Xalq şairinin yaradıcılığında novator axtarışları
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
1950-ci illərin ortalarında başlayaraq Azərbaycan poeziyası bir tərəfdən ümumi və formalaşmış müasir ənənələrinin, fərdi sənət vərdişlərinin əsasında müəyyən keyfiyyət dəyişiklikləri ilə inkişafını davam etdirir, o biri tərəfdən müstəqil yaradıcılıq axtarışları yollarında müəyyən novatorluq əlamətləri ilə zənginləşirdi. Bu yeni mərhələdə Xalq şairi Rəsul Rza “Qızıl gül olmayaydı” kimi dərin siyasi-ictimai səciyyə daşıyan üsyankar ruhlu poetik faciəsini yaratmaqla poeziyada və ümumiyyətlə ədəbi-ictimai fikirdə dönüş məqamının əsasını qoydu. A.Tvardovskinin “Üfüqlərdən üfiqlərə” və V.Luqovskoyun “Əsrin ortaları” poema-epopeyaları ilə ideya-bədii səciyyə baxımından yanaşı dayanan bu əsər tezliklə özünün təsir dairəsini genişləndirdi.
“Qızıl gül olmayaydı” əsərində alovlu və talesiz şair Mikayıl Müşfiqin həyatının bəzi məqamları fonunda bütov bir tarixi dövrün, siyasi-ictimai və həm də ədəbi mühitin səciyyəvi mənzərələri əks etdirən R. Rza poeziyasının tədqiqatçılarından Arif Abdullazadənin qeyd etdiyi kimi, “bu mənada Müşfiqin obrazında ümumuləşdirilən “Qızıl gül olmayaydı” poemasının əsas qəhramanı 30-cu illər, daha doğrusu, bu illərin faciəli hadisələridir. Ədəbiyyatda həmişə öncüllədən olan novator şair R. Rza bu poemasında da həmin illərin əsl iç üzünü açan ilk ədib oldu”.
Ancaq bu hələ “Qızıl gül olmayaydı” əsərində qoyulan ədəbi problemlərin bir tərəfi − mövzu və ideya-məzmunu ilə bağlı olan cəhətidir. Problemin başqa tərəfləri isə poemanın bədii keyfiyyətlərində təzahür edən və ümumi ədəbi inkişafı, poetik səciyyə və səviyyənin mahiyyətindən irəli gələn sənətkarlıq məsələləri ilə bağlıdır. Lirik-epik janr istiqamətində qələmə alınan bu poema hər şeydən əvvəl janr və forma əlvanlığının özünəməxsusluğu, vəzn və quruluş xüsusiyyətləri, struktur sistemi və nəhayət, obrazlı poetik ifadə tərzinin orjinallığı ilə diqqəti cəlb edir.
Bu poema ilə ümumilikdə müasir Azərbaycan poeziyası obrazlı ifadə tərzinin bir sıra yeni keyfiyyət dəyişiklikləri mərhələsinə qədəm qoyur. Əsası hələ “Lenin” poemasında qoyulan obrazlı poetik ifadələr – bənzətmə, təşbeh və metaforalar “Qızıl gül olmayaydı” poemasında daha səciyyəvi və əlvan çalarlarla zənginləşməklə, xüsusi bir sistem təşkil edir, şairin novatorluq axtarışları yollarında əsaslı nəticələr əldə etdiyindən xəbər verir.
Elə bil göz yaşları
Sözün yolunu kəsdi,
Töküldü damla-damla.
və ya Yollarına əbədi
Hicran kölgəsi düşmüş
O kədərli, qorxulu,
Ümidli uzaqlarda.
Yeni və orjinal mahiyyətli belə metaforik obrazlar düzümü, tez-tez dəyişməklə bir-birini davam etdirib tamamlayan forma ardıcıllığı konkret bir mərhələnin – siyası-ictimai islahatlar dövrünün verdiyi nisbi ideoloji sərbəstlik əlamətlərinə şairin öz istedadının dərəcəsinə uyğun olaraq əlavə etdiyi bədii-sənətkarlıq xüsusiyyətləridir. Bu poemanın və ümumiyyətlə R. Rza yaradıcılığının timsalında poeziyamız həmin dövrdə – 1950-ci illərin sonlarına yaxın obrazlı poetik təfəkkürün, novator axtarışlarının formalaşma mərhələsini yaşamağa başlayır.
“Qızıl gül olmayaydı” poemasındakı bütün epik-dramatik təsvirlər lirik məqamlar əsasən əsərin baş qəhrəmanı olan Müşfiqin ətrafında cəmlənir. R. Rza yaradıcılığının ardıcıl tədqiqatçısı İ. Əbilov əsərin bu xüsusiyyətini belə səciyyələndirir; “M. Müşfiq surəti istisna olunarsa, poemada bütöv və mükəmməl cizgilərlə oxucuya təqdim olunan bitkin bədii surət yoxdur. Lakin əsərdəki canlı insan ehtirasları, zamanın pafosu, adamların ürək döyüntüləri, psixoloji momentlər elə məharətlə verilmişdir ki, insanın taleyi bu əsərin aparıcı qüvvəsi olmuş, nəticədə əsər müəllifin həyata, insanlara poetik münasibətini əks etdirən monumental bədii nümunə kimi ədəbiyyatımızda uzun müddət yaşamaq hüququ qazanmışdır.
Bu əsaslı müşahidəyə təkcə onu əlavə etməyi lazım bilirik ki, əsərin qəhrəmanı “insanın taleyi” olmaqdan daha əvvəl və daha çox dövrün ictimai-syasi və ədəbi mühitidir ki, poemada cərəyan edən bütün hadisə və vəziyyətlər bu mühitin “xarakterinin” nəticəsı olaraq meydana çıxır. Bu poema ilə R. Rza həm də vətəndaş cəsarəti ilə poetik cəsarətin qovuşması və sintezinə nail olmaqla, istər ədəbi mühit, istərsə də geniş oxucu kütləsi tərəfindən o qədər də asanlıqla qəbul edilməyən şerinin novator keyfiyyətlərini bir sıra yeni və orjinal cəhətlərlə zənginləşdirmə yoluna qədəm qoyur. Bu vaxta qədər ayri-ayri epizodik məqamlarda üzə çıxan və “Lenin” poemasında nisbətən artıb fəallaşan yeni forma, vəzn və ifadə elementləri, obrazlı poetik təfəkkür “Qızıl gül olmayaydı” əsərində xüsusi sistem təşkil etməyə başlayır. Şair poemanın məzmunu ilə əlaqədar müxtəlif sujet və təsvirlərdə konkret əhval və vəziyyətə uyğun olaraq şerinin forma və vəzn mənzərəsini dəyişdirir. Müəllif təhkiyyəsi gah dramatik gərginliklə, gah da incə lirikliklə ifadə olunur ki, bu da əsərin sujetinin ümumi inkişaf istiqamətinin epik ardıcıllığına nəinki xələl gətirmir, əksinə onun daha maraqlı və cazibədar olmasını təmin etmiş olur. Bu cəhət həm də R. Rza şeirini 1960-cı illərin daha rəngarəng və çoxtərəfli novator axtarışlarına hazırlayıb yetkinləşdirir.
1950-ci illərin ikinci yarısında cəmiyyətdə baş verən siyasi-ictimai islahatlar, keçmiş SSRİ-nin totalitar rejiminin zaman-zaman möhkəmləndirib keçilməz qalalara çevirdiyi sərhədlərinin üzərindəki qara pərdələri qaldıraraq dünyaya pəncərə açmaq üçün müəyyən imkanlar yaratdı – mədəniyyət xadimləri, o cümlədən şair və yazıçılar az da olsa xarici mühitlə ünsiyyətə girməyə, onunla əlaqə saxlamağa nail ola bildilər. Əslində bu prosesin hələ 1950-ci illərin əvvəllərində son dərəcə məhdud şəkildə də olsa ilk cığırları açılmağa başlamışdı. Bir qrup mədəniyyət xadimləri ilə bərabər Avropa ölkəkərinə səfər edən S. Vurğun həmin o ilk cığırları açanlar sırasında yeganə Azərbaycan şairi olmuşdur. Bu səfər təkcə onun dünyagörüşündə deyil, yaradıcılığının səciyyə və mənzərəsinə də müəyyən təsir etmişdir. Məşhur “Avropa xatirələri” Azərbaycan poeziyasında ilk səfər təəssuratları silsiləsi belə yaranmışdır. 1950-ci illərin ortalarında həmin estafeti davam etdirənlərdən biri də R. Rza oldu ki, bu da onun yaradıcılığına təsirsiz qalmadı.
Əslində R. Rza beynəlxalq mövzuya həmin səfərlərdən əvvəl müraciət etmişdi. Onun hələ müharibədən əvvəl və sonra yazdığı “Həbəşistan”, “İki dünya”, ”Madrid”, ”Qızaran bayraqlar”, “Azadlıq heykəli”, “Haqqın səsi” və s. şerləri, xüsusən “Almaniya” poeması bəzən fikirdən daha çox sözün yaratdığı patetik ruhu, birbaşa ifadə tərzi ilə əlamətdar olsa da, şairin yaradıcılığında bu mövzuya xüsusi hazırlıq mərhələsini təşkil etmişdir. 1950-ci illərin ikinci yarısında xarici səfərlərə Şərq ölkələrindən başlayan R. Rzanın ilk baxışda təkcə səfər təəssüratları səciyyəsi daşıyan bir sıra şerləri həm də onun novator axtarışları yollarında obrazlı təfəkkür tərzinə qarşisıalınmaz meylinin konkret ədəbi məhsullarından ibarət idi. Belə obrazli ifadələr, forma əlvanlığı ilə seçilən “Şəttülərəb”, “Əlcəzair meydanında”, “Açın qapıları – insan gəlir”, “Hələ bu harasıdır” kimi şerləri bu dövrdə sanki ikinci nəfəsi açılan R. Rzanın yaradıcılığında “Qızıl gül olmayaydı” poeması ilə başlanan tamamilə yeni bir mərhələnin davamı sayıla bilər. 1957-ci ildə xarici səfərlərini Avropa ölkələrində – Fransa, İsveçrə, Türkiyə, Hollandiya, İtaliya, Yunanstan, Bolqaristan və Ruminiyada davam etdirən şair
Xurmaları daşıdılar gəmi-gəmi,
Ərəbə bir qamış doxma qaldı,
birdə dərdi-qəmi - kimi Şərq ölkəsindən aldığı ilkin təəssuratları daha əhatəli və monumental siyasi-ictimai movzularla genişləndirir. Bu silsilədən olan “Luvr”, “Zəfər ilahəsi”, “Miloslu qız” kimi Fransa həyatına həsr edilmiş şerlərdəki daxili genişlik və məna calarları xüsusilə fərqlənir. Hiss olunur ki, sosializm sisteminin, onun müstəmləkəsi siyasətinin ağrı-acılarını illərdən bəri içində çəkən şairin bu dərdləri heç olmasa xarici mühitə köçürməklə ifadə etmək üçün əlinə fürsət düşmüşdür. R. Rza hələ Afrika və ərəb ölkələrinə səfərlərindən sonra yazdığı şeirlərində bu fürsəti əldən qaçırmamış, bir-birinin ardınca milli dərərlərimizin məhvinin qarşısını almaq üçün müntəzəm şəkildə qələmini işlətməyə başlamışdır:
Mən də sənin dinindəyəm–
Qalib gələnə qədər mübarizə.
Azadlıq uğrunda lazım gələrsə,
Təəssüfsüz ölmək,
Vətən deyilən ana torpağı
Qəlbimin duyğusu,
Gözümün ərşə çəkilən yuxusu,
“Hələ bu harasıdır” şerindəki bütün belə dolğun və kəskin mahiyyətli poetik parçalar yaşadığımız günlərdə də səciyyəvi və aktual səslənir.
Hələ bu harasıdır,
Məzlumların qəzəbi
Çox tufanlar qoparasıdır.
Şairin bu mövzuda qələmə aldığı, xüsusən Fransa təəssuratından yaranan bir sıra şeirlərində onun 1960-cı illərin ortalarına doğru yaradacağı assosiativ səciyyəli əsərlərin ilk əlamətləri də duyulur. “Rənglər” silsiləsində özünün yüksək səviyyəsinə çatan assosiativliyin – obrazlı poetik ifadə tərzinin ən kamil formasının ilkin cücərtiləri R. Rzanın məhz bu silsilələrində hiss edilməyə başlayır;
Bu qanadlı ilahə
“Qanadlı zəfər” adlanır.
İmkanım olsaydı, pozub
misyölərin ovqatına
Silərdim qan–ad–lı
Sözündən orta hecanı
Təhrif etsəm də
Adsız müəllifin niyyətini.
Sözün qalan hissəsi
Düzgün ifadə edərdi
"Zəfərin” mahiyyətini
Obrazlı poetik təfəkkürün ardıcıl sistem halına düşdüyü bu yaradıcılıq mərhələsinin sonlarına yaxın R. Rzanın qələmə aldığı “Mən torpağam”, “İnsan şəkli”, “Soruş” kimi şeirləri və “Bir gün də insan ömrüdür” poeması ümumilikdə poeziyamızın inkişaf problemlərinin konkret zaman vahidində xüsusi səciyyəsi baxımından maraq döğurur. Belə şerlərin hər bir misrası obrazlı şəkildə ifadə edildiyindən onlar müstəqil bir əsər daxilində öz misra müstəqilliyini qorumaqla, öz çəkisi və tutumu ilə də bir-birindən seçilirlər. Sözcüluk, təsvirçilik, ritorik pafos belə əsərlərdə özünə yer tapa bilmir. Həm də şeirin həmin səciyyəsinin klassik ənənələri mövcud olmaqla qəzəl-qəsidə-divan ədəbiyyatı ilə səsləşir. Füzuli şeiri bu baxımdan daha çox fərqlənir. Onun hər bir qəzəlinin özünəməxsus məna dəyəri olmaqla, ondakı hər bir beyt də özlüyündə müstəqil bir fikri ifadə edir. R. Rzanın adları çəkilən şerlərində də belədir. Vahid bir fikir ifadə edən “Soruş” şeirindəki müxtəlif misralara müraciət edək:
Od nə çəkdi,
küldən soruş!
Baş nə çəkdi,
dildən soruş!
Zülmətlərin möhnətini
kor söyləsin!
Bəm xalların fəryadını
zildən soruş!
Ömrün çətin yollarında
daşa ləpir salsa ayaq,
Gün nə çəkdi,
İldən soruş!
Bütün şeir başdan-başa belə müstəqil məna dəyərinə malik olan obrazlı poetik misralardan ibrətdir. M. Arif aşağıdakı mülahizələri irəli sürəndə şairin məhz bu dövrdə yaranan şerlərini nəzərdə tuturdu: “Şeir vardır ki, onu distilə edilmiş su kimi içirsən, onu hamar bir yol kimi keçirsən, misraları, səhifələri rahatca udursan; nə fikrə bir qida, nə hissə bir lay düşür. Səni heç cür şey narahat etmir, heç kəs bir yerə çağırmır, ritorik cümlələr bir- birini əvəz edir. Şeir də var ki, hər bir misrası səni tutub saxlayır, şüuru, hissi müdaxiləyə dəvət edir, fikrə qida verir, düşünməyə məcbur edir... R. Rza ritorikanı öz şeirndən qovmuşdur. Onun yerini şeirdə konkret obrazlar, canlı fikir və məna tutmuşdur”. “Konkret obrazlar, canlı fikir və məna tutmu”, şairin eyni dövrdə qələmə aldığı “Mən torpağam” şeirində də misra, beyt və ya bəndlərin belə müstəqilliyi mövcuddur:
Mən küləyəm, əsməsəm
Kim bilər mən varam.
Mən büldam, səhraları susuz görüb
ağlaram
Mən ürəyəm, döyünməsəm,
ölərəm.
Mən işığam-qaranlığın qənimi.
Maraq dolu gözəm mən,
baxmaya bilmərəm.
“İnsan şəkli” şeirində və “Bir gün də insan ömrüdür” poemasında da özlüyündə belə muxtariyyət səciyyəsini qoruyan misra, beyt və bəndlər az deyil. Ümumiyyətlə, R. Rza axtarış yollarında müəyyən bir poetik nəticə və ya qənaətə gəldikdən sonra ayaq saxlayan, işini bitmiş hesab edən müəlliflərdən fərqli olaraq daima yol üstə, səfər ərəfəsində olan ardıcıl şair təbitinə malik sənətkarlardandır – o daim axtarir, düşünür və söz, məna üzərində fasiləsiz işləyir. Tənqidçi Qulu Xəlilov məhz belə şeirlərin meydana gəldiyi illərdə yazırdı: “Rəsul Rza ğörünmüş bir işin son bəzək-düzəyi ilə məşğul olan”, başqalarının dediklərini yenidən təkrar edən şairlərdən deyildir. O, sözün həqiqi mənasında novatordur. R. Rza şeirimizdə yeni fikir və forma üğrunda ardıcıl mübariz olan şairlərdəndir”.
R.Rzanın yuxarıda haqqında söhbət gedən “İnsan şəkli”, “Mən torpağam”, “Şoruş” kimi onlarca şeirləri ilə yanaşı onların ardınca yazılıb onların yekunu kimi səslənən “Bir gün də insan ömrüdür” poeması poeziyanın bu səciyyəsini daha aydın şəkildə ifadə edir.
Bu poema insanda hər şeydən əvvəl insanı görüb onu layiq olduğu ucalığa çatdırmaq, poeziyada özünə qədər kütləvi hal olan əməyin, zəhmətin insanı deyil, insanın əməyi mənalandırmaq qüdrətini estetik cazibə səviyyəsinə yüksəltmək əzminin tərənnümünə xidmət edir:
Eşitmişəm idarədə qalırsan
Üç gecedir.
Yaramaz belə.
Muğayət ol özündən.
Adamlar necedir?
Xəstələnən yoxdur ki,?
Plan dövlət qanunudur–
bilirsən özün
Ancaq, adamsız nə plan, nə dolum!
Adamlarda olsun gözün.
1960-cı illərin əvvəllərindən başlayaraq poeziyamızda obrazlı-assosiativ ifadə üsulunun, intellektual başlanğıcın ilk nümunələrinə təsadüf edilir ki, bu da ənənəyə qayıdışın yeni forması kimi qəbul edilməlidir. Xalq şeirində, xüsusən bayatılarda və klassik poeziyamızda ayrı-ayrı nümunələrinə rast gəldiyimiz assosiativ bədii təfəkkürün müxtəlif formaları XX əsrin ikinci yarısında özünün poeziyada təkrar döğuluşu ilə yeni mahiyyət kəsb etməyə başlayır.
Azərbaycan poeziyasında assosiativ təfəkkürün sistemli şəkildə ilk nümunələrinə R. Rzanın “Rənglər” silsiləsində rast gəlirik. Lakin bundan əvvəl hələ şairin “Dəniz nəğmələri”, silsiləsində, “Realizm”, “Belədir” şeirlərində, “Canavar və quzu”, “Buruqların söhbəti”, “Qaranquş və sərçə” kimi obrazlı-alleqorik səpkili poetik nümunələrdə assosiativ ifadə tərzinin müxtəlif səciyyələrdə müəyyən əlamətləri ilə qarşılaşırıq. “Belədir” şerində assosiasiya, obrazlı təfəkkür onu ifadə edən hər hansı bir misra və ya bənddə deyil, bütövlükdə əsərin məzmunundan doğan nəticədə meydana çıxır:
Sən üst mərtəbədəsən,
Mən aşağıda
İnsan yuvasıdır
Yuxarı da,
Aşağı da,
Sənə də işıq, hava, çörək lazımdır.
Mənə də.
Sənə də duyan rək lazımdır.
Mənə də.
Bir ovuc buğda da nemətdir,
Bir dənə də.
Görkəmli ədəbiyyatşünas M. Arif R. Rzanın “Rənglər” silsiləsini təhlil edərkən poeiyada assosiativlik haqqında yazır ki, “Rənglər” oxucuya tədayi-əfkar, assoasiya vasitəsilə xatirələr, duyğular oyatmaq, onu düşündürmək yolu ilə həyatı və insanları
yaxşı öyrənmək, dərindən dərk etmək məqsədi ilə yazılmışdır. Oxşarlığın özlənilməzliyi, təbii ictimai hadisələri, sənət aləmini əhatə edən müqayisələrin həyati dolğunluğu oxucunu xəyala daldırır, düşündürür, onda yeni intibalar oyadır”.
R. Rza “Rənglər” silsiləsinindəki ayrı ayrı poetik parçalarda hər bir rəngin müxtəlif çalarlarına cəmi bir və ya iki misra sərt edir. Ağdan qaraya, mavidən sarıya qədər bütün rənglərə ayrıca məna çaları verən şair bəzən metafora, bəzən də orjinal istiarələr vasitəsilə elə gözlənilməz tapıntılara nail olur ki, poetik təxəyyulun gücü və imkanları oxucunu təccübləndirməyə bilmir. Məsələn “Firuzəyi” kimi o qədər də tez nəzərə çarpmayan rəngi R. Rza kiçik bir şeirində altı cür assosiativ çalarlarla mənalandırır:
Xatirələrdə qalmış məhəbbət ağrıları
Dənizin yaraşığı.
Yaşıl abajurdan
Mavi divara düşmüş
Lampa işiği.
Yoxsul qız barmaqlarının həsrəti
Cəfər Cabbarlının Bakısı
Dünyadakı gözlərdən
Ancaq ikisi.
Şair bütün rənglərə ayrı-ayılıqda şeir həsr etdikdən sonra bununla kifayətlənməyib axtarışlarını davam etdirir və onların başqa çalarlarını da yeni-yeni poetik parçalarda və müxtəlif səpkidə mənalandırır. “Qaranın dərd çaları”, “Mavinin təsəlli çaları”, “saman sarısı”, “Qırmızının inam çaları”, və s. belə yeni poetik tapıntılardandır. Məsələn “Sarı”, “Kürən” kimi şeirlərlə bu rəngin daha çox siyasi-ictimai ruhlu, təbiət və məhəbbətlə bağlı çalarlarını verdikdən sonra ona nəyə görə yenidən qayıtmağa ehtiyac duyduğunun səbəblərini açmaq üçün elə orjinal metoforik cəhətlərə müraciət edir ki, şairə irad tutmağa əsas tapmaq mümkün olmur:
Anadan olduğu evin
Çılpaq divarlarına həsrət.
Peşimanlıq qoxuyan həqiqət.
Qürubun şəfəqlərində
yaralı qəlbinə meydan oxuyan
Nazim Hikmət
Və onun ağrılı məhəbbəti
Bir xırmanı bir külfətə,
Bir doyumcun, az olan
arpanın küləşi.
Qış günləri.
“Rənglər” silsiləsi ilk dəfə çap olunduqdan sonra mətbuatda onu qəbul etməyənlərin sayı, tərəfdarlarından qat-qat çox olmuşdur. Lakin qısa bir zamanda aydın oldu ki, bu silsilə təkcə Azərbaycan poeziyasının inkişafında xüsusi bir mərhələ təşkil etməklə qalmayıb, ümumilikdə XX əsr dünya söz sənətinin ən yaxşı nümunələri ilə müqayisə edilə bilər.
Vaqif ALLAHVERDİYEV
ADPU-nun Ağcabədi filialının dosenti.


