Xocalıda istehsal olunan ofis mebelləri və mebel aksesuarlarının 60 faizi ixraca yönələcək
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Xocalı, 25 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə yeni istehsal müəssisələrinin qurulması və əhalinin məşğulluğunun təmin edilməsi dövlətin əsas prioritetlərindən biridir. Dekabrın 23-də Prezident İlham Əliyevin iştirakı ilə Xocalı rayonunun Ballıca kəndində açılışı olan “Accurate Az” MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsində 80 nəfər üçün daimi iş yeri yaradılıb. Növbəti mərhələlərdə isə 450 daimi iş yerinin yaradılması planlaşdırılır.
“Accurate Az” MMC-nin direktor müavini Zaur Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, müəssisə Türkiyə, İsveçrə, Almaniya, İtaliya, Çin və Yaponiyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. Burada ildə 20 çeşiddə 240 min ədəd ofis mebeli və 4 milyon ədəd mebel aksesuarı istehsal ediləcək. Məhsulların 60 faizi ixraca, 40 faizi daxili bazara yönəldiləcək.
Xammaldan hazır məhsula qədər ofis mebeli istehsalının bütün mərhələləri müəssisədə həyata keçiriləcək. Layihənin ümumi dəyəri 20 milyon manat təşkil edir ki, bunun reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 7 milyon manat güzəştli kredit verilib. Müəssisə, həmçinin işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün tətbiq olunan güzəşt və stimullardan yararlanıb.
Müəssisənin fəaliyyətə başlaması Qarabağda mebel istehsalı sahəsinin formalaşmasına, yerli istehsalın genişlənməsi və ixrac potensialının artırılmasına, həmçinin işğaldan azad olunmuş ərazilərdə əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə töhfə verəcək.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın, özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların cəlbi və əlverişli biznes mühitinin formalaşdırılması dövlətin əsas strateji hədəflərindən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azaddırlar. Həmçinin bu ərazilərdə rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV və gömrük rüsumundan azaddır. Bütün bu tədbirlər sahibkarlığın, sənaye və iqtisadiyyatın inkişafını, həmçinin əhalinin məşğulluğunun artırılmasını təmin edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 Dekabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















