Tələbələr aqrar sahədə süni intellektin tətbiqinə dair yaradıcı layihələrini nümayiş etdiriblər
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 5 noyabr, AZƏRTAC
Saatlı rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Saatlı Rayon İcra Hakimiyyəti və “Prime Cotton” MMC-nin birgə təşəbbüsü ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi üzrə növbəti “Bootcamp” keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi aqrar sahədə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqini təşviq etməklə gənclərin kənd təsərrüfatı sektoruna marağını artırmaq, onların nəzəri biliklərini praktiki təcrübə ilə birləşdirməsinə imkan yaratmaqdır. “Bootcamp”, həmçinin aqrar startap ekosisteminin inkişafına, iri şirkətlər, innovasiya mərkəzləri və ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
“Prime Cotton” MMC-nin Saatlı filialında keçirilən proqrama ölkənin 20-yə yaxın ali təhsil müəssisəsini təmsil edən tələbələr qatılıblar. “Aqronomluq”, “Data analitikası”, “Elektronika”, “Kompüter mühəndisliyi”, “Qida elmləri” və “İnformasiya texnologiyaları” ixtisasları üzrə təhsil alan tələbələr aqrar sahədə innovativ texnoloji həllərə dair layihələrini təqdim ediblər.
Təqdimatlar zamanı tələbələr tərəfindən kənd təsərrüfatında rəqəmsal texnologiyaların və süni intellektin tətbiqinə dair bir sıra yaradıcı layihələr nümayiş olunub. Onlar arasında “İferm”, “Dağlıq sudan suvarma suyunun istehsalı”, “Yaşılscan”, “AgroScan”, “AgroNimbus”, “LankonFarm”, “Fructa Drop”, “AgroVia”, “Bealance”, “F3-Fish Fertilizer” kimi startap ideyaları yer alıb. Bu layihələr aqrar sahədə məhsuldarlığın artırılması, resursların optimallaşdırılması və ekoloji dayanıqlılığın təmin olunması istiqamətində innovativ yanaşmaları ilə seçilib.
Proqram çərçivəsində təşkil edilən infotur zamanı “Bootcamp” iştirakçıları Mingəçevir Dövlət Universitetinə və Mingəçevir Tekstil Parkına səfər ediblər. Burada onlara aqrar infrastrukturun bərpasında rəqəmsal texnologiyaların rolu barədə məlumat verilib, müasir istehsalat prosesi və idarəetmə təcrübəsi ilə yaxından tanış olmaq imkanı yaradılıb.
Tədbirdə, həmçinin 10-a yaxın akselerasiya və inkubasiya mərkəzinin, eləcə də aqrar istiqamətli şirkətlərin nümayəndələri iştirak edərək təqdimatlar keçirib, startap layihələrinin perspektivləri barədə gənclərlə fikir mübadiləsi aparıblar.
Proqramın yekununda “Bootcamp” iştirakçıları Saatlı rayonunda keçirilən Aqrar Biznes və Pambıq festivallarında iştirak edərək bölgənin ekosistemi, istehsal potensialı və aqroturizm imkanları ilə tanış olublar. Onlar, həmçinin öz layihə prototiplərini ziyarətçilərə təqdim edərək ideyalarını geniş auditoriyaya nümayiş etdirmək imkanı qazanıblar.
Qeyd edək ki, cari il ərzində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Zəngilan, Xaçmaz, Şamaxı, Saatlı rayonları və Xankəndi şəhərində “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində “Bootcamp” proqramları həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 05 Noyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















