Icma.az
close
up
RU
Vicdan əzab verərmi?

Vicdan əzab verərmi?

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanı haqqında

Yuxulu, tənbəl Qonçarovun qırxı adlayandan sonra “Pallada” adlı freqatda təqribən iki il yarım sürən dünya səyahətinə çıxdığı günlərin birində gəmi güclü fırtınaya düşür. Matroslardan biri onu başını kayutdan çıxarıb, okeanda su dağları əmələ gətirən, gəminin sağ-soluna sudan uca hasarlar, qalın divarlar çəkən azman dalğaların kükrəyişinə şimşək işığında baxmağa çağırır. Romantik mənzərəyə bir anlıq göz yetirən yazıçı dilimizə çevriləndə “nizamsızlıq, qaydasızlıq, özbaşınalıq, iğtişaş, qarışıqlıq” kimi bənzər mənalar verən “besporyadok” kəlməsini işlədib, dəli təbiətin sərsəm oyununa girməmək üçün gəmidəki ən etibarlı yerə - kapitanın kayutuna çəkilir...

***

Qonçarov kimi Dostoyevski də xaosun, anarxiyanın düşməniydi. Əgər Qonçarov kainata vəlvələ salan Şopenhauer sayağı iradə qasırğalarının, Yer adlı kosmik gəmini çalxalayıb-çaxnaşdıran ehtiras tufanlarının əlindən öz çanağının altına, ərincək gövdəsinin içinə, mürgülü vücudunun təkadamlıq kayutuna sığınırdısa, Dostoyevskidən ötrü xaos da, anarxiya da insan oğlunun məhşər günü üzərində qəti qələbə çalmalı olduğu Dəccal qoşunu, Şeytan ordusuydu. Xaosdan, anarxiyadan törəmə nihilizm adlı şübhəçi, inkarçı təlimə qarşı Qonçarov asketik tənhalığı, mənəvi sükunəti, Dostoyevski xristian qardaşlığını, ilahi coşqunu qoyurdu - Bulqakovun təbirinə uyğun bir dillə desək, birincinin ruhu alatoran dinclik hücrəsinə, ikincinin könlü parlaq işıq sarayına can atırdı. Hərçənd Dostoyevskinin qardaşlıq sarayı da günəşin nurundan daha çox solğun elektrik lampalarıyla işıqlandırılıb.

Dostoyevski inama şübhələrin ilan boğazı kimi dar keçidindən, Şeytanın labirintindən keçib gəlmişdi, ona görə də Tanrıya, dinə, İsa Məsihin ilahi mənşəyinə münasibətdə hansısa şübhəni, inkarı, inamsızlığı qətiyyətlə rədd eləyirdi, haqqın varlığı mövzusunda bircə arpa dəni boyda şəkkə düşərsə, böyük əzablar bahasına yetişdiyi dərgahdan qovulacağından qorxurdu. O dərəcədə qorxurdu ki, ona hətta Tolstoyun inamı da yarımçıq, yetərsiz görünürdü. Bu baxımdan dövrünün növbənöv qərbçiləri, liberalları, sosialistləri, nihilistləri, hətta katoliklər belə ona düşmən cəbhədə dururdular. Dostoyevski onlarla mübarizəni mömin pravoslav kimi özünün müqəddəs missiyası, keçmiş günahlarını yumaq üçün cihad sanırdı. Ancaq Məsihin adından apardığı amansız savaşında nihilistlərə qarşı barışmaz mövqe tutsa da, Dostoyevski rus ədəbiyyatında individual fəlsəfi nihilizmin “banisi” Bazarovu bəzən tragik, bəzən ironik, bəzən də sarkastik planda qələmə verib cəzalandırdığı tipajlarına qatmırdı. O, Turgenevin kosmik xaosun dumanlığında, təsadüflər girdabında  mütləq azadlığa can atan, idealı üçün darıxdığına görə yerə-göyə sığmayan davakar qəhrəmanını yüksək qiymətləndirir, faciəfi fiqur kimi xarakterizə elədiyi Bazarovun insanlıq uğrunda fədakarlığa, qəhrəmanlığa hazır narahat qəlbinə sayğı duyurdu.

Hər bir fəlsəfi nəzəriyyənin əsli olduğu kimi saxtası, qondarması, əldəqayırması da var; Dostoyevskinin sonralar da (əsasən “Şeytanlar” romanında) obrazlarını yaradacağı nihilist təlxəklər, anarxist qatillər, İblisin hər bir əmrinə müntəzir allahsızlar məhz bu sayaq tipajlar - mənsubu sayıldıqları fəlsəfi təlimlərin orijinalından, mahiyyətindən xəbərsiz ikinci əl istifadəçiləri, insanlığa xidmət naminə yaradılmış nəzəriyyələri təhrifə uğradıb insanların qətli üçün legitim vasitəyə çevirən qan hərisləri, xeyirin ixtiralarını şərə satan şeytan nökərləridir.

Ateizm də özlüyündə humanist fəlsəfi cərəyandır (mən Didronun, Feyerbaxın, Axundovun, Çexovun, Sartrın, Kamünün ateizmindən danışıram), dinlərdən miras qalma nə qədər mövhumatdan, xurafatdan qurtulmaqda bəşəriyyətə kömək olub, yol göstərib. Di gəl, kommunistlər kimi ateizmin özünü də dinə, mövhumata, xurafata çevirəndə dindar kütlə yalnızca əl dəyişir, yoxluğu varlıq, Şeytanı Allah elan eləyib heçliyin, heçnəliyin səcdəsinə durur. Nihilizm sözünün kökü “nihil” də elə latınca “heçnə” deməkdir.

***

On doqquzuncu əsrin yeddinci onilliyində nihilizm mövzusu rus ədəbiyyatı zəminində bütün aktual mövzuları kənara itələyib lap ön plana keçmişdi. Yazıçılar bir-birinin ardınca səhnəyə nihilist obrazlar çıxarmağa başlamışdılar: əvvəlcə Turgenev, sonra Qonçarov, sonra da Dostoyevski... “Cinayət və cəza”nın müəllifi üçün bu, hələ başlanğıc idi (əlbəttə, əvvəlki əsərlərində Raskolnikovun da, bu tipli başqa qəhrəmanlarının da əcdadlarını tapmaq olar), qarşıda hələ neçə-neçə canına cin müsəllət olmuş kişi, qadın surətləri yaradacaqdı.

1866-cı ildə işıq üzü görmüş “Cinayət və cəza” romanının mövzusunu, süjetini müəllif bundan neçə il qabaq - hələ sürgündəykən düşünüb tapmışdı. Ona qədər yazıçı əsasən sosial-psixoloji yönümlü roman-povestləriylə tanınırdı, bununla belə həmin əsərlərdən Dostoyevski yaradıcılığının yetkin dövrünə gələn cığırları tapmaq elə də çətin deyil. Bu romana qələm çalmağa başlayandan ta ömrünün sonunacan keçən on beş il ərzində Fyodor Mixayloviç onu indi durduğu mərtəbəyə qaldıran beş möhtəşəm roman yazdı, beş möhürlə adını dünya ədəbiyyatının yaddaşına əbədilik həkk elədi. “Cinayət və cəza” həmin qızıl beşliyin ilk kitabıdır, çoxları bu romanı yazıçının ən uğurlu kəşfi, şah əsəri sayır. Xəmsədə təmsil olunan “İdiot” (ikinci kitab), “Karamazov qardaşları” (beşinci-sonuncu kitab) romanları haqqında əvvəlki illərdə geniş danışmışıq.

Beləliklə, “Cinayət və cəza” romanı Dostoyevski yaradıcılığının həm ideya-məzmun, həm də forma-üslub baxımından yeni keyfiyyət qazandığı yekun mərhələsinə - mahiyyət etibarıyla mistik-idealist, janr etibarıyla fəlsəfi-psixoloji mərhələyə keçidin başlanğıcıdır. Müəllif özü məktublarının birində bu əsərin janrını “bir cinayətin psixoloji hesabatı” kimi xarakterizə eləmişdi. Romanı fəlsəfi detektiv sayanlar da var, ancaq istər hesabat, istərsə də detektiv təyinatı kitabın dərinliyinə işıq salmağa yetmir. Əslində, roman ənənəvi mənada detektiv də sayıla bilməz, çünki elə birinci bölümün sonundaca ölən də, öldürən də oxucuya bəllidir, hər şey onun gözü qarşısında cərəyan eləyir.

***

Əsər altı hissə, bir epiloqdan ibarətdir: birinci hissənin sonunda Raskolnikov sələmçi qarını, üstəlik onun cinayətin üstünə çıxan bacısını öldürür, altıncı hissənin sonunda günahını boynuna alır. İnsanlığa nifrət bəsləyən kinli tələbənin bütün qəziyyəsi - saxta təntənəsi də, saxta olmayan faciəsi də bu aralıqda baş verir. Müəllif əvvəlcə əsəri qatil qəhrəmanının etirafı, tövbəsi kimi, yəni birinci şəxsin dilindən qələmə almağı nəzərdə tutmuş, hətta həmin üslubda bir xeyli yazmışdı da. Sonra nədənsə bu forma onun fikirlərinə dar gəlmişdi, yazdıqlarını yandırıb, indi əlimizdə olan versiyanı ərsəyə gətirmişdi. Kitabın adını da asanlıqla tapmamışdı, son varianta qədər əsərə bir neçə başlıq seçib sonra qaralamışdı.

Fəqət romanın bu kitabdan təqribən otuz il əvvəl - müəllifin yeniyetmə çağlarında yazılmış proloqu da var. Söhbət Balzakın “Qorio ata” romanından gedir. Həmin əsərin gənc personajı Rastinyak bu romanın onunla aşağı-yuxarı yaşıd baş qəhrəmanı Raskolnikovun sələfidir, hətta adlarının ilk üç səsi də eynidir. Balzak yaradıcılığının Dostoyevskiyə böyük təsir göstərdiyi bəlli faktdır, əvvəllər yığcam da olsa bu haqda danışmışıq, hərçənd bənzər problemlərin həllinə bu iki dahinin yanaşmasında ciddi, prinsipial fərqlər də var. Həmin fərqlər iki parlaq obrazın müqayisəsində də özünü göstərir: hər ikisi hüquq təhsili alan yoxsul, müflis tələbədir (Raskolnikov artıq qovulub); hər ikisinin uzaq əyalətdə yaşayan, onların yoluna göz dikmiş, qəpik-quruşunu həvəslə onlara göndərən anası, bacısı var; həmin ana-bacılar hər iki gəncə böyük ümid bəsləyirlər desək azdır, onlara müqəddəs varlıq kimi, büt kimi etiqad eləyirlər; hər ikisi məsum, cəfakeş anasından aldığı məktubu Məryəm Ananın haq dünyasından gələn sədası kimi dinləyir - bəli, oxumur, məhz dinləyir. O məktublarda verilən tövsiyələrdən yayınmaq - birinə tez, birinə gec - hər ikisinə baha başa gəlir.

davamı növbəti sayımızda

F.Uğurlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Aprel 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Suraxanıdakı “şəfalı“ gölün acınacaqlı mənzərəsi: Müalicə yerinə xəstəlik mənbəyi? VİDEO

05 İyul 2026 00:02see213

DÇ 2026: Kanada Mərakeş matçında hesab açılıb

04 İyul 2026 22:23see207

Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək Məhkəmə işi

04 İyul 2026 17:14see195

İsrailin təxribatlarını yaxından izləyirik Ərdoğandan AÇIQLAMA

04 İyul 2026 22:20see190

Xanbala Əhmədli vəfat edib

05 İyul 2026 13:24see189

Rusiyanın İT sənayesinin tanınmış siması ölü tapıldı KQB də xidmət etmişdi

04 İyul 2026 15:57see186

7 ci sinif şagirdi vəfat etdi

04 İyul 2026 17:20see183

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see178

ATƏT PA da Azərbaycan Belarusa dəstəyini ifadə edib

04 İyul 2026 19:06see167

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see165

7 yaşlı Elanın diş müalicəsi zamanı ürəyi dayandı, araşdırma aparılır

04 İyul 2026 17:25see165

Çılpaq yatmağın faydaları

05 İyul 2026 03:04see164

Oyarsabal: “Portuqaliyaya hörmət edirik, amma ondan qorxmuruq”

05 İyul 2026 03:26see162

“Başakşehir” “Roma”dan Eldor Şomurodovun transfer hüquqlarını alıb

05 İyul 2026 07:42see161

Antonelli qalib oldu

05 İyul 2026 00:59see159

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see159

Siz də saçlarınızı gec gec yuyursuz? Yağlanmasın deyə...

05 İyul 2026 02:41see158

Real ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... FOTO

05 İyul 2026 02:04see152

Aysunun Hade rəqsi gündəm oldu (Video)

05 İyul 2026 13:57see150

Parkinson xəstəsinin müavinəti niyə dayanıb? VİDEO

04 İyul 2026 22:49see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri