Icma.az
close
up
RU
Tiflislə Hələbi bağlayan tellər...

Tiflislə Hələbi bağlayan tellər...

Tiflis müqaviməti Rusiyanın biryolluq Qafqazdan qovulması ilə nəticələnə bilər. Hər dəfə dediyimiz kimi, dünya üçün önəmli hadisələr sanki insanların istirahətə çəkildiyi həftə sonlarında alovlanma fazasına girir. Bu həftə sonunun iki önəmli hadisəsi – Suriyada hakimiyyət çevrilişi və Gürcüstandakı hakimiyyət dəyişikliyinə cəhd dünyanın diqqət mərkəzindədir. Bu yazıda ilk olaraq qonşumuz olan Gürcüstanda baş verən etiraz aksiyalarına toxunacağıq.
26 oktyabrda keçirilən parlament seçkilərindən sonra qarışan Gürcüstan hələ də rahatlıq tapa bilmir. Minlərlə etirazçı ötən şənbə və bazar günləri Tiflisdə parlamentin qarşısına toplaşaraq, seçkidən sonrakı böhran fonunda Gürcüstan hökumətinin Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını dayandırmaq qərarına etiraz etdi. “Gürcü arzusu” hökuməti cümə axşamı Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını açıqladığından bəri küçələrə çıxan etirazçılara qarşı polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə etdi.
Bütün təzyiqlərə baxmayaraq, əllərində Gürcüstan və Avropa İttifaqının bayraqları olan etirazçılar parlament binasına doğru yürüş etdilər. Dünən axşam verilən məlumata görə, etriazçılar polis əməkdaşlarına fişəng atıblar, hakimiyyət isə onları parlamentdən uzaqlaşdıraraq Rustaveli bulvarından opera binasına doğru qovub. Daxili İşlər Nazirliyi bildirib ki, etirazçılarla qarşıdurma zamanı nazirliyin ən azı 10 əməkdaşı və 32 polis yaralanıb. Eləcə də “polisə tabe olmamaq və xırda xuliqanlıq
etmək” ittihamı ilə 107 nəfər saxlanılıb.
“Gürcü arzusu” ölkəni 2012-ci ildən idarə edir və tez-tez tənqidçilər tərəfindən ölkəni Rusiyanın “ağuşuna salmaq”, Aİ-dən uzaqlaşdırmaq cəhdində ittiham olunur. Oktyabr seçkiləri ərəfəsində gürcü hökuməti Brüsseldən xəbərdarlıq alsa da, müstəqil vətəndaş cəmiyyətini hədəf alan qanunlar irəli sürdü. Partiya ötən ay keçirilən seçkilərdə qalib gəldiyini bəyan etdikdən sonra müxalifət liderləri seçkinin nəticələrini şübhə altına alıb, saxtakarlıq iddiası ilə yeni parlamenti boykot etdilər.
Ötən cümə axşamı Avropa Parlamenti oktyabrda keçirilən seçkiləri Gürcüstanda "pisləşən demokratik böhranın" son mərhələsi adlandıran və hakim partiyanın "tam məsuliyyət daşıdığını" bildirən qətnaməni dəstəklədi.
Qətnamədə həmçinin səslərin manipulyasiyası və satın alınması, seçicilərin təhdid edilməsi və müşahidəçilərin təqib edilməsi ilə bağlı xəbərlərdən narahatlıq ifadə olundu. Bir daha xatırladaq-qərardan sonra baş nazir İrakli Kobaxidze bildirdi ki, onun hökuməti “2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq məsələsini gündəmə gətirməmək qərarına gəlib”. O, Gürcüstanın üzvlük üçün tələb olunan islahatları həyata keçirməyə davam edəcəyini və hələ də 2030-cu ilə qədər birliyə qoşulmağın planlaşdırıldığını bildirdi, lakin əlavə etdi ki, “Aİ-nin milli maraqlarımıza və ənənəvi dəyərlərimizə hörmət etməsi çox vacibdir”. Görünür, hazırkı hökumətin vətəndaşların iradəsinə zidd olaraq Aİ-yə inteqrasiya məsələsini 2028-ci ilə qədər təxirə salması insanların səbr kasasını daşırdı.
Gürcüstan 2023-cü ildən Aİ-yə rəsmi namizəd statusuna malikdir.Bununla belə, Belçika bu ilin əvvəlində ölkənin “xarici qüvvələrin maraqlarını güdməkdə” ittiham olunan təşkilatları hədəf alan Rusiya tərzli “inogent qanun”una görə Gürcüstanın üzvlük prosesini dayandırdı. Avropa Birliyinə üzvlük Gürcüstanda mühüm məsələdir və müraciətlə bağlı müzakirələrin dondurulması AB üzvlüyünün konstitusiyalarına yazılmasını hədəfləyən insanların geniş qəzəbi ilə qarşılandı. Çünki Aİ-yə üzvlük - Gürcüstanın inkişaf yolunu seçməsində prioriteti kimə-Rusiyaya yoxsa Qərbə verməsi sualıdır.
Qurucusu milyarder və keçmiş baş nazir Bidzina İvanişvilinin nəzarətində olan partiya vətəndaşların reaksiyasını hesaba alaraq Aİ-yə daxil olmaq istədiyini və qəbul etdiyi qanunların Gürcüstanın ənənəvi dəyərlərinin müdafiəsi üçün zəruri olduğunu deyir. “Gürcü arzusu” hökumətinin mövqeyinə etiraz olaraq tutduğu vəzifədən istefa verən bir sıra dövlət rəsmiləri oldu. Rusiya tərəfi baş verənləri səfirlik və konsulluq işçiləri vasitəsilə Amerika və Fransa kəşfiyyat xidmətlərinin törətdiyi və qızışdırıldığı proseslər kimi qələmə verir. Avro-liberallar isə tezliklə Gürcüstan və onun perspektivləri ilə bağlı bəyanatlar verəcək, həmçinin yeni seçkilər və hökumətin istefasını tələb edəcəklər. Açıqlamaları Ursula fon der Leyen, Kaya Kallas və Çarlz Mişel hazırlayır. Aİ-nin bütün xarici işlər nazirlərindən eyni məcrada çıxış etmələri tələb olunacaq. Macarıstan, İtaliya və Slovakiya bundan artıq imtina edib. Makron Gürcüstanın hazırkı hökumətinə qarşı bir sıra addımlar hazırlayır. ABŞ da Kobaxidze hökumətinin antidemokratik hərəkətlərinə görə Gürcüstanla strateji tərəfdaşlığı dayandırdı. Bu barədə Dövlət Departamenti məlumat yaydı. Vaşinqton həmçinin “toplaşmaq azadlığı hüquqlarından istifadə etmək istəyən gürcülərə qarşı polisin həddindən artıq güc tətbiqini” pisləyir. Qeyd olunur ki, Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqları dayandırmaq qərarı “Avropa ilə daha sıx əlaqələr imkanını rədd edir və Tiflisi Kreml qarşısında daha kövrək edib”.
Estoniyanın xarici işlər naziri bildirir ki, Latviya, Litva və Estoniya “gürcü etirazlarını yatıranlara qarşı milli sanksiyalar” tətbiq etmək barədə razılığa gəliblər. Aİ Gürcüstan hakimiyyətinə mitinqlərin dağıdılmasının “birbaşa nəticələri” barədə xəbərdarlıq edib. Bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas X platformasındakı səhifəsində bildirib. O, həmçinin qeyd edib ki, Aİ-yə üzvlüklə bağlı danışıqların dondurulması qərarının da nəticələri olacaq. “Biz gürcü xalqını və onun Avropa gələcəyi seçimini dəstəkləyirik. Biz etirazçılara qarşı zorakılığı pisləyirik və hakim partiyanın Gürcüstanın Aİ-yə gedən yolunu davam etdirməmək və ölkənin demokratik geri çəkilməsinə dair siqnallarına təəssüf edirik”, deyə Kallas bildirib.
Hazırda Gürcüstanda etirazlar tüğyan edir və bu etirazların əhatə etdiyi areal paytaxt Tiflis, Zuqdidi, Batumi, Kutaisi, Qoriyə qədər genişlənib. Uzun müddətdən bəri ilk dəfə Gürcüstan hakimiyyəti daha ciddi problemlə üzləşdi. Etirazın episentri parlamentin yaxınlığındakı meydandır.
Gürcüstanın Avropa gələcəyinə çağıran etirazçılar hər axşam buraya axışır və bu aksiyalar artıq musiqi və nümayişçilərin çıxışları ilə müşayiət olunan əvvəlki rəngarəng etirazlara bənzəmir. Etirazların ilk iki gecəsində çevik polis tərəfindən nümayişçilərin vəhşicəsinə həbs edilməsi və döyülməsi etirazçıların sayını xeyli artırıb. Hələ ki, Gürcüstanda başlayan etiraz dalğasının zəifləyəcəyinə dair heç bir əlamət yoxdur. Hadisələrin gələcək inkişafı hələlik qeyri-müəyyən olaraq qalır. Hakimiyyətin əleyhdarları tez-tez “Gürcü arzusu”nu avtoritar idarəçilikdə və Rusiya ilə Belarusdakı rejimləri təqlid etməkdə ittiham edirdilər. Və indi “Gürcü arzusu” hakimiyyəti güc nümayişinə ümid edirdisə, bu, uzun ömürlü “Gürcü Arzusu” hökuməti üçün görünməmiş nəticə vermədi. Hərçənd daha əvvəl baş nazir Kobaxidze bəyan etmişdi ki, “Gürcüstanda Ukrayna Maydanı ssenarisi olmayacaq”. Hərçənd hakimiyyət özünü kifayət qədər ölçülü hərəkət trayektoriyasında gedirmiş kimi göstərdi, Tiflisdə etirazçılara divan tutmaq üçün rezin güllələrdən atəş açılmasına da əmr verdi. Xəbərə görə, ən azı iki nəfər ölüb. Gürcüstan Müdafiə Nazirliyinin onlarla əməkdaşı Xarici İşlər Nazirliyinin əməkdaşlarının ardınca Aİ və NATO-ya üzvlük kursuna sadiq olduqlarını bəyan edərək, bunun ölkənin təhlükəsizliyi üçün alternativ olmadığını bildiriblər. “Gürcüstan 24” xəbər verib ki, bu şəxslər hökumətin Aİ-yə üzvlüklə bağlı danışıqları dondurmaq qərarı fonunda birgə bəyanat yayıblar. Hazırda bəyanatı 43 nəfər - müdafiə idarəsinin müxtəlif bölmələrinin əməkdaşları imzalayıb.
Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmiləri hökumətin avrointeqrasiyanı dondurmaq qərarına etiraz edərək, bunu ölkənin strateji maraqlarına uyğun gəlməyən və Konstitusiyaya zidd addım adlandırıblar. Bu bəyanatda hazırda 100-ə yaxın imza var.
Bu arada Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili də etiraz olaraq istefa verdiyini açıqlayıb. Bütün sadalananlar bir tərəfə, maraqlıdır ki, bütövlükdə Yaxın Şərqdə və Cənubi Qafqazda vəziyyətin yalnız Çin ordusunun oraya gəlişindən sonra sabitləşə biləcəyi də səsləndirilir. Həm də rus teleqram kanallarında. Qəribə səslənsə də, Ukraynadakı müharibədə kifayət qədər canlı qüvvə və hərbi arsenal təlafatı verən Rusiyanın Suriyada Aralıq dənizindəki mövqelərini müdafiə etdiyi bildirilir. Ukraynanın hücumları nəticəsində Qara dəniz regionunun zəifləməsi ilə bütün Rusiyanın müdafiə oxu pis
vəziyyətdədir. Bununla belə, Suriyada olmasına rəğmən, ruslar özlərinin Qızıl Ordanın varisləri olmadıqlarını, Yaxın Şərqdə öz tarixi missiyasını tapmağa çalışan, daha doğrusu qənimət ümidi ilə Yaxın Şərqə soxulduğunu etiraf edən, Qərbin, türklərin və ərəblərin rəqabət apardığı döyüş meydanında “oynamağa” çalışan Kiyev Rusunun varisləri olduğunu qəbul edirlər. Qızıl Orda Xanlığının varisi olaraqsa Çini qəbul edirlər. Ancaq Çin bu gün hərb qələbəyə yox, ticari qələbəyə yönəlib.
Göründüyü kimi, Pekin hərbdənsə, ticari döyüşə üstünlük verir. Və ruslar anlayırlar ki, onların öz qınlarına qapanacağı son saatları yaxınlaşmaqdadır, onlar gec-tez getməli olacaqlar.
Bir nüansı da qeyd edək ki, ruslar ərəbləri özlərinin Yaxın Şərqdə ilişib qalmasına bir vəsilə kimi görərək, türklərə qarşı tarazlıq faktoru kimi görürlər. Böyük ehtimalla, Türkiyənin ərəb ölkələri və kürdlərlə arasının açılmasından qazanc uman Rusiya aravurmaq fəaliyyətinə davam edəcək. Əlamətdardır ki, Abxaziyada da əhaliyə ölkədəki rus marionetkalarının öldürülməsinə çağırış edilir.
Artıq Ukraynada döyüşən gürcü könüllü dəstələrinin komandirləri prezident Salome Zurabişvilini əhalinin müdafiəsi və ölkənin milli maraqlarının müdafiəsi üçün Milli Qvardiyanın himayəsi altında onlardan istifadə etməyə çağırıblar. Qafqaz İttifaqının hərbi komitəsinin dünənki növbədənkənar iclasında birləşmələrin rəhbərləri Gürcüstana qayıtmaq qərarına gəliblər və indi Zurabişvilidən siqnal gözləyirlər.
Gürcüstan prezidenti Salome Zurabişvili isə gürcü könüllülərinin Ukraynadan ölkəyə qayıtması ilə bağlı xəbəri “təxribat” adlandırıb.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, Gürcüstandakıı mitinqlərin yeni etapı ilə birgə Suriyada vəziyyət qəfil məcrasnı dəyişməyə başladı. Ukraynadakı müharibə ilə eyni zamanda Suriyada da Moskvanın sarı siminə toxunuş başladı. Halbuki baxaq görək, Tiflis haradadır, Hələb haradadır... Cənubi Qafqazda baş verən hadisələri Yaxın Şərqlə necə əlaqələndirmək olar. Bəlkə də bu müasir dünya siyasətinin təsadüflərdir. Bəs növbəti kimdir? “Kollektiv Qərb” Rusiya üçün ikinci, üçüncü, dördüncü cəbhəni daha harada açacaq?
Suriyadakı mənzərə get-gedə daha aydınlığa qovuşur. Əsədin imkanları yaxşı məlumdur. Xatırlayırsınızsa, bir neçə gün əvvəl Bəşər Əsədin Rusiyaya Putinlə görüşə gəldiyi bildirilmişdi. Suriyaya dönən Əsəd dünən İran XİN başçısı Abbas Araqçinin “əl-ayağına düşüb”. Bunun ardınca isə İraqdan Türkiyə rəhbəri Ərdoğanla görüşə kömək etməyi xahiş edib, İraqsa buna susqunluqla cavab verib. Artıq Türkiyənin Suriyada irəlilədiyi sosial şəbəkələrdə yayılan xəbərlərdən məlumdur.
Rusiyaya gəlincə isə, bu gedişatda Qərb bir daşla bir neçə quş vurmağa çalışır. Bir tərəfdən o, Rusiyanın resurslarını əsas istiqamətdən – Şimal Hərbi Dairəsindən yayındırmağa ümid edir. Tartusdakı hərbi-dəniz bazası və Xmeymimdəki hava bazası, belə demək mümkünsə, təkcə Rusiyanın gəmi və təyyarələrinin yerləşdirilməsi üçün məntəqə deyil. Bu məntəqələr vasitəsilə ruslar həm Yaxın Şərqdə, həm də Afrikada fəaliyyət həyata keçirir. Eləcə də Rusiya bu yolla Qərbin tətbiq etdiyi qlobal təcridlə mübarizəni təmin edir. Rusiya bu logistika mərkəzini itirsə, o zaman Aralıq dənizində heç kim onlara bir stəkan şirin su verməz. Bundan başqa, heç bir ölkə rus hərbi nəqliyyat təyyarələri üçün uçuş-enmə zolağı təmin etməyəcək. Bu o deməkdir ki, Qara Qitədəki-Afrikadakı bütün layihələr daralmasa belə, yenidən nəzərdən keçirilməli olacaq.
Əlbəttə ki, köhnə yaraların sarınması Ukraynadakı vəziyyət fonunda baş verir. Qərb rusların cəbhənin hansısa cinahındakı uğurlarını öz uğursuzluqları kimi qiymətləndirir. Və nəticədə Qərb Rusiyaya yeni təsir mexanizmlərini icad edir, onun resurslarını parçalamağa çalışır. Qərbin isə belə alətləri çoxdur.

Gürcüstan və Suriya ilə alınmasa, Qərb Ermənistanı işə qoşa bilər. Üstəlik, İran da öz başının hayına qalıb. Hələbdən Mərkəzi Asiya-Türküstanlı döyüşçünün səsi gəlir. Hadisələrin ümumi gedişatı göstərir ki, Rusiyanın ətrafında halqa daralır, boynundakı kəmənd onun nəfəsini kəsmək üzrədir.
Ümid edirik ki, Tiflis müqavimətinin Rusiyanın biryolluq Qafqazdan qovulması ilə nəticələndiyini tezliklə görəcəyik.
Ülviyyə ŞÜKÜROVA

seeBaxış sayı:73
embedMənbə:https://hurriyyet.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri