Icma.az
close
up
RU
Teleradio Akademiyasının rektoru Almaz Mahmud: Jurnalist ixtisasına sahib olmadan da, peşəkar jurnalist olmaq mümkündür,

Teleradio Akademiyasının rektoru Almaz Mahmud: Jurnalist ixtisasına sahib olmadan da, peşəkar jurnalist olmaq mümkündür,

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir neçə gün əvvəl Milli Mətbuatımız 150 yaşını qeyd etdi.

Hər kəsin bir doğma yeri var. Bəzən bu yer bir küçə, ya ev, ya da səssiz guşə ola bilir. Bəzən isə ruhun özünü tapdığı bir peşə olur. Mənəvi dünyası olan insanlar üçün jurnalistika təkcə ixtisas deyil, daha çox həyat tərzidir. Burada vaxt anlayışı itib batır. Gecə gündüzə qarışır, şəxsi zaman yoxa çıxır. Dəyişməyən bircə məqam qalır ki, o da həqiqətə xidmət etmək istəyidir.

Jurnalistika görünməyənin iç tərəfini göstərməkdir. Mikrofon uzatdığın birinin gözlərindəki ifadəni görmək, bir xəbərin içindəki insan hekayəsini duymaq, kamerasız səhnələrin şahidi olmaq... Əgər bu peşənin sahibisənsə, o, səndən həm müşahidəçi, həm də daşıyıcı olmağı tələb edir. Hər yazının altında görünməyən bir vicdan möhürü, hər sualın arxasında alın təri, bəzən səbr və cəsarət yatır.

Bu yolda ustadlar, onların yaratdığı məktəblər də var, ona yeni nəfəs gətirən gənclər də. Bu gün belə məktəblərdən biri də jurnalistikanın efir qanadını formalaşdıran Teleradio Akademiyasıdır, çünki bu divarların arxasında səslə, baxışla, məsuliyyətlə formalaşan yeni nəsl jurnalistikası yetişir. Müsahibimiz "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının yeni rektoru, filologiya üzrə fəlsəfə doktoru Almaz Mahmuddur.

- Müsahibəmiz Mətbuat gününə təsadüf etdi. Gəlin elə söhbətə günün qəhrəmanı jurnalistdən başlayaq...

- Jurnalist yaradıcıdır, qələmi olandır, söz adamıdır. Onun digərlərindən fərqi informasiya ilə işləməyidir. Yəni jurnalist informasiya yayan, cəmiyyətə baş verən və verə biləcək məlumatları dürüst, neytral, obyektiv çatdırandır. Jurnalist həm maarifləndirir, həm də cəmiyyətə fayda verir. Jurnalist dövlətinin, ölkəsinin yanında duran bir vətəndaşdır. Bu gün qarışıq dünyamız informasiya müharibəsi adlı bir termin çox aktualdır. Bu müharibədə əsas rola malik olan tərəfdir jurnalist. Jurnalist yaydığı hansısa bir xəbərin dövlətinə, ölkəsinə ziyan verəcəyini bilib onun qarşısını alandır, öz məşhurluğunu deyil, vətəninə olan xeyirləri düşünəndir.

- Azərbaycan müstəqillik qazanandan, jurnalistlərə söz azadlığı veriləndən, senzura qalxandan sonrakı mətbuatımızdan danışaq...

- Tələbəlik illərim 90-cı illərin əvvəlinə təsadüf etdiyindən ölkədə baş verən milli-azadlıq hərəkatı, ondan sonrakı proseslər demək olar ki, gözümün önündə baş verib. Dövrə, zamana bağlı olaraq, jurnalistika həmişə inkişafda olub. Jurnalistikada çətinliklər, geriləmələr, problemlər də olub, bu sahəyə qeyri-obyektiv münasibətlər də olub. Bir jurnalist kimi artıq 1998-ci ildən beynəlxalq radiolarla əməkdaşlıq etməyə başladığımdan deyə bilərəm ki, o zaman tamam başqa və fərqli bir mühit vardı, yanaşmalar müxtəlif idi. O zaman çap mediasında məzmun daha rəngarəng idi, qəzetlər çox maraqlı idi. Televiziyadakı maarifləndirmə, məna yükü dərin olan verilişləri tamaşaçı gözləyirdi. İndi isə yüksək texnologiya dövrüdür və zamanla müqayisədə bu günün KİV-ləri dövrün maraqlarına, tələblərinə cavab verir.

- Dövrümüzün jurnalistika təhsili...

- Ümumiyyətlə, jurnalistika təhsili ilə bağlı ikili yanaşmalar var. Sizinlə Mətbuat günündə söhbət edirik. Bu mətbuatın banisi Həsən bəy Zərdabidir və o, ixtisasca jurnalist deyil. Deməli, bu ixtisasa sahib olmadan da, peşəkar jurnalist olmaq mümkündür. Amerikada Larri Kinq, Rusiyada Pozner, Azərbaycanda Nəcəf Nəcəfov - heç birinin jurnalist təhsili yoxdur. Lakin onlar peşəkarcasına bu peşənin öhdəsindən gəliblər, jurnalist etikasına əməl edən insanlar kimi tanınıblar və bu gün də elədir. Amma bütün hallarda mən jurnalistika təhsilinin tərəfdarıyam, çünki ən azından nəzəri biliklərə malik olmaq lazımdır. Jurnalist sərbəstdir, istədiyi informasiyanı yaya bilər deyə bir anlayış yoxdur. Jurnalistin məsuliyyəti də var və o kodekslərə əməl etmək lazımdır.

- Yəni demək olar ki, bu təhsil qaneedicidir...

- Hazırda ikinci elmi iş üzərində işləyirəm. Vizual savadlılıqla bağlı yeni bir mövzudur. Jurnalistika təhsili ilə bağlı deyərdim ki, bu, kifayət qədər məni qane etmir. Amma bununla yanaşı, müsbət tərəflər də var. Qane etmir, bilirsiniz nəyə görə deyirəm? Baxın, yeni trendlər yaranır, informasiya texnologiyaları dövründə yaşayırıq, dünya tamam başqadır. Xatırlayırsınızsa, dövlət başçısının süni intellektlə bağlı bir sərəncamı oldu. Süni intellekt artıq jurnalistikaya gəlib. Hər bir nəzəriyyəçi, jurnalist öz üzərində mütləq şəkildə işləməlidir ki, yeni trendlərlə ayaqlaşa bilsin. Təəssüf ki, bu istiqamətdə biz bir qədər geri qalırıq. Səbəblər müxtəlif ola bilər, amma proseslər o qədər sürətlə gedir ki, daha çox ayaqlaşmağa yönəlməliyik. Problemlər, çətinliklər tək bizdə deyil, bütün dünyada mövcuddur. Dezinformasiya ilə mübarizə aparmağı, sosial media platformalarında informasiyanın  necə yayımlamağı bəzi peşəkar jurnalistlər bilmirlər. Yəni çətindir deyib bir yerdə oturub qalmaq olmaz.           

- Amma göz önündə olan bir fakt var ki, bu gün jurnalistikamızda tənqidlə təhqirin yeri əməlli-başlı səhv düşüb...

- Təəssüf ki, bununla tez-tez qarşılaşırıq. Beynəlxalq aləmdə bu tipli mövzularla bağlı treninqlər keçirilir. Amma mətbuatda insanların bir-birinə qarşı aqressiyasının, kininin, nifrətinin qarşısını almaq üçün alternativ bir yol demək bir qədər çətindir. Onu əminliklə deyə bilərəm ki, bu fərqi peşəkar jurnalist yaxşı bilir. Çox acınacaqlıdır ki, bu gün əlinə mikrofon alıb və ya yaxasına jurnalist sözünü yapışdıranlar şüurunda "Babam mənə kor deyib, gəlib-gedəni vur deyib" səviyyəsindən o tərəfə keçə bilmirlər.

- Peşəkar sözünü xüsusi olaraq vurğulayırsınız hər dəfə. Amma bu peşəkarlığın əsasını qoyan bir başlanğıc da olmalıdır...

- Bu başlanğıcın adı öz üzərində işləməkdir. Hər bir jurnalist müşahidə etməlidir, müqayisə etməlidir, analiz etmək, araşdırmaq qabiliyyətinə malik olmalıdır, yəni bunları mütləq bacarmalıdır. Fikir vermisinizsə, son zamanlar tənqidi düşüncə deyilən bir fikir atılıb ortaya. Bunu həm media savadlılığı ilə bağlı cəmiyyətə ünvanlayırıq, həm də jurnalistə deyirik. Deyirik ki, jurnalist ilk olaraq tənqidi düşünməyi bacarmalıdır. Bu, artıq bir tələbdir.

- Peşəkar jurnalistlərin, mütəxəssislərin yetişməsi istiqamətində Teleradio Akademiyası adlı təhsil ocağının yaranması bir zərurət idi...

- Akademiya on beş il əvvəl AZTV-nin nəzdində yaranıb və nə yaxşı ki, onu yarada biliblər. Bu akademiya peşəkarların daha da təkmilləşməsi deməkdir. Düşünürəm ki, belə akademiyalara ehtiyac çoxdur.

- Yarandığı müddət ərzində akademiyanın nailiyyətləri olub yəqin ki...

- Məndən əvvəlki rəhbərlərin - Etibar Babayevin, Faiq Hüsiyevin, Telli Pənahqızının vaxtında akademiyada maraqlı layihələr həyata keçirilib, yeniliklər olub. Bu gün həmin o nailiyyətləri daha inkişaf etdirmək, yeni trendlərə qoşulmaq, hansısa nöqsanları aradan qaldırmaq üçün akademiya zamanın nəbzini tutaraq fəaliyyətini davam etdirməlidir. Bu, qarşımıza qoyduğumuz vacib məsələlərdəndir.

- Teleradio Akademiyasında etik prinsiplərin tədrisi...

- Ümumiyyətlə Kütləvi İnformasiya Vasitələrinin canı, qanı, qayəsi etik prinsiplərdir. Bu prinsipləri bilməyən bir media mənsubu düşünürsə ki, o, jurnalistdir və ya peşəkarlığa iddialıdırsa, ona birmənalı şəkildə yox deyənlərdənəm. Sualınız haradasa yerinə də düşdü. Akademiyanın etik kodeksini işləyəcəyik. Azərbaycan Televiziyasının (AZTV) etik kodeksi var. Bir məlumatı da verim sizə. Dünyada 500-ə qədər etik kodeks var. Biz onların çox az hissədindən istifadə edirik. Danışıq, neytrallıq, operativliklə yanaşı, davranış qaydaları da var. Jurnalist olmaq istəyən kəs bu prinsipləri bilməlidir, əks halda seçdiyi peşədə hər şeyi vurub dağıda bilər.

- Sizinlə bir mütəxəssis kimi Azərbaycan efir məkanlarının bu günündən danışmaq kimi istəyim var, amma deməyin ki, heç kimin xətrinə dəymək istəmirəm. Başlayaq efirin siması olan aparıcıdan...

- Əvvəla onu deyim ki, konkret olaraq hansısa kanalın adını çəkib, aparıcıları tənqid edə bilmərəm. Bir az əvvəl etik kodeksdən danışdıq. Baxın, həmin kodeks buna icazə vermir, çünki bir televiziyada həm jurnalist kimi fəaliyyət göstərirəm, həm də tədris sahəsinə rəhbərlik edirəm. Ona görə də bu, bir qərəz kimi anlaşıla bilər. Aparıcı isə bütöv bir heyətin hazırladığı informasiyanı tamaşaçıya çatdıran simadır. Əvvəlki dövrlə müqayisədə bu günün xəbər aparıcısı ona verilən xəbəri, materialı necə gəldi oxumamalıdır, o, özünün təqdimatının üzərində işləməlidir. Bunun üçün də onun reportajdan mütləq məlumatı olmalıdır. O ki qaldı tok şou, sosial layihələrin aparıcılarına, bu istiqamətdə çalışanlar peşəkar və intellektual səviyyəli olmalıdır.          

- Etik prinsiplərə riayət etməyinizə hörmətlə yanaşıram, amma özüm bir jurnalistin dürüst, qərəzsiz və həqiqəti demək hüququndan istifadə edəcəyəm. Ola bilməz ki, bugünkü tamaşaçının zövqü ona təqdim olunan eybəcərlik səviyyəsində olsun...

- BBC-nin öz formatı var və 1920-ci ildə necə yaranıbsa, elə də davam edir. Tamaşaçı bunu istəyir, bunu istəmir deyilən bir şey yoxdur. Hər kanalın öz xətti, öz yanaşması, öz prioriteti var. Tamaşaçıya hansı məhsulu versən, ona da baxacaq. Sizinlə tam razıyam ki, bu gün qeyri-etik, kodekslərə zidd, məişət səviyyəli yanaşmalar efirlərimizi bürüyüb və bu, çox acınacaqlıdır. Bir əsərdə oxumuşam bunu: "İsa peyğəmbər insanların etdikləri əməllərə görə Allaha müraciət edib deyir ki, onları bağışla, nə etdiklərini bilmirlər". Bu gün bəzi aparıcılar da nə etdiklərini bilmirlər, özlərini düzgün hesab edirlər və düşünürlər ki, belə də danışmalıdırlar. Ona görə ki, əksəriyyətinin intellektual səviyyəsi yoxdur. Jurnalistin də, aparıcının da missiyası maarifləndirməkdir, dağıt deyilən hərəkət bizə aid olmamalıdır. Nə yazıq ki, sizin vurğuladığınız aparıcılar dağıdıcı rolundadır. Ən acınacaqlısı isə odur ki, həmin layihəyə üz tutaraq kömək istəyən birinin üzərinə edilən basqı, nəticədə onu tənqid deyil, təhqir obyektinə çevririr.

- Hər şeyə rəğmən, 150 il yol gələn bu mətbuatı çiyinlərində şərəflə daşıyan peşəkar jurnalistlər, yazarlar olub və var...

- Bu günlərdə müəllimlərimi daha çox xatırlayıram. İlk olaraq mərhum professor Yalçın Əlizadəni. Jurnalistikadan daha çox ondan ləyaqətli, vicdanlı olmağı, insanlığı öyrənmişəm. Onunla yanaşı, Famil Mehdi, Tofiq Rüstəmov kimi müəllimlərdən peşəkarlığın incəliklərini öyrənmək böyük məktəb olub mənim üçün.

- Artıq özü peşəkar olan Almaz Mahmudu yəqin ki, bu gün mediada nələrsə düşündürür...

- Bəzən peşəkar mühitdə naşılar çox olur. Ən çox məhz bu düşündürür məni. Peşəkara lazımi dəyəri vermək lazımdır ki, həmin naşılar o mühitdə əriyib yox olsunlar. Məni o düşündürür ki, bu gün mətbuatımızda məzmun qıtlığı var. Çox istəyərdim ki, bizim çap mediasında maraqlı eksklüzivlər olsun. Çox vaxt görürük ki, baş verən hadisəyə eyni cür yanaşma var. Bir jurnalist kimi deyil, oxucu kimi istəyirəm ki, hadisə daha dərindən araşdırılsın, fərqli baxış bucağından təqdim olunsun. Bax, çatışmayanlar bunlardır.

- O da var ki, bəzən biçarə jurnalistin yazdığını qəribçiliyə də salırlar...

- Jurnalist istəyir ki, həmişə ona yaşıl işıq olsun? Bəzən yolun enişi-yoxuşu olur, fikrini qəbul etməyən də olur, qələminə həsəd aparan da olur. Elə maraqlı olan da budur.

- Qələm əhli olmaq fitri istedad tələb edir. Son olaraq bu yubiley ilində peşəkarlara arzunuzu da eşidək...

- Yazarlar Allahın seçilmiş bəndələrinin sırasında olanlardır. Qoy onları Tanrı qorusun və həmişə də yazsınlar. Və bir də unutmasınlar ki, hər kəsin qələmi var, amma hər kəsin qələmi eyni yazmır.

SÖZARDI: Söhbətin sonuna yaxın müsahibimiz belə bir fikir söylədi: "Bəzən peşəkar mühitdə naşılar çox olur. Peşəkara lazımi dəyəri vermək lazımdır ki, həmin naşılar o mühitdə əriyib yox olsunlar". Amma əriyirlərmi? Səd heyif...

Tamilla M-ZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:26
embedMənbə:https://525.az
archiveBu xəbər 28 İyul 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyi

28 İyul 2025 06:35see425

Amerikalıların Trampın büdcə layihəsinə münasibəti ilə bağlı sorğu keçirilib

27 İyul 2025 08:13see136

Hazırda açıq ərazilərdə 100 dən çox yanğın aktivdir Serbiya DİN

27 İyul 2025 08:17see134

Azərbaycanın əməkdar məşqçisi vəfat edib KONKRET

27 İyul 2025 15:40see132

Laçında ağır qəza Ölənlər var

26 İyul 2025 21:39see121

Arda Turan Beşiktaş ilə matçdan öncə Neymardan nə istəyib?

26 İyul 2025 21:54see117

Anam məni satmayıb və ya nigarançılıq çox pis şeydir...

26 İyul 2025 20:26see115

Türkiyə ən böyük hərbi müqaviləni bu ölkə ilə imzaladı

27 İyul 2025 13:31see114

“Real” Vinisiusu satır?

26 İyul 2025 20:04see114

Mingəçevirdə zəlzələ qeydə alındı

28 İyul 2025 06:24see114

Türkiyə nəhəngi Kerem Aktürkoğlu ilə anlaşdı SON DURUM

26 İyul 2025 20:13see113

Starmer Trampla Ukraynadakı münaqişəyə son qoymağın yollarını müzakirə edəcək

27 İyul 2025 04:02see113

Qyökereş “Arsenal”a keçidindən nələr dedi?

27 İyul 2025 13:26see113

COP30 zamanı Braziliyada kruiz gəmilərində 6 min iştirakçı yerləşdiriləcək

26 İyul 2025 21:51see113

Gəncədə klinika meyiti qaytarmır? Mərhumun yaxınlarından ŞİKAYƏT

28 İyul 2025 02:03see111

Berlin Kiyevə neçə ədəd Patriot göndərib?

26 İyul 2025 23:17see111

Braziliya millisinin sabiq kapitanı bölgə klubunda ÖZƏL

26 İyul 2025 20:04see110

Eminin xanımının “DreamFest” “look”ları…

27 İyul 2025 15:36see109

Bakıda kişi iki manata görə arvadını döydü

28 İyul 2025 09:51see109

Fransanın cənubunda meşə yanğını 680 hektardan çox ərazini bürüyüb

27 İyul 2025 23:13see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri