UĞURA APARAN YOL... Əjdər ŞİRİNBƏYLİ yazır
Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
...Doğumdan başlanan yol, iməkləməkdən, ayağa qalxmaqdan və “Ağzı söz tutmaqdan” – danışmaqla davam edir. Ailə mühiti dünyaya göz açanın ilk məkanı olmaqla, daha sonralar qonşular, bağça, məktəb, təhsil - sənət öyrənməklə həyata atılan, zəhmətdən başlanan yol, hər hansı bir peşə sahibini cismən-ruhən yaşatdığı mühüm həyati atributların birincisi olduğu məlum məsələdir...
İnsan övladının, zəhmətə bağlılığı, ən ağır fiziki işdən belə çəkinməyib, həyatın-yaşamın qurulmasına – davamına xidmət etməyi sabahki uğurun ilkin açarıdı.
...Ölkəmizdə neftin iqtisadiyyatımızdı, sosial ehtiyacların ödənilməsi sahədə tutduğu yer – mövqe haqqında söz deməyə ehtiyac duymadan, bu böyük gəlir mənbəyində çalışanların neft sahəsinə ömür-həyat həsr edənlərin birindən – sadə zəhmət adamından söhbət açmaq imkanı yaranıb.
İsmayıllı rayonunun Qalacıq kəndində dünyaya göz açan Meyxoş Həmidov Abduləli oğlunun tərcümeyi halından danışmazdan əvvəl, onun yiyələndiyi, “könül” verdiyi neftçiliyindən yazmaq – söz demək özü bir könül xoşluğu yaradır.
Meyxoş Həmidov Bakı şəhərində, 18 saylı Texniki Peşə məktəbində, tikinti sahəsində təhsil alıb. Daha sonra Sibirə Baykal-Amur dəmir yolunun çəkilməsində, ilk zəhmət meydanının əməkçisi kimi işləyib, çalışıb, həyatın bərkindən-boşundan bu sərt təbiətli məkanda çıxıb...
Bir neçə il sonra, dönüb arxaya baxanda, yadına: - “Bura Vətəndir” nəğməsi düşüb. Təsirlənib, gəhərlənib, elə həmin andaca, - öz-özünə, - qayıdacağam deyə pıçıldayıb, nədənsə verdiyi bu mühüm tale yüklü qərarı pıçıltıyla deməsi, özünü də qane etməyib. Yumruğunu sıxıb və var səslə: - Qoynuna qayıdacam-dönəcəm, anam Azərbaycan!, - deyərək qışqırıb-haraylanıb... Sonra bu təbii kövrəlmədən doluxsunub: - burda mənim nə Arazım var, deyərək fikrinin qətiliyini özü təsdiqləyib.
...Meyxoş Həmidov onu gətirən qatarın pəncərəsindən təbiəti seyr edərkən, Sibir sözünün açmasını, vaxtı ilə bir tarixçidən eşitdiyi: - Sibir sözü “Su bir”, “Bir su”mənbəyi birliyindən yarandığını söylədiyini xatırlayır və bu torpaqların qədim sakinlərinin, türk mənşəli olduğu barədə düşüncələrə dalır.
Uzun günlərin yol yorğunluğu, neft qoxulu Bakısına yaxınlaşdığını duyanda, sevindiyindən ürəyinin səsi qulağına düşür, ürəyində “Can ey Vətən, başına dönüm” fikiri-təsəllisi onun həyacanına son qoyur.
Bakıyla gözlərinin yaşarmasıyla görüşən Meyxoş Həmidov birbaşa, qoynunda doğulduğu, bənzərsiz təbiəti, cənnət misallı İsmayıllısına çatmağa tələsir. Bakıda “Şamaxinka” adıyla tanınan yerə gəlir. Yol boyu ötüb keçənlərə xəyalən dönür. Dağların qucağında məskunlaşan Qalacıq kəndi onun baba-nənə yurdudur. Meyxoş bu fikirlərin içindəykən maşının kəndə yaxınlaşdığını görür. Haçansa qəzetlərin birində oxuduğu “Kəndim” şeirindən bir bəndi xatırlayır:
Demə unutmuşam, səni atmışam,
Gələrəm-gedərəm ötüşərəm mən;
Ürəyimdə elə əzizlənmisən,
Tozlu yollarınla, öpüşərəm mən!
Meyxoş bu bəndlə ata yurdunu ən səmimi duyğularla yad edərək bir az toxtadı.
M.Həmidov yurduna-elinə bütün varlığıyla bağlı olduğundan və bir neçə ilin ayrılıq həsrətindən sonra, kəndlərində ürək dolusu dincələndən sonra, sevdiyi – “dəlisi” olduğu Bakısına döndü. Bu dönüş onun zəhmətlə bağlı, əməklə ucalmağının bünövrəsini qoydu...
Meyxoş Abduləlioğlunun neft sahəsində çalışmasını məsləhət görənlər, onu əsrarəngiz-möcüzəli Neft Daşlarına apardılar. İlk tanışlıqda, - bura elə mənim yerimdi, deyərək, gələcək arzularını quracağı – həyata keçirəcəyi məkana, bir könüldən – ilk görüşdən vuruldu.
Həmin vaxtdan Neft Daşları şəhəriylə ilk tanışlıqdan otuz il ötürdü. İndi otuz il öncə ilk bünövrəsi qoyulmuş bu möhtəşəm məkanın 60-illik yaranma, - “doğum tarixi”-nin yübileyi keçirilirdi.
Ömrünün otuz ilini iş yerini dəyişmədən sərf etdiyi Neft Daşları şəhərinin 60-illik yaranma yubileyinin keçiriləcəyi tədbirdə, mükafatlandırılanlar arasında Meyxoş Həmidovun da adı vardı. Həmin təntənəli tədbirdə-görüşdə möhtərəm Prezidentimiz, xalqımızın Fateh sərkərdə övladı İlham Əliyev də iştirak edirdi. Görüşün rəsmi hissəsində cənab İlham Əliyev mükafatlananların əlini sıxır, yeni-yeni uğurlar arzulayırdı.
Fasiləsiz əməyiylə, ən çətin məqamlarda, dənizin “üsyan” etdiyi, dalğaların “Şahə qalxdığı” vaxtlarda, gecəli-gündüzlü əmək dostlarının yanında, çiyin-çiyinə dayanan Meyxoş Həmidovun da əməyi yüksək qiymətini aldı. Ölkə rəhbəri İ.Əliyev səmimiyyətlə, üz-gözünü bürüyən bir xoş təbəssümlə Meyxoş Həmidova “Tərəqqi” medalını təqdim edib, ona fədakar əməyinə görə minnətdarlığını bildirərək, bir daha təbrik etdi.
İnsanın zəhməti, gördüyü işi həqiqi qiymətini dövlət tərəfindən alanda, zəhmət adamının həyat eşqi, yaşam limiti bir daha yüksəlir. Bu mükafat Meyxoş bəyin həyatındaki ən əlamətdar günlərin biriydi.
Təbiətən səmimi-sədaqətli olan M.Həmidov bu mükafatdan sonra “Özünü necə hiss edirsən?” - sualımı təvazökarlıqla cavablandırdı: “Bu mükafat mənim adıma yazılsa da, üzvü olduğum kollektivin, idarə rəhbərliyinin birgə əməyinin bəhrəsidir. İdarəmizin rəisi Balamirzə Ağarəhimovun, baş mühəndisi Sərxan Babaşovun, sex rəisimiz Elxan Atakişiyevin həmişə qayğı və diqqətini görmüşəm. Bu mükafatı almağım üçün rəhbərliyin-kollektivin təqdimat verilməsini dəstədiklərinə görə, mənim sevincimə şərikdirlər, sağ olsunlar. Mən də öz növbəmdə çalışacağam ki, rəhbərliyin, çiyin yoldaşlarımın etimadını doğruldum.
İndiyənə qədər bir iş yoldaşı kimi, dənizin şiltaqlığı-qəzəbi tutub, estakadaları yıxdığı-uçurduğu bir vaxtda adamların həlak olduğu zamanda belə, ziyanın az olması üçün geri çəkilməmişik. Belə ağır sınaqlarda bir-birimizi qorumuşuq, ətrafımızdakiların taleyinə biganə qalmamışıq.
Uzun illər ərzində bir yerdə çalışdığım iş yoldaşlarımla elə doğmalaşmışıq ki, bunun bir adı, bir məmləkətin övladı olmağımızın nəticəsidir. Hər zaman bir-birimizin xeyir işində şadlanmış, yas-hüzn yerlərimizdə isə, həyan olmağa, təsəlli verməyə tələsmiş, iş yoldaşlarımızın qəminə şərik olmuşuq...
Meyxoş Həmidovun belə danişmağı, onun həyat sevgisindən yoğrulmuş dostcanlı olmağının, ömür lüğətində “özgənin dərdi” termini olmadığının nümunəsidir. Belə müsbət mənəvi dəyərlərin daşıyıcısı olmağı insanın saflığının əyani göstəricisi-təstiqidir.
Həmsöhbətimi dinləməkdə davam edərkən ümumi rəhbərlikdən, başqa daha kimlərlə sıx ünsiyyəti olduğunu soruşuram. O, bir az xəyallanıb: “Dostluq etdiyim insanların, iş yoldaşlarımın hər biri dünya görmüş insan olublar. İlk ustam Allahyar Məmmədov olub. İndi haqq dünyasındadır. Allah rəhmət eyləsin. İş yoldaşlarım etdikləri köməkdən özləri də fərəhləniblər. Belə insanlardan Məhəmməd İsmayılovun, Yusif Qurbanovun, Hacı Şirəliyevin adlarını çəkə bilərəm. Onların hər üçü artıq dünyalarını dəyişiblər. Allah hər üçünə qəni-qəni rəhmət eyləsin!
Hazırda bir yerdə Eldar Məmmədov, Nizami Səlimovla, Ramiz Şəfiyevlə eyni mədəndə çalışırıq. Onların hər biri Vətəncanlı, dost sevər insanlardır”.
Meyxoş Abduləlioğlu ilə görüşüm-söhbətim çox məzmunlu olduğundan, onun idarə rəisindən başlayaraq, ünsiyyətdə olduğu bütün iş yoldaşlarından razılığının bir səbəbi də, özünün yaxşı insan, qədirbilən dost, iş yoldaşı olmağının əyani nümunəsidir.
...Hələ Bakıda Texniki-Peşə məktəbində oxuyarkən Xəzərlə elə bir dərin ünsiyyəti olmayan yazımızın qəhrəmanı vaxtı ilə Sibirdən qayıdarkən, sevimli Bakisına dönəndə də Xəzərlə elə bir yaxın xatirəsi olmamışdı. Sadəcə olaraq dəniz ətrafı bulvarda gəzərkən Xəzəri seyr etmişdi. Ancaq ağlına da gəlməzdi ki, Xəzər bir vaxt onun ömür yolunun dostu, həmdəmi olacaq və Meyxoş bəy də “Ömür dastanı”nı Xəzərin qoynunda yazacaq...
Bu yerdə ustad şairimiz C.Novruzun “Həyat, sən nə qəribəsən” misrasından təsirlənərək Meyxoş bəy “Həyat, sən nə gözəlsən!”, - deyir.
Bu lirik tonlu yazımda M.Həmidovun həyat-ömür yoluna, - qismən də olsa, - işıq saldım. Əmək qəhrəmanıyla söhbətimdə daha çox dinləməyə - həmsöhbətimi öyrənməyə, onun ürək sözlərini dinləməyə köklənmişdim...
Arabir çıxdığım haşiyələr isə bir eloğlumun insan kimi qazandığı hörmətini açıqlamağa yönələn lövhələrlə, bir halal zəhmət adamının bədii portretini sözlə yaratmağa çalışdım. Elə bilirəm ki, söhbətimiz səmimiyyət ruhunda oldu. Və bu yazımızın da adı, yaşantlarıımızdan doğuldu: - Uğura aparan yol, - yolun aydın olsun eloğlu...
Baki-Qalacıq-Baki.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 26 Noyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















