Xalq Lider birliyinin təntənəsi: qalib və qüdrətli Azərbaycan
Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.
Ölkəmizin inkişaf yolunda inamla və ardıcıl şəkildə irəliləməsi, milli maraqların bütün dövrlərdə əsas istiqamət kimi müəyyən olunması güclü Lider faktorunun mövcudluğu ilə birbaşa bağlıdır. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin mövqeyi və gələcək taleyi artıq təkcə iqtisadi resurslarla deyil, çevik qərarvermə qabiliyyəti, uzaqgörən strateji baxış və qətiyyətli siyasi iradə ilə müəyyən olunur. Məhz bu keyfiyyətlər müstəqil dövlətimizin formalaşmasının ilk mərhələsindən başlayaraq bugünkü güclü, sabit və özünəinamlı mövqeyədək keçilən yolun əsas dayağına çevrilmişdir. Bu amillər cəmiyyətin birliyini möhkəmləndirən, daxili sabitliyi təmin edən və xalqın gələcəyə olan inamını gücləndirən strateji resurs kimi çıxış edir.
2003-cü ildən etibarən Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlətçilik kursunun uğurla və ardıcıl şəkildə davam etdirilməsi yeni mərhələnin başlanğıcı olub. Bu mərhələ dəyişən qlobal və regional reallıqlara uyğun çevik, rasional və praqmatik idarəetmə modelinin formalaşması ilə səciyyələnir. Xalqa verilmiş bütün vədlərin mərhələli şəkildə, konkret proqramlar və real nəticələr vasitəsilə yerinə yetirilməsi dövlətlə cəmiyyət arasında etibarlı və möhkəm etimad mühitinin yaranmasına şərait yaradıb. Sosial rifahın yüksəlməsi, təhlükəsizliyin təmin olunması və milli maraqların qətiyyətlə qorunması bu etimadın praktik təzahürü kimi cəmiyyət tərəfindən qəbul edilib.
Müdrik siyasi kurs dövlət idarəçiliyinin əsas prinsiplərinə uyğun şəkildə formalaşdırılaraq uzunmüddətli inkişaf strategiyasına çevrilib. Bu amillər ölkənin sürətli və dayanıqlı inkişafını təmin etməklə yanaşı, güclü iqtisadi potensialın yaradılmasına, müasir cəmiyyət quruculuğuna və sosial tarazlığın qorunmasına geniş imkanlar açıb. Təhlükəsizlik məsələləri, müasir ordu quruculuğu, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi və institusional islahatlar vahid strateji yanaşma çərçivəsində reallaşdırılır. Nəticədə dövlət beynəlxalq münasibətlər sistemində etibarlı, prinsipial və proqnozlaşdırılan tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Bu mərhələdə siyasi sistemə rasional siyasi davranış modeli gətirilib. Məntiqi mühakimələrə, analitik təhlilə və milli məqsədlərə əsaslanan siyasi realizm idarəetmənin əsas fəlsəfəsinə çevrilib. Qərarların hesablanmış və strateji əsaslar üzərində qəbul edilməsi dövlət siyasətinin effektivliyini artırıb.
2006-cı il iyulun 13-də istifadəyə verilən Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəməri qlobal miqyasda yeni siyasi-iqtisadi münasibətlərin formalaşmasına mühüm təsir göstərən layihələrdən biri olub. XXI əsrin ən iri enerji təşəbbüslərindən sayılan bu kəmər Avrasiya regionunda ölkənin mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib və onu regional liderə çevirib. Layihə təkcə iqtisadi gəlir mənbəyi kimi deyil, eyni zamanda enerji təhlükəsizliyi sisteminin mühüm elementi kimi beynəlxalq əhəmiyyət qazanıb. BTC-nin reallaşdırılması xarici siyasətin möhkəmlənməsinə, strateji tərəfdaşlıqların dərinləşməsinə və beynəlxalq nüfuzun artmasına ciddi töhfə verib.
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası ölkə üzrə yeniləşmə və modernləşmə proseslərinin əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu proqramlar nəticəsində bölgələrdə yol, enerji, sosial və kommunal infrastrukturlar əsaslı şəkildə yenilənib, kənd təsərrüfatının müxtəlif sahələri üzrə məqsədyönlü proqramlar həyata keçirilib, qeyri-neft sektorunun inkişafı üçün möhkəm zəmin formalaşıb. İşsizliyin və yoxsulluğun səviyyəsinin aşağı düşməsi sosial rifahın yüksəlməsinə, regionlarda həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Beləliklə, regional tarazlıq ümumi milli inkişafın ayrılmaz və davamlı komponentinə çevrilib.
Qalib dövlət statusu, artan beynəlxalq nüfuz, təhsilli və intellektual cəmiyyətin formalaşması, böyük iqtisadi potensial və yüksələn rifah müasir dövrün əsas sosial-iqtisadi nəticələrini xarakterizə edən fundamental göstəricilərdir. Bu nailiyyətlər uzunmüddətli və sistemli inkişaf strategiyasının məntiqi nəticəsi kimi meydana çıxmışdır. Onlar ölkə iqtisadiyyatının keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidini təmin edən möhkəm institusional və sosial əsaslar rolunu oynayır.
“Azərbaycan–2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” məhz bu strateji baxışın institusional ifadəsidir. Sənəd postpandemiya və postkonflikt dövrünün reallıqları nəzərə alınmaqla innovativ, maliyyə baxımından dayanıqlı, rəqabətqabiliyyətli və qlobal dəyər zəncirinə inteqrasiya olunmuş iqtisadiyyatın qurulmasını hədəfləyir. Bu prioritetlər uzunmüddətli dövrdə rifah cəmiyyətinin formalaşmasına xidmət edir.
Ordu quruculuğu dövlət siyasətinin əsas prioritetlərindən biri kimi ardıcıl və sistemli şəkildə həyata keçirildi. Maddi-texniki təminatın yenilənməsi, hərbi sənayenin formalaşdırılması, peşəkar kadr potensialının gücləndirilməsi nəticəsində ordu yüksək döyüş qabiliyyətinə malik müasir qüvvəyə çevrildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bu siyasətin real və parlaq nəticəsi olub. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirləri isə suverenliyin tam bərpasını təmin edərək konstitusiya quruluşunun bütün ərazilərdə bərqərar olunmasına gətirib çıxardı.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma prosesinin planlı, ardıcıl və sistemli şəkildə həyata keçirilməsinə imkan verib. Qısa müddət ərzində mühüm infrastruktur layihələrinin icrası, yaşayış məntəqələrinin salınması, sosial obyektlərin istifadəyə verilməsi postmünaqişə dövrü üçün nadir və nümunəvi inkişaf modeli formalaşdırıb. Bu model həm iqtisadi reinteqrasiyanı, həm də sosial dayanıqlığı təmin edən kompleks və strateji yanaşma kimi dəyərləndirilir.
Yeni reallıqlar şəraitində həyata keçirilən dövlət siyasəti gələcəyə yönəlmiş uzunmüddətli və davamlı hədəflərə əsaslanır. Dayanıqlı inkişafın təmin edilməsi, təhlükəsizliyin möhkəmləndirilməsi, yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması və rifah cəmiyyətinin qurulması bu mərhələnin əsas istiqamətlərini təşkil edir. Bu siyasət milli maraqlara söykənən, dəyişən qlobal şərtlərə uyğun çevik və məsuliyyətli idarəetmə modelinin ardıcıl ifadəsidir.
Nurlan Həsənov
Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 23 Dekabr 2025 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















