Tofiq Kazımovun həyat yoldaşı: Ərimin KQB də işləyən qardaşı demişdi, Səməd Mənsurun kitablarını yandırın MÜSAHİBƏ
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Əməkdar memar Rəna Əfəndizadə APA-nın “Əsrin yaşıdı” layihəsində
Layihənin doqquzuncu yazısı
Dosye: Rəna Əfəndizadə 1929-cu ildə Bakıda anadan olub. 1954-cü ildə Moskva Memarlıq İnstitutunu bitirib. 1963-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda işləməyə başlayıb. 1989–1998-ci illərdə şəhərsalma və müasir memarlıq şöbəsinə rəhbərlik edib. Uzun müddət Azərbaycan Memarlar İttifaqının idarə heyətinin üzvü olub. Şair Səməd Mənsurun oğlu, Xalq artisti rejissor Tofiq Kazımovun həyat yoldaşıdır.
Təsəvvür edin, 96 yaşlı bir xanıma tərəddüdlə zəng edirsən, telefonu özü açır. Müsahibə götürmək istədiyini deyirsən, “yox” cavabını eşitmirsən. Və sən razılığın sevinci içində avtomobilə minib şəhərin mərkəzindən xeyli aralıda yerləşən bir dənizkənarı qəsəbədəki bağ evinə tələsəndə təkcə məsafə qət etdiyini düşünmürsən, sənə elə gəlir, zaman maşınına minib bir əsr geriyə qayıdırsan. İndicə girdiyin evin ortasındakı yumşaq divanda oturub sənlə görüşə hazırlandığı bəzəkli görkəmindən sezilən müsahibini görəndə isə birlikdə çıxacağınız bu səyahətdə maşınınızın yaddaş trübulanslarına, zaman çalalarına, xatirə burulğanlarına düşmə ehtimalı səni heç vəchlə qorxutmur. Səbəblər çox olsa da, xətircamlığın üçün sənə biri bəs edir: Yanında gözəl bir xanımın varlığı...
- Rəna xanım, siz rusca da danışa bilərsiniz, azərbaycanca da. Mən özüm...
- Tərcümə eləyəcəksən?
- Onsuz müsahibə Azərbaycan dilində çıxacaq.
- Çalışaram Azərbaycan dilində danışım.
- Sizə necə rahatdırsa, o cür danışın. Çoxdandı müsahibə vermirsiniz?
- Necə?
Sualı rusca təkrarlayıram. Azca pauza verir.
- Bir az bərk danış (gülür), eşitmirəm. Stulu yaxına çək.
Kreslonu yaxına çəkib yerimi rahatlayıram.
- Deyirəm, çoxdan müsahibə vermirsiniz?
- Bir dəfə vermişəm.
- Rəna xanım, mənə ailənizdən danışa bilərsiniz? Atanızın adı Mahmud olub.
Cavab verməyini gözləmədən sualın davamını gətirirəm.
- Həkim idi?
Rəna xanım asta-asta danışır.
- Həkim idi... Anam da həkim idi. İkisi də diş həkimliyini oxuyublar, orda da tanış olub evləniblər. Xülasə, ikisi də həkim olub. Özü də Zevin küçəsində yaxşı bir evdə, Natəvanın heykəlinin qarşısındakı dördmərtəbəli binada yaşayıblar.
- Uşaqlığınızı tez-tez xatırlayırsınız?
- Əlbəttə, xatırlayıram.
- 29-cu ildə Bakıda anadan olmusunuz.
- Bəli, 29-cu ildə Bakıda, noyabr ayında anadan olmuşam.
- Həmən vaxtlar Azərbaycan SSR yeni-yeni yaranırdı. Gündəlik həyat necə idi, nələr baş verirdi?
- Bilirsiniz, mən elə bir ailədə böyümüşəm, heç vaxt darlıq çəkmirdik, yemək-içmək var idi. Bizimlə üzbəüzdə böyük univermaq var idi, kinoteatrdan sonra. Orda hər şey satırdılar: hər cür kolbasalar, pendirlər. Hər nə istəsən var idi. Pul çətin idi. Evin aşağısında “İnturist” var idi, orda qızılı pula dəyişdirə, sonra gedib al-verini edə bilərdin.
- Atanız dediniz diş həkimi idi, qazancı yaxşı olardı. Bir uşaq olmusunuz?
- Yox, məndən kiçik qardaşım da vardı. Bir dənə də böyük qardaşım Leninqradda yaşayırdı.
- O illərin ən çətin hadisələrindən biri 37-nin repressiyası idi. Yadınızda qalıb?
- Yadımdadır. 37-ci ildə hamı qorxurdu ki, gecə gəlib qapını döyərlər, kimisə apararlar. Bizimlə üzbəüzdə bir tatar ailəsi yaşayırdı. Çox mədəni ailə idi. Mənim yadımdadır ki, evin sahibi qəşəng kişi idi, pensnedə gəzirdi (gülür), mənə qəribə gəlirdi.
- Krım tatarı idi?
- Aha, Krım tatarı idi. Hə. Gəlib kişini apardılar.
- Bəkir Çobanzadə deyildi?
- Yox.
- Tanıyırsınız da, Krım tatarı olub, böyük dilçi alim idi. 37-də tutularaq güllələnib.
- Tanıyırdım, yox, o deyildi. Başqası idi.
- Sizin gözünüzün qabağında gəlib apardılar?
- Gözümün qabağında yox, gecə. Onun oğlu var idi. Mənimlə yaşıd idi. Bir də qızı. Qız bizdən böyük idi.
- Sizdə qaldılar?
- Yox. Evin arxasında həyət tərəfdə veranda var idi, verandanın axırında da mətbəx. O mətbəxdə bunların xalaları yaşayırdı. Apa deyirdilər ona. Evi müsadirə elədilər, uşaqlar onun yanına mətbəxə köçdülər.
- Sizin atanızın tutulmaq qorxusu var idi?
- Hə, var idi. Mənim yadımdadır ki, Cümşüd adında yaxın bir qohumumuz var idi. Atam Bulvarda gəzəndə Cümşüdə deyirmiş ki, başıma bir şey gəlsə, uşaqlardan muğayat olarsan (gülür). Əlbəttə, Cümşüd razılıq vermişdi. Çünki atam çar vaxtında zabit olmuşdu və çar ordusunda xidmət eləmişdi. Buna görə də qorxurdu ki, onu həbs edərlər.
- Siz bolşevizmə inanırdınız?
- Bilirsiniz, biz uşaq idik, əlbəttə, heç nəyə inanmırdıq və valideynlərimizdən sarı qorxurduq.
- O vaxtı Hüseyn Cavidi, Əhməd Cavadı, Müşfiqi şəhərdə heç görmüşdünüz? Tanıyırdınızmı?
- Yox, görməmişəm.
- Düzdür, uşaq idiniz. Onlar həbs edilən vaxtı 8 yaşınız vardı. Amma küçədə-bayırda görə bilərdiniz.
- Onları tanıyırdım, amma görməmişdim. Başlarına gələn işlərdən də yaxşı xəbərim var idi. Hamı da bilirdi. Hüseyn Cavidlə bağ qonşusu idik.
- Bağınız harada idi?
- Mərdəkanda. Bir vaxt gördük ki, Hüseyn Cavid gərək ki, özünü asmışdı.
- Yox, onu həbs edəndən sonra Sibirə sürgün etmişdilər.
- Hə?
- Siz yəqin onu filosof Heydər Hüseynovla səhv salırsınız. Heydər Hüseynov intihar etmişdi.
- Hə, düz deyirsiniz. Dəqiq.
Divanın üstünə düzülmüş şəkillərdən birini göstərirəm.
- Bu şəkildəki kimdir?
- Mənim anamdır. Çərkəzi paltarda. Yanındakı da rəfiqəsidir.
- Təxminən neçənci ildə çəkilib?
- Yəqin ki, 27-28-ci il olar. (Başqa bir şəkli göstərir) bu da yoldaşımdı, Tofiq Kazımov.
- Nə vaxt tanış olmuşdunuz?
- Mən Moskva Memarlıq İnstitutunu bitirib Bakıya gəlmişdim, o da Moskvada oxumuşdu. Bu kitabda (stolun üstündə açıq kitabı göstərir) hər şeyi yazmışam.
- Mənim o kitab barədə məlumatım yoxdur, yaxısı budur, siz bizə hər şeyi danışın.
- Anam diş poliklinikasında işləyirdi. Poliklinika Kirov prospektində yerləşirdi. Orda onunla Paşa dayı dediyim bir adam da işləyirdi. Mənim artıq 24-25 yaşım var idi. Anam elə istəyirdi ki, mən ərə gedim, mənsə gedə bilmirdim (gülür).
- Bəyənmirdiniz heç kəsi?
- Bəyənmirdim. Mamanın rəfiqələrinin oğlanları vardı. Anam mənə deyirdi ki, niyə yox deyirsən, bir bax, maraqlan. Bir dəfə razılaşdım. Mamanın rəfiqələrindən birinin oğlu ilə görüşüb Mustafayev muzeyinə (Azərbaycan Milli İncəsənət Muzeyi – M.A.) getdik. O rəsmlərə baxa-baxa başladı deməyə ki, bunun ayağı neyçün belədir, o biri nə bilim nədir, nəsə əsərlərin hamısını tənqid elədi. Sonra muzeydən çıxdıq. Kommunist küçəsi ilə aşağı düşürük. O tüpürdü küçəyə. Mən (gülür) lap özümdən çıxdım.
- Başa düşdünüz ki, sizin babınız deyil.
- Bəli. Anama dedim ki, o adam mənə heç uyğun gəlmir. Amma bu Paşa dayının bir qohumu vardı. Mən onda Azqosproyektdə ("Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu – M.A.) işləyirdim. 28 Aprel küçəsi ilə Kirov prospektinin kəsişməsində yerləşirdi. O Paşa dayı bir dəfə qohumu ilə gəldi ora, məni qapıya çağırdı. Mən qorxdum ki, yəqin anama nəsə olub. Gördüm o dayanıb, yanında da cavan bir oğlan. Dedi, Rəna xanım, qorxmayın, heç nə olmayıb, hər şey yaxşıdır. Sadəcə mən sizi bu cavan oğlanla tanış etmək istəyirdim. Mən dedim ki, lap yaxşı. Gördüm adi oğlandır. Hətta yaraşıqlı da deyil.
Bu vaxt Rəna xanımın bayaqdan gəlib divanda oturmuş qızı Lalə Kazımova dözməyib müdaxilə edir.
Qızı: Niyə yaraşıqlı deyildi? Lap yaraşıqlı idi.
Rəna xanım qəhqəhə çəkir.
- Atasını qoruyur.
- Aha, sonra nə oldu?
- Sonra o anamdan icazə istədi ki, bizə qonaq gələ bilərlərmi? Anam dedi, gəlin. Nə isə. Onlar bizə gəldilər. Mən çox təəccübləndim. Tofiq çox maraqlı, ağıllı danışırdı. Sonra pianinonun arxasına keçdi. Gördüm pianinoda da çalmağı bacarır. Sadəcə sol əli bir az axsayırdı.
- Bir barmağı deyəsən, yox idi?
Lalə xanım: Var idi, sadəcə müharibədə əlinə güllə dəymişdi.
- Hə, o mənə dedi ki, müharibədə əli yaralanıb. Lakin o mənim xoşuma gəldi, çünki çox səmimi insan idi...
- Toy qısa vaxtda oldu? Yoxsa üstündən uzun müddət keçdi?
Cavab vermir. Bir də təkrar edirəm. Bir də.
- Yoox, Tofiq məni “Azdrama”ya tamaşaya dəvət etdi. Özünün qoyduğu tamaşa deyildi, başqasının idi. “Qar qızı” adlanırdı. Məni lap axırıncı cərgədə otuzdurdu. Mənim yadımdadır ki, o vaxt Sadıq Şərifzadə adlı rəssam vardı. Tofiq Sadıqı çağırdı, Sadıq gəldi, mənimlə tanış oldu. Sonra Tofiqə dedi ki, bu lap uşaqdır ki, sən bunu hardan tapmısan? (gülür)
Qızına sarı dönürəm:
- Aralarında yaş fərqi çox idi ki?
Lalə xanım: Mamam 29-un axırı idi, papa isə 23.
- Altı yaş.
- Hə. Tofiq mənə deyir ki, sən heç dikdaban geyinmirsən? Mənsə daha çox sandal geyinirdim. Ona dedim, gedirik Bulvara, orda dikdabanla necə gəzim? Sandallarda rahat gəzirəm.
- Tofiq atasıgildən, ailəsindən nəsə danışırdı?
- Bilirsiniz, mən Tofiqin anası ilə yaxşı tanış idim. Tofiqlə anası 1 May küçəsində yaşayırdı. Tofiqin atasının teatrda xüsusi lojası var imiş. O vəfat edəndən sonra həmən lojanı Tofiqin anası və özü üçün saxlamışdılar, Yaxşı xanım gəlsə, baxsın.
Qızı: Loja köhnə Tağıyev Teatrında, indiki Musiqili Teatrda (Azərbaycan Dövlət Akademik Musiqili Teatrı – M.A.) idi.
- Yaxşı xanım da Tofiqi tez-tez tamaşaya apararmış.
- Tofiqgil neçə uşaq olublar?
Qızı: Yaxşı nənəm Səməd Mənsurun ikinci həyat yoldaşı idi. Əvvəlki arvadından bir qızı, bir oğlu vardı. O qız heykəltəraş Elmira Hüseynovanın anası idi. Mənim bibim. İkinci arvaddan isə Əkrəm və Tofiq olub. O da lap gənc yaşlarından Böyük Vətən müharibəsinə gedib qayıtmayıb. Adı itkin düşənlərin siyahısındadır. Atadan da iki yaş kiçik idi.
- Onda Səməd Mənsurun birinci arvaddan bir oğlu, bir qızı olub, Yaxşı xanımdan da iki oğlu - Əkrəm və Tofiq?
Qızı: Bəli. Amma nənəm onların hamısını öz uşaqları kimi böyüdüb.
- Siz nənənizi görmüsünüz? Səməd Mənsurdan nə danışırdı?
Qızı: Əfsuslar olsun ki, Səməd Mənsurdan heç nə danışmırdı. Çünki o zaman onun adı qadağan idi. Heç papa da onun haqqında danışmırdı. Onun barəsində ilk dəfə Anar danışıb və balaca şeir kitabını çıxarıb.
- O kitab çıxanda Tofiq Kazımov sağ idi?
Qızı: Ana, o kitab çıxanda ata sağ idi? Ata o kitabı görmüşdü?
- Yox, görməyib, ondan sonra çıxıb. Tofiqgilin evində atasının kitabları və farsca yazılmış xeyli kitab vardı. Böyük qardaşı o vaxtı KQB-də işləyirdi. Tofiqə deyibmiş ki, bu kitabları yox edin. Bunlar başımıza oyun açacaq. Tofiq də o kitabları yandırmayıb, aparıb Əlyazmalar İnstitutuna təhvil vermişdi. Tofiqdə Səməd Mənsurun şeirləri olan bir dəftər qalmışdı.
Qızı: Deyəsən əlyazma deyildi, çap məhsulu idi, çünki atam bizə göstərmişdi.
- Səməd Mənsurun Tofiqə yazdığı “Vəsiyyət” şeiri var, onun əlyazması durur?
- Yox, qalmayıb, nə varsa, Əlyazmalar İnstitutundadır.
- Bu söhbət düzdür? Müharibə illərində tutulmaqdan qorxan bir nəfər Tofiqgilin qapısının yanından keçəndə əlindəki qır-qızılla dolu bağlamanı onların həyətinə atır. Tofiqin anası bağlamanı götürsə də, müharibə bitənə qədər ona toxunmur. Sonradan həmin adam onlara gəlir və Yaxşı xanım bağlamanı olduğu kimi ona qaytarır.
- Bəli, belə hadisə olub. Onların evi birinci mərtəbədə idi. Dalandan keçən kimsə bağlama atmışdı. Yaxşı xanım bağlamanı götürür, görür içi qır-qızıldı. Hamısını gizlədir. Müharibədən sonra kimsə gəlib dedi ki, bura atılan şeylər durur? Yaxşı xanım da hamısını qaytardı.
- O ağır illərdə, ehtiyac içində yaşaya-yaşaya ordan özünə heç nə götürmədi?
- Mən qızılları qaytaranda orada olmuşam. Heç nə götürmədi. Yaxşı xanım Tofiqi çox istəyirdi. Oğlu Əkrəm də on altı yaşında qaçıb müharibəyə gedib itkin düşmüşdü deyə Tofiqə çox bağlı idi.
- Tofiq müəllim müharibə xatirələrini danışırdı?
- Bunlara danışırdı (qızını göstərir).
Qızı: Hə, danışırdı. Atamın sadəcə bəxti gətirir ki, əlindən və ayağından yaralanır, müalicə üçün geri göndərilir.
- Rəna xanım, Tofiq müəllim teatr sahəsində yenilikçi, novator sənətkar kimi tanınırdı. Yenilikçilərin isə düşməni həmişə bol olur. Tofiq Kazımovun da həmçinin. Bu gərginlik onun şəxsi həyatına, psixologiyasına necə təsir edirdi?
- O həmişə öz teatrının olmasını istəyirdi. İki-üç dəfə ərizə də yazmışdı. Məndə o ərizələrin nüsxələri qalıb. Ancaq onun bu arzusu həyata keçmədi. Bilirsiniz, qoca aktyorlar oynamaq istəyirdilər, Tofiq də onlara rol vermirdi, onlar da çox tanınmış aktyorlar idilər, inciyirdilər.
- Kimlər idi o qocaman aktyorlar?
- Ağasadıq Gəraybəli, başqaları.
Qızı: Mən bilmirəm rol vermədiyi yaşlı aktyorlar kimlər idi, amma İsmayıl Dağıstanlı və başqaları papanın tamaşalarında oynayırdılar.
- Verirdi, sadəcə cavanları daha çox oynadırdı. Yaşlı aktrisa Ofeliyanı oynamaq istəyirdi, o da qoymurdu, onun yerinə cavanlardan Amaliyanı, Şəfiqəni tapıb oynadırdı.
- Amaliya xanımı elə “Sən həmişə mənimləsən”, “Unuda bilmərəm” kimi tamaşalarla təqdim edən də Tofiq Kazımov olmuşdu.
- Elədi.
- Siz premyeralara tez-tez gedirdiniz?
- Bilirsiniz, Tofiq ictimai baxışa heç kəsi qoymurdu. Mən çox istəyirdim, qoymurdu. Heç məşqlərə də qoymurdu. Mənim yadımdadır, bir dəfə “Ölülər”in ictimai baxışına getmişdim. Tamaşanı çox tənqid elədilər. Qara Qarayev durdu və Tofiqi müdafiə elədi.
- Bəlkə də qohumluğun təməli elə orada atılıb.
- (Gülür). Yox, o sonra oldu.
Üzümü qızına tuturam.
- Siz ailə quranda Tofiq müəllim sağ idi?
Qızı: Yox.
- Həmən ictimai baxışda yaşlı aktyorlardan biri ayağa qalxıb dedi ki, meşədə ağacları kəsəndə taxta qırıntıları uçuşur. Ona görə də xırda-para şeylərə fikir vermək lazım deyil. “Ölülər” çox yaxşı tamaşa idi.
Qızı: Onun bütün tamaşaları əvvəlcə tənqidə məruz qalırdı, sonra sevilirdi. Çünki avanqard heç vaxt dərhal qəbul olunmur.
- Rəna xanım, siz onu gənc aktrisalara qısqanırdınız?
- (Gülür) əlbəttə qısqanırdım. Tofiq deyirdi, Allaha dua edirəm, yaxşı ki, heç kəs teatrdan sənə zəng eləyib nəsə demir.
- Buna baxmayaraq, şayiələr sizə gəlib çatırdı?
- Yox, heç kəs mənə heç nə demirdi.
- Bəs siz ona inanırdınız?
- Əlbəttə inanırdım. Çox təmiz ürəkli adam idi. Tofiq öləndən sonra “Azdrama” Moskvadan teatr rejissorlarını dəvət etməyə başlamışdı. Bir də Efrosu (Anatoliy Vasilyeviç Efros- sovet rejissoru – M.A.) dəvət edirlər ki, teatrın baş rejissoru olsun. Efros deyir ki, Tofiq Kazımovun teatrında mən necə baş rejissor ola bilərəm, mümkün deyil. O, razılaşmayıb. Onlar bir yerdə oxumuşdular.
- Bizimkilərdən kimlərlə dostluq edirdi?
- Tahir Salahovla, Qara Qarayevlə, Emin Sabitoğlu ilə dostluq edirdi. Emin bizim evdə tez-tez olurdu. Bəxtiyar Vahabzadə, Əli Zeynalov, Tofiq Quliyev də bizə tez-tez gəlirdi, qonşuyduq. Sonra məşhur violonçel ifaçısı vardı.
- Rostropoviç?
- Rostropoviç öz yerində... Sabir Əliyev... Tofiq onunla dost idi.
- Rostropoviçlə uşaq vaxtından bir-birlərini tanıyırdılar?
- Uşaq vaxtı yox, amma sonradan tanış olmuşdular. Tofiq Sabirlə dostluq edirdi. Sabir xəstə idi. Onurğasında problem var idi. Sağ olsun ki, Rastropoviç onun müalicəsinə kömək edirdi. Rostropoviç Bakıya gələndə təbii ki, Sabirgilə baş çəkirdi, bizdə onlarla qapı qonşu idik. Belə tanış olmuşduq. Onun Bakıda konserti olanda biz həmişə gedərdik. Rostropoviç mənim, Tofiqin xətrini çox istəyirdi. Tofiq səhər tezdən Rostropoviçi xaş yeməyə aparırdı.
- Tofiq müəllimin deyəsən içki ilə arası yaxşı imiş, son vaxtları lap çox içirmiş.
Qızı etiraz edir: Yox, adi qaydada içirdi, son vaxtlar isə ümumiyyətlə içmirdi.
Necə? – Rəna xanım soruşur.
Qızı: Soruşur ki, içki ilə arası necə idi?
- Hamı kimi içirdi. Axır vaxtlar isə ümumiyyətlə süd içirdi.
- Avtomobil qəzasına harada düşmüşdü?
Qızı: Biz Göygölə pansionata gedirdik. Əslində çox cavan getdi, 56 yaş nə yaşdır!
- Göygölə gedirdik, hə.
- Maşında siz də var idiniz?
Qızı: İki maşın gedirdik. Biz və dayım öz ailəsi ilə.
- Yaxşı ki, mən dedim, gəl, uşaqlar bir maşında getsin, biz bir.
Qızı: Yaxşı ki, qəzadan bir on beş dəqiqə qabaq mənimlə rəfiqəm keçdik dayımın maşınına, dayımla dayım arvadı bizim maşına gəldi. 15 dəqiqə sonra qəza baş verdi.
- Təkcə atanız öldü?
Qızı: Bir də sürücü.
- Tofiq yazıq ayağının arasında bir şüşə süd aparmışdı ki, mən araq içməyəcəm, süd içəcəyəm.
Rəna xanım susur, heç birimiz dinmirik. Gözləyirəm, bulaq yerin təkindən fışqıran kimi xatirələr özü car olsun.
Tofiqin yeməkdən qabaq bir qədəh konyak içməyi vardı. Mən də fikirləşirdim ki, konyaka çay qatsam anlamayacaq çaydır, ya nədir (gülür). Bizdə də tyotya Maniya adında xidmətçi var idi. Bir də görürdüm Tofiq mənə deyir ki, o tyotya Manya vurandı ha, onu qovala. Dedim nə danışırsan, qoca arvaddır, nə vurmaq? Dedi hə, görürəm, konyakı içib yerinə çay süzür (gülür). Sən demə, bu bilib ki, mən konyakın yerinə şüşəyə çay tökmüşəm. Axırda boynuma aldım. Onun həmişə otağında konyakı olardı.
- Tofiq müəllimlə bağlı başqa nə xatırlayırsınız?
Yenə susqunluq. Yenə növbəti xatirə burulğanı... Mən yenə də gözləyirəm...
- Tofiq heç yerə getməyi istəməzdi. Qohumların ad günü, ya hansısa tədbir olurdu, o, evdə qalmağa üstünlük verərdi. Deyirdi mən sizin üçün evdə “Ləzginka” oynayım, əylənim, amma heç yerə getməyim (gülür). Mənim yadıma gəlir. Kinoteatrlara yaxşı filmlər gəlirdi. Deyirdim, Tofiq, gedək də, deyirdi yox. Axırı bir dəfə Fellininin filmi gəlmişdi, ona dedim gedək, dedi hə, gəl, gedək.
- Rəna xanım, bayaqdan sizə fikir verirəm, nəyi unutsanız da küçə adları yadınızda çox yaxşı qalıb. Heç birini unutmamısınız. Yəqin bu memar olmağınızla əlaqədardır?
Qızı: Anamın yaddaşı yaxşıdır.
- Beynim yaxşı işləyir (gülür).
- Bakıda sizin layihələndirdiyiniz evlər çoxdur?
- Moskva prospektində (Heydər Əliyev prospekti – M.A.) mənim layihəm əsasında tikilmiş iki bina var. O vaxt bu binaların layihələrini hazırlayanda məni “Qosstroy”a çağırıb dedilər ki, layihənin burasını belə elə, orasını yığışdır. Mən də hirsləndim, ordan çıxıb Mikayıl Useynovun yanına gəldim. Həmən ərəfədə də Elmlər Akademiyasının binasının qırmızı qranit sütunlarını qoyurdular. O dedi ki, bura bax, bu sütunlar artıq hazırdır, amma deyirlər yığışdır. Sən nə danışırsan? İndi elə zəmanədir ki, nə deyirlərsə, razılaşmalısan. Özü də Elmlər Akademiyasının yuxarısında qüllələr olmalı imiş. Ona icazə verməyiblər qüllələri ora salsın. Neçə illər keçəndən sonra Mərkəzi Komitədən zəng vurub məndən xahiş elədilər ki, sizdə onun şəkli var? Dedim var, məndən istədilər, dedilər bəlkə tikdik. Onlara dedim ki, bina artıq hazırdır, necə tikəcəksiniz? Yəni belə kazuslar çox olub.
- Rəna xanım, bütün ilboyu burda bağda qalırsınız, yoxsa mərkəzə gedirsiniz?
- Hərdən-birdən gedirəm.
- Axırıncı dəfə mərkəzdə nə vaxt olmusunuz?
- Yadımda deyil.
Qızı: Yəqin ki, bir il qabaq ad günündə olub.
- Yəqin ki.
- Bakı sizin uşaqlığınızdan bu yana çox dəyişib.
- Mənim dostum Rəhim Seyfullayev (Əməkdar memar – M.A.) Bakını çox dəyişdirdi. O çox yaxşı memardır. Birincisi keçmiş Parapetdəki kol-kosu yığışdırdı, orada Fəvvarələr meydanını yaratdı.
- Deməyim odur, təxmini götürsək, Bakı sizin yaşadığınız 96 il ərzində olduqca çox dəyişib. Sizə şəhər kimi, nostalgiya kimi hansı dövr daha doğmadır?
- 60-cı illəri mənə daha çox doğmadır.
- 96 yaşlı bir bakılıya bu müasirlik doğma gəlirmi? İndiki qızların estetik əməliyyatlara aludəçiliyi kimi Bakı da bu qədər estetik eksperimentlərlə öz görkəmindən çox şey itirməyib ki?
- Yox, Bakı heç nə itirməyib. Bakı daha gözəl olub. Çoxları düşünür ki, Bakı başqa cür idi. Mənsə düşünürəm ki, yox, Bakı əksinə gözəlləşib.
- Rəna xanım, bir qızınız var?
- Yox, iki.
- Bəs bu şəkillərdəki kimidir?
- Bu Qara Qarayevin qızı Züleyxadır, bu Lalənin qayınanasıdır, bu mənim böyük nəvəm...
- (Qucağında körpə tutan qadın şəklini göstərirəm) bəs bu?
- Mən. Baxma, cavanlıqda çox gözəl idim (gülür).
- İndi də çox gözəlsiniz. (Təzədən kollektiv şəkli göstərirəm) dediniz bu xanım Əbülfəs müəllimin (keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev – M.A.) anasıdır.
- Aha.
- Əbülfəs müəllim kürəkən kimi necədir?
- Çox yaxşı. Xeyirxahdır. Əbülfəs mənə oğul kimi olub. Neçə ildir onlarla yaşayıram. Əvvəllər onların evləri yox idi, mənim evimdə yaşayırdılar, sonra onların evləri oldu, mən onlarla yaşamağa başladım. Yoxsa təsəvvür edə bilmirəm ki, tək-tənha necə yaşayardım.
- Tofiq müəllim rəhmətə gedəndə neçə yaşınız vardı?
- Əlli.
İstəyirəm soruşum ki, nə əcəb Tofiq Kazımov öləndən sonra ərə getmək barədə fikirləşməyib? Ancaq eşidəndə ki, o, öləndə Rəna xanımın əlli yaşı varmış, tez sözümü dəyişirəm.
- Qırx beş il onsuz. Çox çətin oldu onsuz yaşamaq?
- Çox.
- Nə arzunuz var?
- Bir dənə arzum var ki, hamı sağ olsun, mən də onların içində (gülür).
- Kimləri tez-tez nəyi xatırlayırsınız?
- Eh... (Uzun pauza) düşünürəm ki, gəlsənə bir dənə də kitab yazım. Mən beş kitab yazmışam. Axşamlar vaxtım olur.
- Nəylə bağlı olacaq?
- Yəqin memarlıqla.
- Amma demədiniz kimləri daha çox xatırlayırsınız.
- Tofiqi çox xatırlayıram. Bir də qardaşımı arzulayıram. İki il əvvəl ölüb.
Bayaqdan Rəna xanım danışdıqca istəyirəm araya salıb saçlarının gözünə düşdüyünü deyəm. Düzü bir az utanır, bir az da çəkinirəm. Görəsən, bu cığa telləri Tofiq müəllim neçə dəfə oxşayıb? Görəsən, bu sulu gözlər onsuz keçən neçə tənha gecənin nişanəsidir? Soruşmuram. Əvəzinə zaman maşınını keçmişin küçələri ilə səyridirəm... Ayağı sandallı nazlı bir qız barmaqları arasında siqaret tutmuş yaraşıqlı bir oğlana qısılıb, indicə teatrdan çıxıblar, Balaxanskaya küçəsi ilə vağzala sarı gedirlər...
Bu da qos-qocaman bir ömrü ifadə edən növbəti tablo, növbəti şəkil...
Foto: İlkin Nəbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 23 Dekabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















