Vətən andının Zəfər zirvəsi
Icma.az, Xalq qazeti-ə istinadən məlumat verir Vətən andının Zəfər zirvəsi.
Müsahibimiz Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanovdur
Dünyanı qana çalxalayan müharibələr, işğalçı ordular zaman-zaman insanlara faciələr yaşadıb. XX əsrin 90-cı illərindən başlayaraq Azərbaycan xalqı da qanlı-qadalı tale yaşadı, 1-ci və 2-ci Qarabağ müharibəsində on minlərlə soydaşımız şəhid oldu, yaralandı, əlilə çevrildi.
...30 illik bu Vətən savaşı zamanı xalqımızın içindəki nisgil, ağrı düşmənə qarşı qisas andına çevrilmişdi. Müqəddəs Qarabağ torpaqlarımız sahiblərini gözləyirdi. Vətən müharibəsində Qarabağımız azad oldu. Xarıbülbüllü torpaqlarımız rahat nəfəs almağa başladı. Müzəffər Ordumuzun yenilməzliyi cahana səs saldı. Şəhidlərimizin qəhrəmanlığı, igidlərimizin cəngavərliyi ilə öyündük.
44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri, Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinin rəisi, polkovnik Nizami Mövlanovla söhbətimiz bütün bunlar barədədir.
– Təəssüf ki, Qarabağ savaşı qəhrəmanlarının bir çoxu əbədiyyətə qovuşub. Allah onlara rəhmət eləsin. Yaşayan qəhrəmanımızla həmsöhbət olmaq qəhrəmanlıqla canlı təmas deməkdir. Vətən Müharibəsi Qəhrəmanı kimi özünüzü necə hiss edirsiniz?
– Şükürlər olsun. Bundan da gözəl gün ola bilərmi? Qələbə ruhu hər birimizin çöhrəsinə xoşbəxtlik əhvalı gətirib. Xüsusilə, fəxr edirəm ki, mən Zəfər qazanmış bir ordunun zabitiyəm.
– Gəlin sizi qəhrəmanlıq zirvəsinə ucaltmış yola nəzər salaq.
– Mən 1976-cı il 16 oktyabr tarixində Quba rayonunun Utuq kəndində doğulmuşam.Valideynlərim müəllim olub. Məni hərbçi olmağa atam istiqamətləndirib. Böyük qardaşım Tərlan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxuyanda yaxşı mənada onun geydiyi kursant paltarına həsədlə baxırdım. Hətta o, tətillərdə evimizə gələndə qardaşımın paltarını geyinirdim. Elə bu marağın təsiri olaraq, 1991-ci ildə qardaşım liseyi qurtaranda, onun davamçısı mən oldum. Fəxr edirəm ki, Azərbaycan Ordusunda ailəlikcə xidmət edirik. Qardaşım polkovnikdir. Birinci Qarabağ müharibəsində iştirak edib. 2016-cı ildə Aprel döyüşlərində və Vətən müharibəsində də döyüşüb, 2022-ci ildə Anti-terror əməliyyatlarında Vətənə borcunu ləyaqətlə yerinə yetirib. Qardaşım oğlu zabitdir. Digər bir qardaşım da zabit olmağa hazırlaşır. Ailəmizdə hərbçilərin sayı ildən-ilə çoxalır və mən bununla fəxr edirəm.
– Siz Cəmşid Naxçıvanski yolunun davamçılarından birisiniz. O, Azərbaycanın məşhur hərbi xadimi, diviziya komandiri olub. Kəngərlilər nəslinin sonuncu generalıdır. Çox təəssüf ki, belə bir hərbçimiz Stalin repressiyasının qurbanı olub. Cəmşid bəy 1938-ci ildə Lefortovo həbsxanasında güllələnib. Onun adını daşıyan Hərbi Liseydə təhsil almaq, şübhəsiz, sizi Vətənə onun kimi xidmətə hazırlayıb.
– Əlbəttə, Cəmşid Naxçıvanski adı mənim üçün örnək olub. Tək bir faktı deyim ki, o, Bakının daşnak ermənilərindən təmizlənməsində türk qoşunları ilə birgə iştirak etmiş və ingilislərə arxalanan “Sentrokaspi Diktaturası” qüvvələrinə qarşı qəhrəmanlıqla döyüşmüşdür. Cəmşid Naxçıvanski 1920-ci ilin martında isə Şuşada daşnaklara qarşı hərbi əməliyyatlarda iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, artilleriya generalı Səməd bəy Mehmandarov Cəmşid Naxçıvanskini 2-ci Qarabağ süvari alayının komandiri təyin etmişdi. Sovet hakimiyyəti illərində də məşhur hərbçi xidmətini davam etdirmişdir. Çox təəssüf ki, XX əsrin 30-cu illərinin ortalarında repressiyanın qara kabusu ermənilərin fitvası ilə onun da taleyinə amansızlıqla ölüm hökmü oxumuşdur. Biz hərbçilər həyatını Azərbaycanın varlığı naminə qurban verən vətənpərvər insanların ömür kitabını oxuyub qeyrət, hünər dərsi alırıq.
Ümummilli lider Heydər Əliyev həyatdan nakam getmiş görkəmli hərbçimizin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tarixi qərar verib və bu məktəbi azərbaycanlı balalarına hədiyyə edib. Sovet zamanında belə bir statusda hərbi lisey açmaq müstəsna nüfuz və cəsarət tələb edirdi. Təsəvvür edin, o illərdən başlayaraq həmin məktəbin məzunlarının sayı ildən-ilə çoxalırdı. İndi bu hərbçilərin bir çoxu “Azərbaycanın Milli Qəhrəmanı” və “Vətən Müharibəsi Qəhrəmanı” adlarını şərəflə daşıyırlar. Əlbəttə, onların içərisində şəhid qəhrəmanlarımız da çoxdur. Bu şanlı tarixi balalarımıza öyrətməliyik ki, onlar vətənpərvərlik ruhunda böyüsünlər.
– Bəli, bu məktəbin məzunlarından 11 nəfəri “Azərbaycanın Milli Qəhrəmanı”, 19 nəfəri isə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adlarına layiq görülmüşlər. Hərbi liseydə “Şəhidlər” muzeyi də yaradılıb.
– Azərbaycan Ordusunun zabit korpusunun əsası – bünövrəsi bizim Hərbi Liseyin bazası əsasında yaradılıb. Mən həmişə bu məktəbə müqəddəs ocaq kimi baxmışam. Çünki 1971-ci ildən başlayaraq orada Azərbaycanın milli kadr potensialı formalaşmağa başlayıb. Sovet dövründə bu məktəbi qurtaran məzunlar keçmiş ittifaqın ən nüfuzlu ali hərbi təhsil ocaqlarına göndərilirdilər. Mənim qardaşım Tbilisidə Ali Artilleriya Məktəbində təhsil alıb. Bütün bunlar Heydər Əliyevin siyasi uzaqgörənliyi və milli iradəsi sayəsində həyata keçirilirdi. O illərdən başlayaraq, Naxçıvanski adına Hərbi Liseydə gələcək Azərbaycan Ordusunun təməl daşları hörülürdü. Ona görə də, Azərbaycan Ordusu yenilməzdir, məğlubedilməzdir.
Mən fəxr edirəm ki, o məktəbin yetirməsiyəm. Liseyi bitirəndən sonra Bakı Ali Ümumqoşun Məktəbinə (Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi) daxil oldum. 4 il tankçı ixtisasına yiyələndim. Təhsil aldıqdan sonra müxtəlif yerlərdə hərbi xidmətimi yerinə yetirmişəm.
– Deyirlər ki, ordu illərlə təlim keçir - bir gün imtahan vermək üçün. Bu mənada 2020-ci ilin 27 sentyuabr tarixini xatırlayaq.
– İnanın, bu tarixi günü biz səbrsizliklə gözləyirdik... Ordu və cəmiyyət olaraq, hamımız Vətən üçün döyüşə hazır idik.Elə bil, su üçün susamışdıq. 27 sentyabrda rəhbərlik etdiyim hərbi hissə ilə Horadiz, Lələtəpə istiqamətindən əks hücuma keçdik. Düşmənin illərlə bərkidilmiş müdafiə xəttini yararaq hücumu davam etdirdik. Bir anlıq əsgərlərin, zabitlərin üzünə baxdım. Gözlərinə heç nə görünmürdü, ancaq “İrəli!” kəlməsini eşidirdim.Vətən torpağını azad etmək üçün ölüm-dirim savaşı kimsəni qorxutmurdu. Döyüş ruhu son dərəcə yüksək idi. Ali Baş Komandanın təbrikləri oxunduqca, ordu, sanki lərzəyə gəlirdi. Ölümün xofunu qıran döyüşçülərimiz yaralı halda vuruşurdular. Hər bir ərazi boşaldıqca hamı bir ağızdan zəfər təntənəsi ilə deyirdi: “Qarabağ Azərbaycandır!”
Qələbəmizin hər günü, hər saatı canlı qəhrəmanlıq dastanı idi. Bu necə döyüş ruhu, ölməzlik coşqusu idi, İlahi?! Vətən, sənin adına, suyuna, torpağına qurban olum. Bu meydanda ölüm nədir, bilməz olduq. Dağlarımız, çaylarımız, meşələrimiz pişvazımıza çıxmışdı. Sevincdən ağlayanlar da vardı. Elə bir döyüş olmadı ki, biz bir addım geri çəkilək.Yaralı halda vuruşan oğullar qəhrəmanlıq tariximizin canlı əfsanələridir. Bir əsgərimizin ayağı sınmışdı, ağlayırdı ki, mən geri çəkilə bilmərəm. Bax belə, düşmənin bağrını yarırdılar. Yenilməz döyüşçülərlə keçilməz sədləri, mövqeləri yarırdıq, düşmənin müqaviməti boşa çıxırdı.
– Döyüş yolunuz Cəbrayıl, Füzuli, Xocavənd, Şuşadan keçib. O günləri necə xatırlayırsınız?
– Xatirələr çoxdur. Məni ən çox mütəəsir edən bilirsiniz nə idi? Əsgər sonuncu tikəsini, suyunu mənə vermək istəyirdi. Nə vaxtdır heç nə yemirdim, deyə. Əlbəttə ki, mən özümü tox tutub əsgərimi inandırmalıydım. Dedim ki,oğul, narahat olma, mən acmamışam. İçimdə sanki təlatüm qopurdu, İlahi, mənim tabeliyimdə olan döyüşçü özünü yox, məni düşünürdü. Başqa bir hadisə danışım.Yağışlar ara vermədən yağırdı, paltarlarımız suyun içində idi. Atəş altında nəsə yemək, dincini almaq mümkün olmurdu, bütün bunlara dözmək lazım idi. Bax belə anlarda insan xarakteri üzə çıxır, bir də gördüm ki, zabit yoldaşım çantasındakı bir cüt corabı çıxarıb dedi: -komandir, al geyin, ayaqların isti olsa, xəstələnməyəcəksən. İnanın, indi bunu danışanda, o hissləri yaşayanda gözlərim dolur.
Bütün şəxsi heyət biri-birinə qardaş idi. Əsgərdən tutmuş zabitə qədər. Xüsusilə hamı komandiri qoruyurdu. Bu məhəbbətin, izzətin fövqündə Vətən,Torpaq sevgisi dayanırdı. Belə humanizm ilə cəsarəti, peşəkarlığı, intizamı vəhdətdə olan ordular çox az olub. Zabit heyətinin şəxsi nümunəsi əsgərlərimizə örnək idi. Biz işğalçı orduya qarşı döyüşürdük. Öz torpağımızda qanımız tökülürdü. Şəxsi heyətin inam hissi o qədər güclü idi ki, ancaq irəliyə doğru gedirdik. Əsgərlərimin də, zabitlərimin də hər biri qəhrəmandırlar. Elə buna görə də Vətən müharibəsinin hər günü, hər saatı yazılmalıdır ki, gələcək nəsillər oxuyub ağah olsunlar, bu torpaqlarda necə qəhrəmanlıqlar yaşanıb. Qoy, xalqımızın və dövlətimizin gücü ilə fəxr etsinlər.
– İlk şəhidiniz harada oldu?
– Ön xəttin yarılmasında, Lələtəpə istiqamətində şəhidlərimiz oldu. Cəbrayılın Ruzgar kəndi istiqamətində ön xətti yarmalı idik. Düşmən dəfələrlə əks hücum keçirsə də, bizi mövqelərimizdən çıxara bilmədi. Hər şəhid verdikcə, ürəyimiz dağlanırdı. Biz döyüşə başlayanda bilirdik ki, bu yolda qurbanlarımız olacaq. Sevdiklərimizi itirirdik, canlar verirdik, amma yolumuzdan dönmürdük. Bu, Vətən Müharibəsi idi!
– Bəs ən ağır döyüşünüz necə baş verib?
– Döyüşlər başlayanda, ön xəttin yarılmasında çətinliyimiz oldu. Şuşakənddə, Muxtarkənd istiqamətində ağır döyüşlərdən keçdik. Hadrut, Xocavənddə Şişdağ yüksəkliyinin alınmasında, Edilli, Axullu, Çıraquz kəndlərinin, yaşayış məntəqələrinin azad olunmasında şəxsi heyətimizin şücaəti gözlərimdən gemir.
– Şuşa zəfərini harada qarşıladınız?
– Şuşakənd və Muxtarkənd istiqamətində, Xankəndiyə gedən yolda eşitdik bu zəfəri. Gecə idi. Dedilər cənab Prezident xalqımızı qələbə münasibətilə təbrik edib. Sevincdən hamının gözləri yaşarmışdı. Həyatım boyu belə mənzərə görməmişdim. Ağlayan kim, gülən kim, qucaqlaşan kim. Bu sevinc bütün ömrümə bəs edər. Bu günü də görə bildik. Zəfərimiz mübarək! Ali Baş Komandanımız sağ olsun ki, biz hərbçilərə qələbə qazanmaq şansı verdi. Elə bu vaxt bizə atəşkəs komandası verildi. Dünya, sanki bizim idi. Səhəri yuxusuz açdıq. Onsuz da müharibə yuxularımızı bizdən almışdı. Qarabağdakı, xüsusilə Şuşadakı Zəfərimizi qazanan Azərbaycan Ordusu dünya qəzetlərinin manşetlərinə Azərbaycanın Zəfərini həkk etdi. Cahana sığmayan qəhrəman oğullar yetişdirən Ana Vətən 30 ilə yaxın torpaq, yurd həsrəti ilə yaşayan həmvətənlərimizi bağrına basdı. Bir hərbiçi kimi deyərdim ki, Qələbəmiz bütün yaralılara, şəhid ailələrinə məlhəm oldu.
– Qarabağda dəfələrlə ölümlə üz-üzə gəlmişsiniz, yaralanmısınız...
– Mən bu döyüşlərdə qəlpə yarası, partlayış travmaları almışam. Ağır yaralanmağım isə 2014-cü ildə Ağdamda olub. Atəşkəs olsa da, ermənilər tez-tez hucumlar edirdilər. Həmin ilin iyun ayında Ağdamda döyüşlər oldu. Hətta bu barədə Ermənistana irad da tutuldu.
Müzəffər Ordumuzun peşəkarlığı sayəsində 2023-cü ilin anti-terror əməliyyatlarında 23 saata düşmən tam tərksilah oldu.Torpaqlarımızın suverenliyi tam bərpa olundu. Ali Baş Komandanın Xankəndində Azərbaycan Bayrağını qaldırmağı tarixi Qələbəmizin göstəricisidir. Biz hərbçilər sonsuz qürur hissi keçiririk ki, bu Zəfərdə biz xalqın və dövlətin etimadını doğrultduq, çünki bütün Azərbaycan, dünyadakı azərbaycanlılar ümidlərini bizə bağlamışdılar. Nisgilli Qarabağ sahiblərini həsrətlə gözləyirdi. Mülki əhalidə də elə bir birlik gördük ki, bu xalq o qalibiyyətə, o Qələbəyə layiqdir! Məni Vətən Müharibəsi qəhrəmanı adına layiq görən komandanlığıma, Ali Baş Komandana minnətdarlığımı bildirirəm. Rəhbərlik etdiyim şəxsi heyətə demişəm, bu gün də təkrar edirəm ki, hər bir əsgərimlə, zabitimlə birlikdə bu adı qazanmışam.
– Şuşa azad olandan sonra, qələbəmizin birinci ildönümü şərəfinə Zəfər günümüz Cıdır düzündə keçirildi, Qəhrəmanlar, Zəfər, Qarabağ ordenli hərbçilərimiz ilə bir yerdə siz də orada idiniz.
– Gözəl anları yada saldınız. Cıdır düzündə Ali Baş Komandanla, Birinci vitse- prezident Mehriban xanımla Qələbəmizin şanlı tarixini qeyd etmək qürurverici idi. Həmin günü çoxlu şəkillər çəkdirdik. Cənab Prezident bir daha bizə öz ürək sözlərini, arzularını çatdırdı.
– Bu gün siz Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinə rəhbərlik edirsiniz. Vətən Müharibədi Qəhrəmanı kimi məsuliyyətiniz ikiqat böyükdür.
– Layiq görüldüyüm şərəfli adın öhdəliyi çoxdur. Mən xidmətim boyu çalışmışam ki, tapşırığı layiqincə yerinə yetirim. Məsuliyyət insanın özünün-özünə tapşırığıdır. Bu mərkəzə rəis təyin olunmamışdan əvvəl Heydər Əliyev adına Hərbi İnstitutda rəis müavini işləyirdim. Gələcəyimiz olan zabitlərin təlim - tərbiyəsi və tədrisi ilə məşğul olurduq.Müasir Azərbaycan Ordusunun zabitlərini peşəkar hazırlamaq üçün bütün imkanlardan yararlanırdıq.
Hazırda burada ehtiyat zabitləri yetişdiririk. Onlara ixtisas kursları keçirik. Gizirlər üçün də kurslar fəaliyyət göstərir. Hərbi qulluqçuları digər ixtisaslar üzrə də hazırlayırıq. Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülovun rəhbərliyi altında təhsil istiqamətində işlərimizi daha da təkmilləşdiririk. Müddətdən artıq hərbi xidmət keçənlər üçün də kurslarımız var.
Vaxtılə Təlim-Tədris Mərkəzində dərs deyirdim. Hazırda işlərin çox olmasına baxmayaraq, bəzi dərslərdə iştirak edirəm. Bütün növ silahlarla bağlı məşğələlərə də nəzarət edirəm. Bildiklərimi öyrətmək istəyirəm ki, bizim davamçılarımız peşəkar hərbçi olsunlar. Çalışıram ki, Azərbaycan Ordusunun milli kadr bazasının daha da gücləndirilməsində bu mərkəzin rolu artsın. Sonda bir daha şəhidlərimizin ruhu və onların ailələri qarşısında baş əyirəm. Mən bu Vətənin, şair demiş “müsəlləh” əsgəriyəm.
– Sizə Vətənimiz və dövlətimizin əmin-amanlığı naminə xidməti işinizdə uğurlar arzulayırıq.
Kəmalə ABDİNOVA
XQ

