Xaricdə təhsilə dair Dövlət Proqramı: nəticələr gələcəyə ümidləri artırır
Icma.az bildirir, 525.az portalına istinadən.
Son illərdə ölkəmizdə gənclərin xaricdə təhsilalması dövlət bu sahədə siyasətinin prioritetlərindən birinə çevrilib. Əsas məqsəd gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.
"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" ölkənin ehtiyac duyduğu prioritet sahələr üzrə kadr potensialının qarşılanması məqsədini daşıyır. Ali təhsilin bakalavriat səviyyəsində təhsil almaq üçün seçimdə beynəlxalq fənn olimpiadaları qaliblərinə üstünlük verilməsi Dövlət Proqramı çərçivəsində istedadlı gənclərin dünyanın qabaqcıl universitetlərindən məzun olaraq ölkəmizin gələcək inkişafına əlavə dəyər yaratmalarını təşviq edir. Ali təhsilin magistratura səviyyəsində intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə və yüksək texnologiyalara əsaslanan ixtisaslara üstünlük verilməsi isə əmək bazarında müasir bacarıqlara malik ixtisaslı kadrların sayını artıracaq.
"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Bristol Universitetində ali təhsilini uğurla başa vuran Nigar Fətəlova deyir ki, orta və bakalavr təhsilini Azərbaycanda, magistr təhsilini isə Böyük Britaniyada bitirib: "2018-ci ildə "Zəkalar" liseyini fərqlənmə ilə başa vuraraq məzunu olmuşam. Məktəb təhsilindən sonra 600-dən yüksək bal toplayaraq Azərbaycan Dillər Universitetinə qəbul olunmuşam. Universitetdə daxili imtahan verərək Böyük Britaniyanın Essex Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramında, Essex qrupunda təhsil almağa başladım. Daha sonra SABAH qruplarının seçim mərhələlərindən uğurla keçərək bu proqramda təhsilimi davam etdirdim və bakalavr səviyyəsini yüksək ortalama və fərqlənmə diplomu ilə tamamladım. Bakalavr dövründə müxtəlif yerli və beynəlxalq layihələrdə iştirak etmişəm. "Erasmus+" proqramı çərçivəsində beynəlxalq təlim kurslarında iştirak etmiş, ATGTİ, AIESEC, UEFA, "Formula 1" və digər yerli və beynəlxalq platformalarda aktiv fəaliyyət göstərmişəm. Bu fəaliyyətlər mənə qlobal düşüncə, komanda işi və liderlik bacarıqları qazandırmaqla yanaşı, fərqli mədəniyyətlərlə işləmək və sosial təsir yaratmaq imkanları da təqdim edib. 2023-cü ildə "2022-2028 Dövlət Proqramı" çərçivəsində tam təqaüd qazanaraq Böyük Britaniyanın aparıcı ali təhsil müəssisələrindən biri olan Bristol Universitetində "Neuroscience and Education" ixtisası üzrə magistr təhsili almaq imkanı qazandım. Bu yaxınlarda təhsilimi uğurla tamamlayaraq ölkəyə qayıtmışam və qazandığım bilikləri həm təhsil sahəsində, həm də müxtəlif sosial və akademik təşəbbüslərdə tətbiq etməyi qarşıma məqsəd qoymuşam".
Onun sözlərinə görə, gənclərin xaricdə təhsil almağa can atması olduqca müsbət bir haldır. Bu, həm onların fərdi inkişafına, həm də ölkəmizin elmi və peşəkar potensialının artmasına mühüm təsir göstərir. Xaricdə təhsil təkcə akademik bilik qazanmaq deyil, həm də fərqli mədəniyyətlərlə tanış olmaq, dünyagörüşünü genişləndirmək və beynəlxalq şəbəkələr qurmaq imkanı yaradır. Gənclərin bu istiqamətdə fəallığı onların dəyişən dünyaya adaptasiya ola bilmə qabiliyyətini və inkişaf istəklərini göstərir: "2022-2028 Dövlət Proqramı" isə bu arzuları gerçəyə çevirmək üçün çox ciddi bir dayaqdır. Bu proqram mənim üçün də həyatımda dönüş nöqtəsi oldu. Proqram sayəsində dünyanın ən nüfuzlu universitetlərindən birində tam təqaüdlə təhsil almaq imkanım oldu. Bu təhsil təkcə bilik qazandırmadı, həm də özümə və ölkəmdə yaradacağım təsirə olan inamımı gücləndirdi. Dövlət Proqramı çərçivəsində həm akademik mühitə daxil oldum, həm də beynəlxalq səviyyədə tanınan mütəxəssislərlə əməkdaşlıq etmə, onların dərslərini yaxından izləmə və tədqiqatlarda iştirak etmək şansı qazandım. Bu təcrübə mənə göstərdi ki, ölkəmizdə istedadlı və məqsədli gənclərə həqiqətən də dəyər verilir və onların inkişafı üçün real addımlar atılır. Mən də bu etimadı doğrultmağa və qazandığım bilikləri ölkə təhsilinin inkişafına yönəltməyə çalışıram".
O qeyd edib ki, xaricdə təhsil üçün Britaniya və Bristol Universitetini seçib: "Xaricdə təhsil üçün müraciət etdiyim dövrdə bir neçə yüksək reytinqli universitetdən qəbul almışdım. Lakin seçimim heç də təsadüfi deyildi. Bristol Universitetini seçməyim bir neçə mühüm səbəblə bağlı idi. İlk növbədə, mənim üçün maraqlı olan "Neuroscience and Education" sahəsi bu universitetdə kifayət qədər güclü inkişaf edib və bu sahədə çalışan aparıcı tədqiqatçılardan bəziləri məhz Bristolda dərs deyirlər. Araşdırmalarım zamanı onların elmi işləri ilə tanış oldum və bu, məndə həmin sahədə "işin əsl mütəxəssislərindən" öyrənmək istəyini daha da gücləndirdi. Universitetin təqdim etdiyi imkanlar da seçimimdə mühüm rol oynadı. Proqram təkcə nəzəri biliklər deyil, həm də praktiki bacarıqlar qazandıran dərslərlə zəngin idi. Kurs boyu real təhsil mühitlərində tətbiq olunan neyroelmi bilikləri öyrənmək imkanı yarandı və bu, mənim üçün çox dəyərli bir təcrübə oldu. Digər tərəfdən, Bristol şəhərinin özü də qərarımda mühüm rol oynadı. Bura İngiltərənin ən inkişaf etmiş sənaye və elm şəhərlərindən biridir. Həm yerli, həm də beynəlxalq tələbələr üçün açıq, inklüziv və multikultural mühitə malikdir. Bu da mənə müxtəlif ölkələrdən olan tələbələrlə bir araya gələrək zəngin qarşılıqlı öyrənmə mühiti yaşamaq imkanı verdi".
Nigar Fətəlova vurğulayıb ki, "Neuroscience and Education" ixtisası onun üçün çox xüsusi və maraqlı bir sahədir, çünki təhsil və beyin arasındakı əlaqələri araşdırmaq, tədris metodlarını daha effektiv etmək və öyrənmə proseslərini daha yaxşı başa düşmək üçün böyük potensiala sahibdir: "İnsan beyninin öyrənmə qabiliyyətləri, yaddaşın işləmə prinsipləri, beyin inkişafı və təhsil mühitlərində bu proseslərin necə tətbiq edildiyini anlamaq mənim karyera məqsədlərim üçün çox vacibdir. Əsas maraq səbəbi həmçinin təhsilin inkişafı, xüsusi ilə də tədrisin daha inklüziv və individual yanaşma ilə həyata keçirilməsi məsələsidir. Təhsil hər bir insan üçün fərqlidir və bu sahənin beyin tədqiqatları ilə birləşdirilməsi tədrisin daha fərdi və təsirli şəkildə inkişaf etməsinə şərait yaradır. Mənim məqsədim, bu ixtisas sahəsində əldə etdiyim bilikləri praktikada tətbiq edərək, təhsil sahəsindəki məsələlərə daha elmi yanaşmalar gətirməkdir. Ayrıca, beyin və öyrənmə arasındakı əlaqəni öyrənmək, mənim üçün həm şəxsi, həm də peşəkar inkişaf baxımından çox dəyərli oldu. İxtisasım sayəsində əldə etdiyim biliklər mənə tədris metodlarının necə optimallaşdırılacağını, şagirdlərin öyrənmə proseslərini necə daha yaxşı başa düşəcəyimi və təhsildəki mövcud problemlərə yeni yanaşmalar təklif etməyi öyrətdi".
Onun dediyinə görə, neyroelm və təhsil bir-biri ilə çox sıx əlaqəlidir, çünki beyin funksiyalarının öyrənmə və təhsil üzərindəki təsiri dərindən anlaşılarsa, tədris proseslərini daha effektiv şəkildə tərtib etmək mümkündür. Bu, təhsil mühitində fərdi fərqlilikləri anlamağa və hər bir tələbənin potensialını daha yaxşı şəkildə inkişaf etdirməyə imkan yaradır. Neyroelm və təhsil arasındakı əlaqənin əsas nöqtəsi, öyrənmə və yaddaşın beyin tərəfindən necə işlənməsi, hansı şəraitdə daha yaxşı nəticələr əldə olunduğu və müxtəlif mühitlərin bu proseslərə necə təsir etdiyi ilə bağlıdır. Məsələn, neyroelmi araşdırmalar göstərir ki, öyrənməyə ən yaxşı təsir edən faktorlar arasında emosional vəziyyət, sosial mühit və motivasiya kimi elementlər mövcuddur. Bu faktları nəzərə alaraq, müəllimlər və təhsil siyasətçiləri daha fərdi və məqsədyönlü tədris metodlarını inkişaf etdirə bilərlər: "Hazırda bu sahə xüsusilə prioritet təşkil edir, çünki təhsil sahəsindəki inkişaflar və elmi araşdırmalar beynin öyrənmə ilə əlaqədar fəaliyyətlərini daha dərindən izah etməyə başlayıb. Beynin strukturu və funksiyaları haqqında daha çox məlumat əldə etmək, təhsil sistemlərinin optimallaşdırılmasına və daha inklüziv təhsil yanaşmalarının tətbiqinə imkan verir. DP məzunu olaraq, mənim üçün əsas prioritet bu bilikləri Azərbaycan təhsil sistemində tətbiq etməkdir. Neyroelm və təhsil sahəsindəki tədqiqatlar, öyrənmənin necə baş verdiyini və bu proseslərin fərdi tələbələrə necə uyğunlaşdırıla biləcəyini anlamağa kömək edir. Mənim məqsədim, bu sahədə qazandığım bilikləri təhsil proqramlarının inkişafında və tədris metodlarının təkmilləşdirilməsində tətbiq etməkdir. Birinci növbədə, təhsil sahəsindəki müəllimlərə neyroelmə əsaslanan tədris metodlarını öyrətməyi planlaşdırıram. Eyni zamanda, müasir təhsil texnologiyalarının, xüsusən də rəqəmsal vasitələrin tədrisə inteqrasiyası ilə əlaqədar layihələrdə bu biliklərdən istifadə edərək, daha effektiv və maraqlı tədris yanaşmalarını təşviq etmək istərdim. Bir neçə təhsil müəssisəsi ilə əməkdaşlıq qurmaq, müəllimlərə neyroelmə əsaslanan təlimlər təşkil etmək və fərqli öyrənmə üsullarını tətbiq edən proqramlar hazırlamaq, mənim üçün əhəmiyyətli addımlar olacaq. Bu, həm də gənclərin potensialını daha yaxşı inkişaf etdirmək və onların təhsil prosesində daha uğurlu olmalarını təmin etmək məqsədinə xidmət edə bilər. Neyroelm və təhsilin kəsişmə nöqtələri, öyrənmə proseslərinin beyində necə baş verdiyini anlamaqda və bu anlayışları təhsil metodlarına tətbiq etməkdədir. Hər bir tələbə fərqli şəkildə öyrənir və onların beyinləri müxtəlif yollarla yeni məlumatları işləyir. Bu sahənin kəsişməsi, təhsil sistemində fərdi yanaşmaları tətbiq etməyə imkan verir. Hər bir tələbənin fərdi ehtiyaclarına uyğun tədris metodları və strategiyalar hazırlanaraq, onların təhsil həyatını daha səmərəli və faydalı etmək mümkündür. Neyroelm sahəsi, beyin və öyrənmə ilə bağlı araşdırmalarla təhsilin təkmilləşdirilməsi arasında bir körpü rolunu oynayır. Məsələn, öyrənmənin necə baş verdiyini başa düşmək, müəllimlərə müxtəlif öyrənmə üsullarını tətbiq etmək və müxtəlif təhsil ehtiyaclarını qarşılayan materiallar yaratmaq imkanı verir. Eyni zamanda, neyroelm təhsildəki bir çox problemin həllində də mühüm rol oynaya bilər. Məsələn, diqqət çatışmazlığı və yaddaş problemləri yaşayan tələbələrə fərdi tədris yanaşmaları və xüsusi proqramlar vasitəsilə dəstək verə bilərik. Bundan əlavə, neyroelm sahəsindəki biliklər təhsil siyasətində də yeniliklərə səbəb ola bilər. Məsələn, təhsil proqramlarının beynin inkişafına əsaslanaraq tərtib edilməsi, daha məhsuldar öyrənmə mühiti yaradılmasına kömək edə bilər. Tədrisin strukturunun və metodlarının beynin müxtəlif yaş dövrlərində necə işlədiyini başa düşərək, təhsil sistemindəki problemləri daha düzgün şəkildə təhlil edib həll etmək mümkündür".
Sevinc QARAYEVA


