Təyyarə qəzasında həlak olanların xatirəsi ölkəmizdə dərin hüznlə anıldı
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin təyyarəsinin dekabrin 25-də Qaxaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması xəbərini Sankt-Peterburqa səfərə gedərkən havada eşidib dərhal geri döndü. Dövlət başçısı operativ müşavirə keçirərək faciənin nəticələrini aradan qaldırmaqla bağlı məsələləri nəzarətinə götürdü.
Prezident təxirəsalınmaz-zəruri tədbirləri həyata keçirmək üçün müvafiq dövlət komissiyasının yaradılması, qəzada həlak olanların xatirəsinin yad edilməsi üçün dekabrin 26-da ölkədə matəm elan olunması ilə bağlı sərəncamlar da imzaladı. Matəm günü ilə əlaqədar dünən respublikamızın bütün ərazisində şənliklər, toplantılar, idman yarışları təxirə salındı.
Dünən keçirilən hüzn mərasimlərində həlak olanların ruhuna dualar oxunub, Allahdan rəhmətlər dilənib. Həlak olanların doğmaları və yaxınları ilə görüşən rəsmi şəxslər və ictimaiyyət nümayəndələri onlara başsağlığı və təsəlli veriblər.
Azərbaycanın dövlət və hökumət başçılarının ünvanına da dünya ölkələrinin rəhbərlərindən çoxsaylı başsağığı teleqramları daxil olub.
Xaricdən aldığımız xəbərlərdə dost, qardaş və tərəfdaş ölkələrdə də qəza qurbanlarının xatirəsinin kədərlə anıldığı bildirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərin və ekipaj üzvlərinin xatirəsi ehtiramla yad olunub.
Hadisə ilə əlaqədar hava limanında quraşdırılmış xatirə lövhəsinin önünə gül dəstələri düzülüb. Ziyarətdə həm qəzada həlak olanların ailə üzvləri, həm də aviasiya sahəsinin nümayəndələri iştirak edirlər. Vətəndaşlar həlak olanların xatirəsini dərin ehtiramla anırlar.
***
AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya düşməsi nəticəsində çoxsaylı insan itkisinə görə Azərbaycanda matəm günüdür.
Təyyarə qəzasında həlak olanların xatirəsi Naxçıvan Muxtar Respublikasında saat 12:00-da bir dəqiqəlik sükutla anılıb.
Ölkənin bütün ərazisində olduğu kimi, Naxçıvanda da nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb. Hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.
***
Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsi dekabrın 26-da Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi Xankəndi şəhərində də bir dəqiqəlik sükutla yad olunub.
Sükut dəqiqəsi zamanı nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Dövlət bayraqları yarıyadək endirilib.
Baş vermiş faciə ilə əlaqədar olaraq Xankəndi şəhərində dekabrın 26-da keçirilməsi nəzərdə tutulan "Qış nağılı" yarmarkası təxirə salınıb.
***
Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasında həyatını itirənlərin xatirəsi ölkənin hər yerində olduğu kimi, Lənkəran şəhərində də dərin hüznlə anılıb.
Saat 12:00-da Lənkəran şəhərində nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb, vətəndaşlar bir dəqiqəlik sükutla həlak olanlara ehtiram göstəriblər. Şəhər ərazisində matəm əlaməti olaraq dövlət bayraqları yarıya qədər endirilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qəzada həlak olanların xatirəsini yad etmək məqsədilə 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasında matəm elan edilib.
***
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir. Faciə qurbanlarına ehtiram məqsədilə İstanbulda, eləcə də Türkiyənin bölgələrində yaşayan və fəaliyyət göstərən həmvətənlərimiz bu gün səhər saatlarından etibarən AZAL-ın İstanbuldakı ofisi qarşısına gələrək əklillər və gül dəstələri qoyurlar.
Ziyarətçilər arasında Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyasına daxil olan dərnəklərin nümayəndələri, İstanbulda fəaliyyət göstərən mədəniyyət xadimləri və digərləri də var. AZAL-ın İstanbuldakı ofisinin uçuş məlumatlandırma ekranında qəzaya uğrayan təyyarənin reys nömrəsi və nəzərdə tutulan səfər istiqaməti qeyd edilib.
***
Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda da anılıb.
Dünən Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, xarici işlər naziri Maya Boçorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, Suxumi Dövlət Universitetinin rektoru Zurab Xonelidze, Qriqol Robakidze Universitetinin prorektoru Vaxtanq Çaraya, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev, Qazaxıstanın Gürcüstandakı səfiri Malik Murzalin, Türkiyənin bu ölkədəki səfiri Ali Kaan Orbay, Kuba Respublikasının Azərbaycan və Gürcüstandakı səfiri Karlos Enrite Valdes, ictimaiyyət xadimləri, Azərbaycan icmasının üzvləri, tələbə və gənclər Azərbaycanın Gürcüstandakı səfirliyinə gələrək AZAL şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı veriblər.
Təyyarə qəzasında həlak olanların və şəhidlərimizin ruhuna dualar oxunub. Sonra qonaqlar başsağlığı kitabına ürək sözlərini yazıb, Azərbaycan xalqının dərdinə şərik olduqlarını bildiriblər.
***
“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü səbəbindən ölkəmizin Ukraynadakı səfirliyində dövlət bayrağımız yarıya endirilib. Matəmlə əlaqədar dekabrın 26-27-də səfirlikdə xatirə kitabı açılıb.
Xarici ölkələrin Ukraynadakı diplomatik nümayəndəlikləri Azərbaycan səfirliyinə gələrək başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar. Bundan başqa, Ukrayna sakinlərı, diaspor üzvləri, xarici ölkələrin diplomatik nümayəndələri faciə ilə bağlı səfirliyin önünə tər çiçəklər düzürlər. Səfirliyin önündə, həmçinin qəzanın görüntülərinə dair fotosərgi də nümayiş etdirilir. Matəm günü ilə bağlı GUAM Katibliyinin Kiyevdə yerləşən binasında da Azərbaycanın Dövlət Bayrağı endirilib.
***
“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü səbəbindən ölkəmizin Moldovadakı səfirliyində dövlət bayrağı yarıya endirilib.
Matəmlə əlaqədar dekabrın 26-27-də səfirlikdə xatirə kitabı açılıb. Xarici ölkələrin Moldovadakı diplomatik nümayəndəlikləri Azərbaycan səfirliyinə gələrək başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar. Bundan başqa Moldova sakinlərı, diaspor nümayəndələri, xarici ölkələrin diplomatik nümayəndələri faciə ilə bağlı səfirliyin önünə tər çiçəklər düzürlər.
***
Özbəkistanın Baş naziri Abdulla Aripov Azərbaycanın Baş naziri Əli Əsədova başsağlığı məktubu ünvanlayıb. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Məktubda deyilir: “Biz dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatı xəbərini dərin hüzn və kədər hissi ilə aldıq”.
Abdulla Aripov baş vermiş təyyarə qəzası ilə əlaqədar Baş nazir Əli Əsədova, həlak olanların ailə üzvlərinə başsağlığı verib, yaralananlara şəfa diləyib.
***
Dekabrın 26-da Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir M.Botçorişvili dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı diləklərini çatdırıb, dost Azərbaycan xalqına səbir diləyib. Bu faciəvi gündə Gürcüstanın hər zaman Azərbaycanın yanında olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov başsağlığına, ölkəmiz və xalqımız üçün ağır bir gündə göstərilən dəstəyə görə dost Gürcüstan tərəfinə təşəkkür edib.
***
“Bu faciə bizim ümumi ağrımızdır, çünki Aktau yaxınlığındakı təyyarə qəzasında həlak olanlar arasında Qazaxıstan vətəndaşları da var”.
Bu açıqlamasının davmında Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko bildirib: “Biz ümid edirik ki, yaralılar tezliklə tam sağalıb ailələrinə qayıda biləcəklər. Biz bunun üçün əlimizdən gələni edirik”. Nazir müavini Aktauda yardım göstərən, o cümlədən qan verən qazaxıstanlılara minnətdarlığını bildirib, həmçinin Fövqəladə Hallar, Səhiyyə nazirliklərinin və yerli administrasiyanın operativ fəaliyyətini qeyd edib. Roman Vasilenko faciə ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verərək deyib: “Biz birlikdə kədərlənirik”.
***
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi”.
Bu barədə açıqlamasında Türkiyənin Qazaxıstandakı səfiri Mustafa Kapucu bildirib. Başsağlığı vermək üçün Azərbaycanın Astanadakı səfirlik binasına gələn diplomat deyib: "Qəza barədə məlumat aldığımız andan dərhal əlaqə saxladıq və buradakı qardaşlarımızla görüşdük. Türkiyə xalqı olaraq bu kədəri azərbaycanlı qardaşlarımızla birlikdə ürəyimizdə yaşayırıq”.
Mustafa Kapucu qeyd edib ki, səfirlik əməkdaşları və Qazaxıstanda yaşayan Türkiyə vətəndaşları hadisə barədə məlumat almaq üçün çoxsaylı zənglər edib və mesajlar göndəriblə: "Şəxsən öz adımdan, Türkiyə səfirliyinin əməkdaşları və vətəndaşlarımız adından qardaşlarımıza başsağlığı diləyirəm. Allah rəhmət eləsin, həlak olanların yaxınlarına səbir versin. Yaralılara tezliklə şəfa diləyirik”.
“Bu, vətəndaşları təyyarədə olan və qəza nəticəsində həlak olan Azərbaycan, Rusiya və digər dövlətlər üçün həqiqətən də böyük faciədir”.
Bu barədə Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin Aktau yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycanın Astanadakı səfirliyində olarkən məlumat verib: “Bu gün mən Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar Rusiya Federasiyası və onun Qazaxıstandakı səfirliyi adından başsağlığı vermək üçün Azərbaycanın Astanadakı səfirliyinə gəldim. Kədərinizə şərikik və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”.
Səfir qəza zamanı yaralananların tezliklə sağalmalarını və normal həyata qayıtmalarını diləyib:“Bu, hamımız üçün böyük faciədir. Biz Qazaxıstanda insanların faciəyə necə reaksiya verdiyini görürük. Onlar səfirliklərə gəlir, başsağlığı verir, xəstəxanalarda qan verirlər. Hadisənin araşdırılması istiqamətində yardımın göstərilməsi ilə bağlı görülən operativ iş də xüsusi təşəkkürə layiqdir”.
“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində baş verən faciəli hadisəyə görə Türkiyə və Aktauda fəaliyyət göstərən İran, Özbəkistan və Türkmənistan baş konsulları Azərbaycanın yanındadırlar”.
Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Aktaudakı baş konsulu Sabri Alptekin bildirib.O qeyd edib ki, hazırda Türkiyənin Baş konsulluğu aparılan araşdırma ilə bağlı azərbaycanlı həmkarı ilə əlaqə saxlayır. Sabri Alptekinin sözlərinə görə, hadisə baş verəndən 8 dəqiqə sonra Qazaxıstanın müvafiq qurumları hadisəyə təcili müdaxilə ediblər. Nəticədə itki sayı az olu: “Dünən xəstəxanadakı yaralıların vəziyyəti ilə maraqlandım. Eyni zamanda, Azərbaycandan Aktauya gələn nazirlərlə görüşdüm”.
Türkiyə baş konsullu bildirib ki, ölkəsi qardaş dövlət olaraq istər Azərbaycana, istərsə də Qazaxıstana lazımi köməyə hazırdır.
***
“Kşnyakin İqor dəfələrlə səfərlərə çıxan və qayıdan, hər zaman işinə sadiqliyi və peşəkarlığı ilə seçilən böyük təcrübəyə malik bir pilot idi. O, mükəmməl bir insan idi. Hər zaman ailəsi ilə sıx əlaqədə olur, onlara dəstək verirdi. Onun işinə necə bağlı olduğunu hamımız bilirdik. Gediş-gəlişi adi hal idi, amma bu dəfə fərqli oldu. Əfsuslar olsun ki, bu səfəri son oldu”.
Bu sözləri Bakı-Qroznı reysi zamanı baş verən təyyarə qəzasında həlak olan pilot Kşnyakin İqorun qohumu Nicat Bağırov jurnalistlərə açıqlamasında söyləyib. Qohumu bildirib ki, mərhum öz həyatını tamamilə işinə və ailəsinə həsr etmişdi: “Üç gün əvvəl danışmışdıq. Hər zaman olduğu kimi səfərindən bəhs edirdi. Hamı onun necə mükəmməl insan olduğunu təsdiqləyir. Bu böyük insanın itkisinin yaratdığı boşluğu doldurmaq çətindir, lakin onun xatirəsi ailəsinin və dostlarının qəlbində daim yaşayacaq. Allah rəhmət eləsin”.
***
“Bu hadisədə yalnız övladımı itirməmişəm, eyni zamanda, bütün qurbanların ağrısını və acısını hiss edirəm. Mən oğlum Anarla sonuncu dəfə saat 11-12 radələrində telefonla danışmışdım. O, təyyarənin uçuş hazırlıqlarından danışdı və qeyd etdi ki, hava limanında qeydiyyatdan keçib, uçmaq üçün hazırlaşır”.
Bu sözləri isə ötən gün Bakı-Qroznı reysi zamanı baş verən təyyarə qəzasında həlak olan Anar Babayevin atası Zöhrab Babayev jurnalistlərə açıqlamasında söyləyib. Ata daha sonra söyləyib: “Oğlum demişdi ki, təyyarədən enən kimi mənə zəng edəcək. Səhər saatlarında isə mənə xəbər çatdırıldı ki, təyyarə qəzası baş verib. Təxminən bir neçə saat əvvəl danışdığım övladımın bu hadisədə həlak olduğunu eşidəndə böyük sarsıntı keçirdim”.
Zöhrab Babayev hadisədən sarsıntı keçirdiyini bildirərək dərin hüznlə təəssüratlarını bölüşüb: “Dünən Prezident İlham Əliyevin qəza qurbanlarının ailələrinə və yaralıların yaxınlarına göstərilən diqqət və dəstək haqqında açıqlamasını eşitdim. Bundan sonra dərhal əlaqədar qurumlara və qəza ilə bağlı məlumat almaq üçün müxtəlif yerlərə zəng etdim. Ailə üzvlərim ilə birlikdə çox çətin anlar yaşayırıq.
Qəzada həyatını itirənlərin bəzilərinin yaxınları ilə də tanış oldum. Bu hadisədə yalnız övladımı itirməmişəm, eyni zamanda, bütün qurbanların ağrısını və acısını hiss edirəm. Biz övladımızın nəşinin gətirilməsini gözləyirik”.
Mərhumun atası Z.Babayev təyyarə qəzasında həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyib.
Bakı–Qroznı reysi zamanı baş verən təyyarə qəzasında həlak olan 34 yaşlı Anar Babayevin qardaşı Höccət Babayev jurnalistlərə açıqlamasında deyib ki, Anar 23 ilə yaxındır işi ilə əlaqədar Qroznıya gedib-gəlirdi: “O, tez-tez Qroznıya gedirdi. Bu dəfə də işi ilə bağlı getmişdi. Onunla əlaqə saxladım, danışdım. Hər şey yaxşı idi. Amma təəssüf ki, bu, mənim qardaşımla sonuncu danışığımız oldu”.
Höccət Babayev dərin hüznlə qardaşının nəşinin Vətənə gətirilməsini gözlədiyini ifadə edərək digər həlak olan insanların da ailələrinə səbir diləyib.
***
“Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq, İqor Kşnyakin çox bacarıqlı pilot və nümunəvi dost idi. Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük bir boşluq olacaq. Hazırda ailəsi yas mərasiminə hazırlaşır və bu, hamımız üçün çox çətin bir dövrdür”.
Bu sözləri Bakı–Qroznı reysi zamanı baş verən təyyarə qəzasında həlak olan pilot İqor Kşnyakinin dostu İsfəndiyar Müslümov jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, dünən baş verən təyyarə qəzasında kapitan pilotun həlak olduğu təsdiqlənib, yaxınları və dostları hadisə ilə bağlı dərin kədər hissi yaşayırlar: “Pilotun ailəsi onun itkisi ilə bağlı mənəvi cəhətdən sarsılıb. Allah bütün həlak olanlara rəhmət eləsin”.
“Onunla son danışığımızı həmişə xatırlayacağam. Qardaşımın kədərli xəbərini aldıq. Bu gün bizə məlumat verildi ki, onun şəxsiyyəti müəyyənləşdirilib. Cəsədinin gətirilməsini gözləyirik. Onu itirmək bizim üçün çox ağırdır”.
Matəm günü materiallarını
hazırladılar:
T. RÜSTƏMLİ,
P.ƏFƏNDİ
XQ