XALQSIZ İNQİLAB OLMUR! İranda baş verənlərin həqiqi müəllifi kimdir?
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əliməmməd Nuriyev,
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri
Son günlər İranda baş verən hadisələr fonunda yenidən bir tezis dövriyyəyə buraxılıb: guya inqilab xalq işi deyil, xalq yalnız alətdir, tarixi hadisələrin isə hər zaman gizli müəllifləri olur. Belə yanaşma zahirən soyuq realizm təsiri bağışlasa da, mahiyyət etibarilə nə tarixi reallığı izah edir, nə də İranda yaşananları anlamağa kömək edir. Əksinə, söhbət daha çox hakimiyyət zorakılığını normallaşdıran ideoloji bəraət mexanizmindən gedir. İran nümunəsi həmin iddianın nə qədər əsassız olduğunu bütün çılpaqlığı ilə ortaya qoyur.
“Xalq” anlayışı çox vaxt qəsdən mücərrədləşdirilir ki, onu tarixin subyekti olmaqdan çıxarmaq mümkün olsun. Halbuki İranda dəyişiklik prosesinin müəllifi olan xalq son dərəcə konkret sosial konturlara malikdir.
Qadınlar illərdir bədənləri üzərindən qurulan ideoloji nəzarəti gündəlik davranışları ilə rədd edirlər. Gənclik rejimin müqəddəslik və qorxu dilini qəbul etmir, həmin dili mənasızlaşdırır. Şəhər orta təbəqəsi iqtisadi sıxıntı ilə ideoloji yalanın üst-üstə düşdüyü sosial baza kimi sistemin əsas dayaq nöqtələrini aşındırır. Milli və mədəni icmalar mərkəzçi, farslaşdırıcı dövlət modelinin saxtalığını açıq şəkildə görür. Etiraz artıq yalnız küçədə deyil, yaşayış tərzində, münasibətlərdə və gündəlik seçimlərdə ifadə olunur. Ortaya çıxan mənzərə sadə narazılıq deyil, itaətdən imtinanın normaya çevrildiyi sosial vəziyyətdir. Küçə etirazlarının intensiv fazasının zəifləməsi tez-tez prosesin nəticəsizliyi kimi təqdim olunur. Siyasi baxımdan belə oxunuş səthi və yanıltıcıdır. İnqilab yalnız küçə aksiyasından ibarət deyil, küçə sadəcə görünən mərhələdir. Hazırda proses ailə münasibətlərində, qadın–kişi davranış kodlarında, gənclərin dövlət və din simvollarına münasibətində, ideoloji ritualların boşalmasında və qorxu mexanizminin təsirini itirməsində özünü göstərir. Bu mərhələ səs-küysüzdür, lakin geri dönməz xarakter daşıyır. Siyasi tarix göstərir ki, rejimlər üçün ən təhlükəli mərhələ açıq toqquşma yox, itaətin daxildən dağılması dövrüdür. Hakimiyyətin zorakılığı artırması nəzarətin bərpası deyil, idarəetmənin iflasının etirafıdır.
Dövlət inandırmaq qabiliyyətini itirdiyi anda zorakılığı açıq norma halına gətirir. İranın ali dini liderinin etirazlar zamanı minlərlə insanın öldürüldüyünü açıq şəkildə etiraf etməsi də məhz bu kontekstdə qiymətləndirilməlidir. Sözügedən açıqlama “ölçülü müdaxilə” və “təhlükəsizlik əməliyyatı” narrativlərinin tam çökdüyünü göstərir, rejimin öz xalqına qarşı sistemli zorakılıq tətbiq etdiyini təsdiqləyir. Hüquqi müstəvidə belə bəyanatlar faktiki olaraq özünütəqsirləndirmə xarakteri daşıyır. Ən vacibi isə həmin etiraf etirazın bitdiyini deyil, legitimliyin itirildiyini ortaya qoyur. “Dəstək olmadı, inqilab xalqı öldürdü” arqumenti elmi baxımdan səbəb–nəticə əlaqəsinin təhrifidir, mənəvi baxımdan isə açıq qurbanı günahlandırmaq cəhdidir. İnsanları öldürən inqilab deyil, hakimiyyətdir. Tarixdə heç bir fundamental siyasi dəyişiklik risksiz baş verməyib. Əgər zorakılıq dəyişiklik ehtimalını sıfırlasaydı, aparteid sistemi dağılmaz, Şərqi Avropa rejimləri çökməz, bir çox azadlıq prosesi heç vaxt başa çatmazdı. İran cəmiyyəti də dayanmayıb, sadəcə etirazın forması dəyişib. İran türklərinin mövcud mərhələdə ehtiyatlı davranışı da tez-tez yanlış şərh olunur. Söhbət qorxaqlıqdan getmir. Məsələ XX əsrdə iki dəfə inqilabın əsas yükünü daşıyıb iki dəfə ən çox itirən toplumun tarixi rasionalizmindən ibarətdir. Həmin təcrübə göstərir ki, xalq sadəlövh deyil, idarə olunan kütlə deyil, nəticələri oxuya və strategiya dəyişə bilən aktordur. Bu xüsusiyyət “xalq alətdir” tezisini daxildən çökdürür.
Hazırda İranda müşahidə olunan nisbi səssizlik etirazın bitməsi anlamına gəlmir. Ortaya çıxan mənzərə rejimin bütün zor tətbiqetmə və döyüşmə resurslarını işə salmasından sonra formalaşmış vəziyyətdir. Hakimiyyət artıq idarə etmir, cəzalandırır, razı salmır, qorxudur, gələcək təklif etmir, yalnız təhdid edir. Zorla yaradılan səssizlik problemi həll etmir, əksinə onu dərinləşdirir və prosesi son mərhələyə yaxınlaşdırır. Bu mərhələdə itaət bərpa olunmur, sadəcə açıq qarşıdurma içə çəkilir. İnqilab roman deyil ki, tək müəllifi olsun. İnqilab planın, strukturun, imkanın və kütləvi davranışın kəsişməsidir. Gizli aktorlar yalnız fürsət pəncərəsi yarada bilər. Həmin pəncərədən keçən isə xalqdır. Xalqsız inqilab olmur. İranda baş verənlərin müəllifi nə xarici gücdür, nə mifləşdirilmiş ssenarilər, nə də qaranlıq kabinetlərdir. Dəyişimin real müəllifi susdurulsa da inandırılmayan, qorxudulsa da razı salınmayan, səssizləşsə də geri çəkilməyən xalqdır. İranda inqilab bitməyib. Sadəcə səsdən səssizliyə keçib. Tarix isə göstərir ki, həmin mərhələ mövzunu bağlamır, onu sonuna aparır.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 22 Yanvar 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















