Icma.az
close
up
RU
Türkiyəyə Qara dənizdən təhlükə var: Ankara təcili hərəkətə keçməlidir Şifrələr açılır

Türkiyəyə Qara dənizdən təhlükə var: Ankara təcili hərəkətə keçməlidir Şifrələr açılır

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Globalinfo.az Türkiyə Ülkü Ocaqları başqan yardımçısı Dr. Səlim Han Yeniacun ilə müsahibəni təqdim edir:

– Səlim Han bəy, bir müddət öncə Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul İl sədrliyinə seçkilərdə saxtakarlığa yol verildiyi iddia olunan iddianamə qəbul edilib, 10 nəfər barəsində 3 ilə qədər həbs cəzası istənilib. Həmçinin sentyabrın 15-də Özgür Özəlin partiya sədri seçildiyi partiya qurultayının ləğvi ilə bağlı işə baxılacaq. Seçkilərdə əsas rəqib partiya sayılan CHP hansı risklərlə qarşı-qarşıyadır? CHP lideri Özgür Özəl Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalıya ittifaq təklif etdi. Daha sonra Prezident Ərdoğan MHP lideri Dövlət Baxçalı ilə onun malikanəsində görüşdü və onlar daxili və xarici siyasət məsələlərini müzakirə etdilər. Nə baş verir? Azərbaycan auditoriyası üçün Türkiyədəki mövcud daxili siyasi atmosferi şərh edərdiniz.

– MHP və AKP-nin 2016-cı ildə Türkiyənin dövlət qurumları və xalqın iradəsi ilə uğurla mübarizə apardığı FETÖ dövlət çevrilişi cəhdindən sonra; Türkiyənin terrorla mübarizə, sosial və iqtisadi sabitlik, regional və qlobal sülh, Türkiyənin Türk-İslam Dünyasının yaşadığı problemlərin həllində aktiv mövqe tutaraq həll yönümlü siyasətləri effektiv şəkildə ortaya qoymaq üçün üzvi bir ittifaq qurması son 9 ildə türk millətinin rəğbətini qazanıb. İstər qurulduğu gündən bəri seçkilərin nəticələri, istərsə də Türkiyənin beynəlxalq aləmdə göstərdiyi siyasi performans “Cumhur İttifaqı”nın siyasi istiqaməti müəyyənləşdirməkdə effektivliyini və uğurunu nümayiş etdirən bariz faktlardır. Bununla belə, Türkiyədə effektiv müxalifət birliyinin olmaması və müxalifət partiyaları daxilindəki lüzumsuz siyasi münaqişələr təkcə onların qüvvələr balansı ilə bağlı tənqidlərini nəticəsiz qoymur, həm də qeyri-sabit partiya və blok idarəçilikləri ilə türk seçicilərin onlara şübhə ilə yanaşmasına səbəb olur. Türkiyədə ana müxalifət problemi var. Cümhuriyyət Xalq Partiyasının bu yaxınlarda keçirilən ümumi yığıncağının, bir çox CHP nümayəndəsinin müxtəlif mətbuat orqanları vasitəsilə də verdiyi xəbərlərə görə, Türkiyə daxilində İstanbulda yerləşən bir çox CHP bələdiyyə sədrinin idarə etdikləri bələdiyyələrdə aparılan korrupsiya əməliyyatlarının geniş vüsət alması, son partiya seçkilərində uğurlu seçki kampaniyası keçirməsinə baxmayaraq, CHP-yə səs verən seçiciləri məyus edib. İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı seçilən Əkrəm İmamoğlunun mümkün prezidentliyə namizədliyi üçün seçki kampaniyası büdcəsinə təkcə İstanbulda deyil, bütün Türkiyədə, bir çox CHP bələdiyyələrində korrupsiyanın təşviqi ilə qanunsuz pul toplanması və tenderlər bu günlərdə CHP daxilində iç qarışıqlığı daha da artırıb. Çoxsaylı sənədləşdirilmiş qanun pozuntuları və CHP daxilində şahid ifadələri partiyanın bələdiyyə korrupsiyasından əlavə mütəşəkkil cinayətə göz yumduğunu ortaya qoyur. Üstəlik, bu vəziyyətdən narazı qalan, partiyanın göz yumduğu bu qanunsuzluqlara reaksiya verən bəzi CHP bələdiyyə sədrləri partiyalarından istefa verib. Belə olan halda, məhkəmə prosesinin yekunlaşdırılması, məsul şəxslərin lazımi cəzaların çəkilməsinin təmin edilməsi, həm qurultay zamanı, həm də korrupsiya prosesində yol verilən qanunsuzluqların aradan qaldırılması türk milləti üçün ən başlıca prioritet olacaq. Bu baxımdan CHP lideri Özgür Özəlin partiyadaxili nizam-intizamı tam nəzarətdə saxladığını söyləmək mümkün deyil. Bu səbəbdən onun öz partiyasının sabitliyini təmin etmək və şübhəsiz, partiya qurultayı təşkil etmək əvəzinə yeni ittifaq axtarışları cəmiyyət və siyasi cameə tərəfindən müsbət qarşılanmır. “Cumhur İttifaqı”nın belə bir həssas dönəmdə dağılacağı ilə bağlı iddiaları və mövcud olduğu 9 ili göz önünə gətirsək, bu, heç də mümkün deyil.

– Dövlət Baxçalı bildirib ki, Suriya ilə əldə edilən razılaşma Suriya Demokratik Qüvvələri (SDF) və YPG tərəfindən yerinə yetirilməsə, Ankara və Dəməşq birgə hərbi əməliyyatlara başlayacaq. Necə düşünürsüz, “Terrorsuz Türkiyə” prosesi hədəfinə çatacaq, yoxsa Suriyada ABŞ və İsrailin dövlət planı gerçəkləşə bilər?

– Milliyyətçi Hərəkat Partiyasının lideri cənab Dövlət Baxçalı düz bir il əvvəl etdiyi “Terrorsuz Türkiyə vizyonu” çıxışı ilə milli birlik, Yaxın Şərq və Cənubi Qafqazdakı problemlərin sülh yolu ilə həlli, Türkiyənin regional liderliyini möhkəmləndirmək məqsədini ortaya qoyaraq, “Cumhur İttifaqı”nın yeni dövr siyasətinin hədəfinə çevirib. Bu cəsarətli addım ilk növbədə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən dəstəklənərək hökumət siyasətinə çevrildi. Əvvəlcə Türkiyə Böyük Millət Məclisindəki bütün partiya qruplarının bu məsələni diqqətlə araşdırması, daha sonra türk millətinin yeni konstitusiya ilə bu məsələyə dəstək verməsi üçün yol xəritəsi müəyyən edilib. Lakin terror təşkilatı PKK rəhbərliyi təşkilatın özünü ləğv etdiyini və silahı yerə qoyacağını açıqlasa da, ötən müddətdə atılan konkret addımlar və terror təşkilatının, xüsusilə də onun Suriya qanadının (YPG-SDF) Suriyanın ərazi bütövlüyü ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi açıq şəkildə vaxt udmaq kimi qəbul edilir. İsrailin bölgədə Türkiyənin güclü təsirini qəbul etməməsi və lobbiçilik səyləri ilə bu məsələdə ABŞ-a təsir etmək cəhdləri Suriyada daha əvvəl unitar dövlət quruluşunu dəstəkləyən ABŞ Dövlət Departamentinin ritorikasını da dəyişib. Mümkün federasiya və buna bənzər idarəçilik ssenariləri ABŞ rəsmiləri tərəfindən dilə gətirilsə də, Suriyadakı terror təşkilatının tərəfdarları tərksilah və inteqrasiya proseslərində heç bir konkret addım atmayıb. Türkiyənin PKK terror təşkilatına qarşı həm öz hüdudları daxilində, həm də hüdudlarından kənarda effektiv mübarizədə tam qələbə qazanması bir həqiqətdir. Və hər bir böyük dövlət kimi o da bu qələbəni sosial bütövlük və yaxın illərdə analoji problemin təkrarlanmasının qarşısını almaq üçün atacağı siyasi addımlarla möhkəmləndirmək istəyir. Lakin bu proses Suriya və İraq olmadan düşünülə bilməz. Belə görünür ki, PKK-nın Suriyadakı uzantıları silahlarını yerə qoymaqdan imtina edərsə və Türkiyənin regional təhlükəsizliyini təhdid etməyə davam edərsə, Türkiyə yeni hərbi əməliyyat variantını aktiv şəkildə nəzərdən keçirəcək. Bu, Türkiyədə PKK terror təşkilatından mədət uman siyasətin hərbi tədbirlərlə tamamilə aradan qaldırılacağı ssenarini bizə təqdim edəcək. Çünki cənab Dövlət Baxçalının son açıqlamalarından da göründüyü kimi, Türkiyə nə ABŞ, nə İsrail, nə də terror təşkilatlarına regional təhlükəsizlik və milli maraqlarla bağlı heç bir güzəştə getmir.

Dr. Səlim Han Yeniacun

– Türkiyə Ukrayna cəbhəsində vasitəçi rolunu oynayır. Lakin prezident Ərdoğan İstanbul prosesinin Türkiyədə davam etdirilməsi ilə bağlı deyib ki, Putin və Zelenski hələlik görüşə hazır deyil. Rusiya və Ukrayna liderlərini bir masaya oturmağa sizcə hansı şərtlər məcbur edəcək? Bu görüşün İstanbulda keçiriləcəyini hipotetik olaraq düşünsək, Türkiyəyə hansı üstünlük qazandıra bilər?

Rusiya ilə Ukrayna arasında birbaşa sülh danışıqlarının baş tutması üçün ilk növbədə cəbhədə qüvvələr nisbəti tərəflərdən birini və ya hər ikisini danışıqlar masasına oturmağa məcbur etməyə kifayət edəcək qədər dəyişməlidir. Bu gün nə Moskva, nə də Kiyev müharibənin gedişində tam üstünlüyə malik deyil. Ona görə də diplomatiyaya qayıdış üçün ya ciddi hərbi məğlubiyyət, ya ağır iqtisadi sanksiyaların təsirinin dərinləşməsi, ya da Qərb dünyasının Ukraynaya dəstək siyasətində nəzərəçarpan fikirayrılığı yaranmalıdır. Eynilə, Rusiyaya qarşı daxili iqtisadi və sosial təzyiqlər də Kremli danışıqlar masasına oturda bilər. Bu şərtlər yerinə yetirilərsə və İstanbul yenidən danışıqlar prosesinə ev sahibliyi edərsə, Türkiyənin çoxşaxəli üstünlük əldə edəcəyini söyləmək olar. Əvvəla, Türkiyə özünü təkcə regional deyil, həm də qlobal diplomatik aktor kimi göstərmək imkanı tapacaq. İkincisi, vasitəçilik rolu Türkiyənin həm NATO müttəfiqləri, həm də Rusiya kimi strateji aktorla etibarlı balanslaşdırma siyasəti yürütdüyünü nümayiş etdirir. Bu, Ankaranın uzun müddətdir müdafiə etdiyi “balans diplomatiyası” vizyonunun konkret uğuru olardı. Üstəlik, danışıqların İstanbulda keçirilməsi Türkiyənin Qara dənizin təhlükəsizliyi ilə bağlı arqumentlərini gücləndirəcək. Çünki Qara dənizdə davamlı sülh və sabitlik olmasa, Türkiyənin enerji təhlükəsizliyi, ticarət yolları, regional yanaşması risk altında qalmaqda davam edəcək. Ona görə də Türkiyənin bu prosesə ev sahibliyi etməsi həm nüfuz qazandırar, həm də onun milli maraqlarına birbaşa uyğun gəlir.

– İkinci Qarabağ savaşında Azərbaycanın zəfəri tarixi ədalətin bərpası ilə yanaşı, regionda və dünyada onun nüfuzunu artırdı. Türkiyə Cənubi Qafqazda söz sahibinə çevrildi. Bu qarşısıalınmaz reallıq bölgəyə təsir rıçaqlarını itirən Rusiya tərəfindən görünür, qısqanclıqla qarşılanır. Bu, ötən ilin sonunda Azərbaycan mülki təyyarəsinin vurulmasından sonra özünü açıq şəkildə büruzə verdi. Diplomatik mənbələrdən verilən məlumata görə, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünün bloklanması təkcə Hindistanın təşəbbüsü ilə olmayıb, Rusiya da bu prosesdə yaxından iştirak edib. Rusiyanın Azərbaycanla münasibətlərində gərginliyin davam etməsinin hər iki tərəf üçün hansı mənfi təsirləri var? Bu gərginlik, nəhayət, nə zaman aradan qaldırılacaq?

– Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi təkcə onun ərazi bütövlüyünün bərpası deyil, həm də regional qüvvələr balansını kökündən dəyişdirdi. Bu uğur Cənubi Qafqazda yeni geosiyasi reallığın əsasını qoydu. Bu yeni mənzərədə Rusiyanın ənənəvi təsir dairəsi daraldı, Azərbaycanın diplomatik və iqtisadi imkanları genişləndi. Təbii ki, Moskva bu vəziyyətə qısqanclıqla reaksiya verdi və bəzən birbaşa və ya dolayı yolla Bakıya təzyiq göstərməyə cəhd etdi. Mülki sərnişin təyyarəsinin vurulması və Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olmaq istəyinə maneçilik törətməkdə Rusiyanın rolunun olması bu çərçivədə şərh edilməlidir. Bu gərginliyin mənfi təsiri hər iki tərəf üçün aydındır. Azərbaycan nöqteyi-nəzərindən Rusiya ilə münasibətlərdəki gərginlik həm təhlükəsizlik risklərini artırır, həm də xüsusilə enerji və nəqliyyat layihələrində regional əməkdaşlığa mane olur. Rusiya nöqteyi-nəzərindən isə Azərbaycan kimi müstəqil və güclü bir aktorla münasibətləri pozmaq Moskvanın Cənubi Qafqazdakı təsirini daha da zəiflədir. Çünki bu gün Azərbaycan təkcə Türkiyə ilə deyil, Mərkəzi Asiyadan Avropaya, Çindən Yaxın Şərqə qədər uzanan geniş diplomatik və iqtisadi şəbəkənin mərkəzində yerləşir. Burada vurğulanmalıdır ki, Rusiya, xüsusən də Putin administrasiyası keçmiş SSRİ dövlətlərinin müstəqilliyinin əhəmiyyətini indi dərk etməlidir. Bu ölkələr – Azərbaycan, Türkmənistan və Özbəkistan kimi – təkcə Moskva ətrafında formalaşmış regionun bir hissəsi deyil, həm də öz milli maraqlarına uyğun olaraq dünyanın müxtəlif iqtisadi və diplomatik tərəfdaşları ilə səmərəli əlaqələr quran müstəqil dövlətlərdir. Bu, onların ən təbii haqqıdır. 21-ci əsrdə himayədarlıq dövrü bitdi; biz indi qarşılıqlı əməkdaşlıq dövründəyik. Gərginliyin tam həlli həm Rusiyanın bu reallığı qəbul etməsindən, həm də regional aktorların əməkdaşlığa üstünlük verən siyasətlər yürütməsindən asılıdır. Davamlı sabitlik üçün Moskvanın “böyük qardaş” yanaşmasından əl çəkərək bərabərhüquqlu münasibətlərə doğru irəliləməsi vacibdir. Yalnız bundan sonra Azərbaycan-Rusiya münasibətləri yenidən strateji zəmin qazana bilər.

– Şuşa, Moskva, Vaşinqton bəyannamələri və bu yaxında Prezident İlham Əliyevin Çində ŞƏT Zirvəsində iştirakı Azərbaycanın dəqiq hesablanmış balanslı siyasətinin göstəricisidir. Qərb ilə Şərq arasında bu manevrlər Azərbaycana gələcək perspektivdə nə qazandıracaq? Azərbaycanın yeni dünya nizamında yeri və rolu nədən ibarətdir?

– Azərbaycanın son illərdə atdığı addımlar Şuşa, Moskva və Vaşinqton bəyannamələri ilə birlikdə, ölkənin diqqətlə işlənmiş, balanslaşdırılmış xarici siyasətinin ən bariz göstəricisidir. Prezident İlham Əliyevin Çində ŞƏT-in zirvə görüşündə iştirakına da bu prizmadan yanaşılmalıdır. Bakı bir tərəfdən Qərblə iqtisadi, təhlükəsizlik və enerji əlaqələrini qoruyur, digər tərəfdən də Şərqlə, yəni Çin, Rusiya və Türk dünyası ilə strateji tərəfdaşlıq əlaqələrini dərinləşdirir. Bu tarazlıq Azərbaycanın yeni dünya düzəninin çoxşaxəli və müstəqil aktoruna çevrilməsi istiqamətində irəliləyişini nümayiş etdirir. Zəngəzur dəhlizi və ya “Turan marşrutu” bu balanslaşdırma siyasətinin ən kritik nümunələrindən biridir. Bu dəhliz təkcə Azərbaycan ilə Naxçıvan arasındakı əlaqəni deyil, həm də türk dünyasını Avropadan Mərkəzi Asiyaya birləşdirən strateji xətti təmsil edir. Bu xətt üzrə hazırlanmış “Turan modeli” vizyonu enerji və ticarətdən başqa mədəni və siyasi inteqrasiyanı əhatə edən geosiyasi bir dizayndır. Türkiyənin fəal dəstəyi və Orta Asiya ölkələrinin iştirakı ilə bu model Avrasiya regionunda Qərblə Şərq arasında körpü rolunu oynayacaq. Ermənistan cəbhəsində isə vəziyyət ziddiyyətlidir. Paşinyan administrasiyası Moskvanın agent dövlətinə çevrilmək istəmədiyini nümayiş etdirməklə bərabər erməni diasporunun təzyiqi altında qalır. Bu təzyiq xüsusilə diaspora əhalisinin güclü olduğu ABŞ və Fransa kimi ölkələrdə özünü daha çox göstərir. Paşinyanın Vaşinqtonla yaxınlaşma cəhdləri, əslində, onun bu diaspor təzyiqini qırmaq cəhdinin bir hissəsidir. Bununla belə, qeyd etmək vacibdir ki, ABŞ-da, xüsusən də Tramp dövründən sonra xarici siyasətin davamlılığına zəmanət yoxdur. Bu gün verilən vədlər sabah siyasi tarazlığın dəyişməsi ilə öz mənasını itirə bilər. Ona görə də Azərbaycan və ümumilikdə region ölkələrinin ABŞ-a qarşı ehtiyatlı yanaşması strateji baxımdan doğru olardı. Beləliklə, Azərbaycan Qərblə Şərq arasında həyata keçirdiyi manevrlər vasitəsilə gələcəkdə regional körpü dövləti olmaqla yanaşı, həm də yeni qlobal nizamın formalaşmasında fəal rol oynayacaq. Enerji dəhlizləri, ticarət yolları, türk dünyası ilə inteqrasiya layihələri Azərbaycanın geosiyasi dəyərini davamlı olaraq artıracaq. Bu prosesdə Bakının balanslı diplomatiya anlayışı onu təkcə Cənubi Qafqazda deyil, həm də Avrasiya miqyasında əvəzsiz aktora çevirir.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see183

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see165

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see156

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see148

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see139

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see137

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see136

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see135

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see132

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see128

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see127

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see124

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see122

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see120

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see118

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri