“Turan Tovuz”un yeni qapıçısı: “Çempionluq yox, növbəti oyun barədə düşünürük” MÜSAHİBƏ
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Turan Tovuz”un yeni qapıçısı Oleq Baklovun Futbolxeber.az saytına müsahibəsi
- Mövsümün ilk turunda “İmişli” üzərində qələbə qazandınız. Görüşü necə şərh edərdiniz?
- Çətin oyun alındı. 90 dəqiqə boyu üstünlük bizim tərəfimizdə idi. Lakin heç cür rəqib qapısına yol tapa bilmirdik. Yaxşı ki, sonda istəyimizə çatdıq və qələbə qazandıq.
- İlk turda Azərbaycan çempionatında debüt etdiniz. Yeni komanda, yeni mühit – artıq tam uyğunlaşa bilmisiniz?
- Bir qədər zamana ehtiyac var. Hamı ilə tanış olmuşam. Futbolçuların adlarını əzbərləmişəm. Bəli, mənim üçün yeni komandadır, yeni ölkədəyəm. Uyğunlaşmaqla bağlı heç bir problem yoxdur. Ümumilikdə “Turan Tovuz”da hər şey əladır.
- Mövqeyinizdəki rəqabəti necə dəyərləndirirsiniz?
- Rəqabət peşəmizin bir hissəsidir. Yalnız bu halda inkişaf etmək olar.
- “Turan Tovuz”a keçidiniz necə alındı? Kurban Berdıyev amili transferdə nə dərəcədə rol oynadı?
- Agentim bildirdi ki, belə bir təklif var, “Turan Tovuz” mənimlə maraqlanır. Danışıqlar uğurlu alındı və keçidim baş tutdu. O ki qaldı Kurban Berdıyevə, əlbəttə, onu tanıyıram. Çox yaxşı, təcrübəli mütəxəssisdir.
- “Turan Tovuz”un hədəfi çempionluqdur. Bu, nə dərəcədə realdır?
- Hazırda çempionluq yox, növbəti oyun barədə düşünürük. Görüşdən görüşə inkişaf etmək istəyirik. Məqsədimiz hər matçda qələbə qazanmaqdır. Xalları isə mövsümün sonunda sayacağıq.
- Azərbaycan futbolu haqda hansı məlumatlara sahibsiniz?
- “Qarabağ”ın gücü hamıya məlumdur. Bu komanda kifayət qədər tanınır. Amma Azərbaycan çempionatını daha əvvəl elə də çox izləməmişəm. Mənim üçün yeni birincilikdir.
- Bəzi legionerlər Azərbaycana gələrkən burada “bir ayaqla” oynayacaqlarını düşünürlər...
- Xeyr, asan olmayacağı dəqiqdir. Üstəlik, bu mövsümdən legioner limiti də yoxdur. Bu səbəbdən də xeyli sayda yaxşı oyunçu gəlib. Elə ilk turda çempionata yeni yüksəlmiş komanda ilə oyunumuz çox çətin alındı. Bu da çempionatdakı rəqabətin göstəricisidir.
- Komandanız bir müddət oyunlarını doğma stadionda keçirməyəcək. Bu amil çıxışınıza nə dərəcədə təsir edəcək?
- Əlbəttə, komandanın adı “Turan Tovuz”dursa, oyunlarını Tovuzda keçirsə, daha yaxşıdır. Azarkeşlər bizim üstünlüyümüzdür. Lakin qorxulu heç nə yoxdur. Bu, müvəqqəti haldır. Üstəlik, sadiq fanatlarımız var və onlar bizi səfərdə də dəstəkləyirlər. Eynən “İmişli” ilə matçda olduğu kimi.
İdman.biz


