proqram hazırlanır. Son yeniliklərdən biri yeni səkilərin salınması zamanı asfalt və sürüşkən səthlərdən imtina edilməsi olub. Bakı iqlimini nəzərə alaraq bu addım sərnişinlərin təhlükəsizliyinə hesablanıb. Yeni səkilər xüsusi ekoloji təmiz daşlarla örtülür ki, bu da həm ətraf mühitin qorunması baxımından əlverişli, həm də daha dayanıqlı bir həll hesab olunur".

"Bununla yanaşı, nəzərə alınmalı digər bir məqam da var: səkilərin genişləndirilməsi və yenilənməsi zamanı sahibkarlıq subyektlərinin hüquqları qorunmalıdır. Şəhər inkişafı və vətəndaşların rahatlığı arasında balansın qorunması əsas prioritetlərdən biridir", - deyə cavabda bildirilib.
Aləmdə Nəsib
