“Tofiq Bəhramov 100: Ədalətli Oyun İrsi” layihəsi uğurla həyata keçirilir
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Dünya şöhrətli futbol hakimi Tofiq Bəhramovun 100 illiyi ilə əlaqədar olaraq, 2025-ci il Azərbaycan idmanı, xüsusilə futbol və futbol hakimliyi üçün əlamətdar olub. Bu tarixi hadisə münasibətilə “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” layihəsi həyata keçirilir.
Cari ilin avqust və sentyabr aylarında “Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” layihəsinin tədbirləri baş tutub. Belə ki, İctimai birlik tərəfindən Tofiq Bəhramov və Azərbaycan futbol hakimliyinə həsr edilən kitabça çap edilib. Həmçinin, fərqli regionlarda (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Lerik, Quba, Şəki) seminar və görüşlər keçirilib.
Seminarlarda ictimai birliyin sədri, ekspert Gülağa Cabarov və layihə rəhbəri Rauf Cabarov tərəfindən maraqlı məruzələr təqdim edilib. Məruzələrdə Tofiq Bəhramov və müasir futbol hakimliyi, idmanda liderlik, futbol oyun qaydalarının maraqlı məqamları müzakirə edilib. "Tofiq Bəhramov - 100" kitabçasının təqdimatı olub. Oyun qaydaları üzrə viktorina keçirilməklə qalib şəxslərə mükafatlar təqdim olunub.
Qeyd olunan layihənin əsas məqsədi Azərbaycan futbolunun tarixi şəxsiyyəti Tofiq Bəhramovun xatirəsini yad etməklə yanaşı futbol hakimliyi peşəsini cəmiyyətdə təbliğ etmək olmuşdur.
Qeyd olunmalıdır ki, “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyi tərəfindən il ərzində “Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” layihəsi ilə yanaşı bir sıra silsilə tədbirlər də həyata keçirilib. Dahi hakimin xatirəsinə “Fair Play Matçı” və “Tofiq Bəhramov – 100” adlı minifutbol turniri təşkil edilib.







