“Vətən Müharibəsi xalqımızın 30 illik intizarına son qoydu“ ŞƏRH OLUNDU
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın rəmzi olan Şuşa 2020-ci il noyabrın 8-də düşmən işğalından azad edildi. Bu tarixi gün xalqımızın yaddaşına Zəfər Günü kimi əbədi həkk olundu. 44 günlük Vətən müharibəsinin zirvəsi məhz Şuşanın azad olunması ilə tamamlandı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Beləliklə, tarix və mədəniyyət simvolu kimi tanınan Şuşa bu dəfə həm də xalqımızın şanlı qələbəsinin, dövlətimizin hərbi qüdrətinin rəmzinə çevrildi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib.
Deputat bildirib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması,ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdur: “Cənab Prezident illər boyu xalqa müraciətlərində vurğulayırdı ki, hər bir Azərbaycan vətəndaşı azadlıq gününü öz əməli və zəhməti ilə yaxınlaşdırmalıdır. Bu gün qazandığımız Zəfər sübut etdi ki, xalqın bu inamı, sədaqəti və birliyi öz bəhrəsini verdi. İşğal illəri ərzində nə dövlət başçımız, nə də xalqımız məğlubiyyətlə barışmadı və nəticədə möhkəm iradə, sarsılmaz əzm və milli ruh sayəsində tarixi ədalət bərpa olundu. Tarix boyunca xalqımıza qarşı törədilən bütün ədalətsizliklər bizi ümidsizliyə sürükləmədi, əksinə, azadlıq və müstəqillik uğrunda mübarizəmizi möhkəmləndirərəkZəfərə daha da yaxınlaşdırdı.
Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz sistemli şəkildə quruldu və modernləşdirildi, məqsədyönlü dövlət siyasəti nəticəsində Azərbaycan Ordusu gücləndi, müasir texnologiyalarla təchiz olundu və milli müdafiəmiz üçün yetərli potensial yaradıldı. Ölkəmizin iqtisadi inkişafı isə peşəkar və dayanıqlı ordu quruculuğunun əsas şərtlərindən biridir. Ulu Öndər Heydər Əliyevin ordunu dövlət dayağı, xalqın güvəni və qürurmənbəyi hesab etməsi ordumuzun müstəqilliyimizin mühüm sütunlarından birinə çevrilməsində həlledici rol oynayıb. 2020-ci il sentyabrın 27-də Ermənistanın sərhəd bölgələrimizdə törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Ali Baş Komandanımız İlham Əliyevin “İrəli!” əmri ilə başlayan 44 günlük Vətən Müharibəsi xalqımızın 30 illik intizarına son qoydu.
Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatı çərçivəsində cəbhə boyunca ardıcıl irəliləyərək hər gün yeni qəsəbə, kənd və şəhərləri düşmən işğalından azad edirdi. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistanın onillərlə davam edən işğal və təcavüz siyasətinə son qoydu. 44 gün davam edən Vətən müharibəsi zamanı 2908 hərbi qulluqçumuz şəhid oldu,minlərlə insan yaralandı. Lakin bu itkilərə baxmayaraq, torpaqlarımızın azadlığı xalqımızın ruhunu ucaltdı və tarixi Zəfərin bünövrəsini qoydu. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və bütün dünya bu qələbənin şahidi oldu. Bununla da, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalandı.
Sentyabrın 27-də başlanan əks-hücum əməliyyatı nəticəsində Azərbaycan Ordusu noyabrın 9-dək 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi işğaldan azad etdi. Qəhrəman ordumuz Cəbrayıl şəhəri və rayonun 90 kəndini, Füzuli şəhəri və 53 kəndini, Zəngilan şəhəri, Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndini, Tərtər rayonunun 3 kəndini, Qubadlı şəhəri və 41 kəndini, Xocalı rayonunun 9 kəndini, eləcə də Şuşa şəhərini və Laçın rayonunun 3 kəndini işğaldan azad etdi. Eyni zamanda, Ağdərə və Murovdağ istiqamətlərində bir sıra strateji yüksəkliklər, o cümlədən Zəngilan rayonundakı Bartaz, Sığırt, Şükürataz və daha 5 adsız yüksəklik düşməndən təmizləndi. Qələbədən sonra Azərbaycan Ordusu hərbi əməliyyatları dayandırdı və əldə olunan uğurlar diplomatik və siyasi müstəvidə tam şəkildə təsbit olundu. Bunun nəticəsində noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın şəhəri bir güllə atılmadan geri qaytarıldı.
Azərbaycan tarix boyu çoxsaylı sınaqlardan, ədalətsizliklərdən və düşmən təxribatlarından keçsə də, xalqımız heç zaman azadlıq idealından dönmədi. Məhz bu milli iradə, birliyimiz və müdrik dövlətçilik siyasəti bizi 2020-ci ilin tarixi Zəfərinə gətirib çıxardı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən rəhbərliyi altında Azərbaycan dövləti həm hərbi, həm iqtisadi, həm də diplomatik sahələrdə böyük nailiyyətlər əldə edərək Zəfər Gününə doğru inamla addımladı.
Bu gün ölkəmizdə dinamik şəkildə inkişaf edən hərbi-sənaye kompleksi sayəsində mindən çox hərbi təyinatlı məhsul istehsal olunur.Ordunun döyüş qabiliyyəti və maddi-texniki təminatının gücləndirilməsi daimiprioritetdir. Dost və qardaş ölkələrlə hərbi sahədə əməkdaşlıq, birgə təlimlər və təcrübə mübadiləsi davam etdirilir. Vətən Müharibəsində əldə olunan tarixi qələbədən sonra da cənab Prezident ordunun peşəkarlığının və dövlət müdafiə gücünün daha da artırılmasının vacibliyini bir daha vurğulamışdır.
Son illər ərzində dövlət büdcəsində hərbi xərclərin davamlı şəkildə artırılması Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini daha da yüksəltdi. Ordumuzun döyüş qabiliyyəti möhkəmləndi, şəxsi heyətin hazırlığı və texniki təminatı müasir tələblərə uyğunlaşdırıldı. Azərbaycan bir ölkədən asılı olmamaq üçün silah və texnika tədarükündə çoxşaxəli siyasət həyata keçirdi. Bu, ordumuzun müasir döyüş texnologiyalarına yiyələnməsinə və müstəqil hərbi strategiya formalaşdırmasına imkan yaratdı.
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan milli hərbi sənaye kompleksi ölkəmizin müdafiə potensialını əhəmiyyətli dərəcədə artırdı. Artıq Azərbaycanda xeyli sayda hərbi təyinatlı məhsul – atıcı silahlar, zirehli texnika, pilotsuz uçuş aparatları və digər müdafiə vasitələri istehsal olunur. Azərbaycan bu sahədə dünya bazarına çıxış əldə edərək beynəlxalq sərgilərdə öz məhsullarını təqdim edir. Bu nailiyyətlər ölkəmizə ordusunu zəruri silah-sursatla təmin etmək və müdafiə qüdrətini müstəqil şəkildə qorumaq imkanı yaratdı.
Azərbaycanın iqtisadi müstəqilliyi və regional layihələrdə fəal iştirakı qələbənin əsas dayaqlarından biri oldu. Bütün transmilli layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq, Azərbaycan regionun enerji və nəqliyyat xəritəsini yenidən tərtib etdi. Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP, “Orta Dəhliz” kimi nəhəng layihələr təkcə ölkəmizin deyil, həm də regionun rifahına xidmət edir.
Çoxvektorlu və balanslaşdırılmış xarici siyasətimiz dövlətimizin mövqelərini beynəlxalq aləmdə möhkəmləndirdi. BMT, Qoşulmama Hərəkatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə edən qətnamələr qəbul etdilər. Bu diplomatik uğurlar Vətən Müharibəsi ərəfəsində Azərbaycanın hüquqi və siyasi üstünlüyünü təmin etdi.
Bu şanlı Zəfərin rəmzinə çevrilən Hərbi Qənimətlər Parkı Silahlı Qüvvələrimizinqüdrətini və xalqımızın qələbə ruhunu əks etdirir. Beş hektar ərazidə yerləşən parkda 300-dən çox eksponat, o cümlədən 150-yə yaxın ağır texnika, tank, döyüş maşını, artilleriya qurğusu, zenit-raket kompleksi və digər hərbi vasitələr nümayiş olunur. Burada 2000-dən çox ələ keçirilmiş düşmən avtomobilinin nömrə nişanlarından hazırlanmış “Qarabağ Azərbaycandır!” kompozisiyası xüsusi diqqət çəkir. Həmçinin, Ermənistanın müharibə cinayətlərinə dair faktlar, dinc əhalinin raket zərbələri nəticəsində həlak olması və “İsgəndər-M” raketinin qalıqları da ziyarətçilərə təqdim olunur. Bu park həm də Vətən müharibəsinin gedişatını və Azərbaycanın qəhrəmanlıq salnaməsini canlı şəkildə nümayiş etdirir.
2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilən Zəfər Paradı Azərbaycan Ordusunun qələbəsinin təntənəli təzahürü oldu.Paradı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb TayyibƏrdoğan birgə qəbul etdilər. Parad meydanında 3000 Azərbaycan hərbiçisi ilə yanaşı türk əsgər və zabitləri də addımlayaraq iki qardaş ölkənin sarsılmaz birliyini nümayiş etdirdilər. Tədbirdə yerli və xarici qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak edərək bu tarixi Zəfərin şahidi oldular.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz son illərdə milli dövlətçilik tarixinin yeni, inkişaf və dirçəliş mərhələsinə qədəm qoyub. Bu dövr yalnız Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə ilə deyil, həm də dövlət suverenliyinin, iqtisadi müstəqilliyin və milli həmrəyliyin möhkəmlənməsi ilə xarakterizə olunur.
Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncama əsasən, hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bu qərar Azərbaycan dövlətçiliyinin ideya-siyasi əsaslarını möhkəmləndirməklə, milli müstəqillik və dövlət suverenliyinə sadiqliyin rəmzinə çevrilmişdir. Prezident İlham Əliyevin “Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək” fikri də bu istiqamətdə ölkənin qarşısında duran böyük hədəflərin ideoloji təməlini təşkil edir.
Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra dövlət başçısının imzaladığı mühüm sənədlərdən biri “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” olmuşdur. 2022-ci il 16 noyabr tarixli bu sənəd ölkənin 2030-cu ilə qədər beş Milli Prioritetindən biri kimi müəyyən edilmişdir. Bu proqram çərçivəsində azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri, infrastruktur layihələri,nəqliyyat-kommunikasiya xətləri və yaşayış məntəqələrinin tikintisi həyata keçirilir. 2025-ci ilədək bu məqsədlə 21,6 milyard manat vəsait ayrılmış, 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanmışdır. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25-nin bərpası davam edir, 21-nin isə təməli qoyulub. Bu uğurlar nəticəsində Böyük Qayıdış prosesi Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin ayrılmaz hissəsinə çevrilmişdir.
2025-ci il 30 may tarixində Prezident İlham Əliyev “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması barədə sərəncam imzalayaraq bu prosesin davamlılığını təmin etmişdir. Bu gün azad edilmiş ərazilərə qayıdış uğurla həyata keçirilir. 2025-ci ilin oktyabrınadək 19 109 nəfərdən ibarət 4 826 ailə doğma yurdlarına köçürülmüşdür. Müvəqqəti olaraq bərpa-quruculuq işlərində çalışanlarla birlikdə həmin bölgələrdə yaşayanların ümumi sayı 59 565 nəfərə çatmışdır.
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın bərpası və əhalinin məşğulluğunun təminatı istiqamətində mühüm addımlar atılır. 2025-ci ilin 9 ayı ərzində 6,3 min nəfərin məşğulluğu təmin olunmuş, 513 şəxs üçün özünüməşğulluq proqramları, 258 nəfər üçün peşə hazırlığı kursları təşkil edilmişdir. Sosial xidmətlərin əlçatanlığını artırmaq məqsədilə DOST mərkəzlərinin fəaliyyəti Qarabağa da genişlənib. Zəngilan, Şuşa və Kəlbəcərdə açılan Smart DOST məntəqələri və Qarabağ Regional DOST Mərkəzləri bu istiqamətdə yeni mərhələnin başlanğıcıdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqları əsasında şəhid ailələri, müharibə iştirakçıları və əlilliyi olan şəxslər üçün geniş sosial dəstək paketi həyata keçirilir. Postmüharibə dövründə 250 min şəxs 500 mindən çox xidmətlə təmin olunub. 2025-ci ildə Prezident təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, şəhid ailələri üçün 700 manat, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün isə 400–600 manat aralığında müəyyən edilib.
Şəhid ailələri və qazilərə dəstək məqsədilə yaradılmış “YAŞAT” Fondu vətəndaş cəmiyyətinin dövlət siyasəti ilə birgə fəaliyyətinin uğurlu nümunəsidir. İndiyədək Fond tərəfindən 18 mindən çox şəxsə yardım göstərilmiş,93 milyon manata yaxın vəsait sosial və reabilitasiya istiqamətlərində xərclənmişdir. Prezident İlham Əliyevin sərəncamları ilə 160 minə yaxın Vətən müharibəsi iştirakçısı müxtəlif orden və medallarla təltif olunmuşdur. Bu addım Azərbaycan Ordusunun igidliyinə verilən yüksək dövlət qiymətinin bariz nümunəsidir.
Biz bu il tarixi qələbəmizin, şanlı Zəfərimizin artıq 5 – ci il dönümünü böyük qürur və sevinc hissi ilə qeyd edirik. Azərbaycanın Zəfər Günü, ölkənin gücünü, milli birliyini və şəhidlərimizin əziz xatirəsini yaşadan bir tarixdir. Bu qələbə, xalqımızın iradəsi, ordumuzun cəsarəti və ölkə rəhbərliyinin dəstəyi sayəsində əldə edilib. Zəfər Günü, gələcək nəsillərə vətən sevgisini, azadlıq əzmini və müstəqilliyimizin qiymətini çatdıran bir simvol olaraq qalacaq. Azərbaycanın işıqlı gələcəyi uğrunda canlarını fəda edən qəhrəmanlarımızın ruhu qarşısında baş əyərək, xalqımızın daim bir bayraq altında, birlik və qürur içində addımlayacağına inanırıq. Bu böyük zəfərin işığında daha güclü və daha parlaq bir gələcək qurmaq əzmindəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 04 Noyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















