Icma.az
close
up
RU
Xalqımızın ümummilli və ümumbəşəri dəyərlər manifesti

Xalqımızın ümummilli və ümumbəşəri dəyərlər manifesti

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycançılıq inteqrativ ideoloji sistem, milli ideyanın özünəməxsus ifadə formasıdır. Bu ideyanın əsasında sivilizasiyalı, milli-mənəvi dəyərlərə və özünəməxsus mentalitetə malik Azərbaycan cəmiyyəti konsepsiyası dayanır. Tarixi inkişaf prosesində dünya mədəniyyətinə inteqrasiya edən milli ideya dövlət quruculuğu prosesində daim mühüm yaradıcı rol oynamışdır. Müstəqil dövlətin ideologiyası siyasi və ictimai proseslərin tənzimlənməsində zəruri vasitə, mühüm strateji resurs kimi çıxış edir.

Azərbaycançılığın mahiyyəti ayrı-ayrı vətəndaşların fərdi məqsəd və ideallarını ümummilli mənafelər, eləcə də ümumbəşəri dəyərlər sistemi ilə uzlaşdırmaqdan ibarətdir. Bu ideologiyanın əsas gücü fərdi maraqları dövlət siyasəti ilə əlaqələndirmək, eyni zamanda, xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamaq və inkişaf etdirmək imkanında təzahür edir.

Xalqımızın adət-ənənələrini, milli-mənəvi dəyərlərini və mədəni zənginliyini özündə ehtiva edərək müasir dövrümüzədək yaşadan baxışlar sistemi kimi azərbaycançılıq ideyasının təşəkkülündə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, müstəqillik dövründə azərbaycançılığı milli dövlətçilik ideologiyası səviyyəsinə yüksəltmiş, onun nəzəri əsaslarını formalaşdırmış, sistemləşdirmiş və ümummilli birlik məfkurəsi kimi əsaslandırmışdır.

Ulu öndərin dövlətçilik konsepsiyasının və siyasi fəaliyyətinin ideoloji əsasını azərbaycançılıq təşkil etmişdir, milli ideoloji düşüncəmizin tarixi ənənələrini nəzərə alaraq bu konsepsiyada tarixiliklə müasirliyin nəzəri və praktiki vəhdətini, bu məfkurənin gələcəyə istiqamətlənən mahiyyətini və inkişaf perspektivlərini elmi-nəzəri və siyasi baxımdan əsaslandırmışdır.

Azərbaycançılığın ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən vahid məfkurəyə və müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji əsasına çevrilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, milli dövlət quruculuğu prosesində azərbaycançılıq ideologiyasını dövlətçilik siyasətinin əsas prinsiplərindən birinə çevirmiş, Azərbaycana qarşı müxtəlif istiqamətlərdən yönələn təhdidlərə, ölkənin etnik zəmində parçalanmasına hesablanmış cəhdlərə qarşı güclü ideoloji və siyasi müdafiə mexanizmi formalaşdırmışdır.

Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayında müstəqil Azərbaycanın ideoloji əsaslarını və dövlət siyasətinin prioritet istiqamətlərini müəyyənləşdirərək azərbaycançılığın mahiyyətini belə ifadə etmişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Azərbaycan dilinin inkişafı haqqında bizim qəbul etdiyimiz geniş qərar məhz bu məqsədi daşıyır”.

Heydər Əliyev azərbaycançılığın ideya məzmununu və strateji məqsədini açıqlayaraq onun yalnız milli mənsubiyyətin qorunması ilə məhdudlaşmadığını, eyni zamanda, ümumbəşəri dəyərlərlə qarşılıqlı əlaqəni və şəxsiyyətin inkişafını ehtiva etdiyini vurğulamışdır: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Heydər Əliyevin konseptual yanaşmasına görə, azərbaycançılıq təliminin təməlində dayanan başlıca amillərdən biri xalqı tarixi inkişaf yolunda irəli aparan, onun milli varlığını və kimliyini yaşadan qüdrətli vasitə olan Azərbaycan dilidir. O, ana dilini milli mənliyin və milli özünüdərkin əsas göstəricilərindən biri kimi daim diqqət mərkəzində saxlamışdır. Heydər Əliyev 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyinə həsr olunmuş təntənəli toplantıda, eləcə də sonrakı ümumrespublika tədbirlərində Azərbaycan dilində çıxış etməklə, əvvəlki siyasi rəhbərlik praktikasından fərqli bir mövqe nümayiş etdirmiş, dövlət vəzifəli şəxslərinə bu sahədə şəxsi nümunə göstərmişdir.

Heydər Əliyev Azərbaycan xalqına böyük tarixi nailiyyətlər, dövlətçilik təcrübəsi və müstəqil dövlət quruculuğunun möhkəm təməllərini miras qoymuşdur. Azərbaycançılıq ideologiyası bu irsin mühüm tərkib hissələrindən biridir. O, türkçülük ideyaları ilə üzvi bağlılıqda olan azərbaycançılığı milli dövlətçilik ideologiyası kimi sistemləşdirmiş, dünya azərbaycanlılarının milli birliyini təmin edən ümummilli məfkurə səviyyəsində əsaslandırmışdır.

Bu prosesdə Heydər Əliyev Azərbaycan dövlətçilik ənənələrinin tarixi təcrübəsinə, milli ideoloji düşüncənin inkişafına, eləcə də XX əsrin sonlarında Azərbaycan ziyalıları arasında milli dilimizin adı və statusu ətrafında aparılan müzakirələrə həssaslıqla yanaşmış, tarixi və siyasi reallıqları nəzərə almışdır. Bütün bunlar milli dövlətçilik tariximizdə mürəkkəb siyasi və ideoloji mübarizə şəraitində əldə edilmiş nailiyyətlərdir.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilmiş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. Hər hansı bir dilin dövlət dili statusu qazanması, şübhəsiz ki, xalqın milli dövlətçilik tarixi və dövlətin formalaşması prosesi ilə bilavasitə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi işlədilməsinin tarixi kökləri XVI əsrdə Səfəvilər dövlətinin yaranması dövrünə gedib çıxır.

Həmin dövrdə Azərbaycan dili dövlət idarəçiliyində və rəsmi yazışmalarda işlədilərək dövlət dili səviyyəsinə yüksəlmişdir. Lakin sonrakı tarixi mərhələlərdə milli dövlətçiliyin itirilməsi bu ənənənin davamlılığını pozmuşdur. Yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycan dilinin dövlət və ictimai həyatın müxtəlif sahələrində geniş tətbiqi üçün yeni imkanlar yaranmışdır. Bu istiqamətdə mühüm addımlar atılsa da, gənc respublikanın qısa müddət mövcud olması Azərbaycan dilinin dövlət idarəçiliyində mövqeyinin tam möhkəmləndirilməsinə imkan verməmişdir.

Azərbaycan dilinin dövlət dili səviyyəsində təsbit olunmasının tarixi zərurətindən bəhs edən Heydər Əliyev sovet dövrünün konstitusiya təcrübəsinə toxunaraq demişdir: “1921-ci ildə qəbul olunmuş ilk Azərbaycan Konstitusiyasında dövlət dili ilə bağlı heç bir maddə yoxdur. 1937-ci ildə də qəbul edilmiş Azərbaycan Konstitusiyasında dövlət dili haqqında heç bir maddə olmayıbdır...”

Heydər Əliyev 1978-ci il Azərbaycan SSR Konstitusiyasının hazırlanması prosesində Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasını əsas məsələlərdən biri hesab etmişdir. O, həmin dövrü sonralar belə xatırlayırdı: “1977–1978-ci illərdə biz yeni Konstitusiyanı qəbul edərkən bu, şübhəsiz ki, əsas məsələlərdən biri idi. Biz yeni Konstitusiyada Azərbaycan dövlət dilinin Azərbaycan dili olması barədə maddə hazırladıq... Mən həmin Konstitusiyanı hazırlayan komissiyanın sədri idim və bu işlərə rəhbərlik edirdim. 1978-ci ildə, səhv etmirəmsə, aprel ayında biz Konstitusiyanı qəbul etdik. Həmin Konstitusiyada yazıldı ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir”.

Heydər Əliyev sonralar bu tarixi hadisənin mürəkkəb siyasi şəraitdə baş verdiyini, Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyada təsbit edilməsi üçün ciddi müqavimət və təzyiqlərlə qarşılaşdıqlarını da xüsusi vurğulamışdır: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük”.

Bu tarixi hadisə Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi ilə yanaşı, milli özünüdərkin və milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyırdı. Beləliklə, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilməsi sovet hakimiyyəti şəraitində milli dövlətçilik düşüncəsinin qorunması və inkişafı istiqamətində atılmış mühüm addımlardan biri idi. Müstəqil dövlətçiliyin mühüm atributlarından biri dövlət dilidir. Azərbaycan Respublikasında müstəqilliyin ilk illərində dövlət dilinin adı ilə bağlı ciddi ictimai-siyasi müzakirələr aparılmışdır.

Hakimiyyətə gələn Azərbaycan Xalq Cəbhəsi dövlət dilinin adının “Azərbaycan dili”ndən “türk dili”nə dəyişdirilməsi təşəbbüsünü irəli sürmüş, bu addımı tarixi həqiqətin bərpası kimi əsaslandırmışdır. Nəticədə, dövlət idarəçiliyində, təhsil sistemində və dərsliklərdə “Azərbaycan dili” ifadəsinin əvəzinə “türk dili” adından istifadə olunması istiqamətində dəyişikliklər həyata keçirilmişdir. Bu dəyişikliklər cəmiyyətdə birmənalı qarşılanmamış, dilin adı ətrafında müxtəlif mövqelərin və mübahisələrin yaranmasına səbəb olmuşdur.

Məsələnin milli dövlətçilik və milli kimlik baxımından əhəmiyyətini nəzərə alan Heydər Əliyev dövlətin və xalqın adı, dövlət dili və milli mənsubiyyət məsələləri ilə bağlı geniş müzakirələrin keçirilməsinə təşəbbüs göstərmişdir. Tanınmış ziyalıların, elm və mədəniyyət xadimlərinin iştirakı ilə 1995-ci ilin noyabrında aparılan müzakirələrdə bu məsələlərin tarixi, siyasi və ideoloji aspektləri ətraflı nəzərdən keçirilmişdir. Heydər Əliyev müzakirələr zamanı etdiyi çıxışında məsələnin müxtəlif tərəflərinə aydınlıq gətirmiş, Azərbaycan dilinin adının milli dövlətçilik və milli kimlik baxımından əhəmiyyətini əsaslandırmışdır.

1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması təsbit edildi. Beləliklə, dövlət dilinin adı ilə bağlı müzakirələr konstitusiya səviyyəsində öz hüquqi həllini tapdı. “Azərbaycan dili” adının dövlət dili kimi təsbit edilməsi milli kimliyin, tarixi dövlətçilik ənənələrinin və müstəqil Azərbaycan dövlətinin ideoloji əsaslarının ifadəsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycançılıq ideologiyasının nəzəri əsaslarının formalaşdırılmasında “Azərbaycan dili” və “Azərbaycan milləti” anlayışlarının qarşılıqlı əlaqəsi xüsusi yer tuturdu. Bu yanaşma milli kimliyin yalnız etnik mənsubiyyətlə deyil, ümumi tarixi-mədəni irs, dövlətçilik ənənələri, dil və vətəndaşlıq birliyi ilə əlaqəli şəkildə dərk edilməsini nəzərdə tuturdu.

Milli ideologiyanın “türkçülük”, “azərbaycançılıq”, “islamçılıq” və s. kimi adlarla ifadə olunması müəyyən əhəmiyyət daşısa da, bu ideologiyanın məzmununun müəyyənləşdirilməsində iki fundamental amilin – millətin və dilin adının aydınlaşdırılması xüsusi əhəmiyyət kəsb edirdi. Millətin və dilin adı ilə bağlı məsələlərə aydınlıq gətirildikdən sonra milli ideologiyanın həmin amillərlə qarşılıqlı əlaqədə formalaşması üçün konseptual zəmin yaranır.

Başqa sözlə, xalqın etnik kimliyi və milli dili onun milli ideologiyasının məzmununa təsir göstərən başlıca amillərdəndir. Bu baxımdan, “Azərbaycan dili” anlayışının dövlətin Əsas Qanununda təsbit olunması azərbaycançılıq ideologiyasının milli dövlətçilik konsepsiyası kimi formalaşmasının mühüm ideoloji və hüquqi əsaslarından biridir.

“Türk dili”, “Azərbaycan türk dili”, “Azəri türk dili”, “Azərbaycan türkcəsi” və “Azərbaycan dili” adlandırmaları Azərbaycan xalqının dilinin tarixi və ictimai-siyasi inkişafı ilə bağlı müxtəlif yanaşmaları əks etdirir. Elmi ədəbiyyatda da qeyd olunduğu kimi, Azərbaycan və Türkiyə türklərinin ortaq tarixi-linqvistik köklərə malik dili tarixi inkişaf prosesində müxtəlif istiqamətlərdə diferensiasiyaya uğramış, nəticədə, müstəqil ədəbi dillər və milli dil normaları formalaşmışdır.

Bu baxımdan, “Azərbaycan dili” anlayışı türk dillərinin ümumi tarixi kökləri ilə Azərbaycan xalqının milli dil kimliyini əlaqələndirən anlayış kimi çıxış edir. Türk dili anlayışı Azərbaycan dilinin tarixi-genetik bağlılığını və ortaq türk dil irsini ifadə etməklə onu keçmişə bağlayır, eyni zamanda, müasir türk dilləri ailəsinin tərkib hissəsi kimi gələcəyə istiqamətləndirir. Beləliklə, ümumtürk dil birliyi tarixi inkişafın sonrakı mərhələlərində ayrı-ayrı xalqların və regionların adı ilə bağlı müstəqil türk dillərinin formalaşması üçün zəmin yaratmışdır.

İki gün davam edən müzakirələrin yekununda dövlət dilinin adı ilə bağlı üç əsas təklif irəli sürülmüşdür: 1. Türk dili; 2. Azərbaycan türk dili və ya Azərbaycan türkcəsi; 3. Azərbaycan dili. Müzakirələrdə Azərbaycan dilinin adlandırılması məsələsinə müxtəlif tarixi, etnolinqvistik və milli dövlətçilik mövqelərindən yanaşılmışdır.

Heydər Əliyev çıxışında Azərbaycan dilinin dövlət dili kimi konstitusiya səviyyəsində təsbit edilməsi ilə bağlı tarixi təcrübəyə toxunaraq demişdir: “1936-cı ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən layihədə yazılmışdı ki, dövlət dili türk dili olsun.

Ancaq bizim nümayəndələr Moskvaya gedib qayıdandan sonra 1937-ci ildə Konstitusiya qəbul ediləndə dövlət dili maddəsi yazılmayıb. 1936-cı ildə Sovetlər İttifaqının Konstitusiyasında da dövlət dili maddəsi yoxdur. 1977-ci ildə qəbul olunmuş Sovetlər İttifaqı Konstitusiyasında dövlət dili barədə maddə yoxdur.

Bunun səbəbi o deyildir ki, Sovetlər İttifaqı bir dövlət deyildi, yox. Yəqin dövlət dilini yazmayan adamlar istəmirdilər ki, dillər parçalansın. Bir də bilirdilər ki, onsuz da rus dili hakim dildir və bunu Konstitusiyaya yazmağa da ehtiyac yoxdur. Mən belə düşünürəm. Ancaq bilin, bu məsələ müzakirə olunmamışdı. Mən bunu da bildirmək istəyirəm ki, biz 1977–1978-ci illərdə Azərbaycan Konstitusiyasına “Azərbaycanın dövlət dili Azərbaycan dilidir” yazmağa çalışanda bizə Moskvadan deyirdilər ki, axı SSRİ Konstitusiyasında bu yoxdur və siz nə üçün yazırsınız? Deyirdilər ki, bizdə də yoxdur, sizdə də olmamalıdır”.

(ardı var)

Nadir MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2026 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri