Icma.az
close
up
RU
“Transport leqallaşsın, çünki turizmin döyünən ürəyidir” “Time Travel Agency”nin təsisçisi Elçin Abdullayev

“Transport leqallaşsın, çünki turizmin döyünən ürəyidir” “Time Travel Agency”nin təsisçisi Elçin Abdullayev

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın turizm sektoru son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişafın əsas dayaqlarından biri isə nəqliyyat xidmətlərinin peşəkarlıqla təşkili və turistlərə göstərilən keyfiyyətli xidmətdir.

Çünki turizm yalnız gözəl təbiət və tarixi abidələrlə deyil, həm də qonağın qarşılanması, yerləşdirilməsi və rahat hərəkəti ilə ölçülür.

Bu sahədə adı tez-tez çəkilən şəxslərdən biri də Elçin Abdullayevdir. O, “Time Travel Agency”nin təsisçisi olmaqla yanaşı, illərin təcrübəsini praktikaya çevirərək yüzlərlə peşəkar sürücünü bir araya gətirib böyük bir nəqliyyat şəbəkəsi formalaşdırmış sahibkardır. Elçin bəyin əsas məqsədi sadəcə qazanc əldə etmək yox, Azərbaycan turizminə dəstək vermək, keyfiyyətli xidmət mədəniyyəti yaratmaq və bazarda sağlam rəqabət formalaşdırmaqdır.

Metbuat.az onunla olan geniş və əhatəli müsahibəni təqdim edir:

– Xoş gördük, Elçin bəy. Necəsiniz?

Çox sağ olun, yaxşıyam. Siz necəsiniz?

– Sağ olun, yaxşıyam. Gəlin sizi tanıyaq. Elçin Abdullayev kimdir

Mən 1987-ci ildə Bakı şəhərində anadan olmuşam. Ali təhsilliyəm, Yol hərəkətinin təşkili və istismarı ixtisasını bitirmişəm. Mən nəqliyyatçıyam və bu gün də nəqliyyat sahəsi üzrə fəaliyyət göstərirəm.

– Necə oldu ki, turizm sahəsinə gəldiniz?

Mən müxtəlif sahələrdə özümü sınamışam, amma sonda turizm mənim üçün ən doğma və sevimli sahə oldu. Çünki həm ixtisasım nəqliyyatla bağlıdır, həm də bu sahə mənə həqiqi zövq verir. Mənim üçün bu iş yalnız qazanc vasitəsi deyil, həm də böyük bir məsuliyyət mənbəyidir. İşimi ürəkdən sevirəm və əsas məqsədim ölkə turizminin inkişafına töhfə verməkdir.

2013-cü ildən sürücü kimi fəaliyyətə başladım. İlk illərdə əsasən ərəb turistlərinin qarşılanması və müşayiəti ilə məşğul idim. Bu iş mənə böyük təcrübə qazandırdı, çünki hər gün müxtəlif xarakterli qonaqlarla işləyərək onların rahatlığı üçün məsuliyyət daşıyırdım. 2019-cu ildə pandemiya səbəbindən turistlərin Azərbaycana gəlişi dayandırıldı. Bu fasilə mənə gələcək planlarımı yenidən qurmaq imkanı verdi. Nəticədə, 2021-ci ildə “Time Travel Transport” qrupunu yaratdım. Sürücü kimi qazandığım illərin təcrübəsi və tanıdığım peşəkar sürücülərin dəstəyi ilə qısa müddətdə güclü komanda formalaşdıraraq fəaliyyətə başladım.

Bu gün biz turizm şirkətlərini nəqliyyatla təmin edirik. Xidmətlərimiz 2 nəfərlik sedanlardan başlayır, 55–56 nəfərlik avtobuslara qədər genişlənir. Başqa sözlə, qonaqların ehtiyacından asılı olmayaraq, istənilən kateqoriyada nəqliyyat vasitəsi təqdim edə bilirik.

– Şirkəti qurmaqda əsas məqsəd nə idi?

Təbii ki, biznes maraqları var, amma əsas məqsədim yüksək xidmət göstərməkdir. Mən bazarda rəqabət yaratmaq istəyirdim ki, həm qiymətlər tənzimlənsin, həm də keyfiyyət artsın. Çünki rəqabət olmayan yerdə keyfiyyət də olmur.

Mənim biznesdə dostum yoxdur. Ümumiyyətlə, biznesdə dostluq olmur. Dostluq restoran masasındadır, evdədir, istirahətdədir. Amma ofisdə, iş masasının arxasında yalnız peşəkarlıq var. Mənim üçün bu prinsip çox önəmlidir.

– Bəs sürücülərlə necə işləyirsiniz?

Sürücüləri ciddi şəkildə təlimatlandırırıq. Azərbaycanda sürücülərin çoxu ingilis dilini bilmir. Ona görə biz onlara dil bilikləri barədə kömək edir, bədən dili ilə ünsiyyət qurmağı, müştəriyə necə davranmağı öyrədirik.

Məsələn, hava limanına qarşılamaya göndərilən sürücü şortik və ya idman geyimində gedə bilməz. Dırnaqları səliqəli, dişləri təmiz olmalıdır, xoş qoxu hiss edilməlidir. Bunlar ilk təəssürat üçün çox vacibdir.

Bundan başqa, sürücülərə qəti şəkildə deyirik ki, ailə ilə gələn turistin xanımı ilə təmasa girməsinlər. Əgər nəsə soruşmaq lazımdırsa, yalnız bəyə müraciət etsinlər. Bizim müştərilərimizin əksəriyyəti Körfəz ölkələrindəndir və onlar ailə məsələsində çox həssasdırlar.

Avtomobildə siqaret çəkməyə də icazə verilmir. Yalnız müştəri özü çəkirsə, onda sürücü də çəkə bilər. Əks halda, qəti qadağadır.

– Elçin bəy, daha öncə sürücü kimi təcrübənizin olması, Time Travel Agencyni qurmaqda sizə necə kömək etdi?

Mənim sürücü kimi təcrübəm bu sahədəki fəaliyyətimə çox böyük üstünlük qazandırdı. Bu gün heç bir sürücü məni aldada bilmir. Çünki mən özüm bu yolu addım-addım keçmişəm. Şirkəti bir günün içində açmamışam – əvvəl sükan arxasında olmuşam, sonra addım-addım bu mərhələyə gəlmişəm.

Məsələn, bəzi iaşə obyektləri sürücülərə müəyyən komissiya təklif edir. Mən isə bunu təcrübədən bildiyimə görə belə hallara tamamilə qarşıyam. Çünki sürücünün komissiya alması və həmin pulu turistin hesabına əlavə etməsi artıq oğurluqdur. Turist bunu tez və ya gec anlayacaq və bu, ölkəmizin imicinə zərbə vuracaq. Prezidentimiz də dəfələrlə deyib ki, turizmə dəstək olmaq lazımdır. Amma təəssüf ki, bəzi sürücülər əksinə, turizmi baltalayırlar.

Ona görə mən təklif edirəm ki, bu sahə mütləq lisenziyalaşdırılsın. Şikayətlərə görə sürücülərə mərhələli şəkildə cəza tətbiq olunsun: birinci dəfə – üç ay müddətinə lisenziya dayandırılsın, ikinci dəfə – altı ay, üçüncü dəfə isə ümumiyyətlə turizm sahəsində işləməsinə icazə verilməsin. Belə olduqda həm sürücülər məsuliyyətli olar, həm də turistlər qeyri-etik hallarla rastlaşmaz.

– Sizcə, belə bir sistem tətbiq olunsa, real nəticə verərmi?

Tam əminliklə deyirəm: verər. Çünki biz bazarı yaxşı tanıyırıq. Hansı sürücü turistə nə təklif edirsə, biz bunun hamısını bilirik. Onların nəqliyyat vasitələrinin nömrələrinə qədər tanıyırıq. Belə sürücülərin turizmdə yeri yoxdur.

– Maraqlıdır, yeni sürücüləri komandaya necə qoşursunuz?

– Əvvəlcə sürücünü sınayırıq. Ona bir sifariş veririk və başdan-sona nəzarət edirik. Üç sifarişi problemsiz tamamladıqdan sonra artıq ona güvənirik. Çünki üç dəfə sınanmış sürücünün peşəkarlığına əmin oluruq.

Hətta bəzən sürücüləri əvvəlcə öz şəxsi qonaqlarıma göndərirəm. Əgər o sürücü özünü doğruldursa, sonra artıq partnyor turizm şirkətlərinin sifarişlərinə yönləndiririk.

Üstəlik, biz bütün partnyor şirkətlərə söz veririk: “Əgər bizim verdiyimiz sürücüdə problem olarsa, biz pulumuzu tələb etməyəcəyik.” Bu, bazarda heç kimin etmədiyi bir təklifdir. Çünki başqa cür idarə etmək mümkün deyil – 300-ə yaxın sürücü müxtəlif üslublu, müxtəlif xasiyyətli insanlardır. Biz yalnız mədəni, səliqəli, özünə hörmət edən sürücülərlə işləyirik.


– Şirkətinizin üstünlükləri nələrdir?

“Time Travel Agency”də ilk üstünlük təmizlik və komfortdur. Bizim maşınlar hər gün avtoyuyulmadan keçir, içərisində yaş və quru salfetkalar, su, uşaq üçün konfetlər olur. Çünki bəzən turist uzun uçuşdan sonra gəlir, başı ağrıyır və ya sadəcə boğazı quruyur. Bu xırda detalları təmin etmək çox vacibdir.

İkincisi – operativlik. Əgər Bakı şəhərində maşın xarab olsa, biz maksimum 6–7 dəqiqəyə alternativ maşın göndərə bilirik. Rayonlarda isə bu müddət ən geci bir saata qədər çəkə bilər. Bu vaxt ərzində bələdçidən xahiş edirik ki, turistlərə ərazi haqqında məlumat versin, biz isə sürətli şəkildə yeni nəqliyyat vasitəsini təmin edirik.

Üçüncüsü – hava limanında daim ehtiyat maşınlarımız dayanır. Çünki təyyarələr tez də enə bilər, gec də. Bəzən sifariş unudula bilər. Biz belə hallarda da turizm şirkətlərinə dəstək oluruq.

– Elçin bəy, Azərbaycanın turizm potensialı haqqında nə düşünürsünüz?

Ölkəmizin turizm potensialı çox genişdir. Gözəl bölgələrimiz var: Lənkəran, Quba, Qusar, Şahdağ, həmçinin Qarabağ bölgəsi. Amma təəssüf ki, bu imkanlardan tam istifadə olunmur. Əksər turizm şirkətləri yalnız Quba, Qəbələ, Şahdağ istiqamətinə turist yönləndirir. Halbuki cənub bölgəsi də çox zəngindir. Mən düşünürəm ki, cənub turizminə dəstək artırılmalı, Qarabağ bölgəsinə daha çox turist cəlb olunmalıdır. Orada füsunkar yerlərimiz var, amma turistlərin əksəriyyəti bunlardan xəbərsizdir.

Məsələn, Qəbələnin şəlalələri, yaxud Lerikdəki mağara-şəlalə – turistlər bunları tanımır. Bu sahədə daha çox təşviqat aparılmalıdır.

– Bəs sizin şirkət bu istiqamətdə hansı təşəbbüslərlə çıxış edir?

Biz sentyabrın 24-də “Sea Breeze”də keçiriləcək biznes forumda iştirak edəcəyik. Orada sistemimizi təqdim edəcəyik, bütün korporativ qiymətlərimizi və xidmətlərimizi nümayiş etdirəcəyik. Məqsəd həm əməkdaşlıq imkanlarını genişləndirmək, həm də problemlərin həlli üçün şirkətləri bir araya toplamaqdır.

– Statistikaya baxanda, son bir ildə Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunur. Bunun səbəbini nədə görürsünüz?

Mən bunu dünyada baş verən siyasi proseslərlə əlaqələndirirəm. Hindistan və Pakistan kimi ölkələr bizim turizm bazarımızda mühüm rol oynayır. Bu ölkələrdəki siyasi gərginlik və müharibə hallarının bizə təsiri olur. Ona görə də 2024-cü illə müqayisədə bu il zəiflik müşahidə olunur.

– Şirkətinizin digər transport şirkətlərindən əsas fərqi nədədir?

“Time Travel Agency” turizm şirkəti yox, sırf transport şirkətidir. Fərqimiz isə ondadır ki, həftənin yeddi günü 24 saat ərzində çalışan koordinatorlarımız var, hər sifarişə cavab veririk. Digər mühüm fərqimiz isə odur ki, müştəri şikayəti olarsa, biz ödəniş almırıq. Bu, bazarda yeganə təklifdir.

Bundan əlavə, biz sürücülərə daim nəzarət edirik. Onların maşınları texniki baxışdan keçirilməli, ehtiyat təkəri, yük qaldıranı olmalıdır. Əks halda, rayona maşın göndərilmir. Çünki turistin vaxtı çox dəyərlidir. Turist üç günlüyə gəlir, bu üç günün hər dəqiqəsi onun üçün önəmlidir. Ona görə yolun ortasında “ehtiyat təkərim yoxdur” bəhanəsi qəbuledilməzdir.

– Elçin bəy, idarəçilikdə özünüzü necə xarakterizə edərdiniz?

Mən idarəçilikdə çox tələbkaram. Ofis daxilində heç kəslə dostluq etmirəm, hamı mənim işçimdir, mən isə idarəçiyəm. İşdən kənarda isə normal dostluq münasibətlərimiz olur. Amma iş masası arxasında yalnız peşəkarlıq var.

Məsələn, bir dəfə koordinatorumuz sifarişi gizlətmişdi. Sürücü hava limanına 15 dəqiqə gecikmişdi, amma koordinator bunu mənə deməmişdi. Səhəri gün xəbərim oldu və həmin koordinatorun bizimlə son işi oldu. Çünki turizmdə səhvə yer yoxdur. Bazar çox amansızdır, partnyor şirkətlər bizə ikinci şans vermir. Ona görə mən də işçilərimə ikinci şans vermirəm.

– Hazırda təxminən neçə şirkətlə əməkdaşlıq edirsiniz?

“Time Travel Agency” olaraqəməkdaşlıq etdiyimiz Bakı şəhəri üzrə ümumilikdə 200–250 şirkət var. Onların 20–25-i köklü şirkətlərdir, qalanları isə balacadır. Bizim əməkdaşlıq etdiyimiz şirkətlərin sayı 70–80 arasındadır.

– Elçin bəy, texnologiya nəqliyyat sahəsində hansı rolu oynayır?

Əgər söhbət süni intellektdən gedirsə, əminliklə deyirəm ki, transport sahəsində insanı əvəz edə bilməz. Çünki burada məsələ təkcə maşını idarə etmək deyil, həm də turistlə ünsiyyət, məsuliyyət və operativlikdir.

Texniki tərəfdən isə, əlbəttə, nəqliyyat vasitələri müasir olmalıdır. Mən hesab edirəm ki, turizm sahəsində işləyən bütün maşınlar ən azı 2015–2016-cı ildən yuxarı buraxılışlı olmalıdır. Çünki rayon yollarında tez-tez qəzalar olur, problemlər yaşanır və bunun səbəbi həm sürücünün ehtiyatsızlığı, həm də köhnə avtomobillərdir. Bizdə isə maşın nasaz halda yola çıxmır.

– Sürücülərin işdən kənar davranışları barədə nəzarətiniz varmı?

Bəli, var. Məsələn, sürücü turistlə Qəbələyə gedib, axşam orada sürücü evində qalır. Bizim üçün önəmlidir ki, həmin vaxtda da o intizamlı olsun. Çünki turist hər an zəng edə bilər, təcili Bakıya qayıtmaq lazım ola bilər. Sürücü daim işinə hazır vəziyyətdə olmalıdır.

Bunun üçün biz sürücü evlərində də müəyyən nəzarət mexanizmi qurmuşuq. Orada 10 sürücü qalırsa, ən azı 1–2 nəfər bizimlə əlaqə saxlayır və vəziyyət barədə məlumat verir. Bu, cəza məqsədilə deyil, sırf məsuliyyət və intizamın qorunması üçün tətbiq olunur. Çünki əsas prinsipimiz odur ki, hər bir sürücü istənilən anda turisti problemsiz şəkildə yola sala bilsin.

– Maraqlıdır, sizin bazara baxışınız daha çox Türkiyə modelinə bənzəyir.

Tamamilə doğrudur. Türkiyədə bütün sürücülər lisenziyalıdır, dil biliyi var və bu, mütləqdir. Azərbaycanda da belə olmalıdır. Ən azı sürücülərə gündəlik ünsiyyət üçün lazım olan ingilis dili öyrədilməlidir.

Bunu etmək mümkündür. Məsələn, böyük bir zalda ingilis dili müəllimi təyin olunsa və hər sürücüdən cəmi 50 manat yığılsa, bir ay ərzində əsas danışıq qaydalarını öyrətmək olar. Amma bizdə bəzi sürücülər tənbəllik edir və üzərlərində işləmək istəmirlər.

– Şirkətinizdə sürücülərin peşəkarlaşması üçün hansı addımlar atılır?

Mənim şəxsən yetişdirdiyim 50-yə yaxın sürücü var. Onlar artıq peşəkar səviyyədədir: ingilis və rus dillərini bilirlər, maşınları səliqəlidir, davranış qaydalarını mənimsəyiblər. Mən onlara paket verdiyimdə artıq heç bir problem yaşanmır.

Bəzən elə sürücülər olur ki, dil bilmirlər, amma bədən dilindən çox yaxşı istifadə edirlər. Məsələn, turist düşən kimi əlindəki əski ilə oturacağın üstündəki çörək qırıntılarını təmizləyir. Turist bunu görür və bu, ona xoş təəssürat bağışlayır. Yəni davranış da dil qədər önəmlidir.

– Gəlin bir az da sizin şəxsi iş rejiminizdən danışaq. Hiss olunur ki, bu sahədə işləmək çox yorucudur...

Açığı, mənim istirahətim yoxdur. Evə getsəm belə, orada da işləyirəm. Gecə saat 12–1-də də zəng gələ bilər – ya müştəri, ya da sürücü ilə bağlı problem. Mənim işim 24 saat davam edir. Bəzən evdəkilər də yorulub deyirlər: “Sən nə qədər işləyirsən.” Amma başqa yol yoxdur.

Çox adam deyir ki, guya mənim 3000-ə yaxın maşınım var. Bu, doğru deyil. O maşınlar mənim deyil, fərdi sahibkarlara məxsusdur. Onlar sadəcə mənim təşəbbüsüm altında müqavilə ilə işləyirlər. Mənim şəxsi maşınım da yoxdur, lazım olanda taksidən istifadə edirəm.

Ona görə də kimsə gəlib mənə böyük cərimə yazsa, onu ödəyə bilmərəm. Mən varlı deyiləm, sadəcə işi bilən biriyəm. Biz turizmin inkişafına dəstək olmaq istəyiriksə, ilk addım transportdan başlamalıdır.

– Əgər transport olmasaydı, hansı sahəni seçərdiniz?

Mən yenə də turizmə yaxın bir sahədə olardım. Ola bilər, Körfəz ölkələrindən gələn müştərilərlə birbaşa işləyərdim. Çünki mən onlarla daha rahat ünsiyyət qururam. Onlar komforta çox önəm verirlər və pul xərcləməyi sevirlər. Mən də düşünürəm ki, istirahət keyfiyyətli olmalıdır. Əgər ölkəyə gedirsənsə, hosteldə qalmaqla yox, yaxşı şəraitdə qalmaqla istirahət edilməlidir.

– Turistlərlə bağlı çox maraqlı yanaşmanız da var…

Bəli. Mən sürücülərə həmişə deyirəm: turist ölkəyə gələndə ilk günü və gedəndə son günü ən yaxşı formada xatırlayır. Ona görə də aeroportda yola salanda kiçik bir suvenir – məsələn, 1–2 manatlıq hədiyyə verin. Bu, çox böyük təəssürat yaradır. Orta yolda nə problem olsa belə, o hədiyyə turistin yaddaşında müsbət qalacaq.

– Gəlin hədəflərinizdən danışaq. Şirkəti beş il sonra harada görmək istəyirsiniz?

Əsas hədəfim odur ki, ölkədə nəqliyyat sektoru tam şəkildə leqallaşdırılsın və bu sahə peşəkar yanaşma ilə idarə olunsun. Burada əsas məsələ kimin idarə etməsi deyil – vacib olan odur ki, bu işi bilən, sahəni dərindən tanıyan və məsuliyyətlə yanaşan insanlar rəhbərlik etsinlər. Əgər transport lisenziyalaşdırılsa, bu, tenderlə yox, peşəkarlıq əsasında həyata keçirilməlidir.

Hətta sürücülər arasında səsvermə keçirilsə belə, əminəm ki, bizi seçərlər. Çünki sürücü bazasının böyük qismi bizimlədir və bilir ki, biz heç vaxt ödənişlərini gecikdirmirik, onları incitmirik.

– Azərbaycan sahibkarının bu gün əsas problemi nədədir?

Mən deyərdim ki, qanunlar çox gözəldir, amma bəzən işləkliyi zəif olur. Sahibkarlar üçün hər şey rahat görünür, amma bəzi hallarda dövlət qurumları sahibkarı dəstəkləmək əvəzinə qazanc mənbəyi kimi görürlər. Halbuki sahibkara yardım göstərilsə, o da boşluqlarını dolduracaq və nəticədə dövlətimizin iqtisadiyyatı daha da inkişaf edəcək.

Mən şəxsən indiyə qədər əlavə pul tələb edilməsi və ya incidilmə ilə rastlaşmamışam, amma ətrafımdakı sahibkarlardan belə hallar eşidirəm. Əsas odur ki, sahibkar vergisini versin, dövlətinə borcunu ödəsin. Mənim üçün bu, normaldır.

– Sizcə, hazırda Azərbaycanın turizm sektorunda ən böyük çətinlik nədən qaynaqlanır?

Transport turizmin döyünən ürəyidir. Əgər transport dayanarsa, turizm də olmayacaq. Siz Qəbələni qızıldan da yaratsanız, amma sürücü turistlə kobud davransa, restorandan komissiya alsa, turistin cibinə girsə, turizmin inkişafı mümkün deyil.

Düşünürəm ki, turizmin inkişafı üçün ilk növbədə bu sahədə mövcud nəqliyyat sektoru leqallaşdırılmalı və peşəkarların idarəsinə verilməlidir. Onda həm turist məmnun qalacaq, həm də ölkəmiz turizmdə etibarlı və mədəni bir imic qazanacaq. – “Time Travel Agency” olaraq biz bu meyarları hədəf bilib gələcəyə doğru inkişaf hədəflər müəyyən edirik.

-Səmimi cavablarınız üçün təşəkkür edirik.

Mən də sizə təşəkkür edirəm. Mənim üçün əsas məqsəd bu sahədəki problemləri və həll yollarını ictimaiyyətə çatdırmaqdır. Əgər sözlərim turizmin inkişafına bir zərrə də olsa fayda verəcəksə, mən özümü xoşbəxt hesab edərəm.

Gülbəniz Hüseynli / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 25 Avqust 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyalı turistlər Çin otellərində kabus gördüklərini deyirlər...

24 Avqust 2025 18:14see235

Üz ifadəsindən insanın yalan danışdığını müəyyən etmək mümkündür? (TƏDQİQAT)

24 Avqust 2025 09:19see140

Finlandiya ABŞ ın iştirakı ilə təlimlərə başlayır

25 Avqust 2025 04:17see136

Rusiya ordusu Dnepropetrovsku atəşə tutub, ölən və yaralananlar var

23 Avqust 2025 22:13see133

Badamdarda kişi quyuya düşdü

24 Avqust 2025 05:46see131

Zelenskidən Rusiyaya qəti cavab: Verməyəcəyik

23 Avqust 2025 22:11see128

La Liqa: Real Madrid rəqibinə şans vermədi

25 Avqust 2025 01:42see128

Alimlər XƏBƏRDARLIQ EDİR: Bu məhlulun ölüm təhlükəsi var

24 Avqust 2025 22:00see126

Mançester Yunayted qələbəni əldən verdi

24 Avqust 2025 22:14see125

“Çelsi”ni o da tərk etdi

23 Avqust 2025 21:09see124

Türk professor: İstilik ölüm riskini artıran bir amildir

23 Avqust 2025 21:47see121

40 dan sonra bədəni gücləndirəcək məşq növü adlandırılıb...

23 Avqust 2025 22:36see120

TƏBİB: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar müraciət edən 4 nəfərdən 2 nin durumu orta ağırdır

24 Avqust 2025 16:03see120

Muğamı Günü ilə bağlı virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub

24 Avqust 2025 23:08see120

Bu idmançı tennis oynamaqla 1 milyard dollar qazandı

24 Avqust 2025 10:39see119

Gizli sənədlər ortaya çıxdı ABŞ Rusiyanı NATO ya daxil etmək istəyirmiş

24 Avqust 2025 23:54see119

Ət qiymətləri rekord səviyyəyə çatdı

24 Avqust 2025 17:33see117

Anton Krivotsyukun komandası iki dəfə hesabda irəli çıxıb, 72 ci dəqiqədə azlıqda qalıb

24 Avqust 2025 22:01see117

Ən faydalı 3 tərəvəz Mütəxəssislərin tövsiyəsi

23 Avqust 2025 23:02see116

Rusiyalı idmançı Bosfor boğazını keçərkən yoxa çıxıb

25 Avqust 2025 00:58see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri