Türkiyədən Azərbaycana: Müəllimlərin peşəkar inkişafında uğurlu təcrübələr MÜSAHİBƏ
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 24 oktyabr, Tamilla Məmmədova, AZƏRTAC
Təhsil yalnız biliklərin ötürülməsi deyil, həm də bacarıqların, dəyərlərin və insan potensialının inkişafı vasitəsilə gələcək cəmiyyətin formalaşdırılmasıdır. Müasir dünyada texnologiyalarda, sosial münasibətlərdə və qlobal iqtisadiyyatda dəyişikliklərin sürəti artdıqca müəllimin transformasiya proseslərinin lideri kimi rolu daha mühüm əhəmiyyət kəsb edir.
Türkiyədə fəaliyyət göstərən Müəllimlər Akademiyası Fondu (Öğretmen Akademisi Vakfı – ÖRAV) on beş ildən çoxdur ki, pedaqoqları dəstəkləyir, onların peşəkar və şəxsi inkişafı üçün imkanlar yaradır, tədrisə innovativ yanaşmalar tətbiq edir və qarşılıqlı dəstək icmaları formalaşdırır. Qurum yalnız formal təhsilə deyil, həm də XXI əsr bacarıqlarının, rəqəmsal savadlılığın, emosional intellektin və dayanıqlığın inkişafına xüsusi diqqət yetirir.
AZƏRTAC Müəllimlər Akademiyası Fondunun baş direktoru, təhsilin inkişafı üzrə ekspert Arzu Atasoy ilə müsahibəni təqdim edir. Müsahibədə ÖRAV-ın eksperti müəllimlərlə işləmə üzrə təcrübəsini bölüşür, müəllimləri dəstəkləyən effektiv proqramların əsas prinsiplərindən danışır və Türkiyənin uğurlu təcrübələrinin Azərbaycanda necə tətbiq oluna biləcəyini izah edir.
– Müəllimlər Akademiyası Fondu kimi qeyri-hökumət təşkilatlarının müəllimləri dəstəkləmək və qeyri-formal təhsili inkişaf etdirməkdə rolunu necə qiymətləndirirsiniz? Bu təcrübə Azərbaycana necə faydalı ola bilər?
– Biz əminik ki, təhsildə əhəmiyyətli və davamlı dəyişikliklər müəllimlərdən başlayır. “Garanti BBVA” 2008-ci ildə təşkilatımızı yaratdıqda, baxış tam aydın idi: müəllimləri gələcək nəsilləri yalnız biliklə deyil, həm də empatiya, yaradıcılıq və dayanıqlılıq vasitəsilə formalaşdıran dəyişikliklərin liderləri olmaq gücü ilə təmin etmək. O vaxtdan bəri biz Türkiyənin bütün 81 vilayətində 430 mindən çox müəllimlə çalışmış, onların peşəkar və şəxsi inkişafını həm ənənəvi, həm də onlayn proqramlar vasitəsilə dəstəkləmişik. Məsələn, “eKampüs” platformamız 60 mindən çox aktiv istifadəçisi olan rəqəmsal tədris mərkəzinə çevrilib, bu da hər bir müəllim üçün harada olmasından asılı olmayaraq, peşəkar inkişafın əlçatanlığını təmin edir.
Bizim kimi qeyri-hökumət təşkilatları formal təhsil sisteminin boşluqlarını aradan qaldırmaqda özünəməxsus rol oynayır. Biz pedaqoqların inkişafına çeviklik, innovasiya və icma əsaslı yanaşmalar gətiririk. “Bərabər bərabəri öyrədir” (və ya bərabər səviyyədə olanlar biri-birini öyrədir) modelimiz müəllimlərə bir-birindən öyrənmək imkanı yaradır, möhkəm peşəkar şəbəkələr və birgə inkişaf mədəniyyəti formalaşdırır.
Düşünürəm ki, bu təcrübə Azərbaycan üçün də faydalı ola bilər. Dövlət-özəl tərəfdaşlıqları və qeyri-hökumət təşkilatlarının fəal iştirakı formal təhsil sistemini tamamlayaraq müəllimlərə rəqəmsal savadlılıq, emosional intellekt və dayanıqlı inkişaf məsələlərində bacarıqlarını artırmaq üçün yeni imkanlar yarada bilər. Nəticə etibarilə, müəllimlər dəstək aldıqda cəmiyyətlər də çiçəklənir. Bu, bizim Türkiyədə öyrəndiyimiz dərsdir və bu mesajı bütün qonşularımızla paylaşmaqdan məmnunuq.
– Sizin təşkilat müəllimləri dəstəkləyən proqramlar üzərində çalışır. Necə düşünürsünüz, belə proqramların hansı əsas elementləri region ölkələrində, o cümlədən Azərbaycanda təhsilin keyfiyyətini yaxşılaşdıra bilər?
– Müəllimlər Akademiyası Fondunun təcrübəsinə əsasən, müəllimləri dəstəkləyən ən effektiv proqramlar üç əsas elementi birləşdirir: aktuallıq, əməkdaşlıq və davamlılıq.
Birincisi, proqramlar müəllimlərin real ehtiyaclarını nəzərə alaraq, birbaşa dialoq, tədqiqat və “geri əlaqə” vasitəsilə hazırlanmalıdır. Müəllimlər proqramın məzmununun onların sinif reallığına uyğun olduğunu gördükdə iştirak səviyyəsi təbii şəkildə artır.
İkincisi, cütlüklərlə öyrənmə və əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Müəllimlər üçün ideyalar mübadiləsi apara, təcrübəni birgə təhlil edə və həll yollarını formalaşdıra biləcəyi təhlükəsiz mühitlərin yaradılması motivasiyanı və peşəkar inkişafı gücləndirir.
Nəhayət, davamlı öyrənmə imkanları ən böyük effekti verir. Təhsil sistemləri çox sürətlə dəyişir, buna görə müəllimlərə uzunmüddətli, modul əsaslı və rəqəmsal inkişaf yolları təqdim etmək peşəkar inkişafı ömürlük vərdişə çevirir. Biz bunu “eKampüs” platforması vasitəsilə həyata keçiririk.
Bu prinsiplər universaldır. Əminəm ki, bu prinsiplərə diqqət yetirməklə region ölkələri, o cümlədən Azərbaycan müəllimlərin potensialını gücləndirə və nəticədə ümumi təhsil keyfiyyətini artıra bilər.
– Türkiyə ilə Azərbaycanın təhsil qurumları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi üçün hansı imkanları görürsünüz? Hansı təşəbbüslər uğurlu ola bilər?
– Türkiyə ilə Azərbaycan arasında dərin mədəni və təhsil əlaqələri mövcuddur və bu, əməkdaşlıq üçün möhkəm təməl yaradır. Fikrimcə, ən dəyərli imkan qarşılıqlı öyrənmə üçün strukturlaşdırılmış platformaların yaradılmasıdır. Burada pedaqoqlar, təlimçilər və siyasətçilər mütəmadi olaraq təcrübə, qabaqcıl tədris metodları və innovativ yanaşmalarla bölüşə bilərlər.
Müəllimlərin birgə inkişaf proqramları mühüm başlanğıc ola bilər. Məsələn, qarışıq tədris layihələrinin və ya regional “təhsil icmalarının” təşkili uzunmüddətli effekt verə bilər. Burada hər iki ölkənin müəllimləri birlikdə XXI əsr bacarıqlarına yönəlmiş tədris təcrübələri hazırlaya bilərlər.
Digər perspektivli sahə rəqəmsal təhsildir. Biz lokal şəraitə uyğunlaşdırılmış birgə onlayn proqramlar yarada və hər iki ölkənin ortaq mədəni kontekstini əks etdirən məzmun hazırlaya bilərik.
– COVID-19 pandemiyası təhsilə və proqramların koordinasiyasına yanaşmaları necə dəyişdi və bu təcrübədən Azərbaycanda hansı dərslər çıxarmaq olar?
– COVID-19 pandemiyası dövrü təkcə rəqəmsal transformasiyanı sürətləndirmədi, həm də tədris və təhsil barədə təsəvvürlərimizi yenidən müəyyənləşdirdi. Bu dövr göstərdi ki, təhsil qarşılıqlı əlaqə, empatiya və çeviklik üzərində qurulan bir ekosistemdir.
Müəllimlər Akademiyası Fondu olaraq biz pandemiyanın yaratdığı çağırışlara cavab vermək üçün mövcud “eKampüs” platformamızı istifadə etdik və genişləndirdik. Bu, minlərlə müəllimə görünməmiş bir şəraitdə bir-biri ilə təmasda olmaq, öyrənmək və şagirdlərini dəstəkləmək imkanı verdi.
Bu təcrübə bizə göstərdi ki, təhsilin gələcəyi texnologiya ilə insan qarşılıqlı əlaqəsinin birləşməsindən asılıdır. Bu anlayış, o cümlədən Azərbaycanda, yeni dayanıqlı təhsil modellərinin yaradılmasına ilham verə bilər.
– Sizin işinizdə sahə layihələrinin koordinasiyası və müxtəlif tərəfdaşlarla qarşılıqlı əməkdaşlıq mühüm yer tutur. Azərbaycanlı həmkarlarınıza belə təşəbbüsləri effektiv idarə etmək üçün hansı tövsiyələri verərdiniz?
– “Garanti BBVA” tərəfindən 2008-ci ildə əsası qoyuan Müəllimlər Akademiyası Fondunun təcrübəsinə əsasən, sahə layihələrinin effektiv koordinasiyası çoxsaylı maraqlı tərəflərlə sıx əməkdaşlıq və uzunmüddətli məqsədlərə ortaq sadiqlik tələb edir.
Bu illər ərzində öyrəndiyimiz ən vacib amillərdən biri özəl sektorla tərəfdaşlığın əhəmiyyətidir. Bu, yalnız maliyyə dayanıqlılığı üçün deyil, həm də insan kapitalının və ekspert biliklərinin töhfəsi baxımından vacibdir. Bizim təsisçimiz və uzunmüddətli tərəfdaşımız olan “Garanti BBVA” bunun bariz nümunəsidir.
Maliyyə dəstəyi ilə yanaşı, bankın könüllüləri sahə layihələrimizdə iştirak edir, öz peşə bacarıqlarını və motivasiyasını bölüşür, təşəbbüslərin davamlılığını təmin edirlər.
ÖRAV olaraq biz bütün Türkiyə üzrə 430 mindən çox müəllimi əhatə etmişik, onların peşəkar və şəxsi inkişafını möhkəmləndirən təlim proqramları hazırlamışıq və həyata keçirmişik. Bizim fəaliyyətimiz “eKampüs” onlayn platforması sayəsində genişlənib, burada hazırda 60 mindən çox aktiv istifadəçi var. Bu geniş şəbəkə bizə ölkənin bütün bölgələrindəki müəllimlərlə əlaqə saxlamağa, onların ehtiyaclarını müəyyənləşdirməyə və proqramları daim təkmilləşdirməyə imkan verir.
Bu baxımdan, mənim azərbaycanlı həmkarlarıma əsas tövsiyəm müxtəlif tərəfdaşları cəlb etmək və bütün maraqlı tərəflərin fəal iştirakını təşviq etməkdir. Daimi kommunikasiya, etimada əsaslanan münasibətlərin qurulması və iştirakçılarda mənsubiyyət hissinin formalaşdırılması çətin sahə təşəbbüslərinin effektiv idarə edilməsinin əsas aspektləridir.
Eyni zamanda, uzunmüddətli dayanıqlılığa malik layihələrin hazırlanması çox vacibdir. Belə layihələr gələcəkdə müstəqil şəkildə inkişaf edə bilən strukturlar və platformalar vasitəsilə fəaliyyətini davam etdirə bilməlidir.
Belə kompleks və inklüziv yanaşma bizə on yeddi ildən artıq bir müddətdə təsir gücünü və etimadı qorumağa, həyata keçirilən hər bir layihənin pedaqoqların və bütövlükdə cəmiyyətin inkişafına əhəmiyyətli töhfə verməsini təmin etməyə imkan verib.
– Regionda insan kapitalının inkişaf perspektivlərini təhsil layihələri vasitəsilə necə görürsünüz və bu istiqamətdə Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq hansı rolu oynaya bilər?
– Təhsil layihələri insan kapitalının inkişafının ən səmərəli və davamlı yollarından biridir. Türkiyə ilə Azərbaycan arasında mövcud olan unikal qardaşlıq münasibətləri və dil yaxınlığı bu prosesi xüsusilə əhəmiyyətli edir. Bu, iki ölkənin dildə və mədəniyyət sahəsində heç bir maneə olmadan sərbəst ünsiyyət qurmasına, bilik və təcrübə mübadiləsini dərinləşdirməsinə imkan verir.
Bu möhkəm əlaqə iki ölkəyə təhsil təşəbbüsləri sahəsində əməkdaşlıq etməyə, kompleks, innovativ və səmərəli layihələr həyata keçirməyə şərait yaradır. Müəllimlərin fasiləsiz peşəkar inkişafından tutmuş tələbələrdə XXI əsr üçün zəruri olan zehni, sosial, emosional və rəqəmsal bacarıqların formalaşdırılmasına qədər birgə səylər tədrisin nəticələrini maksimum dərəcədə artıra bilər.
Şübhəsiz ki, təhsil insan kapitalının möhkəmləndirilməsinin birbaşa və etibarlı yoludur. Türkiyə ilə Azərbaycan birlikdə gələcək nəsillərin bütün potensialını üzə çıxararaq regionda uzunmüddətli sosial və iqtisadi təsir formalaşdıra bilərlər.
Baxış sayı:84
Bu xəbər 24 Oktyabr 2025 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















