Xəzərin iki sahili birləşir...
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıdan başlayan yeni inteqrasiya xətti: Mərkəzi Asiya və Cənubi Qafqaz vahid məkana çevrilir
Bu gün Bakı müstəqil strateji xəttə sahib dövlət olmaşqla yanaşı, həm də Mərkəzi Asiya - Cənubi Qafqaz inteqrasiyasının mərkəzi sütunudur. Başqa sözlə, Xəzərin iki sahili arasında zaman-zaman mövcud olan siyasi əlaqələr bu gün tamamilə yeni inkişaf məcrasına keçib və qarşılıqlı fəaliyyətin səviyyəsi tarixi maksimum həddə çatıb. Bu və digər komponentlər isə bütövlükdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının artıq bir çox aspektlərdə vahid orqanizm kimi çıxış etməsini şərtləndirir. Regionlararası proseslərin koordinasiyası, iqtisadi və investisiya layihələrinin uzlaşdırılması, enerji və nəqliyyat strategiyalarının sinxronlaşdırılması Azərbaycan - mərkəzi Asiya əlaqlərini yeni bir müstəviyə daşıyır. Mərkəzi Asiya dövlətlərinin Azərbaycanla yüksək səviyyədə əməkdaşlığı isə yaranan mənzərəni tam təsdiqləyir.
Söhbət Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündən gedir - qeyd edək ki, ötən ilin noyabrında Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan formatın tamhüquqlu üzvü seçilib. Yeri gəlmişkən, bu formatda indiyə qədər 8 görüş keçirilib. 2018-ci ilin martından başlayaraq keçirilən bu görüşlərdə Azərbaycan 2023-cü ildən iştirak edir. Sonuncu dəfə bu ilin 31 iyulunda Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev bu görüşdə ilk dəfə qonaq qismində deyil, bərabərhüquqlu 6 üzvdən biri kimi iştirak edib.
Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında mövcud əlaqələrin möhkəm təməli
Azərbaycanın Mərkəzi Asiya ilə vahid regional formatın tərkibinə daxil olması təkcə Bakının öz təşəbbüsü deyil, həm də region dövlətlərinin bu prosesə yüksək siyasi dəstəyinin nəticəsidir. Mərkəzi Asiya ölkələri Azərbaycanın bu platformaya qatılmasını strateji seçim kimi qəbul edir və bunu açıq şəkildə ifadə edirlər. Çünki Azərbaycan yeni dünyanın iqtisadi və nəqliyyat xəritəsində körpü missiyasını uğurla icra edən, Şərqdən Qərbə uzanan bütün əsas enerji və kommunikasiya arteriyalarının üzərində yerləşən əsas dövlətdir. Bu reallıq Mərkəzi Asiya ölkələrinin inkişaf konsepsiyasında Azərbaycanı zəruri tərəfdaş edir. Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri müttəfiqlik, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edib: “Tarixi və mədəni yaxınlıq, ortaq mənəvi dəyərlər kimi mühüm amillər Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında mövcud əlaqələrin möhkəm təməlini təşkil edir”.
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri - birgə təşəbbüslərin müzakirəsi üçün nüfuzlu platforma...
Azərbaycanın Mərkəzi Asiya ilə vahid inteqrasiya formatında iştirak etməsi Cənubi Qafqaz -Mərkəzi Asiya regionları arasında körpü rolunu gücləndirir və Bakını Cənubi Qafqazın Mərkəzi Asiyaya açılan əsas giriş qapısı kimi xarakterizə edir. Bu, Azərbaycanın unikal geostrateji mövqeyindən və ölkəmizin həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursundan qaynaqlanır. Təsadüfi deyil ki, Cənubi Qafqaz - Mərkəzi ASiya vahid iqtisadi regionunun iqtisadi gələcəyi məhz bu birliklə məzmun qazanır. Azərbaycan bu prosesin açar ölkəsidir. Bakı Mərkəzi Asiya ilə əlaqələrin təkcə logistika yox, həm də sənaye, kənd təsərrüfatı, rəqəmsallaşma və enerji sahələrində dərinləşməsi üçün münbit şərait yaradır. Azərbaycanın Mərkəzi Asiya ilə iqtisadi əməkdaşlığı genişləndirməsi bütövlükdə bölgəmiz üçün mühüm gələcək vəd edir. Dövlət başçısı müsahibəsində qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya imkanlarının artırılmasına, həmçinin enerji və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir: “Bu baxımdan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri regional əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi və birgə təşəbbüslərin müzakirəsi üçün çox vacib nüfuzlu platformalardan biridir”.
Regional dialoq və strateji tərəfdaşlıq yeni məzmun, miqyas qazanıb
Xatırlatmaq yerinə düşər ki, ötən ilin noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə məhz Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın qrupa tamhüquqlu üzv kimi qəbulunu təklif etmişdi. Özbəkistanın dövlət başçısı bildirmişdi ki, qardaş xalqlar üçün tarixi bir gün yaşanır və biz Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edirik: “Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək”.
Bu təklif digər Məakəzi Asiya dövlətləri tərəfindən də birmənalı şəkildə dəstəklənmişdi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirmişdi ki, Azərbaycanın bu yeni formatda regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əmindir. Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov da ölkəsinin Azərbaycanın tamhüquqlu üzv qismində Məşvərət görüşləri formatına qoşulması təşəbbüsünü dəstəklədiyini vurğulamışdı və qeyd etmişdi ki, qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq. Tacikistan Prezidenti Emoməli Rəhmon da ölkəmizi Məşvərət görüşlərinə qoşulması münasibətilə təbrik etmişdi - Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov dövlətimizin başçısına Azərbaycanın tamhüquqlu iştirakçı qismində Məşvərət görüşlərinə qoşulması münasibətilə təbriklərini çatdırmışdı.
Prezident İlham Əliyev müsahibəsində prosesdə göstərdikləri dəstəyə görə Özbəkistan Respublikasının Prezidentinə, həmçinin Mərkəzi Asiyanın digər dövlət başçılarına bir daha səmimi təşəkkürünü bildirib: “Azərbaycanın bu prosesə fəal qoşulması nəticəsində əvvəllər “C5” adlanan əməkdaşlıq formatı faktiki olaraq “C6” formatına çevrilib, regional dialoq və strateji tərəfdaşlıq isə yeni məzmun və miqyas qazanıb. Azərbaycanın bu formatda tamhüquqlu iştirakı ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti nümayiş etdirir. Məşvərət görüşləri çərçivəsində aparılan diskussiyalar region ölkələri arasında qarşılıqlı etimadı daha da gücləndirməyə, yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə və regional inkişaf naminə mühüm təşəbbüsləri həyata keçirməyə imkan verir”.
Ortaq maraqlar üzərində qurulmuş strateji tərəfdaşlığın nümunəsi
Vurğulanmalıdır ki, Mərkəzi Asiya dövlətləri Azərbaycanla əməkdaşlıq modelini əsaslı səbəblərə görə mühüm hesab edirlər. Azərbaycanın sabit, proqnozlaşdırıla bilən və uzunmüddətli regional siyasəti ilə tanınması, həm türk dünyasının inteqrasiyasında aparıcı rola malik olmamız, həm də Avropa və Qərb bazarlarına çıxış imkanlarını açan ölkə kimi çıxış etməmiz, Bakının yeni nizamın aparıcı aktoru kimi şöhrət qazanması, həm regional, həm də qlobal miqyasda sabitləşdirici faktor kimi özünü təsdiqləməsi bu birliyin əhəmiyytini daha da artırır. Bəli, Mərkəzi Asiya dövlətləri üçün Azərbaycan həm Şərqə, həm Qərbə, həm də Cənubi Qafqaza açılan qapıdır. Bu gün Mərkəzi Asiyada Azərbaycan faktoru ikiqat dəyər daşıyır: həm iqtisadi, həm siyasi. Bakı həm enerji təhlükəsizliyinin təmin edilməsində, həm nəqliyyat dəhlizlərinin şaxələnməsində, həm də regional sabitliyin qorunmasında real rol oynayır. Mərkəzi Asiya dövlətlərinin Azərbaycanı öz formatlarına tamhüquqlu üzv kimi görmək istəyi həm də bu funksional dəyərdən irəli gəlir. Prezident İlham Əliyev müsahibəsində deyib ki, Azərbaycanın bu formatda iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir. Bu platforma çərçivəsində yaradılmış dialoq və əməkdaşlıq mexanizmləri təkcə dövlətlərarası münasibətlərin inkişafına deyil, həm də Avrasiya məkanında sülhün, sabitliyin və davamlı tərəqqinin təmin olunmasına xidmət edir: “Beləliklə, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında formalaşan hərtərəfli əməkdaşlıq qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş strateji tərəfdaşlığın nümunəsidir”.
Əməkdaşlığın coğrafiyası genişlənib...
Özbəkistan da Azərbaycanın C6 formatında tamhüquqlu üzv kimi iştirakının bölgəyə mühüm dividendlər qazandıracağına əmindir. Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində mətbuata bəyanatında bildirib ki, Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq artıq ikitərəfli gündəlik çərçivəsindən xeyli kənara çıxıb: “Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına qoşulması ilə bağlı tarixi qərar Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid etimad, mehriban qonşuluq və qarşılıqlı bağlılıq məkanının formalaşdırılması istiqamətində mühüm addım oldu”.
Prezident İlham Əliyev isə mətbuata bəyanatında vurğulayıb ki, bu gün müzakirə olunanlar, iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri - bütün bunlar hər iki ölkə paralel kursla inkişaf etməsəydi, mümkün olmazdı. Bu paralel kurs isə bu gün artıq daha geniş geosiyasətin mühüm amilidir: “Çünki Şavkat Miromonoviçin qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra, - yeri gəlmişkən, bu məsələdə onun xüsusi rolu olub, - əməkdaşlığın coğrafiyası genişlənib. Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır”.
Bəli, Azərbaycan qardaş dövlətlərlə əlaqələrin güclənməsində maraqlıdır. Sözügedən inteqrasiya yaxın illərdə Avrasiyanın siyasi xəritəsində böyük rol oynayacaq yeni güc mərkəzinin formalaşmasına gətirib çıxaracaq. Azərbaycan-Mərkəzi Asiya koordinasiyası həm də regional təhlükəsizliyin güclənməsinə xidmət edəcək. Bütün bunlar Azərbaycanı regionda həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından mərkəzi dövlət kimi bir daha təsdiqləyir.
P.SADAYOĞLU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 27 Avqust 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















