“Vüqar Məmmədovun həbsi sifarişlidir” SAMİR ZEYNALOV
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Vüqar Məmmədovun həbsinin detalları və həbs prosesinin özü qanunla müəyyən edilmiş hüquqi proseduru zədələyən amildir”
Məlum olduğu kimi, “Hürriyyət”in baş redaktoru Vüqar Məmmədov Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə ittiham olunaraq, barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Prokurorluğun təqdimatında iddia olunur ki, guya V.Məmmədov “Azərlotereya” və “Veysəloğlu” şirkətlərindən hədə-qorxu ilə reklam alıb. Halbuki, hər iki reklam təklifi qarşı tərəfdən olub və artıq 2 ildən çoxdur ki, sözügedən şirkətlərin reklam materialları saytımızda dərc olunmaqdadır. Belə olduğu halda, baş redaktorun bu cür ittihamla həbsə atılması nə dərəcədə əsaslı ola bilər? Bu və digər suallarla bağlı hüquqşünas Samir Zeynalovlun mövqeyini öyrəndik.
Hüquqşünasın sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsi, yəni hədə-qorxu yolu ilə tələb etmə yalnız o halda tətbiq edilə bilər ki, şəxsin davranışında hədələmə, qorxu yaratma və qanunsuz fayda tələb etmək açıq şəkildə sübuta yetirilsin: “Əgər tərəflər arasında əvvəlcədən bağlanmış reklam müqavilələri, ödəniş qəbzləri və qarşılıqlı kommersiya əlaqələri varsa, bu münasibətlər mülki-hüquqi xarakter daşıyır, cinayət xarakteri yox. Burada mühüm olan odur ki, mülki müqavilələrin mövcud olduğu situasiyalarda cinayət hüququnun tətbiq edilməsi AİHM-in bir sıra presedentlərində problemli sayılıb. Məsələn, “Raichinov v. Bulgaria”, “Steel and Morris v. United Kingdom” və “Dmitriyevskiy v. Russia” işlərində məhkəmə açıq şəkildə qeyd edir ki, jurnalist və media nümayəndələrinə qarşı kommersiya və ya peşə fəaliyyətindən irəli gələn mübahisələrin cinayət proseduru ilə əvəz edilməsi ifadə azadlığına “soyuducu effekt” yaradır və hüquqi dövlət prinsiplərinə uyğun deyil.
Bu baxımdan, ortada sübut olunmuş hədə-qorxu elementi yoxdursa, ittihamın cinayət müstəvisinə keçirilməsi hüquqi baxımdan izaha ehtiyac yaradır”.
Digər tərəfdən, bəllidir ki, baş redaktor DTX əməkdaşlarının “Hürriyyət”TV də keçirdiyi əməliyyat nəticəsində saxlanılıb, sonradan ona qarşı qeyd olunan 182-ci maddə üzrə ittiham irəli sürülüb. Bəs, belə bir əməliyyatın keçirilməsi DTX-nın səlahiyyət çərçivəsinə daxildirmi?
S.Zeynalov bildirir ki, Azərbaycan Respublikasının Cinayət-prosessual qanunvericiliyi müvafiq istintaq orqanlarının səlahiyyətlərini müəyyən edir: “Klassik mənada göstərsək, Vüqar Məmmədovun ittiham olunduğu cinayət əməlinin araşdırılması DİN orqanlarına aid edilmişdir. Bundan başqa, qanunvericilik əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün konkret şərtlər də müəyyən edir. Bu tədbirlər yalnız o halda əsaslı sayılır ki, istintaq üçün ilkin ciddi şübhələr olsun və tədbirin keçirilməsi yeganə effektiv üsul olsun.
Nəzərə alınmalıdır ki, media subyektləri ilə bağlı məsələlərdə beynəlxalq standart daha da həssasdır. AİHM-in “Gaweda v. Poland”, “Nagla v. Latvia”, “Roemen and Schmit v. Luxembourg” işlərində məhkəmə vurğulayır ki, media orqanına qarşı hər hansı kəskin prosesual müdaxilə yalnız son çarə kimi tətbiq oluna bilər, çünki bu tədbirlər həm jurnalistin, həm də cəmiyyətin məlumat alma hüququna təsir göstərir.
Beləliklə, belə nəticəyə gəlmək mümkündür ki, kommersiya xarakterli münasibətlər mövzu olduqda, xüsusi əməliyyat tədbirlərinin seçilməsi qanunvericiliyin proporsionallıq prinsipinə uyğun şəkildə izah edilməlidir. Əks halda bu, hüquqi suallar doğurur və məsələnin hüquqi çərçivədən çıxararaq sifariş kimi qəbul edilməsi istisna edilmir”.
DTX əməkdaşları baş redaktorun evində axtarış aparan zaman bunu Vüqar Tofiqoğlunun “sosial problemləri qabartmaqla əhali arasında narazılıq yaratmaq” ilə əlaqələndirmişdilər. 3 gün sonra prokurorluğun təqdimatında qeyd olunan ittihamların irəli sürülməsi bu həbsin sifarişli olduğunu deməyə əsas verirmi? Bu suala aydınlıq gətirən hüquşünas V.Məmmədovun həbsinin sifarişli olduğunu istisna etmir:
“Elə istisna edilməyən ehtimala söykənsək görə bilərik ki, bu ehtimal elə əsaslıdır. Belə ki, əgər ilkin açıqlamalarla rəsmi ittiham arasında ciddi fərq mövcuddursa, bu, prosesin şəffaflığını və hüquqi ardıcıllığını zədələyən məqamdır. Cinayət-prosessual qanunvericilik isə tələb edir ki, ittihamlar ardıcıl, faktlara əsaslanan və dəqiq olmalıdır. İttihamın mahiyyəti dəyişərsə, bu dəyişiklik yalnız yeni sübutların ortaya çıxması ilə izah edilməlidir. İlkin bəyanatlarla sonrakı ittiham arasında uyğunsuzluq varsa, bu, müdafiə hüququnun effektivliyinə heç şübhəsiz təsir edir.
AİHM-in “Lavents v. Latvia”, “Becciev v. Moldova” və “Ilgar Mammadov v. Azerbaijan” qərarlarında göstərilir ki, ilkin ittihamın dəyişdirilməsi və ya qeyri-müəyyən olması saxlanmanın qanuniliyinə dair ciddi şübhələr yaradır. Məhkəmə xüsusilə vurğulayır ki, şəxsin həbsinin zəruri səbəbləri əvvəlcədən aydın və obyektiv olmalıdır, sonradan doldurulan boşluqlar isə “əsassız həbs” göstəricisi hesab olunur.
Yekunda belə nəticəyə gəlmək mümkündür ki, Vüqar Məmmədovun həbsinin detalları və həbs prosesinin özü qanunla müəyyən edilmiş hüquqi prosedurun özünü zədələyən amildir.
Avropa Məhkəməsi “İlqar Məmmədov” işində açıq şəkildə bildirir ki, ittihamın əsaslandırılması sonradan “uyğunlaşdırıla” bilməz. İlkin səbəb nədirsə, həbsin hüquqi çəkisi də ona bağlıdır. Əgər əvvəlcə başqa səbəb göstərilir, sonra fərqli ittiham irəli sürülürsə, burada hüquqi ardıcıllıq pozulur və bu, “əsassız və sifarişli həbs” şübhəsi yaradır”.
Hazırladı: Jalə FAMİLQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 17 Noyabr 2025 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















