Torpaq təqvimində səpin mövsümü
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yazlıq əkinlər məhsul bolluğunun özülüdür
Ölkədə məhsul bolluğuna nail olunması bitkilərin əkininin vaxtında başa çatdırılmasından, eləcə də aqrotexniki qulluğun düzgün aparılmasından çox asılıdır. Bu səbəbdən də ölkə fermerləri və fərdi təsərrüfat sahələrinin rəhbərləri yazlıq bitkilərin əkininin optimal müddətdə aparılması üçün ilin əvvəlindən başlayaraq, bütün imkanları səfərbər ediblər. Məhz onların səyi nəticəsində ötən müddətdə sahələrdə kifayət qədər dənli və dənli paxlalı bitkilər, şəkər çuğunduru, kartof, tərəvəz və bostan bitkiləri əkilib.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-mart aylarında ölkə üzrə cari ilin məhsulu üçün 122 min 164,2 hektar sahədə yazlıq səpin aparılıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 624 hektar və ya 0,5 faiz çoxdur. Cari ilin ilk rübündə ölkə üzrə 18 min 894,9 hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız) əkilib. Bu isə ötən ilin müvafiq dövrünün səviyyəsini 1218,9 hektar və ya 6,9 faiz üstələyib.
Hesabat dövründə 93,1 hektar sahədə buğda, 5 min 924,8 hektar sahədə isə vələmir əkilib. Bu ilin mart ayından etibarən ölkə üzrə qarğıdalı əkininə başlanılıb. Ay ərzində 5 min 76,4 hektar sahədə toxum səpilib ki, bunun da 5 min 53,4 hektarını dənlik qarğıdalı təşkil edib. Bu sahədə əvvəlki ilin eyni dövrünə nisbətən müvafiq olaraq 70 faiz və 69,3 faizlik artım qeydə alınıb. Bununla yanaşı, yanvar-mart aylarında 3 min 75,5 hektar sahədə dən üçün günəbaxan əkilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artım deməkdir.
Mövsüm ərzində sahələrdə şəkər çuğunduru, pambıq, kartof, tərəvəz, bostan bitkiləri, eləcə də birillik otların əkini də davam etdirilib. Hesabat dövründə cari ilin məhsulu üçün 26 min 110,1 hektar sahədə kartof, 26 min 877 hektar sahədə tərəvəz, 3 min 891,4 hektar sahədə bostan bitkiləri əkilib. Ötən ilin ilk üç ayı ilə müqayisədə kartof və tərəvəz bitkilərinin əkinində cüzi azalma qeydə alınsa da, bostan bitkilərinin və şəkər çuğundurunun əkini müvafiq olaraq 12,1 faiz və 15,7 faiz artıb. Eyni zamanda, mart ayında havaların əlverişli keçməsi pambıq əkininə də erkən başlamağa imkan yaradıb. Məhz bunun nəticədir ki, ay ərzində 151 hektar sahədə çiyid səpini aparılıb.
Ölkədə heyvandarlığın yem bazasının artırılması aqrar sektorun qarşısında duran mühüm məsələlərdəndir. Bu səbəbdən də fermerlər və fərdi təsərrüfat sahibləri yem bitkilərinin əkinini optimal müddətdə başa çatdırmağa çalışırlar. Cari ilin birinci rübündə 3 min 891,4 sahədə birillik otlar əkilib. Bununla yanaşı, keçən ilin payızlıq əkini də nəzərə alınmaqla bu ilin kölgəliksiz çoxillik otların sahəsi 33 min 84,2 hektara qədər genişləndirilib.
Yazlıq bitkilərin bölgələr üzrə əkininə gəldikdə isə, bu sahədə ən böyük artım Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Belə ki, yanvar-mart aylarında adıçəkilən iqtisadi rayon üzrə 1055,1 hektar sahədə əkin aparılıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə artım deməkdir. Hesabat dövründə Naxçıvan Muxtar Respublikası (29,7 faiz), Quba-Xaçmaz (27,8 faiz), Şirvan-Salyan (17,4 faiz), Dağlıq Şirvan (15,6 faiz) və Gəncə-Daşkəsən iqtisadi rayonlarında da yazlıq bitkilərin əkinində əhəmiyyətli artım qeydə alınıb.
Yanvar-mart aylarında dənli və dənli paxlalı bitkilərin əkini üzrə ən yüksək artım isə Şərqi Zəngəzur iqtisadi rayonunda (52,2 dəfə) müşahidə olunub. Bununla yanaşı, cari ilin ilk rübündə Qazax-Tovuz (52,7 faiz), Dağlıq Şirvan (41 faiz), Quba-Xaçmaz (23,8 faiz) və Şirvan-Salyan (13,9 faiz) iqtisadi rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasında (10,8 faiz) da bu növ bitkilərin əkinində artım baş verib. Hesabat dövründə muxtar respublikada və Şərqi Zəngəzur iqtisadi rayonunda daha çox yazlıq buğda əkini aparılıb.
Qarğıdalı (dən üçün qarğıdalı da nəzərə alınmaqla) əkininə gəldikdə isə, ilin ilk üç ayında Naxçıvan Muxtar Respublikasında (80,4 dəfə), eləcə də Quba-Xaçmaz (84,2 dəfə), Şirvan-Salyan (16 dəfə) və Qarabağ (12,5 dəfə) iqtisadi rayonlarında daha çox artım qeydə alınıb. Hesabat dövründə dən üçün günəbaxan əkinində isə ən yüksək artım Qarabağ (2,5 dəfə), Gəncə-Daşkəsən (2,4 dəfə), Qazax-Tovuz (78,5 faiz) və Mərkəzi Aran (15,8 faiz) iqtisadi rayonlarında qeydə alınıb.
Qeyd etdiyimiz kimi, cari ilin yanvar-mart aylarında ölkədə şəkər çuğunduru əkinində artım qeydə alınıb. Şirvan-Salyan (782,5 hektar), Qarabağ (208 hektar) və Gəncə-Daşkəsən (144 hektar) iqtisadi rayonlarında isə əvvlki illə müqayisədə daha yüksək göstəriciyə nail olunub.
Bu ilin ilk üç ayında ölkə üzrə kartof əkinində azalma baş versə də, Abşeron–Xızı, Şirvan-Salyan, Şərqi Zəngəzur və Dağlıq Şirvan iqtisadi rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasında bu sahədə artım qeydə alınıb. Hesabat dövründə ən çox əkin ölkənin böyük kartofçuluq rayonlarından olan Şəmkirdə (5002 hektar), Tovuzda (3821,3 hektar) və Cəlilabadda (2900 hektar) həyata keçirilib.
Yanvar-mart aylarında ölkədə tərəvəz əkinlərinin sahəsi ötən ilin eyni dövrünə nisbətən azalsa da, Naxçıvan Muxtar Respublikasında, eləcə də Mil-Muğan, Şirvan-Salyan və Dağlıq Şirvan iqtisadi rayonlarında bu sahədə artım müşahidə edilib. İlin ilk üç ayında Zaqatala rayonunda 6138 hektar, Ağdamda 2273 hektar, Sabirabadda isə 1539 hektar sahədə tərəvəz əkilib. Hesabat dövründə Gədəbəy, Hacıqabul, Qazax, İmişli, Qusar və Neftçala rayonlarının fermerləri də tərəvəz sahələrini xeyli genişləndirməyə nail olublar.
Bu ilin birinci rübündə ölkədə bostan bitkilərinin əkinində qeydə alınmış artım isə, əsasən, Qarabağ, Mil-Muğan, Şəki–Zaqatala və Lənkəran–Astara iqtisadi rayonlarının hesabına baş verib. İlin ötən dövründə Neftçala, Cəlilabad, İmişli, Astara və Saatlı fermerləri daha çox bostan bitkiləri əkiblər.
Göründüyü kimi, ölkə əhalisinin yarısından çoxunun yaşadığı regionlarda sosial-iqtisadi inkişafa dair dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlərin iqtisadi səmərəsi getdikcə artır. Ötən 22 ilə yaxın müddətdə reallaşdırılan dövlət proqramları aqrar sektorda böyük canlanmaya səbəb olub. Bütövlükdə isə, son illər ölkə üzrə kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısının nəticəsi olaraq bölgələrdə aqrar sahə ilə məşğul olan fermerlərə hərtərəfli yardımlar edilir.
Fermerlərin torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi, onlara subsidiyaların ayrılması, pambıqçılıq, tütünçülük, baramaçılıq kimi əmək tutumu və gəlir imkanları böyük olan sahələrin inkişafının təşviq edilməsi, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə texnika və gübrə satışı bu qəbildən olan tədbirlərdəndir. Bununla yanaşı, mühüm növ kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilən subsidiyalar, bir sıra vergi güzəştləri, fermerlərin texnikaya, maşın və mexanizmlərə əlçatanlığının təmin edilməsi, eləcə də ölkədə aqrar sığorta mexanizminin işə düşməsi də əkin sahələrinin genişləndirilməsi üçün yaxşı imkanlar yaradır. Dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı onu deməyə əsas verir ki, bu sahədə artım ildən-ilə daha da yüksələcək.
Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış ənənəvi təsərrüfatçılıqdan bazaryönümlü əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin gücləndirilməsi hesabına rəqabətqabiliyyətli aqrobiznesi formalaşdırmağı nəzərdə tutur.
Yeri gəlmişkən, bu yaxınlarda ölkədə bəzi mövsümi kənd təsərrüfatı məhsullarının yığımına başlanılacaq. Əkin sahələrinin genişləndirilməsi və lazımi aqrotexniki tədbirlərin aparılması isə onu deməyə əsas verir ki, dükan-bazarlarda kartof və tərəvəz məhsulları bol olacaq. Növbəti aylarda isə digər kənd təsərrüfatı məhsullarının, o cümlədən dənli və dənli paxlalıların da yığımına başlanılacaq. Son zamanlar havaların nisbətən yağmurlu və mülayim keçməsi sahələrdə bol məhsulun yetişməsi üçün zəmin yaradır. Bu isə həm fermerlər, həm də alıcılar üçün müsbət haldır.


