Xəzər Dəniz Gəmiçiliyində 158 milyonluq şübhəli əməliyyat Dövlət şirkətinə “100 faiz defolt” riski niyə yükləndi?
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
İqtisadçı Rövşən Ağayev dövlətə məxsus Xəzər Dəniz Gəmiçiliyi ASC-nin 2024-cü il üzrə açıqladığı maliyyə hesabatında diqqətçəkən məqamlarla bağlı şərh verib.
Onun sözlərinə görə, Xəzər Dəniz Gəmiçiliyi 14 iri müəssisəni birləşdirən və imkanlı dövlət şirkətlərindən biri olmasına baxmayaraq, 2024-cü ili zərərlə başa vurub. Belə ki, şirkətin 2023-cü ildə 59,2 milyon manat olan əməliyyat mənfəəti 2024-cü ildə 18,4 milyon manat zərərə çevrilib. İqtisadçı bildirir ki, bu ayrıca müzakirə mövzusudur.
Rövşən Ağayevin diqqət çəkdiyi əsas məqam isə tamam başqa bir maliyyə əməliyyatı ilə bağlıdır. Onun qeyd etdiyinə görə, Nazirlər Kabineti 2024-cü ilin mart ayında qərar qəbul edib və bu qərara əsasən Xəzər Dəniz Gəmiçiliyi başqa bir dövlət müəssisəsinin buraxdığı 158 milyon manatlıq istiqrazı alıb. Hesabatda bu dövlət müəssisəsinin adı qeyd olunmur.

İqtisadçı bildirir ki, həmin istiqrazların 158 milyon manatlıq məbləği onların ədalətli, yəni bazar dəyəri kimi göstərilib. Lakin Xəzər Dəniz Gəmiçiliyi bu istiqrazları bazar dəyərindən ucuz qiymətə aldığı üçün yaranan 55,6 milyon manat fərq birbaşa şirkətin kapitalının artırılmasına yönəldilib.
Rövşən Ağayev vurğulayır ki, bu artım real xarakter daşımır. Onun sözlərinə görə, kapitalın artırılması zamanı faktiki olaraq nə pul, nə də əsas vəsait formasında real qoyuluş olmayıb. Hesabatdan anlaşılan budur ki, bazar dəyəri 158 milyon manat göstərilən istiqrazlar üçün Xəzər Dəniz Gəmiçiliyi real olaraq cəmi 102,4 milyon manat pul ödəyib.
İqtisadçının fikrincə, prosesin ən maraqlı və problemli hissəsi bundan sonra baş verir. Belə ki, cəmi bir neçə ay sonra həmin istiqrazların yüksək riskli qiymətli kağızlar olduğu açıqlanıb və onlar üzrə 69,6 milyon manat məbləğində dəyərsizləşmə tanınıb.
Sadə dillə desək, bu o deməkdir ki, rəsmi sənədlərdə 158 milyon manat bazar dəyəri ilə göstərilən, faktiki olaraq 102,4 milyon manat ödənilərək alınan istiqrazların balans dəyəri 88,4 milyon manata düşüb.
Rövşən Ağayev bildirir ki, buradan belə nəticə çıxır: istiqrazı buraxan dövlət müəssisəsinin maliyyə vəziyyəti çox ağır olub və ona maliyyə dəstəyi göstərilməsi hökumətin göstərişi ilə Xəzər Dəniz Gəmiçiliyinin üzərinə qoyulub.
İqtisadçı qeyd edir ki, bu əməliyyatı rəsmiləşdirmək üçün borc kağızının dəyəri süni şəkildə şişirdilib. Sonradan isə həmin müəssisənin bu borcu qaytara bilməyəcəyi nəzərə alınaraq borcun demək olar ki, yarısı zərər kimi tanınıb və gələcəkdə geri qayıtmayacağı ehtimalı yüksək olan məbləğ maliyyə hesabatında əks etdirilib.
Hesabatda göstərilir ki, sözügedən istiqraz beynəlxalq maliyyə hesabatlılığı standartlarına uyğun olaraq üçüncü mərhələyə aid edilib. Rövşən Ağayev xatırladır ki, beynəlxalq kredit reytinq agentliklərinin, o cümlədən “Moody’s”-in təsnifatına görə bu mərhələ 100 faiz defolt riski olan mərhələ hesab olunur. Yəni həmin vəsaitin geri qayıtmama ehtimalı faktiki olaraq 100 faizdir.
İqtisadçı sonda vurğulayır ki, Azərbaycanda dövlət şirkətlərinin idarəçiliyində köklü islahatlar aparılmayınca və mümkün olduğu qədər dövlətsizləşmə həyata keçirilməyincə bu cür xaotik maliyyə idarəçiliyi davam edəcək.
Onun sözlərinə görə, əgər hökumət nə vaxtsa bu sahədə real islahatlara başlamaq iradəsi göstərsə, o zaman aydın olacaq ki, postneft dövrü təkcə xalq üçün yox, hökumət üçün də başlayıb.
Rasim Əliyev
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 06 Yanvar 2026 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















