Icma.az
close
up
RU
Trabzondan sonra Borxesi yenidən oxumaq...

Trabzondan sonra Borxesi yenidən oxumaq...

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

İnanıb maraqlanmamaq, yoxsa maraqlanıb inanmamaq?

Trabzondan qayıdandan sonra uzun müddət bir cümlə beynimdən çıxmadı:

"Abi, bu ölkədə ən ucuz şey ölməkdir".

Bu cümləni mənə mərhum dostum Salihin qardaşı oğlu Ahmet hava limanında, vidalaşarkən dedi. Bir neçə saat əvvəl isə biz Salihi Çarşıbaşının dağ qəbiristanlığında torpağa tapşırmışdıq. Dünən dostlarını yaylaqlara çağıran adam indi həmin yaylalara baxan torpağın altında yatırdı.

İnsan ömrü belə sirlidir.
Bəzən yarım əsrə sığmır, amma yarım saata torpağa qarışır.

Trabzondan İstanbula dönəndən sonra hiss etdim ki, insan dəfn mərasimindən yalnız kədərlə qayıtmır. Ölüm adamın içində köhnə sualları da oyadır. Hətta bəzən uzun illər unutduğunu zənn etdiyi sualları…

Ölüm nədir?
İnsan doğrudanmı yox olur?
"Mən" dediyimiz şey bədəndən ayrı bir şeydirmi?
Yaddaş ölümü məğlub edə bilərmi?
Və niyə insan ölüm haqqında düşünmədən yaşaya bilmir?

Yəqin elə buna görə də evə qayıdandan sonra yadıma Borxesin məşhur cümləsi düşdü:

"Katoliklər (argentinalıları nəzərdə tuturam) o biri dünyaya inanırlar, amma müşahidə etdiyim qədər, bu, onları maraqlandırmır. Mən isə əksinə: maraqlanıram, amma inanmıram".

Borxes bu sözləri ingilis xristian ilahiyyatçısı Lesli Uezerhedin "After Death" ("Ölümdən Sonra") kitabı haqqında danışarkən söyləmişdi. Amma bu cümlə əslində bir kitab haqqında deyil. Bu, Borxesin bütün daxili dünyasının qısa formuludur.

Çünki Borxesin ədəbiyyatı da, fəlsəfəsi də, metafizik təşvişi də məhz bu gərginlik üzərində qurulmuşdu:

İnsan sonsuzluğu düşünə bilir, amma ona çata bilmir;
Ölümü anlayır, amma qəbul edə bilmir;
Tanrını axtarır, amma inana bilmir.

Borxes üçün ölüm teoloji problem deyildi. O, ölümə din adamı kimi yox, labirintdə yolunu itirmiş intellektual kimi baxırdı. Onun mətnlərində ölüm "qiyamət günü"ndən çox zaman, yaddaş və şəxsiyyət problemi kimi görünür. Çünki Borxes üçün əsas sual belə idi:

"Əgər mən yox olacağamsa, onda 'mən' nə idi?"

Çünki bu sual artıq Tanrıdan çox, insanın öz varlığına yönəlirdi.

İnanan insan müəyyən mənada rahatdır. O bilir, ya da bildiyinə inanır ki, ölüm son deyil. Amma Borxesin faciəsi başqa idi: o, ölüm mövzusuna dini təsəlli ilə yox, intellektual aclıqla yaxınlaşırdı. O biri dünyanı bir mömin kimi gözləmirdi; bir yazıçı, bir metafizik səyyah kimi araşdırırdı.
Bu səbəbdən də onun mətnlərində cənnətdən çox kitabxana var.

Borxesin dünyasında əbədiyyət müqəddəs işıq kimi deyil, sonsuz dəhliz kimi görünür. "Babil kitabxanası"nı xatırlayaq. Orada kainat sonsuz kitablarla dolu kitabxanadır. İnsan isə həmin kitabxanada həqiqəti axtaran, amma heç vaxt tapa bilməyən varlıqdır.

Bu artıq dini metafora deyil, modern insanın metafizik vəziyyətidir.
Çünki müasir insan Tanrını itirib, amma sonsuzluq ehtiyacını itirməyib.
Borxesin böyüklüyü də burada başlayır.

O, inancı olmayan mistikdir.
Tanrıya inanmaq istəyən skeptikdir.
Əbədiyyətdən qorxan ölümsüzlük həvəskarıdır.

Onun "Ölümsüz" ("El inmortal") hekayəsi təsadüfən yazılmayıb. Həmin hekayədə Borxes ölümsüzlüyü insanlığın ən böyük arzusu kimi yox, ən böyük kabusu kimi göstərir. Çünki hər şey sonsuz olanda heç nəyin mənası qalmır. Zaman məhdud olduğu üçün qiymətlidir. İnsan ölümlü olduğu üçün sevir, tələsir, xatırlayır, qorxur, yaradır.

Ölümsüzlük isə paradoksal şəkildə həyatı öldürür.

Yəqin ki, elə buna görə də Borxesin mətnlərində qəhrəmanlar tez-tez labirintlərdə dolaşırlar. Çünki metafizik sualların cavabı yoxdur; yalnız dolaşması var. Borxes üçün düşünmək nəticəyə çatmaq yox, sonsuz dəhlizlərdə gəzmək idi.

Cümlədəki əsas paradoks da budur:

Argentinalı katoliklər inanırlar, amma maraqlanmırlar;
Borxes isə maraqlanır, amma inana bilmir.

Burada Borxes bir növ dini "vərdiş"ə çevrilmiş toplumla özünü müqayisə edir. Argentinada katoliklik sadəcə teoloji sistem deyil, mədəni atmosferdir. İnsanlar ölüm sonrası həyata inanırlar, amma gündəlik həyatlarında bu sirrin ağırlığını yaşamırlar. Ölüm onlar üçün iman məsələsidir; Borxes üçün isə intellektual yara.

Mən Trabzondakı cənazə mərasimini xatırlayanda bunu daha yaxşı anlayıram.

Hanife Hatun camisinin həyətini…
Salihin qardaşlarının "Vadesi geldi" deməsini…
Trabzonspor məşqçisinin "Maç bitdi" sözünü…
Musalla daşını…
Kənd uşaqları üçün aldığımız halvanı…
Dağ qəbiristanlığına qalxan dolama yolları…

Şərqdə ölüm hələ də həyatın içindədir. İnsanlar ölünü tək buraxmırlar. Onu son mənzilə qədər müşayiət edirlər. Ölüm burada fərdin çiyninə yüklənmir – kollektiv daşınır, kollektiv həzm edilir. "Vadesi geldi" cümləsi təsadüfi deyil. Bu iki sözdə bütün bir teoloji dünya var: qəbul, təslimiyyət, mənaya inam. Həmin cümləni deyən adam artıq sual vermir. Ritual, sualı bağlayır.
Amma Borxes heç vaxt bu cümləni deyə bilmədi. Nəinki demək istəmədi, deyə bilmədi. Çünki onun üçün "vadesi geldi" bir cavab deyil, yeni bir sualın başlanğıcı idi: kimin vaxtı, nə üçün, hansı məntiqlə? Burada dərin bir paradoks var: ritual insanı ölümün ağırlığından qoruyur, amma eyni zamanda onunla həqiqi üzləşməsinin qarşısını alır. Borxesin tənhalığı isə daha ağrılıdır, amma düşünürəm ki, daha dürüstdür.

Buna görə də bizim coğrafiyada ölüm həm qorxudur, həm də kollektiv yaddaşdır.
Borxes isə ölümə daha tənha baxırdı.
Onun mətnlərində qəbiristanlıqdan çox güzgü var.
İmamdan çox kitabxana var.
Dua səsindən çox daxili monoloq var.

Dağ qəbiristanlığına çıxan o dolama yolları hər dəfə yadıma düşəndə düşünürəm: 

Borxesin labirintləri də belə bir şeydi. Ölüyü torpağa aparan yol necə qıvrılıb dağa qalxırdısa, Borxesin mətinlərindəki dəhlizlər də elə qıvrılır, elə uzanır, amma heç vaxt bir məzara, bir son nöqtəyə çatmır. Trabzonun dağında yol ölümlə bitir. Borxesdə isə yol özü əbədidir.

Və bəlkə də bütün bunların altında tək bir sual yatır:

"Doğrudanmı heç nə qalmır?"

Borxesin dürüstlüyü də burada görünür. Bir çox insan inanmadığını gizlədir. Bir çoxu isə maraqlanmadığı halda inanırmış kimi yaşayır. Borxes isə açıq şəkildə etiraf edir:
"Mən maraqlanıram. Amma inana bilmirəm".

Bu bir teoloji cümlə deyildi, insan ruhunun etirafı idi...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://ayna.az
archiveBu xəbər 23 May 2026 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see520

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see264

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see252

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see249

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see240

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see233

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see232

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see230

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see216

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see214

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see213

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see205

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see202

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see202

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see198

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see191

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see189

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see186

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see184

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri