Icma.az
close
up
RU
Uşaq futbolumuzun sabahı nə vəd edir? ARAŞDIRMA

Uşaq futbolumuzun sabahı nə vəd edir? ARAŞDIRMA

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Azərbaycan futbolunun problemlərindən danışarkən başlıca qeyd olunan məsələlərdən biri uşaq futboludur. Ötən ay təqdim olunan AFFA-nın inkişaf strategiyasında da sözügedən məsələyə xüsusi yer ayrılıb. Bu da ondan xəbər verir ki, futbolumuzun əsas səlahiyyət sahibi qurumundan tutmuş sıravi azarkeşə qədər problemin ciddiyyətindən xəbərdardır.

Ancaq məsələ çatışmazlıqları görməklə bitmir. Problemin həlli istiqamətində vaxtında hərəkətə keçməli və sistemli şəkildə iş aparılmalıdır. Çünki bu sahədə atılan addımların ilkin nəticələrini görmək üçün illər lazımdır. Bəs yaxşı bu gün uşaq probleminin inkişafı istiqamətində hansı işlər görülür?

İdman.biz-in əməkdaşı ölkəmizdə uşaq futbolunun problemlərini araşdırıb.

Proseslərdə birbaşa iştirak edən şəxslərin mövcud çatışmazlıqları daha dəqiq gördüyünü nəzərə alaraq, məsələ ilə bağlı ilk üz tutduğumuz ünvan futbolçu uşaqların valideyni oldu.

“Zirə”nin U-15 və “Fənər Bakı”nın U-13 komandalarında 2 övladı futbolla məşğul olan Səidə Axundova İdman.biz-ə bu sahədə rastlaşdığı çətinliklərdən danışdı. Onun sözlərinə görə, təbii ot örtüklü meydançaların azlığı uşaq futbolumuzun birinci problemidir: “Artıq altı ildir ki, oğlanlarım peşəkar futbolla məşğuldur. Bu illər ərzində kifayət qədər ciddi çatışmazlıqlarla üzləşmişik. Akademiyaların maddi-texniki bazasının zəif olması, bir çox məşqçinin qeyri-peşəkarlığı, ödənişsiz futbol meydançalarının qıtlığı, məşqçilərin gündəlik uğurlar naminə uşaqları məhv etməsi, sponsor problemi, keyfiyyətli futbol geyim və aksesurlarının yoxluğu və ya həddən artıq baha olması və s. Siyahını uzatmaq da olar. Məşqçilərin peşəkarlığına gəldikdə isə oyun zamanı tapşırıq və ya rüşvətə görə uşaqlar arasında ayrı-seçkilik edən məşqçilərin olduğunu xüsusilə qeyd etmək istərdim”.

Səidə xanımın sözlərinə görə, futbolla məşğul olan bir uşağın aylıq xərci kifayət qədər yüksəkdir: “İki uşağın futbol dərslərinə aylıq təxminən 500 manat xərcləyirəm. Ancaq elə ailələr var ki, uşağın futbol butsusunu belə ala bilmir. Belə olanda komandadakı valideynlər öz aralarında pul yığıb dəstək olmağa çalışırlar. Ancaq məsələ bununla həll olmur. Əgər uşağın potensialı varsa, ona dəstək göstərilməlidir. Avropada bu təcrübə var. Bizdə isə valideynlər bütün xərcləri öz hesabına qarşılayırlar”.

Valideynin də qeyd etdiyi kimi bu sahədəki əsas problemlərdən biri uşaq futbol meydançalarının azlığıdır. Bəs görəsən statistika nə deyir?

Gənclər və İdman Nazirliyindən İdman.biz-in sorğusuna cavab olaraq bildirildi ki, ölkə üzrə idman qurğularının ərazisində futbol üçün 38 böyük, 37 mini meydan var. Məlum məsələdir ki, yalnız Nazirliyin balansında olan uşaq futbol meydanları ilə kifayətlənmək olmaz, alternativlər mütləqdir. Bu işdə isə akademiyaların əhəmiyyəti yada düşür.

“Anart” futbol klubunun baş məşqçisi Akif Hümbətov da İdman.biz-ə meydan probleminin aktuallığını vurğuladı: “Hazırda ən əsas problemimiz məşq üçün münasib meydanların olmamasıdır. Digər vacib məsələ isə uşaqların vitaminizasiyasıdır. Təəssüf ki, bizdə qidalanmaya ciddi nəzarət olunmur. Halbuki bu, çox vacib məqamdır. Bir-iki saat məşğul olmaqla futbolçu yetişdirmək mümkün deyil, prosesdə hər bir detalın rolu var. Klubumuzda müxtəlif yaş qrupları üzrə kimi qruplar mövcüddur. Bir uşaq üçün aylıq ödəniş altmış manatdan başlayır. Məlum məsələdir ki, futbol oynayanların çoxu kasıb balalarıdır. Bizim komandada da maddi cəhətdən imkansız uşaqlar var. Həmin uşaqlara klub tərəfindən güzəştlər olur, yaxud da aylıq ödənişdən azad edilirlər”.

"Sabah" futbol akademiyasının aşağı yaş qrupları üzrə əlaqələndiricisi Təbriz Həsənov İdman.biz-ə açıqlamasında bildirdi ki, onlarda pullu qruplar fəaliyyət göstərmir: “Hazırda U-8-dən U-19-a qədər bütün yaş qrupları üzrə komandalarımız var. Bu komandalar AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edir. Əlbəttə ki, bizim akademiyada da müəyyən çatışmazlıqlar var. Ancaq mövcud problemlərin üzərində çalışırıq. Əsas hədəfimiz ölkədə ən yaxşılardan biri olmaq, daha sonra isə Avropadakı akademiyalara uyğunlaşmaqdır. Bu yöndə gecə-gündüz çalışırıq”.

Mütəxəssisin sözlərinə görə, “Sabah” futbol akademiyası seleksiya işlərinə çox böyük əhəmiyyət verir: “Bakıda ildə iki dəfə olmaqla qış və yay fasiləsində seleksiya işlərini aparırıq. Regionlarda da seçim prosesinə xüsusi diqqətlə yanaşırıq. Yollanacağımız rayonda əvvəlcədən elan veririk və uşaqların müraciətindən sonra təyin olunmuş günlərdə baxış keçirilir. Onların içərisindən seçdiyimiz ən yaxşı uşaqları Bakıya dəvət edirik. Akademiyamızdakı uşaqların təhsili, sağlamlığı, qidalanması kimi məsələlərə rəhbərlik tərəfindən xüsusi nəzarət olunur”.

"Ulduz" Futbol Akademiyasının məşqçisi Şahin Şükürovun İdman.biz-ə verdiyi açıqlamaya görə, hərtərəfli qayğı ilə əhatə olunan akademiyada peşəkar məşqçilər fəaliyyət göstərir: “U-8-dən U-14-ə qədər yaş qruplarımız var. Artıq bu ildən etibarən aşağı yaş qruplarında qız komandaları da yaradılıb. “Ulduz” il yarımdır ki, fəaliyyət göstərir. Bu müddət ərzində kifayət qədər işlər görülüb. Seleksiya işləri isə bütün ölkəni əhatə edir. Koordinatorlar, məşqçilər, o cümlədən rəhbər heyət hamılıqla turnirləri izləyirik. Həmin turnirlərdən potensiallı uşaqları seçib, akademiyamıza baxışa dəvət edirik. Bu mərhələni keçən uşaqlar sıralarımıza qoşulur. Seçimlər bir yox, bir neçə məşqçi tərəfindən aparıldığı üçün bəyənilən uşağın sonradan uzaqlaşdırılması halına hələ ki, rast gəlinməyib. Regionlardan seçilən uşaqların təhsili və Bakıda yaşaması isə akademiyanın öhdəliyinə aiddir. Bizdə uşaqların tək yatacaq yer, geyim və qida məsələləri deyil, həm də asudə vaxtının düzgün təşkili istiqamətində lazimi işlər görülür. Akademiyada stolüstü tennis, şahmat və digər stolüstü oyunlar, zəngin kitabxana kimi resurslar var. Akademiya olaraq əlimizdən gələni edirik ki, uşaqlar hərtərəfli formalaşa bilsin”.

Maraqlıdır, bəs regionlarda vəziyyət necədir? Əyalətdə yaşayan uşaq uğurlu futbol gələcəyi naminə mütləq paytaxta gəlməlidirmi?


“Turan Tovuz” futbol akademiyasının koordinatoru İdman.biz-ə açıqlamasında bildirdi ki, son dövrlərdə akademiya əhatə dairəsini kifayət qədər genişləndirib: “Qəbul 6 yaşdan başlayır. Lisenziyalaşdırmanın tələblərinə uyğun olaraq 9, 10, 11, 12, 13, 14, 15, 16 və 19 yaşlılardan ibarət, eyni zamanda 15 yaşlı qızlardan ibarət komandalarımız AFFA tərəfindən keçirilən yarışlarda iştirak edirlər. Mütəmadi olaraq seleksiya və seçimlər həyata keçiririk. Uşaq futbolunun inkişafı üçün bir çox addım atan “Turan Tovuz” yeni – “Məktəbli” layihəsinə start verib. Məşqçilərimiz məktəblərdə futbol dərslərində iştirak edərək istedadlı uşaqların seleksiyasını aparır. Tovuzun mərkəzdən uzaq olan kəndlərində ixtisaslı məşqçi təyin olunmaqla qruplar yaradılıb. Maddi imkanı olmayan uşaqlara əlimizdən gəldiyi qədər dəstək olmağa çalışırıq. Bundan başqa, Qazax, Ağstafa, Şəmkir şəhərlərində qruplarımız fəaliyyət göstərir. Ümumilikdə 500-dən çox uşaq “Turan Tovuz” Futbol Akademiyasının üzvüdür. Klub rəhbərliyi həm məşqçilərin, həm də futbolçuların inkişafı üçün hər şey edir. Məşqçilərin kateqoriya kurslarında iştirakı təmin olunmaqla yanaşı, tanınmış xarici akademiyalarda təcrübə keçmələri təşkil olunur. Akademiyamızda hər şey ödənişsizdir. Burada məskunlaşan uşaqların qidalanması, tibbi personalla təminatı, geyimi, təhsili klub tərəfindən yüksək səviyyədə qarşılanır. Bütün yaş qrupları üzrə komandalarımız səfər oyunlarına bir gün öncədən yollanır. Çatışmazlıqları aradan qaldırmaq üçün əlimizdən gələni edirik. Akademiyada mütəmadi nəzəri və praktiki məşğələlər təşkil olunur. Həftəlik iclaslarda problemlər müzakirə olunur, zəif və güclü tərəflərimiz üzərində analizlər aparırıq”.

Sonda prosesin əsas hərəkətverici qüvvəsi olan AFFA-nın münasibətini öyrəndik. Qurumun mətbuat katibi Elnur Məmmədli İdman.biz-in sorğusuna cavab olaraq seleksiya məsələsi də daxil olmaqla, bir çox mətləblərə toxundu: “AFFA uşaq futbolunda seleksiya apararkən yalnız “Elit məşq”layihəsi vasitəsilə 13 yaşa qədər oyunçuları klublara təklif edir. Sonrakı yaş dövründə - 15, 16, 17, 18, 19 və 21 yaşlı futbolçuları yığma komandaların baş məşqçiləri seçir, təlim-məşq toplanışı cəlb edilir. Əlavə olaraq AFFA-da bir seleksiya aparan skout var. O, ölkə daxilində və xaricdə futbolçular haqqında məlumatlar toplayır və texniki departamentə təqdim edir. Sonda onların içindən seçilənləri müvafiq yaş qruplarının toplanışına dəvət edib seleksiya aparırıq”.

Onun sözlərinə görə, son illərdə xaricdə yaşayan həmvətənlərimizin dosyelərini toplanır və fəaliyyətləri daim diqqətdə saxlanılır: “İstedadlı oyunçuların klublara yönləndirilməsi istiqamətində lazimi işlər görülür. Bir sözlə, maddi durumundan asılı olmayaraq biz hamıya eyni cür yanaşırıq”.

Elnur Məmmədli bildirdi ki, AFFA tərəfindən U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 liqaları ümumlikdə 13 mərkəzdə təşkil olunur: “626 komanda qeyd olunan liqalarda iştirak edir. Mərkəzlərə yaxın olan rayon və şəhərlərin komandaları hər həftə sonu yarışlarda iştirak etmək üçün mərkəzlərdə toplaşır. U-15, U-16, U-17 və U-19 (Gənclər Liqası) liqalarında ümumi 58 komanda iştirak edir. Bu liqalar ev-səfər sistemi ilə həftə sonları (bəzən həftə içi) təşkil olunur. Uşaq futbolçularının sayına gəldikdə isə 17 yaşadək, yəni gənclər liqasına kimi 12274 oğlan, 720 qız futbolla məşğuldur”.

Yekunda belə qənaətə gəlirik ki, meydançaların çatışmazlığı, məşqçilərin bir çoxunun peşəkarlıq səviyyəsinin aşağı olması, uşaqların vitaminləşdirməsi kimi problemlər aktuallığını qoruduğu müddətdə uşaq futbolunun inkişafından danışmaq məntiqsizdir. Gedişat bu cür davam etsə, heç 11 il sonra da yaşıl meydanlarda üzümüzü ağ edən 11-cə nəfər yerli futbolçu tapılmayacaq.

Aytac Sahəd
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Fevral 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri