Icma.az
close
up
RU
Tükənməz tədqiqatçı fədakarlığı

Tükənməz tədqiqatçı fədakarlığı

Icma.az bildirir, 525.az portalına istinadən.

Nizami TAĞISOY
Professor
[email protected]

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev ədəbi-bədii, nəzəri-estetik və mədəniyyətlərarası əlaqələr sahəsində son dərəcə böyük şövq və məsuliyyətlə çalışan nüfuzlu Azərbaycan alimlərindən biridir. Onun çoxsaylı araşdırma və tədqiqatları, kitabları, əsərlərinin çoxcildli külliyyatı, eləcə də məqalələrinin əsas istiqamətləri, təhlili xüsusiyyətləri ilə illərdir yaxından tanışıq. Hörmətli Qəzənfər müəllimi yarım əsrdən artıq bir müddətdir tanıdığımızdan, onun ədəbiyyatlararası əlaqələrə həsr olunmuş əsərlərinin bu sahədə milli mədəniyyət tariximiz üçün xüsusi elmi-tarixi və nəzəri-praktik əhəmiyyət kəsb etdiyini də aydın şəkildə müşahidə edirik.

Əgər hansısa mədəniyyətin və ya ədəbiyyatın müxtəlif problemlərini araşdıraraq elmi nəticələrə gəlmək bir məsələdirsə, bir ədəbiyyatla digər ədəbiyyatlar arasında gedən prosesləri izləmək tamamilə fərqli elmi fəaliyyət sahəsidir. Professor Qəzənfər Paşayevin tədqiqatlarında mədəniyyətlərarası əlaqələr həm qardaş xalqların, həm də fərqli mədəniyyətlərin qarşılıqlı münasibətləri çərçivəsində tədqiq olunur. O, bu tədqiqatlarla mədəni və regional kodlar arasındakı yaxınlıq və fərqləri üzə çıxarmaqla yanaşı, eyni zamanda həmin kodlarda baş verən dəyişiklikləri göstərir, onların formalaşma, inkişaf və zənginləşmə yollarını izləmək imkanı yaradır.

Qəzənfər müəllimin bu dəfə mütəxəssislərə və geniş oxucu kütləsinə nəfis bir hecada təqdim etdiyi "Azərbaycan-İraq Türkman ədəbi əlaqələri: Ayrılığın sonu" (Bakı, "Təhsil Nəşriyyat Poliqrafiya" MMC, 2025, 264 s.) adlı kitabı, əslində, müəllifin 65 ilə yaxın müddətdir araşdırma obyektinə çevirdiyi Azərbaycan-İraq Türkman ədəbi əlaqələrinin maraqlı və zəngin mənzərəsini canlandırır. Professor Qəzənfər Paşayevin qələmindən çıxan yazıların ən cəlbedici tərəfi ondadır ki, o, oxucunu arzuladığı dil, üslub və deyim tərzi ilə özünə çəkə bilir. Müəllif, zövqlü yazıçı-təhkiyəçi priyomlarından məharətlə istifadə etməklə, həm elmi dərinliyi, həm də bədii-estetik dəyəri olan bir mətn yaradır.

Əslində, Azərbaycan oxucusu Qəzənfər müəllimin adını görəndə artıq onu maraqlı hadisələr və sanballı məsələlərin yeni bədii-estetik müstəvidə təqdim olunacağı bir əsər gözləyir. Bu səbəbdəndir ki, onun ərsəyə gətirdiyi əksər əsərlər indiyədək oxucular tərəfindən böyük maraqla qarşılanıb və asanlıqla qavranılıb. Elə "Azərbaycan-İraq Türkman ədəbi əlaqələri: Ayrılığın sonu" kitabında təqdim olunan yazıların da mövzu, obyekt, ideya-estetik dəyərləri və idraki-mənəvi qavrayış səviyyəsi ilə oxucuda yeni assosiasiyalar və emosional rənglər oyadacağı şübhə doğurmur. Kitabın ən təsirli və diqqətçəkən cəhətlərindən biri də budur ki, müəllif əsrlərin dərinliklərindən gələn İraq türkmanlarının həsrət dolu hiss və duyğularını incə bir təhkiyə ilə qələmə almağı bacarır. Bu yanaşma həm elmi, həm də bədii baxımdan oxucuya xüsusi emosional təsir bağışlayır.

Kitabda yer alan bütün materiallar Qəzənfər müəllimin idrak gücü və qələminin imkanları ilə ərsəyə gəldiyindən, burada təqdim olunan "Dağlar zirvəsi ilə, xalqlar şəxsiyyətləri ilə tanınır", "İraq-Türkman ocağında", "Ağladır adamı vətən həsrəti", "İraq Türkman sevdası", "Ortaq şairimiz Nəsimi haqqında tarixi həqiqətlər", "Tarixin yaddaşına işıq tutan məktublar", "Xatirə kitabına yazılanlar", "Musiqili Kərkük gecəsi" və digər yığcam, maraqlı material və məqalələr müəllifin həm yazıçı, həm də araşdırmaçı olaraq ədəbi-estetik fikrə nə dərəcədə bələd və kompetent olduğunu aydın şəkildə nümayiş etdirir.

Kitabı tamamlayan Qəzənfər Paşayev, "Son söz əvəzi və ya bu sevda ölüncədi" adlı yazısında, bu uzun yolçuluğun sonunda oxucu ilə necə dərin hisslərlə vidalaşdığını belə ifadə edir: "Gənclikdən aşinası olduğum "Bilmirəm haralıyam, torpağım-daşım qərib" - İraq türkmanları ilə tanış olduğum gündən bəri bir günüm yoxdur ki, xəyalən onlarla oturub-durmayım" (s. 260-261). Müəllif daha sonra fikrini bu cür davam etdirir:

"Türkmaneli yazarlarının əsərlərinə nəzər salanda özüm üçün kəşf edirəm: "Bunların hamısı dil birliyimiz, kök birliyimiz, milli kimliyimiz, eyni milli-mənəvi dəyərlərin daşıyıcısı olduğumuzla bağlı imiş... Nə kəsilən yollar, nə illər mənəvi ayrılığa gətirib çıxara bilməmiş, qismətimizə düşən cismani ayrılıq olmuşdur... Sevinirəm ki, ayrılığa son qoyulur. Sevinirəm ki, arzularım yerinə yetir" (s. 261).

Bu sətirlər müəllifin yalnız elmi deyil, həm də dərin mənəvi bağlılığını, illərlə içində daşıdığı türkman sevdasını və bu sevdanın əsərə necə sinə dolusu yansıdığını göz önünə sərir.

Eyni zamanda "Son söz əvəzi..." bölməsində müəllifin diqqətimizi cəlb edən başqa bir fikrini də sizinlə bölüşməyi zəruri hesab edirik. Qəzənfər müəllim yazır: "Kitabda yerinə düşməyən söz, cümlə, fikir görsəniz, məni qınamayın. Nəzərə alın ki, əsəri ömrünün ixtiyar çağını yaşayan, yaşı az qala doxsanı haqlayan bir qələm sahibi yazıb. Bu, elə bir çağdır ki, sevinc kədərə qarışır" (s. 261).

Zənnimizcə, Qəzənfər müəllimin bu fikri ilk növbədə onun təvazökarlığının ifadəsidir. Çünki onun yaradıcılığına 50 ildən artıq, özü ilə isə şəxsi tanışlığımıza 40 ildən çox bir zaman kəsiyində bələd olduğumuz üçün əminliklə deyə bilərik: Qəzənfər müəllimin qələmindən çıxan yazılarda heç vaxt deyim və fikir baxımından naqisliyə rast gəlməmişik. Əksinə, onun rəvan, səliqəli, qəlblərə nüfuz edən üslubu oxucuya həm mənəvi zövq, həm də dərin düşüncə zənginliyi bəxş edir.

Qəzənfər müəllim Azərbaycanda Türkmanşünaslığın banisi, istiqamətvericisi və təkanverici qüvvəsi olmaqla yanaşı, yüksək səviyyəli elmi əsərlər qələmə almamışdan əvvəl son dərəcə ciddi və sistemli hazırlıqlara başlayır. O, hər hansı bir kitab üzərində işləməyə başlamazdan əvvəl, ilk növbədə, əsərin məqsəd və istiqamətlərini (ustanovkalarını), ünvanlandığı auditoriyanın maraq və gözləntilərini, eləcə də zəruri elmi və mənbə bazasını nəzərdən keçirir.

Daha sonra, o, əsərin strukturunu və süjet xəttini formalaşdırır, ona daxil ediləcək tarixi və müasir personajları diqqətlə seçir, yazının məzmununu parlaq metaforalar və gözlənilməz, düşündürücü müqayisələrlə zənginləşdirəcəyini də öncədən götür-qoy edir. Bu mərhələlərin hər biri Qəzənfər Paşayevin yazı prosesinə yanaşmasında ciddi intellektual məsuliyyətin və elmi-nəzəri uzaqgörənliyin bariz nümunəsidir.

Yalnız bu cür əhatəli və əsaslandırılmış hazırlıq işləri başa çatdıqdan sonra müəllif yeni əsərin işıq üzü görməsi barədə qərar verir.

Qəzənfər müəllimin dəyərli və səlis yazı üslubunun formalaşmasında Azərbaycan bədii fikrinin aparıcı ustadlarının dil və üslub ənənələri xüsusi yer tutur. O, yazı manerasını əsasən milli ədəbi düşüncənin klassik hecası üzərində qurur və hər hansı bir kitabın yaranışına möcüzə kimi deyil, ciddi və sistemli yaradıcılıq prosesi kimi yanaşır.

Qəzənfər müəllim elə nitq fiqurlarından, bədii-estetik priyom və klişelərdən istifadə edir ki, bu təqdimat tərzi ilk növbədə oxucunun zövqünə və estetik gözləntilərinə uyğun gəlir. Təhkiyənin axarında dövrün ritmi, ideyalar, obrazlar və mükalimələr bir-biri ilə üzvi şəkildə ünsiyyətə girir, ülfət yaradır. Bu da, təbii ki, əsərin struktur-kompozisiya bütövlüyü və mətnin vizual-estetik təqdimat üsulu ilə reallaşır.

Sözügedən kitabın mündəricatına nəzər saldıqda da bu fikrin tam əsaslı olduğu aydın görünür. Təxminən 40-a yaxın rəngarəng başlıqdan istifadə edən Qəzənfər müəllim bu bölmələri elə bir ardıcıllıqla təqdim edir ki, oxucu bir başlıqdan digərinə maraqla, daha doğrusu, spontan şəkildə keçid edir və orada baş verəcək hadisələrin, toxunulacaq mövzuların intizarında qalır. Bu cür quruluş oxucu ilə əsər arasında canlı və dinamik bir əlaqə yaradır.

Akademik İsa Həbibbəylinin kitaba yazdığı "Kərkükşünaslığın lideri" adlı ön sözdə Qəzənfər Paşayev haqlı olaraq genişmiqyaslı elmi və bədii yaradıcılığı ilə fərqlənən alim kimi səciyyələndirilir. Bununla yanaşı, ön söz müəllifi, Kərkük sevdası ilə yaşayan professorun artıq Kərkükdə Azərbaycan sevgisinin rəmzi kimi qəbul olunduğunu da vurğulayır (s. 8).

Akademik İsa Həbibbəylinin bu qənaətinə biz də tam şəkildə qatılırıq. Həqiqətən də, Qəzənfər Paşayev bu sahədə elə bir əzmkarlıq və ardıcıllıq nümayiş etdirir ki, onu Azərbaycanın Əbdüllətif Bəndəroğlusu və Əta Tərzibaşısı adlandırmaq tamamilə əsaslıdır. Əbdüllətif Bəndəroğlunun Azərbaycan-Kərkük ədəbi-mədəni əlaqələrinin inkişafı yolunda atdığı mühüm addımları, həyata keçirdiyi elmi-mədəni layihələri, apardığı sistemli tədqiqatları yorulmadan davam etdirən Qəzənfər Paşayev, eyni zamanda Əta Tərzibaşının ayrılıqda bir elmi-tədqiqat institutunun fəaliyyətinə bərabər olan araşdırmalarını da təkbaşına ardıcıl şəkildə inkişaf etdirməkdədir (s. 9).

Bu müqayisələr təsadüfi deyil, çünki Qəzənfər Paşayevin Kərkük və ümumilikdə türkman ədəbi-mədəni irsinə yanaşmasında həm ideya davamlılığı, həm də yeni yanaşma metodları aydın şəkildə görünür. O, yalnız keçmişin izlərini araşdırmır, eyni zamanda bu əlaqələrin gələcəyə daşınması üçün elmi-nəzəri əsaslar yaradır.

Sənət və ədəbiyyatda tez-tez işlədilən və xüsusi məna daşıyan bir ifadə var: "Yaradıcılıq miqyası". Bu anlayışdan çıxış edərək tam əminliklə demək olar ki, professor Qəzənfər Paşayevin yaradıcılıq miqyası son dərəcə dərin, əhatəli və monumental xarakter daşıyır. Onun ədəbi-elmi fəaliyyəti təkcə məzmun baxımından deyil, həm də mühüm strateji əhəmiyyətinə görə xüsusilə diqqətəlayiqdir.

Müəllifin tədqiqat trayektoriyası İraqdan başlayaraq, Nəsimi və Füzulidən bu günümüzə qədər uzanan, mədəniyyətimizin ən dəyərli klassik örnəklərini əhatə edən geniş bir sahəni əhatə edir. Bu əsərlər sırasında folklor nümunələri, lirik nəğmələr, bayatılar, xoyratlar, dastanlar və digər janrlarda yaradılmış saysız-hesabsız ədəbi-bədii və estetik-fəlsəfi mətnlər yer alır ki, onların bir hissəsi zamanın axarında unudulmağa üz tutmuşdu.

Əgər bu zəngin irsin bir tərəfi Rəsul Rza, Həmid Araslı kimi böyük ədəbiyyat xadimlərinin səyi ilə bizlərə çatdırılıbsa, digər tərəfdən, həmin mədəni sərvətin xeyli hissəsinin bərpa olunaraq folklorumuzun, eposumuzun, ədəbiyyatımızın və ədəbiyyatşünaslığımızın bir hissəsinə çevrilməsi məhz Qəzənfər Paşayevin uzun illər ərzində apardığı dərin araşdırmaların, elmi təhlil və tədqiqatlarının nəticəsidir.

Bu baxımdan Qəzənfər Paşayevin yaradıcılığı yalnız elmi dəyəri ilə deyil, həm də milli-mənəvi irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından da strateji əhəmiyyət daşıyır.

Bütün bu faktlar sübut edir ki, Qəzənfər müəllimin yaradıcılıq fəaliyyətinin miqyası yalnız əhatəli deyil, həm də ədəbiyyatımızın, bədii düşüncəmizin və elmi potensialımızın ən qiymətli nümunələri sırasında yer alır. Onun yaradıcılığının bu geniş miqyaslı aspektləri əsərlərinin qavranmasına müsbət təsir göstərməklə, oxucuda tamlıq, bütövlük, mühümlük və zərurilik hissləri yaradır.

Qəzənfər müəllimin əsərlərinin ən prinsipial xüsusiyyəti ondadır ki, o, təhlil etdiyi obyekt və predmetə həm sintetik, həm də fərdi baxış bucağından yanaşır. Onun analitik araşdırma qabiliyyəti isə təhlil obyekti üzərində özünəməxsus fərdi möhürünü vurmağa imkan verir. Bu mənada, Qəzənfər Paşayevin elmi-bədii və nəzəri-estetik dəst-xətti özünəməxsus fərdi keyfiyyətlərlə seçilir.

Kərkük-İraq Türkman sevdalı, məsuliyyətli və yorulmaz alimimiz, hörmətli professor Qəzənfər Paşayevə gənclik ehtirası ilə dolu araşdırma ruhu, davamlı yaradıcılıq uğurları və fərəhli, sağlam ömür arzulayırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Sentyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see210

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see202

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

24 Sentyabr 2025 17:46see182

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

24 Sentyabr 2025 17:43see153

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see145

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see141

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see138

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see136

Qaradağ Lökbatan ın Şəki Siti ni məğlub etdiyi matç VİDEO

23 Sentyabr 2025 22:34see132

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see129

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see127

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see127

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see124

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see124

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see117

Milli Məclisdə görüşlər

24 Sentyabr 2025 03:44see115

Məşhur ədviyyatın sağlamlıq üçün faydalı olduğu sübut edildi...

23 Sentyabr 2025 22:04see115

Nəsimi fəlsəfəsi zamanın fövqündə

24 Sentyabr 2025 02:40see114

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

24 Sentyabr 2025 18:36see114

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri