Xan qızının nəvəsi, Cümhuriyyət məmurunun oğlu Bir soyadın arxasındakı həqiqət
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nəriman Əbdülrəhmanlı
Aydın Ağdaşlu- 85
2004-cü ildə 76-cı “Oskar” mükafatları təqdimatında hollivudlu rejissor Vadim Perelmanın quruluş verdiyi “Qumdan və dumandan ev” filmində çəkilmiş aktrisa Şöhrə Aşdaşlu “İkinci planda ən yaxşı qadın roluna görə” nominasiyası üzrə mübarizə aparan beş iddiaçı arasındaydı...
O mübarizədə “Oskar” heykəlciyi rəqibi Rene Zelleqverə qismət oldu, amma “Ağdaşlu” soyadı, sözün əsl mənasında, yaddaşımı tərpədib məni axtarışlara təhrik elədi, nəticədə aktrisanın deyil, onun həyatında mühüm rol oynamış başqa bir məşhur sənətçinin – şöhrətli rəssam Aydın Ağdaşlunun - həyat hekayəsiylə tanışlığa gətirib çıxardı.
Çağdaş rəngkarlıq sənətinin görkəmli simalarından olan Aydın Ağdaşlu bu gün təkcə İranda deyil, Avropada da virtouz fırça ustası kimi tanınır. O, Qərb və Şərq rəssamlığının bütün klassik və müasir üslublarından məharətlə istifadə eləyib, onların sintezindən yeni formalar yaradıb, bənzərsiz tablolarıyla dünyanın ən məşhur sənət xiridarlarını belə heyrətləndirməyi bacarıb.
Aydın Ağdaşlu indi sənət aləmində təkcə rəngkar kimi yox, qrafika ustası, sənət tarixçisi, üstəlik, sənətşünas kimi də böyük nüfuz sahibidi...
2. Xan qızının nəvəsi, Cümhuriyyət məmurunun oğlu
Taleyinə bələd olanların fikrincə, Aydın Ağdaşluya rəssamlıq qabiliyyəti də, şairlik təbiəti də, bədii yaradıcılıq istedadı da ana nənəsi, Xan qızı Xurşudbanu Natəvandan keçib...
Ata babası, ağdaşlı Hacı Məmmədağa Hacıyev din xadimi kimi tanınsa da zəmanəsinə görə savadlı və dünyəvi düşüncələrə malik adam olub, Ağdaşda məscid tikdirməklə yanaşı, ilk qız məktəbi açıb, Xan qızının ikinci evliliyindən dünyaya gəlmiş qızıyla ailə qurub, iki oğlu, dörd qızı doğulub.
O, hər iki oğlunun Rusiyada təhsil alması üçün puluna qızırğalanmamışdı. Böyük oğlu Məhəmməd (Məmməd) Sankt-Peterburq şəhərində Politexnik İnstitutunun dəmiryol mühəndisliyi fakültəsini bitirmiş, Məhəmməd Əmin Rəsulzadənin başçılıq elədiyi “Müsavat” partiyasına üzv olmuş, Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdı.
Amma 1920-ci il aprelin 28-də ölkə bolşeviklərin işğalıyla üzləşdi, Hacı Məmmədağanın var-dövləti müsadirə edildi, özüsə daimi repressiya təhlükəsiylə yaşamaq zorunda qaldı. Məhəmməd Hacıyev yaxın münasibətdə olduğu Nəriman Nərimanovun xahişiylə nazirlikdə işini bir müddət davam etdirsə də, yaxınlaşan təhlükəni bütün canıyla duyurdu, bu səbəbdən də 1922-ci ildə həyat yoldaşı, əslən naxçıvanlı, nəslən Qacar xanədanı sülaləsindən olan Nahidə xanımla birgə İrana, bacılarından birinin yaşadığı Rəşt şəhərinə köçmək məcburiyyətində qaldı.
Elə gözlədiyi kimi də oldu, az sonra Hacı Məmmədağanın məscidini bağladılar, evini müsadirə elədilər (indi o mülkdə Ağdaş rayon Tarix-Diyarşünaslıq muzeyi yerləşir) özü böyük sıxıntılar işində dünyadan köçdü, kiçik oğlusa 1937-ci il repressiyasından qurtula bilmədi...
3. Rənglər səltənətinə gedən yol
Rəştdə məskunlaşan Məhəmməd bəy, hər şeydən əvvəl, sovet çekistlərinin təqibindən qurtulmaq üçün soyadını dəyişdi, doğma yurdunun nisgilini “Ağdaşlu” soyadıyla ovutmalı oldu...
Bəxtindən bacısıgil imkanlıydılar, Məhəmməd bəyin güzəranını yoluna qoymasına yardım elədilər. O, mühəndis işi tapıb Pəhləvi rejiminin məmurlarından biri oldu. Uzun intizardan sonra, 1940-cı il oktyabrın 30-da dünyaya göz açan yeganə övladlarını Aydın adlandırdılar.
Ağır müharibə illərində çətinlik görmədən böyüyən Aydın kiçik yaşlarından atasının memarlıq rəsmləri üzərində işinə göz qoyur, ona oxuduğu “Şahnamə”dən qəlbində ədəbiyyata sevgi oyanırdı, üstəlik, tarix və incəsənət, qədim ustadlar, fars xəttatlığı və miniatürləri ilə maraqlanırdı, həm də körpəlikdən meylini rəsm çəkməyə salmışdı, saatlarla tək-tənha oturub müxtəlif fiqurlar cızırdı. Atası onun rəsmlərində və düzəltdiyi cürbəcür fiqurlarında gələcək taleyini sezdi, əlindən tutub məşhur rəssam və pedaqoq Həbib Məhəmmədinin yanına apardı.
1951-ci ildə Məhəmməd bəyin böyrək xəstəliyindən vaxtsız vəfat eləməsi Nahidə xanımı çətin vəziyyətdə qoydu, o, Aydını da götürüb artıq o vaxt Tehranda yaşayan baldızıgilə köçməli oldu. Bibisi oğlanın rəsm sənətinə sonsuz həvəsini görüb fransız Bazilin rəsm dərslərinə yazdırdı, Aydın orda ilk dəfə yağlı boya texnikasıyla tanış oldu.
İki usta sənətçidən aldığı dərs onu gözlədiyindən tez yetkinləşdirdi, artıq gələcəyin adlı-sanlı rəssamı olacağına kimsə şübhə eləmirdi. O, ucuz qiymətə aldığı köhnə, zədələnmiş əlyazmaları bərpa eləməklə klassik İran rəssamlığının texnika və əsaslarından yararlandı, özünü zərgər dəqiqliyilə işləyən miniatür ustası kimi yetişdirdi. Elə o vaxt da təsadüf üzündən mədəniyyət nəzəriyyəçisi və filosof Dariuş Şayeqanla tanış oldu, ondan məsləhət ala-ala öz bədii konsepsiyasını və üslubunu inkişaf etdirməyə başladı. O illərdə də gələcəyin adlı-sanlı sənətçiləri kinorejissor Abbas Kiarostami, rəssam Əli Gülistani, bir qədər sonra yazıçı Şamim Baharla dostlaşdı, onların sıx ünsiyyətləri onilliklər ərzində davam elədi.
Atasızlıq Aydını artıq rəssam peşəsinə həm də gəlir mənbəyi kimi baxmağa vadar eləmiş, 1954-cü ildən rəsmlərini satmağa, qazancıyla ailənin güzəranını təmin eləməyə başlamışdı. Amma az sonra xəstələndi, ona uşaq iflici diaqnozu qoydular, beləcə, bir il yataq xəstəsi oldu. Oğlan ağrı-acısını unutmaq üçün acgözlüklə mütaliə eləməyə, incəsənəti, üstəlik, ingilis dilini öyrənməyə girişdi.
Taleyi Aydından üz döndərməyibmiş - 1957-ci ildə sağaldı, orta məktəbi bitirib “Ashena” reklam agentliyində işə düzəldi, qrafik dizayner və illüstrasiyaçı kimi güzəranlarını təmin elədi, həm də bədii rəhbəri və həmkarı Böyük Əhmərinin rəhbərliyi altında yaradıcılıq texnikasını daha da təkmilləşdirdi...
4. İlk fərdi sərgi və... ağlagəlməz uğur
Aydın Ağdaşlu 1959-cu ildə Tehran Universeteti incəsənət fakültəsinin rəssamlıq bölümünə daxil oldu, amma dərslərdən mənəvi zövq ala bilmədiyinə görə bir müddət sonra uzaqlaşdı, təhsilini özünüinkişaf yoluyla davam etdirdi, İngiltərə və İtaliyada təkmilləşmə prossesi keçdi...
1964-cü il onun ədəbi karyerasının başlanğıcı oldu, nüfuzlu “Andişe va Honar” dərgisində incəsənət və mədəniyyətlə bağlı məqalələr, resenziyalar dərc etdirdi, müxtəlif reklam agentliklərində işləməklə yanaşı, ayrı-ayrı nəşrlər üçün müntəzəm yazılar yazdı, arada rəngkarlıq yaradıcılığına da vaxt ayırdı.
1967-ci ildə İran tarixində ilk tac qoymuş qadın olan Şahbanu Fərəh ölkənin ictimai-mədəni həyatında başlıca rol oynamağa başlamış, onun himayəsində mədəniyyət, ədəbiyyat, nəşriyyat sahələrində, o cümlədən də rəngkarlıq və kinoda dirçəliş meydana gəlmişdi. Bu dalğa Aydının həyatında da dönüşə səbəb oldu, 1971-ci ildə o, ekranın yenicə parlayan ulduzu Şöhrə Pəri Vəziri-Təbərlə tanış oldu, bir il sonra evləndilər, İran cəmiyyətinin ən məşhur cütlüklərindən biri kimi tanındılar.
Elə o dövrdə də Aydın Ağdaşlunun mətbuatda dərc olunan sənət yazıları İran Milli Radio və Televiziyasının diqqətini çəkdi, 1974-cü ildə müəllif kimi iki il davam eləyən, sənətlə bağlı olan “Görmə yolları” adlı məşhur televiziya şousunu ekrana çıxardı.
1975-ci ildə Tehrandakı Amerika Mədəniyyət Mərkəzində - İran-Amerika Cəmiyyətinin qalereyasında - il fərdi sərgisini təşkil eləmək barədə aldığı təklif Aydın Ağdaşlunun taleyini tamam dəyişdi. O, sərgidə minimalist üzən obyektlərdən (simasız kuklalar və İntibah dövrünə aid bəzi əsərlər də daxil olmaqla) tutmuş simvolik mövzuda əsərlərədək müxtəlif mövzu və üslubda 20 rəsmini nümayiş etdirdi. Həmin vaxt Şahbanu dəftərxanasında bədii məsələlər müşavir olan nüfuzlu mədəniyyətşünas Firuz Şirvanlu ofis üçün üç rəsm əsəri almışdı. Şahbanu əsərlərə heyran olmuş, az sonra - 1976-cı ilin yazında onu dəftərxanasında Mədəniyyət və Bədaye Siyasəti üzrə direktor vəzifəsi təklif eləmişdi.
Əlbəttə, belə bir imkanı əldən buraxmaq böyük səhv olardı – Aydın Ağdaşlu da yaradıcılığı təşkilatçılıqla birləşdirmək qərarına gəldi...
5. Şahbanunun himayəsi altında üç il
Sonrakı üç il Aydın Ağdaşlu və ölkə mədəniyyəti üçün ən coşğun və səmərəli dövr idi...
O, dəftərxanada Şahbanunun himayəsi altında çoxsaylı və böyük layihələr hazırlayıb həyata keçirdi, muzeyşünas, mədəniyyətşünas və sənətşünas kimi, ölkənin mənəvi xəzinəsinə böyük töhfə verib. Tehranda Abgineh və Sofalineh (su və keramika) muzeyləri, Rza Abbasi Muzeyi (miniatür) və Müasir İncəsənət Muzeyinin, həmçinin, Kirman və Xürrəmabadda muzeylərin açılması və fəaliyyətə başlaması, Çin və Yaponiyada İran incəsənətiylə bağlı böyük sərgilərin təşkili məhz onun rəhbərliyi altında baş tutdu. O, Tehran Müasir İncəsənət Muzeyinin fondunu Endi Uorhol, Pablo Pikasso, Klod Mone kimi dünyaşöhrətli fırça ustalarının tablolarıyla zənginləşdirdi...
(ardı var)
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 04 Noyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















