Telejurnalistikamızın zirvələrindən biri...
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mübariz Əsgərov- 64
Ola bilsin ki, onu ölkədə az adam tanıyır, amma ərsəyə gətirdiyi verilişlər özündən çox məşhurdur. O, Azərbaycan telejurnalistikasında öz yolu, öz zirvəsi olan jurnalistlərdəndir. Zirvəyə yüksəlmək isə hər adama nəsib olmur. Yüz bundan sonra da, ekranlara onun verilişləri gələndə xüsusi maraqla izlənəcək. Bəli, bu gün sizə Azərbaycan telejurnalistikasının zirvələrindən biri- Mübariz Əsgərov haqqında söhbət açmaq istəyirəm. Axı, yanvarın 20-də onun 64 yaşı tamam olur...
Deyir ki:- “Bəli, 20 yanvar tarixi mənim ad günümdür. Məni təbrik edənlərə, etməyənlərə də öncədən təşəkkür edirəm. Mən bütün yaradıcı həyatımı kamera arxasında keçirmişəm. İki gözlə baxdığımız ağlı-qaralı həyatın reallığını, nə qədər çətin olsa da, kameranın bir gözüylə göstərməyə çalışmışam. Yaxşı yadımdadır, axırıncı dəfə ad günümü 1989-cu ildə qeyd etmişəm. 1990-cı ildə yanvarın 19-da Moskvada tələbə dostlarımla sabah ad günümü necə keçirəcəyimi planlaşdırırdım. Gecəyarı xəbər gəldi ki, Bakıya qoşun yeridilib. 20-si səhər tezdən Azərbaycanın Moskvadakı Nümayəndəliyinə üz tutduq. Amma Daimi Nümayəndəliyin qarşısında çaşqınlıq içində olan insanların səhəri açılmırdı, hamı 20 yanvarın qaranlığında kədərli və qəzəbli idi. Tam səmimi deyirəm, Heydər Əliyevin Nümayəndəliyə gəlib mətbuat konfransı keçirməsi və SSRİ rəhbərliyini sərt tənqid etməsi bizim mitinq və piketlərimizi daha izdihamlı, daha mütəşəkkil etdi. Hüznlü və şərəfli günlər idi. Qarlı-buzlu yollarla nümayişə çıxıb SSRİ-nin ən ali qurumlarının qarşısında piketlər keçirirdik, etirazımızı bildirirdik. Məhz bu mitinq və nümayişlər ictimai rəyə xeyli təsir etdi. Moskva və dünya baş verən hadisələrin əsl mahiyyətini anlamağa və baş verənlərə obyektiv qiymət verməyə başladı...”
Haqqında danışdığım Mübariz Ağalı oğlu Əsgərov 20 yanvar 1962-cı ildə Ucar şəhərində anadan olub. Orta təhsilini və hərbi xidməti başa vurandan sonra 1986-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunsa da, sonradan təhsilini davam etdirmək üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə göndərilib. 1992-cı ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Televiziyasında işə başlayıb və altı il burada böyük redaktor və bədii-eksperimental qrupun rəhbəri vəzifələrində çalışıb. Həmin illərdə "Və...", "Qulp" proqramlarının müəllifi və aparıcısı olub. 1998-ci ildən "ANS" müstəqil televiziya şirkətində aparıcı redaktor, müəllif proqramları bürosunun rəhbəri, baş prodüser vəzifələrində işləyib. "ANS" televiziya kanalında yayımlanan "Qulp", "Mübarizə" proqramlarının müəllifi və aparıcısı kimi fəaliyyətini davam etdirib. 2013-cü ildən "Qulp studio" MMC-nin təsisçisi və direktoru, "Rezonans" proqramının müəllifi olub. 2021-ci ildə Prezidentinin verdiyi sərəncama əsasən 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. Hazırda bu vəzifəsində çalışır. 2015-ci ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. "Bir mətbuat konfransının tarixi", "Şuşanın dağları qara dumanlı", "Xocalı dərsi", "Ölüm hökmü – ömürlük cəza", "Kəlbəcərin son günü", "Xocalı nişanəsi", "44 gün, 44 an", "Şuşa", "Qara tale – ağ ölüm" adlı sənədli filmlərin müəllifidir...
“Moskva Dövlət Universitetində təhsil alalanda universitetin Şvernik küçəsindəki yataqxanasında qalırdım. Hər axşam birinci mərtəbədə yerləşən beynəlxalq danışıqlar üçün telefon aparatının yanına dünyanın bir-çox ölkələrindən olan tələbələr yığışırdı. Hamı növbə tutub ardıcıllıqla istədikləri ölkə və şəhərlə danışırdı. Mən də tez-tez bu imkandan istifadə edirdim. Tələbələrin çoxu ya şəxsən, ya da üzdən bir-birini tanıyırdı. Bir dəfə burada toplaşan tələbələrə yaxınlaşıb, axırıncı kimdir?- deyə soruşdum. Bir tələbə, axırıncı mənəm, dünyanın bütün erməniləri də mənim arxamdadır, dedi. Özümü birbalaca itirsəm də sualı yenidən təkrar etdim. Yenə eyni cavabı eşitdim. Onun bu cavabını növbədə olan tələbələrin çoxu təbəssümlə qarşıladı. Mən də bir balaca gülümsədim və həmin tələbəyə dedim ki, deməli axırıncı sənsən və dünyanın bütün erməniləri də sənin arxandadır. Dedi ki, elədir. Dedim, onda belə çıxır ki, dünyanın bütün ermənilərinin arxa tərəfi mənim qabaq tərəfimə düşür... Bayaq erməni tələbənin sözlərinə təbəssümlə cavab verən tələbələr mənim bu sözlərimi gülüşlə qarşıladılar. Sonradan eşitdim ki, o əvvəllər də növbədə azərbaycanlı tələbələrə qarşı bu fikiri tez-tez səsləndirirmiş. Amma, bu hadisədən sonra həmin tələbə bu sözləri dilinə gətirmədi...”- söyləyir.
...Baməzə adamdır, yumor hissi çox yüksəkdir. Anadangəlmə liderliyi var. Fərasətli və dünyanı təkbaşına idarə edəcək qədər güclüdür. Böyük işlərdə iştirak etməkdən, insanları doğru yola yönəltməkdən, kütləni idarə etməkdən həzz alır və insanların diqqətini özünə cəlb etməyi bacarır. Yorulmağın nə olduğunu bilmir, istədiyi nəticəni əldə edənədək işləməyə davam edir. Zərif təbiətli olsa da, lakin çox dözümlüdür. Hər hadisədən asanlıqla sarsılmır...
Deyir ki:- “Azərbaycanla qonşu olan bir ölkədə təşkil olunmuş qeyri-rəsmi yığıncaqda dünyada gedən proseslər, o cümlədən Azərbaycanda baş verən hadisələr müzakirə olunurdu. Mən dövlətimizə qarşı söylənən ittihamlara qarşı qəti etirazımı bildirdim. Məclis iştirakçıları mənim münasibətimi təccüblə qarşıladılar. Bəlkə də məndən bunu gözləmirdilər. Həmin illərdə mən “Qulp” proqramının müəllifi və aparıcısı idim. Səfəri başa vurub maşınla geri qayıdırdıq. Sərhədi keçəndən sonra avtomobilin maqintafonunda xeyli əlləşsəm də yerli radioları tutmağa çətinlik çəkirdim, çünki qonşu ölkələrin radioötürücüləri buna imkan vermirdi. Mən üzümü mənimlə səfərdən qayıdan adama tutub Bakıya qayıdan kimi bu problemin həll olunmasına çalışacağımı söylədim. Yol yoldaşım təəccüblə mənə baxıb, sərhəddən o tərəfə Azərbaycanı təbliğ edirdin, amma indi tənqid edirsən, dedi. Mən Azərbaycan sərhədindən o tərəfdə Azərbaycanın təmsilçisi, bu tərəfdə isə bir vətəndaş kimi tənqidçiyəm, dedim...”
...Fikirlərində çox sabitdir, verdiyi qərarlardan geri çəkilməyi xoşlamır. Reaksiyalarından, niyyət və məqsədlərini təxmin etmək mümkün deyil. O, bütün ağıllı adamlar kimi həyatı bir oyun qəbul edir. Elə buna görə də risk etməkdən, yeni yollar sınamaqdan və fərqli üsullar tətbiq etməkdən çəkinmir. Onun dünyaya öz baxışı var- qadağaların və qaydaların nə üçün olduğunu yaxşı anlayır və yalnız ali qaydalarla yaşayır...
“Mən bir vətəndaş kimi problemləri şişirtməyin əleyhinəyəm- sadəcə onları həll etməyin yollarını göstərmək və çalışmaq lazımdır. "Oyuncaq "adlı məşhur fransız filmində bir epizod var. Redaksiyanın rəhbəri öz əməkdaşına soyunmaq əmri verir. O da dinməz-söyləməz şalvarını çıxardır. Göstəriş verən üzünü həmin adama tutub deyir ki, kim daha çox günahkardır, soyunmağını istiyən mən, yoxsa şalvarını çıxarmağa hazır olan sən? Son vaxtlar sosial şəbəkələrdə Azərbaycanın ünvanına söyüş və təhqir yağdıran soydaşlarımızın çıxışlarını görəndə filmdəki bu epizod yadıma düşür. Onlara bu sifarişi verənlər daha çox günahkardır, yoxsa onlar özləri? Cavab aydındır; Bizim hamımızın Azərbaycan adlı bir dövləti var. Harada və hansı şəraitdə olmağına baxmıyaraq hamı onu qorumalıdır ki, sonda bu torpağa qarışmağa haqqı olsun.”- söyləyir.
...Şanslı insandır. Son dərəcə cəsarətlidir. Onunla dostluq etsəniz heç vaxt darıxmayacaqsınız və həmişə üzünüzdə təbəssüm olacaq. Əgər xətrinizə dəysə, könlünüzü almağa qüvvəsi çatacaq. Bu, onun ürəyinin təmizliyindən irəli gəlir. Qürurlu və məğrurdur. Güclü emosional temperamenti var. Gözəl sürprizlərlə münasibətlərindəki həyəcanı artırır və ətrafını həyəcanlandırmaq üçün çılğın planlar qura bilir. İctimai həyatlarında dürüstlüyə böyük əhəmiyyət verir. Kiminsə yalan danışmasına dözə bilmir...
Onun haqqında çoxdan danışmaq istəyirdim. Amma uyğun zaman, münbit səbəb axtarırdım. Budur, həm zaman və həm də səbəb var, ad günüdür. Təbrik edirəm! Allah ondan heç nəyi əsirgəməyib, tərbiyyəli, savadlı övladları, xoş güzəranı var. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Bəli, “Mübariz Əsgərov Zirvəsi” telejurnalistikamızın möhtəşəm zirvələrindən biridir...
Hörmətlə, Elman Eldaroğlu
Baxış sayı:97
Bu xəbər 19 Yanvar 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















