Icma.az
close
up
RU
“…Və sən”in bədii çəkisi və özəlliyi

“…Və sən”in bədii çəkisi və özəlliyi

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mən Əbülfət Mədətoğlunu iyirmi ilə yaxın idi ki, qiyabi olaraq publisist yazılar müəllifi kimi tanıyırdım. Bilirdim ki, “Ədalət” qəzetinin redaktor müavinidir. Əməkdar jurnalistdir.  Özümə mənəvi borc bildim ki, onun ədəbi-bədii simasıyla tanış olum. Bir-birimizlə tanış olduq. Və bir kitabını  - “...Və sən”i mənə hədiyyə etdi.

İlk öncə kitabın arxa üz qabığından təqdimatı oxudum: Çoxlu sayda nəsr və şeir kitablarının müəllifi. Xarici ölkələrdə çap olunmuş yazar... “Çoxlu sayda” ifadəsi gözlərim önünə tam formada olan ədəbi yazar simasını gətirdi. Və ilk növbədə kitabın adını daşıyan, elə cild qabığında da təqdim olunan şeirini oxudum. Özü də bir neçə dəfə. Onu modern kimi düşündüm.  Söz düzümündəki, misra gəzişməsindəki qəribə bənzərsizlik məni bu düşüncə axarına saldı. Şeirin növbəti oxularında burada poetikanın mükəmməl nizamını və bədii-fəlsəfi fikrin məkan miqyasını, ictimai dəyərinin ucalığını gördüm. Və bir şeirlə tam yəqin etdim ki, mən əsl istedadlı bir şairlə üz-üzə dayanmışam, onunla bədii dillə söhbətləşmək, yaxından tanış olmaq ərəfəsindəyəm.

Diqqətimi xüsusi olaraq cəlb edən şeirləri, zəngin metaforik təbiətli deyimləri barədə söz açmazdan qabaq kitabdan aldığım ümumi təəssüratımı oxucularla bölüşmək istərdim.

Bu 352 səhifəlik şeirlər kitabından nə anladım: qəribə bir paradoksallıq rəy seçimi etməkdə məni düşündürməli oldu! İlk şeirin buraxdığı təəssürat hara, bu şeirlər hara... “...Sən və Allah, məkanlı, məkansız sığınılan, dizlərinə yıxınılan varlıq”:

O da,

Sən də -

Ruhumun sahibisən –

Allah və Sən!..

Şərhə ehtiyac yoxdur. Bəs kitabın içində nə gördüm? – klassik şeir ənənələri üzərində köklənən və müasir poetik axtarışların vəhdətinə, vüsalına çatan əlahəzrət şeirlər. Təbii ki burada klassik poeziyamızın poetik formaları nəzərdə tutulmur, çünki şeirlər başdan-başa gəraylı, qoşma, müxəmməs, altılıq bölümlü formatdadırlar. Özü də 3-5 bəndlərdən ibarət olmaqla. Bəs Əbülfətin modernliyi, daha dəqiq desək, bənzərsiz fərdi üslubu nədədir? – Şeirlərin qafiyə sistemindəki çoxçeşidli “nizamsızlıq”, “xaotik” bir düzüm karvanında. Bu çoxçeşidliliyi müasir şeirimizn tanınmış nümayəndələrnin yaradıcılığında da müşahidə edə bilirik. Sadəcə onlardan fərqli olaraq bu “nizamsızlığı”, şairin demək olar ki, bir çox şeirlərində asanlıqla müşahidə etmək mümkündür. Bu, uğurlu bənzərsizlik deyil, öz səsin, öz nəfəsin bu “nizamsızlıq” içində kəsilə, boğula bilər. Məni şübhədən çıxaran bilirsiniz nə oldu? – Müəllifin məzmun və forma vəhdətini kifayət qədər qoruya bilməsi, və ən başlıcası şeirlərin az qala hər bəndində yeni, qulağa təzə çatan bədii təsvir və ifadə vasitələrinin gerçəkləşməsi.  Bunlarsız bədii təfəkkür anlamı yoxdur, deməli, şeir də yoxdur. Biz Əbülfət Mədətoğlunun bədii sənətkarlığını bu yöndə gördük. Və onun “modernizmini” də bununla əlaqələndiririk. Kitabın bir poetik “mən”i var. Və bu “mən” özünü bir çox şairlərdə olduğu kimi, təbiət, bulud, yağış, çən, duman, ürək, həsrət, iztirab, ayrılıq, tənhalıq, sükut, ümid, şübhə, ay, ulduz, günəş, eşq, məhəbbət, sevgi, divar, qapı, pəncərə, işıq, gecə, gündüz, qaranlıq, din, qiblə, Allah, iman, inam, dua və s. onlarla məhfumlar arasında, savaş və barışıq məqamlarında, sevginin min bir çalarlarında görür və təsvir edir.

Təbii ki, poeziyanın əbədi mövzusu Təbiət, İnsan, Məhəbbət və Cəmiyyətdir. Qeyd olunan bu fonlar Əbülfət şeirində əsasən sevgi şeirlərinin bətnində görünür, özü də birinci şəxsin, yəni poetik “mən”in yaşam tərzində duyğularında, düşüncələri, xəyalları və yuxularında, həyatda gördüyü, müşahidə etdiyi hadisələrə münasibətində, əhatəsində olduğu insanlarla ünsiyyətin doğurduğu hissi-emosional ovqatlarda, xüsusən də “o qadına” “saralan dəftər” silsilə şeirlərində öz ifadəsini daha qabarıq şəkildə tapıb. Bu şeirlərdə şairin uğuru, bəxti, naxışı onda gətirib ki, həmin şeirlərdəki yaşantılar, düşüncələr birbaşa fərdi “mən”lik ətəyindən asılı qalmayıb. Bir çox hallarda həmin şeirlər hamıya, ümumiyə aid olanları özlərində saxlaya bilib; kimsə o saat düşünə bilər ki, şair mənim tənhalığımı, sükutumu, divarla danışığımı, həsrətli ağrılarımı, xəyal oynadan romantik anlarımı və s. elə bil öz gözləri ilə görüb, yaxud bunları ona sanki mən özüm danışmışam. Bunlardan da öncə şairin ədəbi uğuru onun bədii təfəkküründən axıb gələn məhfumlara, obyektlərə, subyektiv mahiyyətli yanaşmalara yeni poetik rənglər qatmaqdan, təzə rakurslarla təqdim etməkdən, kimsənin ağlına gəlməyən, yaxud da yada düşməyən müəmmalarla zəngin bənzətmələrdən, epitet və təşbehlərdən, ən başlıcası isə metaforik fikir, düşüncə sıralanmalarından məharətlə istifadə etməsindədir. Assosiativ paralel seqmentli, həm də gözlənilməz, hətta ilk baxışda müəmması bilinməz bu metaforik fiqurlar, maraqlıdır ki, bir sıra şairlərin bədii təsvirindən üstün və zəngindir. Bəzi məqamlarda bəndlər, beytlər, mətn başlığı ilə mətnin məzmun sərhədləri arasında məntiqi əlaqələr, bağlar oxucunu çətinə salır, xəyallandırır, şairin poetik hədəfini tapanda sevinir və həmin poetik kəşflərə görə şair “sağol” qazanır

Keçək konkret nümunələr əsasında danışmağa: Yuxarıda qeyd etdik ki, Ə.Mədətoğlu şeirləri metaforik təbiəti, poetik forma gəzişmələri etibarilə diqqətçəkəndirlər, oxucu fikrini öz ətrafında cəmləyə bilirlər. Bu mənada diqqətimizi daha çox cəlb edən, poetik gözəlliyi ilə ruhumuza rahatlıq gətirən bir neçə şeiri barədə ayrıca danışmaq, poetik düşüncələrindəki bənzərsiz kəşfləri – bədii təsvir vasitələrinin xüsusi seçimlik qazananlarını təqdim etmək istərdik. Bu baxımdan şairin bədii-estetik məzmun kəsb edən şeirləri çoxdur. Diqqətimizi xüsusi mükəmməlliklə cilalanmış şeirlərə yönəldək: “Söhbətlərdə”, Dünyada olubmu, ya olacaqmı”, “Bir gerçək var”, “Sırası seyrəlir dostların yaman”,  “Sonuncu ümid”, “Atamın ruhuna”,  “Getmisən”, “Bir daşın şeiri”, “Dörd divar arası”, “Ömür mənzərəsi”, “Gecə ağrılarının şeiri”, “Köhnəlib”, “Dörd divara etirafım”, “Dönsün”,  “Özümə təsəlli”, “Təkliyin günah üzü”, “Ruhumun istəyi”, “Yuxu xoşbəxti”, “Mənzərə”, “Həyatımız”, “Sevginin”,  “Özümlə təsəlli söhbət”, “Qoymadın”, “Görürəm”, “Duman”, “Söz” və s. əsl şair qələmindən çıxmış şeirlərdir. Qeyd edək ki, bu qəbildən olan şeirlərin sayını artırmaq mümkündür.

Poeziya aləmində ənənəvi olaraq yarla görüş dəmləri axşamlar, gecə vaxtı başlayır; çay kənarı, salxım söyüdlər, yaxud qoca çinar bu görüşə şahidlik edirlər. Bəs bu görüş anına qədər sevən ürək sahibinin  intizarla dolu səbirsizliyinin, görüşə atəşli ürəyin çırpıntılarının, duyğularının, xəyallanmalarının özəyində nələr dayanır.

“Niyyətin hara, mənzilin də ora” – deyiblər. “Niyyət” şeirində poetik “mən” mənzilə - görüşə yetmək üçün daha hansı düşüncələr axarını üzüb keçməli olur?  - Özünü dinləsək daha xoş olar.

Qaranlığı əridib –

Nur payıma qatacam.

İşıq sürəti ilə -

Gəlib sənə çatacam!..

...Bu gecədən umduğum –

Xəyalımın sədası!..

Sənə sədam çatanda –

Sən də səslən, qadası!

“Niyyət” niyyətin gerçəkləşməsini əks etdirən incə lirizmlə dolu, romantik xəyallanmalarla müşaiyət olunan əsl insani yaşantıların ən nümunəvi poetik əksidir, - səmimi, saf, real bir etirafın təntənəli və məhrəm təsdiqidir. Bax, buna deyirlər şair  sözü.

“Dörd divara etirafım” şeirində sevilən haqqında heç bir məlumat verilmir. Qalmısan iki daş arasında. Belədə güc nəyə çatır? – “özün özünlə söhbətə”. Bu söhbətdən də doyub yorulursan. Bəs bu sükunətin yerini nə doldurur? – düşüncələr, aldadıcı təsəvvürlər – “döşəməni Yer sayırsan”, “tavanı Göy bilirsən”,  “kədər təmənnası saplanıb”, “əllərsə boş qalıb – umudsuz”, “divara söykənməklə heykəlləşməyəsən” bəs nə edəsən, “əl izlərin bu divarı hər gün bəzəməsin”, bəs neyləsin. Naümid sevginin dəriləcək meyvəsi belə olar da. Bəyəm belə sevənlərə, taleyi asüftələrə həyatdaazmı təsadüf etmişik. Sükut – dibi görünməz quyu, ünyetməz əngin səma sonsuzluğu. Bu sükut boşluğunda nə qədər və necə yaşamaq olar? Təbii ki, çıxış yolu tapmaq olar və bu, təkcə bir yoldan ibarət də ola bilməz. Lakin Əbülfət qələmində bu bədbəxt aşiq dörd divar arasında öz varlığını elə bu dörd divarın varlığında tapır. Və bununla da sükutun yaxasından özünü qopmuş bilir. Buna azadəlikmi, Məcnunluğun hüznlü süqutumu deyək. Cavabı oxucuların öhdəsinə buraxaraq şeirin son akkorduna nəzər salaq:

Dörd divarda səsim, kölgəm varıdı,

Nöqtə-nöqtə axıracan hopmuşam...

Məndən təkcə bu dörd divar yarıdı –

Sükutunun yaxasından qopmuşam!..

Bu aşiq dörd divarın canlı həyatı, varlığı nədən ibarətdirsə, elə ona da dönüb; səsi, kölgəsi bu dörd divarda olan, təbii ki, ona “nöqtə-nöqtə hopacaq” da.

“Mənzərə” şeiri də diqqətəlayiqlik qazanıb. Şeirin hər bəndi “Mənzərə”nin ümumi görkəmini layiqincə tamamlayıb, özü də ayrı-ayrı predmet və hadisə üzərində. Şeir bizim üçün iki cəhətdən əlamətdarlıq, seçimlik kəsb edib. Şeirin ahəng sistemində fonetik səs uyarlıqlarının, eyni cinsli səslərdən formalaşmış sözlərin qafiyə yaratması, hər bəndin son misralarının alliterastik assosiasiyalar yaradaraq şeirə bir oynaqlıq, hərəki dinamizm gətirməsi, şəlalə axımlı musiqi ladlarının növbələşməsi bütövlükdə şeirin boy artımlığını, oxunaqlığını təmin etmişdir. Xüsusən də “hər guşəsi qəmlə şumlanan ürək”, “vücuddan ağrını toz kimi çırpmaq”,  “qoz kimi bar-bəhərli bəxt ağacı”, “ömür ələmək”, “yüz pərvanənin bir işığa vurulması” və s. kimi izafətlər şeirin bədii mənzərəsini və təsir gücünü artımlı etmişdir. Şair şeirin sonunu xoş ovqatla, incə yumorla tamamlamaqla, həqiqətən gözümüz önündə o, canlı həyat və təbiət lövhəsi yaratmağa nail olmuşdur.

Nəriltisi at oynadar dərədə,

Fərqli-fərqli hal oyadar hərədə...

Sular coşar, lap boy atar bərədə -

Sel belə... sel belə... sel belə...

Dil lal olar, istəkləri göz deyər,

Döz halına, dözümünü çöz deyər!

Hər aşiqin barəsində söz deyər –

El belə... el belə... el belə...

Ömrü ələ, günü çevir tərsinə...

Hazırlıqsız açılmaz ki, tər sinə!

Ay Əbülfət, sən məhəbbət dərsinə -

Gəl hələ... gəl hələ... gəl hələ...

Sevginin mahiyyəti, onun yaratdığı namütənahı, eləcə də bitməz-tükənməz duyğular aləmi hər bir şairin yaradıcılığında üstünlüklə öz izini salıbdır, hətta məhəbbət şairi adlandırılan dünya klassiklərinin bu mövzulu şeirləri, poemaları bizimlə müasirdir, - desək həqiqətin aliliyini təsdiq etmiş olarıq. Təfərrüatsız qeyd edək ki, şairin “...Və Sən” kitabında toplanmış şeirlərin sanki böyük əksəriyyətini bu ruhlu şeirlər təşkil edir. Bu baxımdan onun  “Sevginin” şeirini yaratması həm təəccüblüdür, həm də təəccüblü deyil. Təəccüblüdür biləsən ki, sevgi, məhəbbət haqqında kimlər yazıb və necə yazıb?.. Bununla belə onlar bərabəri təzə söz deməkdən çəkinmirsən, sevgiyə öz səsini qoşa biləcəksənmi, ona kimsədə görünməyən yeni nəfəs gətirə biləcəksənmi? Təəccüblü deyil ona görə ki, şair kifayət qədər bu mövzuda ruhunu kökləyib oxucuya “bir sətir hörmət” (Ə.Kərim) qədər təzə söz deyə bilib. Şair ürəyi “etiraf masası” elan edərək Tanrısı bilərək “ikiəlli onun ətəyindən tutur” və qarşısından da ümumiləşdirici və aydınlaşdırıcı bir söz yazır – “Sevginin”. Tanrı kimi sevgini qəbul edib vəsf etmək yeni bir kəşf deyil, lakin şair –

Tapdalanmaq və qırılmaq –

Haqlı, haqsız yazıdı bu!..

Hətta alnından vurulmaq –

Elə bil ki, nazıdı bu –

                            Sevginin!..

Hökmü dünyanı götürüb,

Ruhdu tək aldığı bacı!..

Tanrısı içdə oturub,

Ürəkdi taxtı və tacı –

                            Sevginin!..

- deyə yazanda orijinal poetik forma seçimi ilk öncədə diqqəti cəlb edir. Bəlkə də bu cür bədii fiqur kimsə tərəfindən nə vaxtsa yaradılıb, - deyə bilmərik, xatırlayammırıq. Bununla belə “alnından vurulmanı sevginin nazı elan etməsi” şairin məhz öz səsidir, öz nəfəsidir. Yalnız burada “bir sətirlik hörmət” bu deyimdə haqqını alıb, əsl şair sözlüyünü bir daha təsdiqləyib. Onun yaratdığı “Söz” də əslində bu qəbildəndir. Yüzlərlə bənzərsiz fikirlər söylənib. “Allahdan aşağı”yadək vəsf olunub, “insan qəlbinin  mühəndisliyi” kimi təqdir edilib, “hər yoxdan var olan” kimi İlahi dəyər verilib və s. Əbülfət şeirində isə söz insanlaşdırılıb; o, halsızdır,  nəfəsi çatmır, “dildə balıq kimi çabalayır”, “bir salavat çevirəndə Muğanda, Mildə gülümsəyir”. Şair bu yeni tapıntılarıyla bizi tanış etdikdən sonra bizlərə məlum olanları özünəməxsus bir ovqatla, söz düzəniylə, ruhunun diktəsiylə oxucu mühakiməsinə verir. Biz əminik ki, şair söz meydanından sözün gücüylə alnıaçıq çıxacaqdır. “Söz” özü də bunu təsdiq etməkdədir.

Gecikməsi adi haldı danın da,

Qələm özün göstərəcək anında!

Boy verəcək ilham varsa canında –

Cücərəcək, düşsə hətta gildə söz!

Əbülfətin ruh kasası daşanda,

Sevinəcək daşdıran da, daşan da!..

Bu mənzərə sərhədləri aşanda –

Süslənəcək çiçəkdə söz, güldə söz!..

Kitabda şairin ictimai məzmunlu, yaxınlarına, dostlarına, hətta cansız əşyalara, psixoloji yaşantılara müraciətlə yazdığı şeirlərə də təsadüf olunur. Lakin haqqında bəhs etdiyimiz şeirləri kifayət edir ki, Əbülfət Mədətoğlunu dərin poetik düşüncəyə, ədəbi-nəzəri təcrübəyə malik orijinal bir üslub sərgiləyən  şair kimi qəbul edək. Adlarını çəkmədiyimiz bir sıra şeirləri də fikrimizi təsdiqləyə bilər. Qənaətlərimizi daha əsaslı etmək üçün onun məcazlar aləmindən, onların metaforik təbiətindən xəbər verən izafət və birləşmələrdən ibarət nümunələri sıralamağı da ən sonda məqsədəuyğun hesab edirik. Həmin nümunələr istedadlı, tanınmış bir şairin könül, ruh çağlayışlarının tərcümanı kimi tələbkar oxucuların da ürəyincə olacaqdır. “Gecə üzə tutulan ələkdi”, “sevgidəki işığa diz üstə yıxılmaq”, “köhnə qarmaqlarla ürək çərtmək”, ruha sözdən kündə yapmaq”, “göz qırpmağın qorxusunu yaşayan kirpiklərdə sıralanan tumurcuq”, “bənd-bərəni axıdan ilməsi qaçan xəyal”, “səssiz göynəyən göz kökü”, “gözlərin dibində qürub edən səhər”, “nimdaş ömrün təklənməsi”, “sevgiyə dilmanclıq edən dualı dil”, “ruh oxşayan sözlü daş”, “saçı ağarmış dualar”, “kəndiri kəsilmiş anlar”, “budanmış ümid”,  “gözə pərdə çəkən kül”, “sevgi hıçqırtısını ovutmağa gecikən ləpələr”, “kəsir kimi bir yarpaqlıq əsən səs”, “boğulmuş səsin küsməsi”, “dağın zirvəsində Günəşin batdığı yol”, “boynunda ulduz düzümü”, “ətəkləri yer süpürən duman”, “ruhun tökülən qanı”, “mənim məndən alınması bir halal eşqin rüsumudur”, “dərdə şərik alın yazısı”, “kölgəsini sinəyə salan saç”, “saç kölgəsində hörüklənən ovqat”, “göz yaşı sevinc”, “kədər ayaq”, “qəhər ulduz”, “yağan qarın dənələrin saymaq”, “yeni ilin yubanmış sovqatını misraların arasına yaymaq”, “dodaqda qəlpələnən ağlar səs”, “qədərə dözüb dincə qoyulan səs”, “əlini dizinə çırpıb ağlayan səs”, “könülə toxunan qəm naxışları”, “geyilən qəmin darlığı tüstülənən səsin ahıdır”, “günü xəlbir edən kədər”, “baxışın mükəmməl bir xitabdır”, “zaman özü zərgər gözlü dərzidi”, “dizlərin gücünə şərik çiyin”, “əkdiyini üşənmədən biçib yığan həyat”, “ürəkdə dilənən ayaq və qolu sınmış ümid”, “divarı bezmiş, tavanı çökmüş ahın ağırlığı”, “yaxasını düymələyən xan bulud”, “yanağa səssiz yağan sevgi cizgiləri”, “bir qəlb olan iki dodaq” və s. onlarla poetik uyuşmalar, bədii təyin və epitetlər, xəyal tərpədən assosiativ bənzəyişlər, paralel seqmentlər Əbülfət Mədətoğlunun mənəvi dünyasının nurlu görüntüləridir, şair obrazının diqqətçəkən cizgiləridir.

Nəhayət, Ə. Mədətoğlu poeziyasına qismən də olsa iz salmış bir nüansı da xatırlamaq yerinə düşər. Onun bəzi şeirləri poetik forma, məzmun və fikrin formaya yönəli cəhəti baxımından sonetləri xatırladır. “Anmaq istəyəndə”, “Sərmişəm ruhumu ay işığına”, “Adsız duyğular”, “Ömür mənzərəsi”, “Ruhumu çətir etdim” və s. bu qəbildəndir. Bütün bunlarla yanaşı, texniki sapıntılar, bəzi məqamlarda assosiasiyaların məntiqsizliyi gözdən yayınmır.

Biz Əbülfət Mədətoğlu qələminə inanırıq. Arzulardıq ki, əsərlərinin mövzu meridianları genişlənsin, ictimai-fəlsəfi və bəşəri ideyalı yeni əsərləri ilə oxucularını bir daha sevindirsin. Onun poetik energiyası, bədii düşüncəsinin üfüqləri fəth etmə qabiliyyəti buna tam imkan verir.

Əkbər Əlioğlu Əliyev , Filologiya üzrə fəlsəfə doktoru, ədəbi tənqidçi 

  05.11 2025

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 Dekabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see147

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see141

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri