Uzun, incə yolun beş ili
Icma.az, Azpost portalına istinadən məlumat verir.
Keçən ayın 15-də Respublika Mərkəzi Elmi-Tibbi Kitabxanasında “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin (FADMM) beş illik yubileyinə həsr olunmuş “Uzun, incə yolun beş ili” adlı tədbir keçirilib. Ölkənin tanınmış elm və mədəniyyət xadimlərinin, habelə ictimai simaların yığışdığı yubiley tədbirini giriş sözü ilə qurumun icraçı direktoru Aygün Əziz açıb.
Mərkəzin sədr müavini Gülyaz Əliyeva FADMM-in 5 il ərzində gördüyü işlər barədə məruzəsində yığcam məlumat verib. O bildirib ki, yarandığı gündən geniş fəaliyyətə başlayan Mərkəz qısa vaxtda dövlət dili ilə bağlı problemləri ictimailəşdirərək həll etməyə çalışan əsas intellektual mərkəzə çevrilib. Məruzəçi qeyd edib ki, qurumun üzvləri bu illər ərzində Bakının müxtəlif yerlərində 500-ə yaxın foto çəkib, onlar sosial şəbəkələrdə paylaşılıb, ayrı-ayrı məqalələrə əlavə edilərək ictimailəşdirilib. Monitorinqlərin nəticəsində Azərbaycan dilinin dövlət dili kimi maneəsiz inkişafı ilə bağlı üzərinə konkret öhdəliklər düşən strukturların öz vəzifələrini lazımi səviyyədə icra etmədiyini aşkarlayan FADMM bu illər ərzində Yazıçılar Birliyinin sədri, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya, daha sonra 800-ə yaxın ziyalının imzası ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edib.
Cənab Eldar Əzizov pandemiyanın tüğyan etdiyi bir vaxtda məsələ ilə bağlı İcra Hakimiyətində kollegiya iclası keçirib. Bakı küçələrinin əcnəbi dillər tərəfindən işğalı məsələsinin yerində araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Reklam Agentliyi tərəfindən birgə komissiya yaradılıb.
Problemin həlli yollarının müzakirəsi üçün ziyalılardan bir neçə nəfər – FADMM-in sədri Vasif Sadıqlı, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, professor Qulu Məhərrəmli, dosentlər İradə Musayeva, Nuridə Novruzova, hüquqşünas Səməd Vəkilov Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilib.
Hesabatdan məlum olub ki, FADMM-in təşəbbüsü ilə başlanan hərəkat Türkiyədə də rezonans doğurub, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə problem Yüksək Məşvərət Məclisində müzakirəyə çıxarılıb, orada da müvafiq qanunun qəbuluna təkan verib.
Göndərilən müraciətə Mədəniyyət Komitəsinin sədri Qənirə xanim Paşayevadan da müsbət reaksiya verildiyi qeyd edilib. Bir sıra deputatların, o cümlədən Vahid Əhmədovun Milli Məclisdə (MM) məsələnin gündəliyinə salınması təklifi ilə çıxış etdiyi, ADRA-nın MM qarşısında hesabat verməsini tələb etdiyi bildirilib.

Məruzəçi qeyd edib ki, 2022-ci ilin aprelində Mərkəzin üzvlərinin Milli Məclisin deputatı, Dövlət Dil Komissiyasının üzvü Sabir Rüstəmxanlı ilə görüşü keçirilib. Görüşdə Bakı küçələrində reklamlar, ticarət obyektləri və müəssisə adlarından ana dilinin qaçaq düşməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Sabir Rüstəmxanlı problemin həlli üçün əlindən gələni edəcəyini bildirib.
Hesabata əsasən, həmin məsələ ilə bağlı 1023 nəfər ziyalının imzası ilə Milli Məclisin 100-dən artıq deputatına birbaşa və ya köməkçiləri vasitəsilə müraciət olunub. 2021-ci ilin yanvarında isə 30-u professor olmaqla yüzdən çox alim, incəsənət xadimi, ümumilikdə mindən artıq ziyalı Bakı küçələrində “Dövlət dili haqqında” Qanuna əməl edilməməsi ilə bağlı Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya, həmin ilin aprel ayında Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, 2022-ci ilin aprel ayında Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət edib.
Hesabatdan məlum olub ki, 2024-cü ilin mayında FADMM əməkdaşlarının təşəbbüsü ilə bir qrup ziyalı Prezidentə müraciət edərək ölkədə ədəbi dilin zənginləşməsi prosesini tənzimləyən ayırca quruma ehtiyac olduğunu bildirib. Məktubda müvafiq sahələrdə çalışan ixtisaslı kadrların iştirakı ilə belə bir qurum yaradılarsa, Azərbaycan dilinin lüğət tərkibinin mahiyyətcə dolğunlaşması, inkişafı, zənginliyinin qorunub saxlanması və müasirləşməyə uğurla uyğunlaşa bilməsi üçün çox gözəl imkanlar açıla biləcəyi qeyd edilib.
Bu müraciətin nəticəsi kimi, məsələ ilə bağlı 2024-cü il iyulun 7-də AMEA-nın Mərkəzi Kitabxanasında “Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr” adlı dəyirmi masada FADMM-in sədr müavini Gülyaz Əliyeva iştirak edib.
FADMM-in səyi nəticəsində Bakı küçələrinin bir çoxunda əcnəbi dildə yazılan və ya ədəbi dil normalarının pozulduğu lövhələr sökülərək yeniləri ilə əvəz olunub. G.Əliyeva onu da qeyd edib ki, belə nümunələr çoxdur və onların hamısını sadalamağa ehtiyac yoxdur. Amma bütün bunlar heç də hər zaman asanlıqla başa gəlməyib. Belə ki, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının adındakı səhv fəal əməkdaşlarımızdan olan Aygün Əzizin Səhiyyə Nazirliyi və TƏBİB-ə təkidli müraciətlərindən sonra aradan qaldırılıb.
Eləcə də piyadalar üçün yol nişanlarındakı məzmun və orfoqrafik xətaların düzəldilməsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə yazılanlar nəticə vermədikdə rəqəmsal inkişaf və nəqliyyat naziri cənab Rəşad Nəbiyevə müraciət eidlib və problem nazirliyin operativ müdaxiləsi ilə həllini tapıb, həmin piyada məlumat lövhələri demontaj edilib.

Səhvləri düzəltməməkdə ən inadkar qurumlar kimi “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Bakı Metropoliteni” QSC-nin adları çəkilib. ADY-nin əməkdaşlarının quruma məxsus obyektlərin adındakı orta məktəb şagirdlərinin belə tuta biləcəyi səhvlərin düzəldilməməsi üçün hər cür ənənəvi bürokratik üsullara əl atması vurğulanıb. Amma bir il sonra olsa da, aşkarlanan qanun pozuntuları yenə rəqəmsal inkişaf və nəqliyyat naziri cənab Rəşad Nəbiyevin müdaxiləsi ilə düzəldilib, səhv tərtib edilmiş lövhələr sökülüb, rəqəmsal platformalardakı səhvlər təshih edilib.
Mərkəzin təmsilçisi mədəniyyətimizin Rusiyada təbliği üçün gördüyü işləri də qeyd edib. Ötən illərdə Mərkəz bu ölkənin müstəqil mədəni-maarif internet nəşri olan www.atalar.ru veb-saytında iyirmiyə yaxın müsahibənin dərc edilməsinə nail olub və onlar geniş populyarlıq qazanıb. Elə onu demək kifayətdir ki, FADMM üzvü Fizzə Heydərovanın Mirzə Kazımbəyin ““Türk-tatar dilinin ümumi qrammatikası” dilçiliyin ən böyük abidəsidir” adlı müsahibəsi bu günə kimi həmin saytda 1 milyon 487 min 643 nəfər tərəfindən oxunub ki, bu da saytın tarixində ən böyük göstəricidir.
Mərkəz xaricdə yaşayan azərbaycanlıların ədəbi dil problemləri, ana dilinin xaricdə tədrisi və təbliği, bu sahədəki nöqsan və çatışmazlıqlarla bağlı məsələləri də diqqətdən kənarda qoymayıb. Xaricdə yaşayan azərbaycanlıların assimilyasiya riskinin get-gedə daha sürətlə artması təhlükəsindən doğan narahatlıqları araşdırıb, ictimaiyyətə çatdırıb. Türkiyə, Kanada, Macarıstan, Rusiya, Niderland, İsveç, Sankt-Peterburq və Latviyada yaşayan soydaşlarımızın ana dilini öyrənmək üçün açdıqları həftəsonu kurslarının vəziyyəti ilə maraqlanıb, istər diaspora nümayəndələri, istər kurs rəhbərləri, istərsə də səfirlik və parlament nümayəndələrindən məsələ ilə bağlı müsahibələr alaraq xarici ölkələrdə ana dilinin tədrisi məsələsinə dövlət rəsmilərinin diqqətini yönəldib. Bunun nəticəsi olaraq 01.12.2021-ci ildə FADMM-in sədr müavini Niderland Krallığının Haaqa şəhərində yaşayan “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva tərəfindən “Fəaliyyətimizə daim dəstək verib mətbuatda işıqlandırdığınız üçün Təşəkkürnamə” ilə təltif edilib.
Dövlət dilinə olan təhdidlərlə bağlı mətbuatla çox ciddi iş aparılıb, yerli mətbuata çoxlu müsahibə və açıqlamalar verilib, tanınmış ziyalılardan onlarla müsahibə alınıb. Bundan başqa, Mərkəz öz saytını yaradıb və orada ümumiyyətlə dillər, eləcə də ana dilimizlə bağlı yüzlərlə maarifləndirici materilal yerləşdirilib. Beş il ərzində deyilən məsələlərlə bağlı xarici mətbuatda da FADMM-in yazılarının nəşr olunduğu nəzərə çatdırılıb. Belə ki, ADPU-nun müəllimi Aynurə Əliyevanın məqaləsi Türkiyə mətbuatında dərc olunub, Mərkəzin sədri isə bir neçə Rusiya saytına müsahibələr verib.
Məruzəçi qeyd edib ki, FADMM öz fəaliyyətini həmin sahə ilə məşğul olan digər qurumlarla da əlaqələndirib, dövlət dilinin tətbiqi problemləri ilə bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutu və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə birgə tədbirlər keçirib.
Həmçinin FADMM-in fəaliyyətində 2024-cü ilin iki kitabın nəşri ilə də yadda qalması tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Mart ayında FADMM-in sədri Vasif Sadıqlının Qars Universitetinin dosenti Afina Barmanbayla birlikdə yazdığı, türkdilli ölkələr arasında müqayisəli dialektologiya üzrə ilk olan, 440 səhifəlik dialektoloji lüğət – “Gürcüstandan Azərbaycana ağız sözlüyü” kitabı Türkiyədə nəşr edilib. Qeyd edilib ki, geniş araşdırma tələb edən bu kitab tərtıb üsuluna görə türkdilli ölkələr arasında müqayisəli dialektologiya üzrə ilk lüğətdir.
Hesabatdan o da aydın olub ki, Mərkəz “Füzuli ili”nə də töhfəsiz qalmayıb. Belə ki, qurumun sədrinin ağır və gərgin əməyinin bəhrəsi olan “Füzuli. Divan. İzahlar və şərhlər Vasif Sadıqlınındır” kitabı Füzuli ilinə ən yaxşı töhfə kimi yadda qalıb.

FADMM-in ana dilinin tədrisi məsələsini də diqqətdə saxlaması, vaxtaşırı dərsliklərdə ana dili problemləri ilə bağlı fikir və təkliflərini irəli sürməsi, bununla bağlı məqalələr çap etdirərək, sosial şəbəkələrdə müzakirələr açması da vurğulanıb. O da qeyd edilib ki, bunun nəticəsi olaraq FADMM-in sədr müavini, ana dili və ədəbiyyat müəllimi Gülyaz Əliyeva dərsliklərdəki problemlərlə bağlı vaxtaşırı televiziya verilişlərinə dəvət edilmiş, müzakirələrdə iştirak etmiş, üzvü olduğu birliyin mövqeyindən çıxış edərək fikirlərini geniş ictimaiyyətə çatdırmışdir.
Hesabat məruzəsindən sonra FADMM-in himni səsləndirilib.
Sonra bu illər ərzində bəzi məqamlarda Mərkəzə mənəvi dəstəyi ilə yardım edən qonaqlardan Əməkdır jurnalist, prof. Qulu Məhərrəmli, professor Nəriman Qasımoğlu, professor Zümrüd Dadaşzadə, yazıçı Həcər Paşayeva, yazıçı Pərvanə Bayramqızı və FADMM-in baş məsləhətçisi Sima Cəfərova çıxış edib.
Tədbirdə həmçinin FADMM-in ünvanına Hollandiyadan Mayisə Ağamirzəyevanın, Kanadadan Yeganə Cəfərovanın, Almaniyadan Şərifə Cəfərinin, Türkiyədən Məhsəti Şərif Özyürəkin, Latviyadan Günay Əliyevanın, İcveçdən Sevinc Əliyevanın göndərdikləri təbrik məktubları oxunub.
Bədii hissədə Ağdam rayon 38 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Suna Rzayeva Tofiq Bayramın “Ana dilim” şeirini söyləyib, həmin məktəbin 9-cu sinif şagirdi Ləman Əlizadə “Şirin dil” mahnısını və Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasından bir parçanı ifa edib. Pərvanə Bayramqızı “Məhəbbət” mahnısını oxuyub, Gülyaz Əliyeva isə Famil Mehdinin “Tanıda biləydik” şeirini səsləndirib.
Yubiley tədbirində FADMM-in məsləhətçisi Fuad İslamzadə və FADMM-in yaxın dostu, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə qurumun sədri Vasif Sadıqlı tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Tədbirin sonunda qonaqlara “Füzuli. Divan. İzahlar və şərhlər Vasif Sadıqlınındır”, “Kəsrətin içində tənhalıq” və Vasif Sadıqlının həmmüəllifi olduğu “Gürcüstandan Azərbaycana ağız sözlüyü” kitabları hədiyyə verilib.
Gülyaz ƏLİYEVA

Paylaş


