Türk Dünyasında İnteqrasiyanın Güclənməsi: Azərbaycan Özbəkistan Modeli
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Prezidentinin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə bu gün regionda formalaşan yeni siyasi və iqtisadi reallıqların mahiyyətini, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında strateji əməkdaşlığın yüksələn dinamizmini aydın şəkildə nümayiş etdirir. Prezident cənab İlham Əliyevin açıqlamaları təkcə ikitərəfli münasibətlərin deyil, həm də Avrasiya məkanında meydana gələn genişmiqyaslı geosiyasi və geoiqtisadi proseslərin analizi baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycan və Mərkəzi Asiya ölkələrini birləşdirən ortaq tarixi-mədəni irs, türk mənəvi dəyərləri və coğrafi yaxınlıq bu əməkdaşlığın təməl sütunlarıdır. Xəzər dənizi bu inteqrasiyanın mərkəzində dayanır: bir tərəfdən fiziki sərhəd kimi görünən Xəzər, digər tərəfdən ölkələrimizi birləşdirən, iqtisadi və strateji sinergiyanın əsas arteriyası kimi çıxış edən mühüm geosiyasi məkandır.
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə Azərbaycanın ardıcıl iştirakı bu birlikdə Bakının artan rolunu daha da möhkəmləndirir. Prezidentin qeyd etdiyi kimi, ikitərəfli və çoxtərəfli formatlarda son illər müşahidə olunan intensiv siyasi dialoq, qarşılıqlı səfərlərin dinamizmi, region dövlətləri ilə qurulan strateji və müttəfiqlik münasibətləri bu əməkdaşlığın dərinliyini əyani şəkildə göstərir.
Bu kontekstdə Azərbaycan–Özbəkistan münasibətləri xüsusi yer tutur. Tarixi köklər, dil və etnik yaxınlıq, mənəvi dəyərlər və ənənələr bu münasibətlərin təməlini təşkil edir. Müsahibədə xüsusilə Prezident İlham Əliyev ilə Prezident Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq münasibətləri strateji tərəfdaşlığın mühüm amili kimi vurğulanır.
Son illər dövlət başçıları arasında keçirilən çoxsaylı qarşılıqlı səfərlər, imzalanmış Bəyannamələr və Müttəfiqlik münasibətləri haqqında Müqavilə iki ölkə əlaqələrinin ən yüksək səviyyəyə çatdığını göstərir. Qarabağın bərpasına Özbəkistanın, xüsusilə Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşasına verdiyi töhfə qardaşlığın real təzahürüdür və Azərbaycan tərəfindən yüksək qiymətləndirilir.
İkitərəfli iqtisadi münasibətlər də misilsiz dinamika nümayiş etdirir. Ticarət dövriyyəsində 2024–2025-ci illərdə müşahidə edilən yüksək artım tempinin davam etməsi, investisiya qoyuluşları, ortaq müəssisələrin – xüsusilə Xankəndidə yaradılan tikiş fabrikinin – fəaliyyəti iqtisadi tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması və 500 milyon dollarlıq sərmayə portfeli ölkələrimiz arasında iqtisadi inteqrasiyanın gələcək perspektivlərini daha da genişləndirir.
Regionda nəqliyyat-logistika əməkdaşlığı strateji əhəmiyyət kəsb edən sahələrdən biridir. Azərbaycan Orta Dəhlizin mühüm halqası kimi Özbəkistan və Mərkəzi Asiya ölkələri üçün əsas tranzit qapısına çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, genişlənən Ələt Beynəlxalq Ticarət Limanı, müasir ticarət donanması və hava limanı infrastrukturu Bakının qlobal nəqliyyat mərkəzinə çevrilməsinə real zəmin yaradır. Tranzit yüklərin həcminin artması, Zəngəzur dəhlizinin açılmasının perspektivləri region dövlətləri üçün yeni əməkdaşlıq imkanları formalaşdırır və Mərkəzi Asiya ilə Qafqazı daha sıx birləşdirir.
Energetika sahəsində Azərbaycan–Özbəkistan əməkdaşlığı neft-kimya, enerji sistemlərinin inteqrasiyası və bərpaolunan enerji istiqamətləri üzrə genişlənir. Üçtərəfli – Azərbaycan, Qazaxıstan və Özbəkistan – formatında yaşıl enerji üzrə imzalanmış sənədlər regionda dayanıqlı inkişaf modellərinin formalaşmasına xidmət edir. Mədəni-humanitar əməkdaşlıq isə xalqlarımızı birləşdirən ən mühüm sahələrdən biridir.
Mədəniyyət günlərinin qarşılıqlı təşkili, Şuşa və Xivə kimi tarixi şəhərlərdə keçirilən tədbirlər, regionlararası qardaşlaşma layihələri xalqlar arasında birbaşa əlaqələri gücləndirir və qarşılıqlı anlaşmanı dərinləşdirir. Daşkənddə Ulu Öndərin adını daşıyan “Heydər Əliyev meydanı” və Bakıda “Özbəkistan” parkının salınması bu əlaqələrin rəmzi məna daşıyan göstəriciləridir. İdman sahəsində birgə təşkil olunacaq 2027 U-20 Dünya Çempionatı isə Azərbaycan və Özbəkistanın qlobal səviyyədə birgə təmsilçiliyi baxımından tarixi nailiyyətdir.
Media və QHT-lər arasında əməkdaşlığın son illər daha intensiv xarakter alması da ictimai diplomatiyanın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Daşkənd və Bakıda təşkil olunan Media və QHT forumları bu sahədə davamlı dialoq mühitinin formalaşmasına xidmət edir.
Prezident cənab İlham Əliyevin müsahibəsi göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri təkcə ikitərəfli çərçivədə deyil, həm də Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq platformalarda strateji sinerji yaradan əməkdaşlıq modelinə çevrilib. Bu model regionda sülhün, sabitliyin və inkişafın mühüm dayaqlarından biri kimi çıxış edir. Azərbaycanın Özbəkistanla əlaqələrə verdiyi yüksək qiymət və irəliyə yönəlmiş baxışı iki ölkənin qarşılıqlı etimad, strateji əməkdaşlıq və qardaşlıq üzərində qurulan münasibətlərinin gələcək illərdə daha da möhkəmlənəcəyinin xəbərçisidir.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 14 Noyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















