Icma.az
close
up
RU
Xəzərin səviyyəsinin düşməsində Volqa faktoru

Xəzərin səviyyəsinin düşməsində Volqa faktoru

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Xəzər dənizinin səviyyəsinin kəskin şəkildə düşməsi bütün dünyada olduğu kimi, Qazaxıstanda da haqlı olaraq ciddi narahatlıq yaradıb. Dəniz səviyyəsinin -29,21 metrə düşməsi yalnız Qazaxıstanın Aktau və Kurık limanlarının fəaliyyətini çətinləşdirmir, həm də bütün Xəzəryanı dövlətlər, o cümlədən Azərbaycan üçün genişmiqyaslı ekoloji, iqtisadi və sosial risklər yaradır. Qazaxıstan vəziyyətdən çıxış yolu kimi bəzi təkliflər irəli sürüb. Bunlardan biri Xəzəri qidalandıran əsas su mənbəyi olan Volqa çayı ilə bağlıdır. Qazaxıstan Volqa çayından minimum su axınına dair Rusiyadan zəmanət tələb etmək məsələsini gündəmə gətirib. Lakin Rusiya çayı transsərhəd saymadığından əlavə öhdəlik götürmək istəmir.

Xəzər təhlükə qarşısında

Qazaxıstan tərəfinin məlumatına görə, Xəzərin səviyyəsi artıq tarixi minimum həddə– -29,21 metrə enib və bu göstərici 2006-cı ildən bəri ardıcıl olaraq pisləşməkdədir. Bunun nəticəsində təkcə Qazaxıstanın Aktau və Kurık limanlarının fəaliyyəti çətinləşib. Eyni zamanda regionun ekoloji sabitliyi də getdikcə sarsılır. Belə bir vəziyyətdə Azərbaycan, eləcə də digər Xəzəryanı ölkələr bu məsələni Qazaxıstanın daxili problemi kimi deyil, ümumregional böhran kimi qəbul etməlidir.

Xəzərin səviyyəsinin düşməsi su səthinin 31 min kvadrat kilometr azalmasına səbəb olub. Bu isə Xəzər suitisi, nərə balığı və biomüxtəliflik üçün həyati əhəmiyyət kəsb edən digər canlıların yaşam və kürüləmə ərazilərinin 45-81% azalması deməkdir. Azərbaycan üçün də bu təhlükə realdır - ölkənin balıqçılıq sənayesi və dəniz ekologiyası eyni risk altındadır.

Əlavə olaraq, Volqa çayının Xəzərə su axınının azalması – 2023-cü ildə cəmi 207 km³ – Azərbaycan üçün iqtisadi və logistika baxımından da problemlər yarada bilər. Xəzərdə su səviyyəsinin 5 metr azalması nəticəsində bəzi limanlar faktiki olaraq fəaliyyət qabiliyyətini itirəcək. Azərbaycan özünün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər dəniz infrastrukturu vasitəsilə tranzit qovşağına çevrilmək məqsədi güdür. Lakin Xəzərin dayazlaşması bu strategiyanı təhlükə altına alır.

Bu kontekstdə Azərbaycanın Qazaxıstanla birgə hərəkət etməsi, Volqa çayı üzrə çoxtərəfli mexanizmlərin təşəbbüskarı olması və Rusiyanı danışıqlara cəlb edəcək diplomatik formatlarda aktiv rol oynaması vacibdir.

Xəzərin qidalanmasında Volqa çayının payı

“Qafqazinfo” xəbər verir ki, Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, eyni zamanda ekoloji yönümlü “ECOJER” qeyri-hökumət təşkilatının sədri Adilbek Kozybakov APA-ya müsahibəsində qeyd edib ki, Volqa çayından normadan artıq su istifadəsi Xəzər dənizinin dayazlaşmasına və ekoloji tarazlığın pozulmasına səbəb olaraq, beş Xəzəryanı ölkənin birgə əməkdaşlığını tələb edən ciddi regional problemə çevrilib.

“Volqa çayı Xəzər dənizinə axan suyun 80 faizini təşkil edir və bu səbəbdən Xəzərin əsas su mənbəyi hesab olunur. Bu “can damarı” olmadan Xəzər ekosisteminin sabitliyi sual altına düşür. Təəssüf ki, son illərdə Rusiyanın Volqadan normadan artıq həcmdə su istifadəsi bu tarazlığı ciddi şəkildə pozur. Əvvəlki dövrlərlə müqayisədə suyun azalması Xəzərin dayazlaşmasına səbəb olub və bu, region üçün böyük ekoloji və iqtisadi problemə çevrilib. Bu problem təkcə ekoloji deyil, həm də geosiyasi xarakter daşıyır. Ona görə də bu məsələ tək bir ölkənin deyil, beş Xəzəryanı dövlətin – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın birgə səyləri ilə həll edilməlidir. Suyun idarə olunması və bölgənin ekoloji sabitliyi regional əməkdaşlıq tələb edir. Ən uyğun beynəlxalq mexanizm isə 20 ildən artıq yaşı olan Tehran Konvensiyasıdır. Lakin bu konvensiyanın potensialı bu günə qədər tam şəkildə istifadə edilməyib”, - deyə o bildirib.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit üzrə ekspert Rövşən Abbasov isə APA-ya açıqlamasında bildirib ki, Xəzər dənizinin səviyyəsinin enməsinin əsas səbəblərindən biri Volqa çayı üzərindəki iri su anbarlarının doldurulmasıdır ki, bu da çayın dənizə tökülən suyunun azalmasına gətirib çıxarır: “Xəzər dənizinin su balansının formalaşmasında həlledici rolu Volqa çayı oynayır. Dənizə axan çay sularının təxminən 80 faizi məhz Volqanın payına düşür. Son illərdə Rusiyada suya olan tələbatın artması, iqlim dəyişikliyi, su anbarlarında buxarlanmanın intensivləşməsi və kənd təsərrüfatı fəaliyyətinin genişlənməsi fonunda Volqadan götürülən suyun həcmi də artıb. Bu isə birbaşa olaraq Xəzər dənizinin səviyyəsinə mənfi təsir göstərir. Lakin problemin yalnız antropogen amillərlə bağlı olduğunu demək də mümkün deyil. Məsələ ondadır ki, Xəzər dənizinin səviyyəsindəki dəyişikliklər uzunmüddətli və dövri xarakter daşıyır. Nəticə etibarilə, Xəzər dənizinin səviyyəsindəki dəyişikliklər bir tərəfdən təbii amillərin, digər tərəfdən isə insan fəaliyyətinin birgə təsiri nəticəsində yaranır və bu məsələ kompleks yanaşma tələb edir”.

Rusiya təhlükənin miqyasını anlamalıdır

Rusiyadan Volqa çayı üzrə minimum su axınına dair hüquqi təminatın alınmasının nə dərəcədə real olması məsələsinə toxunan qazaxıstanlı ekoloq təəssüf hissi ilə indiki mərhələdə bunun çətin göründüyünü qeyd edib: “Rusiya Volqanı daxili su hövzəsi kimi qəbul edir və onunla bağlı xarici müdaxiləni qəbul etmir. Qazaxıstanın təkbaşına bu məsələdə Rusiyaya təsir göstərməsi isə real deyil. Ona görə də digər dörd Xəzəryanı dövlətin birgə təzyiqi və diplomatik səyləri vacibdir. Bu, yalnız Tehran Konvensiyasının və digər beynəlxalq mexanizmlərin tam işə salınması ilə mümkündür. Qazaxıstan Rusiyanın su təsərrüfatı siyasətinə ikitərəfli razılaşma olmadan necə təsir göstərə bilər? Burada da açar rol beynəlxalq ictimaiyyətə və çoxtərəfli diplomatiyaya məxsusdur. Qazaxıstanın siyasətçiləri və diplomatları öz peşəkarlıqlarını maksimum səviyyədə nümayiş etdirməli, digər dövlətlərlə birgə hərəkət etməlidirlər. Çünki Rusiya təkcə Qazaxıstanın istəyi ilə mövqeyini dəyişəcək deyil. Bu baxımdan, cəmiyyətlərin də iştirakı vacibdir. Təkcə dövlətlər deyil, eyni zamanda elmi ictimaiyyət və vətəndaş cəmiyyəti də bu çağırışa qoşulmalıdır. Onlara izah edilməlidir ki, Volqanın axarındakı davamlı azalma Xəzərin quruması ilə nəticələnə, bu da bütün region üçün faciəvi nəticələr doğura bilər. Xəzər də Aral dənizinin taleyini yaşasa, bu, təkcə beş Xəzəryanı ölkənin deyil, bütövlükdə planetin ekoloji balansını pozacaq. Bu kontekstdə çirklənmə məsələsi də xüsusi əhəmiyyət daşıyır. Volqa çayının çirklənməsi bilavasitə Xəzərə təsir edir. Tehran Konvensiyasının çirklənməyə dair Aktau Protokolu bu sahədə birgə fəaliyyət üçün hüquqi baza rolunu oynaya bilər. Burada çirkləndirici maddələrin maksimal icazə verilən konsentrasiyasını müəyyən edən ümumi metodikalar hazırlanmalı və təsdiqlənməlidir. Əgər bu yanaşma qəbul olunarsa, çirklənməyə yol verən dövlətlərə - məsələn, Rusiyaya qarşı hüquqi sanksiyalar tətbiq oluna bilər.”

Öz növbəsində, Rövşən Abbasov hesab edir ki, Xəzər dənizinin dayazlaşması yalnız ekoloji deyil, həm də iqtisadi, sosial və logistik sahələrdə ciddi fəsadlara yol açaraq bütün Xəzəryanı ölkələr üçün ortaq regional əməkdaşlıq zərurəti yaradır: “Xəzər dənizinin dayazlaşması, şübhəsiz ki, bütün Xəzəryanı ölkələrə ciddi təsir göstərir. Burada xüsusilə Qazaxıstan, Azərbaycan və Rusiyanı qeyd etmək lazımdır. Gəmiçilik imkanlarında böyük çətinliklər yaranır. Gəmilər Mahaçqala, Həştərxan və Qazaxıstan limanlarına yan ala bilmirlər. Dayazlaşma nəticəsində Qazaxıstanda bəzi iri ərazilərində dəniz quruyub. Bu isə həm ölkənin iqliminə, həm balıqçılıq sektoruna, həm də turizm və rekreasiya sahələrinə mənfi təsir göstərir. Ümumilikdə isə Xəzər sahilində yaşayan bütün əhali bu prosesdən əziyyət çəkir. Dəniz səviyyəsinin düşməsi, həmçinin, sahilboyu ekosistemlərdə bioloji müxtəlifliyin azalmasına səbəb olur. Bu vəziyyət Xəzərdə yaşayan canlı növlərin yaşayış mühitinin daralmasına və bəzi növlərin yoxa çıxmaq təhlükəsi ilə üz-üzə qalmasına gətirib çıxarır. Digər tərəfdən, bu proses təkcə ekoloji deyil, həm də iqtisadi və sosial fəsadlara yol açır. Xəzər dənizi regionunda nəqliyyat, enerji və balıqçılıq sahələrinin gələcək inkişafı üçün ciddi maneələr yaranır. Bütün bunlar region ölkələri arasında daha sıx əməkdaşlıq və ortaq həll yollarının axtarılmasını zəruri edir.”

Regional logistikaya zərbə

Xəzər dənizinin dayazlaşması liman infrastrukturu və beynəlxalq kommunikasiya xətləri üçün də ciddi təhdiddir. Su səviyyəsinin tarixi minimuma enməsi Aktau, Kurık və Bakı kimi əsas limanların fəaliyyətini çətinləşdirir, bu isə ticarət yüklərinin daşınmasında gecikmələrə və əlavə xərclərə səbəb olur. Həmçinin, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) kimi mühüm logistika layihələri təhlükə altına düşür. Xəzər dənizindəki ekoloji disbalans yalnız regionun deyil, Avropa-Asiya ticarət əlaqələrinin sabitliyini də sarsıdır. Bu səbəbdən məsələ qlobal həll yanaşması tələb edir. Buna görə də Qazaxıstan Xəzər dənizinin səviyyəsinin kritik şəkildə aşağı düşməsi fonunda Rusiyadan Volqa çayı üzrə minimum su axınına dair hüquqi təminatın alınması məqsədilə xüsusi işçi qrupunun yaradılması təklifi ilə çıxış edib. Rəsmi Astana hesab edir ki, bu işçi qrup yalnız Qazaxıstan və Rusiya ilə məhdudlaşmamalı, eyni zamanda digər Xəzəryanı ölkələr – Azərbaycan, İran və Türkmənistan da prosesə cəlb olunmalıdır.

“Qazaxıstan təklif etdiyi işçi qrupu Xəzərin dayazlaşması probleminin həllində mühüm rol oynaya bilər. Qazaxıstanın Volqa çayı üzrə minimum su axınına dair təşəbbüsü ölkə daxilində geniş dəstək alıb. Bu təşəbbüs ekspertlər, vətəndaş cəmiyyəti və ictimai təşkilatlar tərəfindən rəğbətlə qarşılanır. Ölkədə “Xəzər dənizini qoruyaq” adlı qlobal təşəbbüs də yaradılıb. Onun müəllifi, hüquqşünas və ekoloq Vədim Ni həm də “Xəzər mənim dənizimdir” şüarı ilə hər bir vətəndaşın bu məsuliyyəti dərk etməsini hədəfləyir. Bu yanaşma Xəzərin qorunmasını təkcə ekologların deyil, bütün region sakinlərinin məsuliyyəti kimi təqdim edir. Lakin bu təşəbbüs yalnız ölkə çərçivəsində qalarsa, onun praktiki nəticələr verməsi çətin olacaq. Çünki Xəzər dənizi beş ölkənin ortaq sərvəti və məsuliyyət sahəsidir. Bu səbəbdən İran, Azərbaycan və Türkmənistanın da həmin işçi qrupa daxil edilməsi zəruridir. Belə genişlənmiş bir format həm regional təmsilçiliyin legitimliyini artıracaq, həm də Rusiyaya qarşı diplomatik təzyiq vasitələrinin gücləndirilməsinə imkan yaradacaq. Yalnız ortaq və koordinasiyalı yanaşma ilə Rusiyanın su resurslarının idarə olunmasında daha məsuliyyətli siyasət yürütməsi təmin oluna bilər. Bu isə təkcə Xəzərin ekoloji sabitliyi üçün deyil, həm də regionun iqtisadi təhlükəsizliyi və beynəlxalq nəqliyyat-kommunikasiya xətlərinin davamlılığı üçün həyati əhəmiyyət daşıyır”, - Kozybakov deyir.

Ekspert Rövşən Abbasov da düşünür ki, Xəzərin sürətlə dayazlaşması fonunda həm ekoloji, həm də iqtisadi fəsadlarla üzləşən Azərbaycan bu problemi yalnız Qazaxıstanla koordinasiyalı və Rusiya ilə konstruktiv əməkdaşlıq şəraitində həll edə bilər.

“Qazaxıstan kimi, Azərbaycan da Xəzərin dayazlaşması məsələsində qəti mövqe nümayiş etdirməlidir. Çünki bu proses ölkəmizə həm iqtisadi zərbə vurur, həm də dünyanın nadir ekosistemlərindən biri olan Xəzər dənizi sürətlə məhv olur. Artıq sahilboyu ərazilərimizdə çəkilmə müşahidə edilir, balıqçılıq sektoru ciddi zərər görür. Dayazlaşma nəticəsində Xəzər ekosistemi pozulur, Qızılağac, Samur və Yalama kimi ərazilərdə tənəzzül gedir. Turizm, nəqliyyat və balıqçılıq sahələrində geriləmələr yaşanır. Bu vəziyyətlə mübarizə üçün Azərbaycan və Qazaxıstanın birgə addımlar atması vacibdir. Problem Rusiyanın Volqadan su götürməsinin digər ölkələrə mənfi təsiri ilə bağlıdır və bu təsirlər uzunmüddətli, bəzən milyardlarla dollarla ölçüləcək qədər böyük olur. Yalnız Azərbaycanın turizm və balıqçılıq sahəsinə dəyən zərəri hesablasaq, nəticə ciddi rəqəmlərlə ifadə olunar. Buna görə Azərbaycan Qazaxıstanla koordinasiyalı şəkildə hərəkət etməli, eyni zamanda Rusiya ilə dialoq və əməkdaşlıq qurmalıdır. Rusiyanın özündə də vəziyyət acınacaqlıdır – Həştərxan limanında gəmilər dayana bilmir, ərazilər quruyur, iqtisadi sektorlar zərər görür. Bu problem yalnız Rusiya ilə birgə səylərlə həll oluna bilər və bu istiqamətdə konkret addımların atılmasının zamanı çoxdan yetişib”, - deyə o fikrini yekunlaşdırıb.

Rusiyanın məsuliyyəti

Xəzərin dayazlaşması ciddi narahatlıq yaradıb. Qazaxıstan vəziyyətdən çıxış yollarının tapılması üçün təşəbbüslərlə çıxış edir. Digər Xəzəryanı dövlətlər, elə Rusiyanın özü də bu təşəbbüsə dəstək verməlidir. Çünki təbiət, ekologiya hansısa ölkənin, hansısa fərdin təkbaşına qayğısı deyil. Ekoloji fəlakət baş verəndə hər ölkəyə, hər kəsə pay düşür. Odur ki, Rusiya Volqa çayı ilə bağlı məsələdə məsuliyyətli davranmalı, həm Qazaxıstan, həm də digər Xəzəryanı ölkələrlə birlikdə problemin həlli yollarının tapılması üçün lazımı addımlar atmalıdır. Sonra gec olar!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 May 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hər beş uşaqdan biri piylənmədən əziyyət çəkir” Tramp

23 May 2025 06:45see193

Bu tədris ili üçün ali təhsil müəssisələrinə ayrılmış plan yerlərinin sayı artırılıb

23 May 2025 11:28see154

Məşhur türk bloger Azərbaycanı silkləyən qətllə bağlı çağırış etdi VİDEO

22 May 2025 03:11see149

Sankt Peterburq sakini Azərbaycan konsulunun iradından sonra söyüşə görə həbs edilib

22 May 2025 02:06see132

Bu halda hər ay 200 manat ala bilərsiniz TƏLƏBLƏR

22 May 2025 07:04see131

Tbilisidəki bu məşhur tikili söküləcək

22 May 2025 03:17see130

TƏHLİL: BƏZİ ABŞ BANKLARI SƏHMLƏRİNİN TÜKƏNMƏSİ İLƏ ÜZLƏŞƏCƏK

22 May 2025 06:12see129

Çox çiyələk yemək sizi kökəldə bilər

22 May 2025 05:31see126

Göyçay İcra Hakimiyyətində 8 vakant yer var

22 May 2025 16:24see124

“Məni öldürmək üçün 10 min dollar ayrılmışdı” Çingiz Abdullayevlə MÜSAHİBƏ

22 May 2025 14:07see124

Ülviyyə Kazımova Almaniyada solo konsert programı ilə çıxış edib FOTO

22 May 2025 17:01see120

ABŞ da kiçik təyyarə evlərin üzərinə düşdü 15 ev və maşınlar yanıb

22 May 2025 20:27see120

Avropa İttifaqı Azərbaycan Təhlükəsizlik Dialoqunun 6 ci iclası keçirildi FOTO

23 May 2025 02:31see119

Şahin İsmayılov: Azərbaycan TDT nin gücləndirilməsi istiqamətində önəmli addımlar atır

23 May 2025 11:06see118

Ölümdən sonraki həyatın SÜBUTLARI

22 May 2025 02:21see115

Hokinq 2025 ci ili necə proqnozlaşdırmışdı? Onun sözləri qorxunc dəqiqliklə doğru çıxır

23 May 2025 14:38see115

Adanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

22 May 2025 03:03see114

Netanyahu Vaşinqtonda İsrail diplomatlarının qətliamına reaksiya verib

22 May 2025 10:57see114

Müavinət və təqaüdlərlə bağlı ŞAD XƏBƏR

22 May 2025 10:35see113

Mikayıl Cabbarova yeni vəzifə verildi

22 May 2025 18:00see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri