Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yadigarların yanındakı yadigar Rafael Hüseynov yazır

Yadigarların yanındakı yadigar Rafael Hüseynov yazır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Rafael HÜSEYNOV
Akademik

Sürətli vaxt gətirdiyi hansısa dəyərləri, hansısa anlayışları, hansısa vərdişləri günlərin birində elə gətirdiyi kimi də yox edə bilir, amma artıq neçə nəslin alışdığının, həyatın ayrılmaz parçası zənn etdiklərinin yoxa çıxması nisgil də yaradır, havalar dəyişəndə sızıldayan köhnə sınıq yeri kimi ara-sıra xiffət də oyadır.

Günlər vardı ki, bir-birimizə məktublar yazardıq, bizə gələsi məktubları gözlərdik. Oxuduğumuz məktubları da atmazdıq, uzun müddət saxlardıq, hansılarısa həmişəlik bizimlə olardı. Məktublar həyatımızın bir parçası idi. Həm də dünyanın hər yerində belə idi. Məktub lap köhnədən insanların yalnız xəbərləşmə, soraqlaşma deyil, həm də ən məhrəm dərdləşmə, fikirbölüşmə vasitəsi olub. Özü də bu, minilləri aşan bir tarixdir. Amma elə bir dövrə gəlib yetişdik ki, ömrümüzün-günümüzün sabit parçalarından saydığımız məktublaşma adəti asta-asta səngiyib sönməyə başladı. Düzdür, indi məktubun oxşarı olan və elə yazılınca da ünvanına yetişən ildırımsürətli çeşidləri var. Ancaq bu, heç vəchlə adamla adam kimi danışa bilən dədə-baba məktublarının yerini verməz. Gi de Mopassan (1850-1893) ki sadədil adam deyildi, qələmi ilə özü həyatda olanda da, dünyadan köçəndən sonra da insanları təsirində saxlamağı bacaran, sözün hansı sehrli gücə sahib olduğunu bilən idi. O, səmimi məktubları canlı, sənə üzbəüz deyilən sözdən daha inandırıcı, daha etibarlı hesab edirdi. Yazırdı ki, məktub vasitəsilə insanın daxili aləminə daha çox nüfuz edirsən. Sözlər göz qamaşdırır, çünki onları sifətin cizgiləri müşayiət edir, kəlmələrin sənin xoşuna gələn dodaqlardan necə qopmasını görürsən və gözlər də səni baxışlarıyla azdıra bilir. Ağ vərəq üstündəki qara xətt isə qapısı taybatay açılmış ürək kimidir.

Hələ Mopassan axıracan demir, istəsəydi, bir qədər də artıra bilərdi. Axı üstəlik səs də var. Ahəngdən-ahəngə düşən səs dildən qopan kəlmələrin mənasını da istədiyi kimi başqalaşdırmağa qadir olur.

Məktubdasa ortada səmimiyyəti örtə biləcək pərdə aradan götürülüb. Bir sənsən, bir o. Ürək ürəyəsiniz.

Frans Kafka (1883-1924), Lev Tolstoy (1828-1910), Qustav Flober (1821-1880), Fyodor Dostoyevski (1821-1881), Volfqanq Amadey Motsart (1756-1791), Frederik Şopen (1810-1849), Ernest Heminquey (1899-1961) və neçə-neçə başqalarının məktub irsi həm onların yaradıcılıqlarının ən cəlbedici hissələrindəndir, həm də onların ömür tarixçəsini tamamlayan, bütövləşdirən doğruçu sənədlərdir.

Elə bizim özümüzün ədiblərimizin, alimlərimizin, sənət xadimlərimizin, xaricilərdə olan kimi, indiyədək ayrıca kitablara çevrilməmiş məktub irsi xalqa çatsa, bu, elə Mopassan deyən kimi, həmin müstəsnaların ürəyini indiyəcən görünməyən çox ayrıntıları ilə oxucu üzünə açması kimi olar, Cavidi də, Üzeyir bəyi də, Mirzə Cəlili də, Səməd Vurğunu da, Mirzə İbrahimovu da və neçə-neçə başqalarını da daha yaxşı tanıyarsınız.

Həm də nə qədər gecikmiş olsa belə, artıq bunu etmək ona görə vacibdir ki, daha o cür məktublar yazılmır. O cür məktublar yazan adamlar da qələmini-kağızını götürərək üz tutub geriyə qayıdışı olmayan yollara.

Cəfər Cabbarlı məktub yazmağı xoşlamırmış, amma onun da çox olmasa belə, hər halda başqalarına göndərdiyi xeyli məktub qalır. Dəfələrlə çoxsa, onun özünə göndərilənlər, bir də Cəfərlə əlaqədar yazılmış məktublardır.

Bəs Cəfərin şəxsi məktublarında bədii yazılarına nisbətən daha səmimi, daha çox özü olduğu haradan məlumdur və onun məktub yazmağı xoşlamaması, bu üzdən əlindən çıxmış belə kağızların seyrək olmasını nəyə əsasən təsdiq edirəm? Axı onun əlimizdə olan məktublarının azlığına görə belə qəti hökm vermək çətindir. Kimsə deyər ki, bəlkə lap çox yazırmış, bizə çatanı bu qədərdir.

Şahidlər var. Onu da, bunu da təsdiq edirlər - həm yazdığı şəxsi məktublarda örtüksüz, boyasız, sırf özü olmasını, həm də məktub yazmaqla arası olmamasını.

Cəfərin ömründə bircə adam olub ki, ona mütəmadi məktublar yazıb. Həm də yalnız başqa şəhərlərdə, səfərlərdə olanda yox, elə Bakıdan kənara çıxmayanda da. O məktubların əsas hissəsi ömür-gün yoldaşı Sona xanıma ünvanladıqlarıdır. Uzaqda olanda, buralara əli çatmayanda Moskvadan, Leninqraddan, Kazandan da... yazıb, ailəsi bağa köçəndə oradakı telefonsuz istəklisinə elə buradan - Bakıdan da məktublar göndərib.

Elə məktublardır ki, oxuduqca sətirlərdən Cəfərin hansısa kürsülərdən deyil, ev içindən gələn səsini eşidirsən.

Başqalarına məktub yazmağa sən deyən həvəsli olmamasını isə özü də etiraf edib, bunu ona ən əziz olan adamlardan heç olmazsa ikisi - Sona Cabbarlı ilə Aleksandr Tuqanov da təsdiqləyirlər.

Məktublardan Cəfərin səsinin gəldiyini məcazi mənada, elə təsəvvürlə deyirəm. Ancaq vaxtilə Sona xanım bu kağızları dönə-dönə oxuduqca elə gerçəkdən Cəfərin səsini eşidərmiş.

İndi hər kəsin yanında telefonu, qarşısında bilgisayarı, dünyanın istənilən nöqtəsi ilə istənilən anda yazışa bilirsən, səsli məktub da göndərərsən. Ancaq o keçmiş məktubların dadı başqa idi. Elə Cəfərin Sonaya məktublarında da dipdiri həyat çağlayır - bütün rəngləri, çalarları, dadı-tamıyla. Bu məktubların hər biri Cəfərin ömrünün qırpımlarıdır. Bunları Cəfər 1920-ci illərdə, 1930-cu illərin əvvəllərində yazıb.

Ola bilsin ki, ailədəki ayrı-ayrı şəxslərdən alınan məktublar ində əldə olanlardan beşqat çoxmuş, təbii ki, oxunandan sonra saxlanmayanları da olub, sonrakı onillərdə itib-batanları da az deyil. Ancaq Sona xanım Cəfərinin ona və uşaqlarına yazdığı irili-xırdalı məktublarının istisnasız hamısını saxlayıb. Bir-bir qaldırdıqca görürsən ki, vərəqləri qat kəsib, xətt xeyli solğunlaşıb. Onunçün ki, dəfələrlə oxunub, bir dəfə yox, yüz dəfə yox, bəlkə də Sona Cabbarlının həyatda olduğu hər gün və hər günün içərisində bir neçə dəfə oxunub bu məktublar. İndi bu məktubların əksərini zərrəbinsiz oxumaq olmur. Çünki bəzi sözlər pozulub, sətirlərin rəngi tamam qaçıb. Hansısa sətirlərinə göz yaşı damıb. Yəqin ki, Cəfərsiz illərin hansındasa Sona xanımın o sətirlərin, o sözlərin üstündən, Allah bilir, neçə mininci keçidində...

Cəfərin Sonasına göndərdiyi məktubların özü elə bir dastandır. O məktubların içərisində Cəfər başqa bir görünüş bucağından seyr edilməkdədir. Sona xanım xatırlayırdı ki, Cəfər Cabbarlının şairliyindən, nasirliyindən, dramaturqluğundan savayı həm də yaxşı rəssamlığı vardı. Deyir, "Molla Nəsrəddin" jurnalındakı rəsmlərə baxardı, onların eynilə surətini çıxarardı. Hansısa bir əşyanı qarşısına qoyardı, şəklini olduğu kimi çəkərdi.

Əsərlərindəki surətlərin hamısını hər kəsdən əvvəl, təbii ki, Cəfər özü xəyalən görürmüş, ancaq ayrı bir müstəsnalığı da bu idi ki, həm də fikrən gördüklərini əyani olaraq göstərməyi bacarırmış.

Sona xanımın sözüncə, Cəfər əsərlərindəki surətlərin hamısının şəklini çəkərmiş. Bu rəsmlər həm o tamaşaları hazırlayan rejissorlara, həm də aktyorlara çox kömək edərmiş.

Əvvələn, o şəkillərə baxan kimi rejissor həmin dəqiqə anlayarmış ki, Cəfər bu rolda hansı aktyoru nəzərdə tutub. Çünki təsvirdəki görünüşdən hiss olunarmış bu şəkildəki təqribən teatrdakı kimdir.

Eyni zamanda, bu rəsmlər vasitəsilə rejissor da, aktyor da bilərmiş ki, bu rolda necə geyinmək lazımdır, hansı libasdan istifadə etmək daha məqsədəuyğundur.

Və Cəfərin rəssamlıq istedadı Sonalı məktublarda da görünməkdədir. Məktubları oxuduqca sətirlər görümlüləşir, istər-istəməz gözlərinin qarşısında qurulu həyat səhnələri canlanır.

Piterdən göndərdiyi məktubundan tramvay sədaları da ucalır, Nevanın sakit axışını da görmüş, bir-birindən füsunkar əski binalara heyranlıqla baxa-baxa keçmiş kimi də olursan: "Sənsiz və sizsiz çox darıxıram. Hələlik Leninqraddayıq. İyunun 1-nə kimi burada yaşayacağam. Sonra sənə yazaram. Leninqrad yaxşı şəhərdir. Mən Tiflis və İrəvanı görəndən sonra güman edirdim ki, Bakıdan yaxşı şəhər yoxdur. Və ola da bilməz. Ancaq Leninqrad heç yaman deyil. Küçələri göz işlədikcə düpbədüz uzanır. Evlər 6-7 mərtəbə ağır qranitdən. Şəhərin içində küçələrin bir çoxundan Neva çayı axır. Çayın axıntısı o qədər yavaşdır ki, hansı yana axdığı bilinmir. İçində qayıqlar üzür, üzü güzgü kimi parıldayır və şəhərə olduqca böyük bir gözəllik verirlər. Tinbaşı tuncdan böyük abidələr və heykəllər. Padişahın-madişahın otaq-motağına baxmamışam. Baxıb sənə yazaram. Hər küçədən tramvay keçir. Şəhərin stili Bakı stilindədir. Ancaq böyükdür. Nə isə, keçək o tərəfə. Truppamız 4 tamaşa vermişdir (iki "Od gəlini", 2 "Sevil"). Sabahdan 2 "Hamlet" gedəcək, sonra 2 "Hacı Qara". Sonra da "Gülən adam". Tamaşalar ayın 10-da "Od gəlini" ilə başlamış, mayın sonuna kimi davam edəcəkdir. Kassada bilet satılmır. Çünki qabaqcadan hamısı alınmışdır. Bütün oyunlara. Bu belə. Sonra yolda gələrkən Quba, Dərbənd, Mahaçqala, Teymurxan Şura, Rostov, Ryazan, Moskva və başqa şəhərləri gördük. Moskva böyükdür. Ancaq dolama-dolaşıqdır. Şeytan da baş çıxartmaz. Bakıdan gözəl deyil. O biri şəhərlərin heç biri Bakıya çatmaz. Hamısı böyük kəndə oxşayır. Moskvaya qayıdanda yaxşı-yaxşı şəhərə baxıb yenə də yazaram".

Bu məktubda 1930-cu il mayın 13-üdür.

Düşünürəm ki, bəlkə də bu məktublarda xətlərin belə pozuqluğu, ayrı-ayrı sözlərin hərflərinin qarışıb anlaşılmazlığı elə müəyyən mənada rəmzidir. Biz tarixin dünənlərini, o arxiv sənədlərini qaldıraraq bərpa elədiyimiz kimi, bu məktubun özünü də böyüdücü şüşə olmadan diriltmək mümkünsüzdür. Hansısa oxunmaz sözlərə zərrəbini yaxınlaşdırırsan, həmin kəlmələr böyüyür. Sanki keçmiş bugünə yaxınlaşır.

...Bu keçmiş əslində xeyli uzaqdadır, 1930-cu ildir. Bu məktublarda həm Cabbarlının bir sənət adamı, dramaturq, yazıçı kimi şəxsiyyəti görünməkdədir, həm də o vərəqlərdə Cəfərin nəvazişkarlığı, dosta, qohuma, qardaşlarının uşaqlarına, öz balalarına sonsuz məhəbbəti, lütfkarlığı, qayğıkeşliyi duyulur.

Və bir də bu məktublarda nədirsə, hərdən-hərdən "ölüm" kəlməsi keçir - bəzən yarızarafat, bəzən ciddiyə oxşar. Bu məktublarda hələ 30-31 yaşı var. Ancaq ölüm düşüncələri onun qafasında özünə möhkəmcə yer edib. Səhhətindəki böhranları qıraqdakıların çoxundan daha əvvəl özü hiss edirmiş. Zarafata salır, amma agah olduğundan da agahdır. İşin içindədir axı, elə marığa yatmış mərəz də onun öz içində. Gənclik başqa gücdür. Nə qədər nasaz olsan belə, xəstəlikləri də, ölümü də özündən daha zəif sayırsan, onlara üstdən baxırsan, Cəfər də həmin cür: "Sonası! Bu saat lap qaranlıqda oturmuşam. Qızdırmam da ya 39-dur, ya hələ bir qədər az. Cibimdə yekə bir aspirin saxlamışam. İstədim atım, ancaq dedim qabaqca kağızı yazım, sonra. Qaranlıqdır, ona görə ki, nömrəmin elektriki xarab olubdur. Bax, yandı. Bu saat 10-un yarısıdır. Otaqda rahatca yazmaq olur. Bayır işıqdır. 12-də bir az qaralır, saat 1-də yenə də işıq açılır. Kazanın ümumi vəziyyəti haqqında yazanda buranı müfəssəl qeyd edərəm. Bir də "naxoş" deyəndə sən çox maraqlanma. Mənim ki xasiyyətimi bilirsən, milçəkdən dəvə düzəldirəm. Elə bir şey deyil. Ancaq bir az başım ağrıyır. Bir də 2 tərəfdən boğazım. Bir də qulaqlarım. Sonra da dizlərim və əllərimin bəndləri ağrıyır. Gözlərimin qapağı da ağrıyır. Qızdırmam var, titrəyirəm. Balaca tərli kimiyəm. Ancaq bədənim xalis xəmiraşı kimi axır. Xəmiraşı dedim, ağzım sulandı. Bu saat nə yeyərdim!

Sabah saat 1-də Kazandan çıxıb Moskvaya hərəkət edirəm. Bir də, Sonası, naxoşluğu o cür təsvir etdiyim zarafatdır. Ancaq soyuq dəyib. Ya da malyariyadır. Mənim isə heç birindən qorxum yoxdur. Cibimdə aspirin də var, xinin də. Atasını yandıracağam. Hansı olursa-olsun. 12/VI - 30".

Ancaq digər məktubunda onu dilxor edən daha bəsit bir səbəbdir - qələmi itib, onun pərişanlığını çəkir. Yazıçıdan ötrü qələmdən, kağızdan mühüm nə var ki?! Cəfərin belə bir şakəri varmış ki, cibində həmişə kağızı, qələmi olarmış. Lazım olanda, beyninə ani bir fikir gələndə çalışarmış ki, dərhal onu kağıza köçürsün.

Elə məktubu əvvəldən qanıqara başlayır: "Sonası, bu saat ovqatım bir az təlxdir". Nəymiş səbəbi qanqaraçılığının? İzah edir: "Çünki yaxşıca bir qələm almışdım - özündənyazan. Mürəkkəbi tökürdüm içinə, yaxşıca yazırdı. Bu gün itirdim. Köhnə hamam, köhnə tasdır".

"Köhnə hamam, köhnə tasdır" ona görə ki, qələm itirməyi birinci dəfə deyilmiş, bundan əvvəl də neçə dəfə başına bu iş gəlibmiş: "İndi məcbur qalmışam, bir yarı karandaşım var, bununla yazıram".

Əlavə edir ki, əslində onu da itirmişdim, ondan yaxşı ki, iki dənə almışdım, biri qalıb.

Ancaq itirdiyi tək qələm deyilmiş: "Özü yazan qələmim qiyamət idi. Bir də bir qənd sındıran kəlbətin almışdım, onu da dünən itirmişəm".

Cəfər Cabbarlının hər yetəni belə tez-tez itirməyinin səbəbi nədir? Onun da gizlincini açır: "Bunların da hamısı ondandır ki, zəhrimar cibim deşilib. Qoyuram, düşüb itir".

Qınamayın ki, zövq və düşüncə tariximizin Cəfər Cabbarlı kimi böyük bir şəxsiyyətindən bəhs edərkən belə xırım-xırda, sanki onun yüksək ideallarla daşan misilsiz yaradıcılığının səviyyəsinə az uyuşan məişət təfərrüatlarına yer ayıraraq əsas mətləbdən aralı düşən kimi oluram.

Cəfəri Cəfər edən, böyük və misilsiz edən məhz bu idi ki, həyatın bağrından qopmuş və həmişə də həyatın axarında olan, bütün qeyri-adiliklərinə rəğmən hər kəs kimi sadə bir insan idi. Gözəlliklər yaradan, qələmi ilə möcüzələr doğuran bu sadə insan kasıbyana həyat yaşayırdı, ayın müəyyən günlərində manatını, qəpiyini sayırdı ki, bu məvaciblə obiri məvacibin aralığında ailəsi sıxıntı hiss etməsin. Bircə dəst nimdaş geyimi vardı. Bu təkcə kostyumun cibi cırılanda, ya başqa bir təmirə ehtiyacı olanda, ya da təmizlənməsi lazım gələndə Cəfər naçar qalırdı, evdə oturub bayıra çıxa bilmirdi.

Bu cür kasıbyana həyat yaşaya-yaşaya hər halda bəxtəvər idi. Çünki həvəslə, şövqlə, ümidlə o qədər dolu idi ki, günlərinin heç birində birovuzluqdan əsər-əlamət yoxdu, hər gününün, hər saatının öz işığı vardı. Sevimli yaradıcılığı, qəlbinin min bir teli ilə bağlı olduğu ailəsi, balaları, mühiti onu hər yeni gündə yeni ilhamlar almağa çağırırdı.

...Onlar uşaqlıqdan bir yerdəydilər. Cəfər ağlı söz kəsəndən Sonanı, Sona dünyaya gələndən Cəfəri tanıyırdı, neçə illər idi ailə qurmuşdular, artıq 2 uşaqları vardı, amma sevdalı hissləri hər gün o qədər təzə idi ki, elə bil az öncə tanış olub yenicə sevişməyə başlayıblar. Sübut yenə Cəfərin Sonaya, Sonanın Cəfərə məktublarındadır. Cəfər hər təzə məktubunda Sonasına elə nəvazişlə müraciət edir, elə hərarətli sözlər yazır ki, onların hekayətindən hali olmayan elə güman edər ki, ya bu sevgililər çoxdanın ayrısı və həsrətliləridir, ya da birgəliklərinin bal ayını sürürlər. Cəfərin qələmindən qopan hər sətirdən sevgi yağır: "Son kağızın məni çox məyus etdi. Balası, haçan və kim gəlib ki, mən onunla sənə kağız göndərməmişəm? Özü də uzun-uzun. Ürəyimi bir o göndərdiyim və səndən aldığım kağızlarla, bir də Gülaranın şəkli ilə dincəldirəm.

Mən hər həftə gözümü qapıya dikirəm ki, bir adam gəlsin, səndən bir kağız alım, ürəyimi quş eləyim. Amma sən mənə elə-elə sözlər yazırsan. Mən naxoşladığımı sənə yazmaq istəmirdim ki, qorxarsan. Sonra yenə də yazdım. Heç kağızda kefimi də soruşmursan. Bəlkə hələ sağalmamış olaydım? Çox da mümkündür. Sən mənə ürək verməkdənsə, daha da elə sözlər yazmısan. Mən isə gözləyirdim sən qorxacaqsan. Narahat olacaqsan. Nə olmuşdur soruşacaqsan??? Yazacaqsan ki, istəyirəm gəlim görüm sənə nə olub, birdən baxan olmaz sənə.

Amma sən gör nələr düşünürsən.

Mən ki sənin hər sözünə can deyirəm, Sonası,

Sən də məni mənim kimi an deyirəm, Sonası.

Sən onu bil, məni həyata bağlayan bircə sənsən. Sən yaxşısan, mən də yaxşıyam, sən varsan, mən də varam, yaşayıram. Sənsiz bir gün belə, bir saat belə dünyada yoxam.

Bir də, Sonası, bundan sonra mənə kağızı kefinin kök vaxtında yaz. Yoxsa çox məyus oluram.

Sonası, ay Sonası, elimin ceyran balası...

Sonası, istədim yazım Giləzidə ceyran balası, sonra düşündüm ki, orda ceyran olmur.

Sonası, özüm ölüm, lap dəli olmuşam sənin üçün. Bu həftə də səni görməsəm, sonra gələn kağızı sənə yazacağam Bayıldan - Dəlixanadan.

Öpürəm gözlərindən, dodaqlarından".

O məktubla bu məktubun arası nə qədərdi ki - uzaq başı 3-4 gün. Amma hərarət həminkidir, bəlkə ötən məktubdakından da çox: "Sonası, sən mənim qucağımda böyümüsən. Çox güman ki, mən sənin qucağında öləcəyəm.

Səndən və uşaqlarımdan başqa mənim kimim vardır ki! Hər gün sənin və Gülaranın şəkillərinizi götürüb öpürəm, bir də öpürəm. Yenə də gedib işləyirəm. Yorulanda yenə də şəkillərinizi götürüb öpürəm. Başqa mənim kimim var?

Sonası, mən istəyirəm dünyada sənin ürəyində heç bir arzu qalmasın. Yazmışdın, köynək al. Bir aydır axtarırdım. Axır ki, bu gün tapdım. Altı manata alıb göndərdim. Ümidim, sığınacaq yerim bircə sənsən. Sən bilirsən ki, sən bir qartalsan, hansı bir qarğa ayrılıqda olsa sənin yerini tuta bilər? Bəlkə mən səhv edirəm? Ancaq mənim gözümdə belədir. Ölənə kimi belə də qalacaqdır.

Sonası, sən Allah, hər səhər süd iç və yumurta iç, sənə xeyirdir. Əsəblərini dincəldər. Gülaraya da ver. Aydını da doydur. Heydər diribaşdır. Dirilər. Eşidirəm ki, gündüz Gülaranı çox incidir. Əzizim əziz, tərbiyəsi ondan əziz. Tədbir görmək lazımdır. Sonası, ölərəm, bir görüm necə axsayırsan. Çox güman ki, sənə balaca axsamaq yaraşar. Qorxma, keçər-gedər. Qorxursan? Gəl şəhərə, doktor baxsın. 2 günlüyə. Bilirsən, Sonası, darıxıram sənsiz. Bəzən beynim dumanlanır. Heç özüm bilmirəm nə edim. Kinodan deyirlər gəl, işə başla! Bilmirəm nə edim. Səninlə məsləhətləşmək, sonra bir qərara gəlmək istəyirəm.

Sonası, öpürəm gözlərindən, dodaqlarından, öpürəm sənin axsaq ayağından, dabanından, pəncəndən, barmaqlarından. Qorxma, Sonası, sağalar".

Cəfərin bu məktublarını oxuduqca görürəm ki, onların içərisində bir sevgi dastanı var. Ard-arda düzülüncə bütöv bir ömür boyu yaşanmış və heç vaxt solmayan məhəbbətin əks-sədası hər sətirdən gəlməkdədir. Ancaq bu şəxsi məktubların heç də şəxsi olmayan, ictimai məna daşıyan digər faydası da ondan ibarətdir ki, bu kağızlarda Azərbaycan teatrının, milli səhnəmizin pərdəarxası elə həqiqətləri yer alır ki, onların çoxu çoxumuza bəlli deyil. Nə başqa bir arxiv sənədində, nə ayrı bir mənbədə bu gerçəklər haqda soraqlara rast gəlmək mümkündür. Bunlar həmkarlar arasında baş vermiş mübahisələr, olub-keçmiş söhbətlərdir. Ancaq hamısında unudulmamalı, bilinməli olan tarixçələr gizlənib.

Bu məktublar digər həqiqəti də pıçıldayır ki, Sona xanım Cəfərçün sadəcə yaxın qohum - əmiqızı, könül həmdəmi - zövcə deyilmiş, həm də sirr yoldaşı imiş. Şübhəcil sovet zamanında Sona bəlkə də yeganə adamdı ki, Cəfər onunla arxayınca, daxili səksəkə çəkmədən qayğılarını, düşüncələrini, dərd-sərini bölüşürmüş: "Sonası! Zaqafqaziyada böyük bir jurnal çıxacaqdır. Məni bu jurnalın redaktorları qulluğuna təyin etmişlər. 3-4 gün bundan qabaq teleqrafla məni Tiflisə çağırdılar. İdarənin iclasına getmədim. Getdilər Maarif komissarlığına şikayətə. O dedi özü bilər. Srağagün böyük bir göstəriş alınmışdır ki, nə olursa-olsun məni göndərsinlər. Odur ki, maarif komissarı məni çağırıb dedi ki, yaxşı deyil, bu dəfə get! Odur ki, mən də bir günlüyə getməli oldum. Ayın 4-də, yəni bu gün axşam gedirəm. Sabah yox, o biri gün, yəni 6-da qayıdaram.

Qənd aldım. 5 kq göndərirəm. İsmət düyü gətirmişdi, xar idi. Almadım. Çetvert yarım çay almışdım. Bir çetvert göndərirəm sənin üçün. Qənd hələ yoxdur heç yerdə. Gələcək, yenə də alacağam. Özüm yaxşıyam. Lap mükəmməl. Ancaq sənin üçün, uşaqlar üçün lap darıxıram. Hər gecə yuxuda onları görürəm.

Özüm bu gecə Tiflisə gedirəm. Çay payokunu da, medkartoçka məsələsini də düzəltmişəm. Həyət yerli-yerindədir. Bilmirəm, mən gedəndən sonra nə olacaqdır. Çörək kartoçkalarını almışam hələlik. Gələndən sonra un üçün gedərəm. Fətirləri aldım. Çox ləzzətli idi. Çox sağ ol. Demişəm Gülara üçün sandıq alsınlar. Ancaq deyərsən atan alıb. Hər gün səhər gözlərindən öpərsən. Aydını da öpərsən. Deyərsən atan deyib. Onlar da mənim yerimə sənin gözlərindən öpsünlər. Ax, Sonası, biləsən sənin üçün necə darıxıram. Lap sözgəlişi, iti itmiş çobana dönmüşəm. El məsəlidir. Cırnamayasan...

Mən çox şad oldum ki, sən süd və yumurta içirsən. Gülaraya da, Aydına da yumurta və süd ver. Onları yaxşı eylər. Xəsislik eləmə. 5 gün dünya dərdə dəyməz. Bir gün acsan, bir gün tox, 80-90, bir gün varsan, bir gün yox.

Vur qədəhlər toqquşsun, dalğalansın badələr.

Qoy ariflər zövq alsınlar, qəm çəksinlər sadələr...

Yağmurda bu şeirin birinci misrasına mən də şərikəm. İkincisini özün fikirləşərsən. Yox, yox, başına dönüm, fikirləşmə ki, qəmbərqulu çıxardarsan. Fikirləşmək sənə zərərdir. Ye, iç, gəz, gül, oyna, çal, nə bilirsən elə. Mən sənə ixtiyar verirəm. Ancaq özünü gözlə ki, naxoşlamayasan. Bundan sonra gecələr şeh oturacaq. Sən də ki, nə ağına baxırsan, nə bozuna. Uşaqları da soyuqdan saxla. Dənizdə çimmək olar. Ancaq, Sona, quyudan çox nigaran qaldım. Başına dönüm, uşaqları gözlə. Toya gedəndə Gülaranı da apar. Ancaq kukla kimi geyindir.

Sonası, mənə belə gəlir ki, hamısını yazdım. Ancaq bir şey qaldı. Darıxıram. Sənsiz darıxıram. Hər gecə səni və uşaqları yuxuda görürəm. Dünən gecə gördüm iki uşaq vuruşur. Toxundular Gülaraya. Gülara yıxıldı. Durdum götürdüm onu. Sonra gördüm Aydın vuruşur. Tez qaçdım, ayırdım onu. Bunlar hamısı ona görədir ki, darıxıram. Sonası, öpürəm səni, gözlərindən, yanaqlarından, alnından, dodaqlarından, bütün bədənindən. Sonası, həyat boş, sənsiz lap bomboşdur. Hər gün evi gəzirəm - Sona burda durardı, bura onun ayaq yeridir, burda otururdu. Elə darıxıram ki..."

Ona teatrda baş verən ən müxtəlif hadisələri də nağıl edirmiş ki, nişanəsi bir neçə məktubda qalmaqdadır. Demək, ikilikdə belə söhbətləri az olmurmuş, demək, bu sayaq bölüşməyə adətkərdədirlər ki, dərdləşmə məktublarda da davam edir.

"Səfa" operasından bəhs edir. "Səfa"nın musiqisini o vaxt Bakıda yaşayan Anton Mailyan yazmışdı. Mailyan bir Təbriz ermənisi idi, ancaq azərbaycanlıdan heç seçilməzdi, dilimizi də ana dili kimi danışarmış. Bunları və Mailyanla bağlı bir sıra başqa lətifəvari əhvalatları vaxtilə mənə maestro Niyazi də söyləmişdi. Ancaq hər halda bütün məqbul tərəfləri ilə yanaşı, o, Mailyan idi və "Rumi ki dedin, qəziyyə məlum" məsəli də gərək heç vaxt yaddan çıxmaya. O xislət ki onlarda var, nə qədər qapalı qalsa da, hər halda günlərin birində nə şəkildəsə hökmən pırtlayıb ortalığa çıxır.

Cəfər məktubunda məhz həmin "Səfa" operası ilə bağlı bu şəxslə əlaqədar baş vermiş bir mübahisənin tarixçəsini nağıl edir. Xəbər verir ki, "Səfa"nın üç pərdəsini yazmışdım. Dördüncü, beşinci pərdələri hələ qoymuşam qalıb. Çünki Mayilyan ilə davam düşüb. O deyir ki, pyes mənimdir. Mən də deyirəm ki, pyes mənimdir, musiqi sənin".

Əlbəttə ki, düz deyir, yəni librettonun müəllifi, təbii, Cəfər Cabbarlıdır, o birisi musiqi yazandır. Cəfər onun musiqisinə şərik çıxmır ki! Deyir ki, pyes mənimdir. Mailyansa iddia edir ki, ümumiyyətlə, əsər bütövlükdə onunkudur, Cəfərin adı heç ortada olmasın.

Cəfər Sonasına teatrdakı xeyirxahlarının ona verdiyi məsləhəti də çatdırır. Kruqlakov Cəfərə tövsiyə edibmiş ki, bir halda belədir, sən də pyesi vermə. Verməyəcəksən, axırda özü gələcək. Çünki sənin opera teatrı ilə müqavilən var ki, librettonu sən yazmalısan, sən də yazıb təhvil verirsən. Söhbət ki belə alınır, sən də bütöv librettonu vermə, qoy Mailyan özü gedib teatrla, opera ilə məsələni çürütsün. Bunları yazır və ayrılır teatrdan, yenə qayıdır evinə-eşiyinə, balalarının üstünə.

...Cəfərin dolanışığı qələminə bənd idi. Yazırdı, əsərləri tamaşaya qoyulurdu, azdan-çoxdan qonorar alırdı, bu ayla o ayı bir-birinə culaya-culaya güzəranı yola verirdilər.

İndi ayın sonuna az qalıb, evdə müxtəlif ehtiyaclar yaranıb. Qənd də qurtarıb. Onunla bağlı yazır: "Sonası, uşaqlar gəlib, yəqin, Gülara darıxacaq. Qəndləri də yox, sənin də pulsuzluqdan qanın qara. İncidəcəksən onu. Aydın şirinçaysız dolana bilmir. Eybi yoxdur, Sonası, iki gün səbr elə, çıxarıq vəziyyətdən. Bundan da çətin vəziyyətlərə dözmüşük. Bu nədir ki? Öpürəm Gülaramın əllərindən, Aydınımın gözlərindən. Sonası, kağızı axşam yazmışdım. Bir azdan vaxtım olacaq, bu səhər də bir məktub da yazacam".

Demək, gündə bir məktub yazmaqla ürəyi soyumur. Həyat onlar üçün bir nəğmə, bir şeir kimidir. Axı eyni duyğuları Müşfiq də yaşamışdı və yazmışdı: "Hər gün bir yeni şeir, hər gün bir yeni nəğmə".

Çətinliklər var, sıxıntılar bəs deyincə, əsəblərin gərilməsinə qədər çatan qızğın mübahisələr də, güzəştsiz höcətləşmələr də edirlər, işlərinə pəl vuranlar, ayağından çəkənlər də var, amma onu sabaha daha qətiyyətlə baxmağa və irəliləməyə səfərbər edən dəyərlər qat-qat çoxdur. Ən mühümü, ürəkdə qarşıdan gülümsəyən günlərin onunku olacağına sarsılmayan inamı var.

Ona görə Cəfər həmişə nikbindir. Hətta qızdırması kəlləçarxa qalxıb "ölürəm" dediyi anlarda da o, daha artıq olum haqqında düşünür, bu ağrı-acının da tezliklə sovuşacağına əmindir. Yağmurlar yağıb şaxta kəsəndə də içərisində daha çox bahar olur, qışa yox, yaza inanır: "Sonası, indi havalar bir az soyuqlaşır. Onun eybi yoxdur, daha da sağlam olarsınız. Nə qədər soyuq olsa yaxşıdır. Ancaq uşaqları səhər və axşam yaxşı geyindir, soyuğa vermə. Özün şirə iç".

Və gəlir incə bir məqam üstünə: "Ömrümdə ilk dəfə olaraq mənə "Cəfərciyim" yazmısan. Təkcə bu sözə görə məktubu dörd-beş dəfə oxudum".

Sona xanımsa onsuz da ürəyinin dərinliyində həmişə Cəfərini elə "Cəfərciyim" deyə düşünürdü. Həya elədiyindənmi, pərdə saxladığındanmı, məktubu bir başqası da görər düşündüyündənmi, bunu yazmırmış. İlk dəfə, hər halda, yazıb. Görünür bərk darıxırmış ki, yazıb: "Cəfərciyim".

Və bu da Cəfəri kövrəldib: "Mən sənsiz ağlamışam. Sonra sən də ağlamısan, nahaq yerə. Mən naxoş idim, sən burda yox idin. Fikirləşdim, ölərəm, səni görmərəm. Ürəyim nazikləşdi".

...Bu məktubda 1930-cu ildir, iyunun 25-i. Cəfər Leninqraddadır, bir neçə gün sonra qatar onu buradan alıb aparacaq. Hələliksə kirələdiyi mənzildə məktub yazır, az sonra çıxacaq şəhərə, bu ilıq iyun günündə əvvəlcə yollanacaq poçta, sifarişli məktubunu göndərəcək, sonra xeyli asudəcə gəzəcək, mağazalara baxacaq...

Vaxt vardı ki, 1930-cu il mənə uzaq tarix kimi gəlmirdi və həmin ilin Leninqradı da elə mənə Bakı kimi yaxın görünürdü. Yalnız ona görə yox ki, 45-50 il qabaq xeyli gənc idim, həqiqətən, 1930-cu ilə də indiyə nisbətən məsafəcə daha yaxın idim. Yox, elə onda da 1930-cu ildən yarım əsrdən artıq zaman keçirdi, elə onda da çox adamçün həmin tarix sərab kimi əlçatmaz zaman uzaqlarında sayrışırdı. Ancaq o tarixi mənə yovuqlaşdıran elə körpülərim vardı ki, özümü həmin günlərin içərisində olan kimi təsəvvür edirdim. Maestro Niyazim vardı, Şəmsi Bədəlbəylim vardı, Ağasadıq Gəraybəylim vardı, danışırdılar, onların xatirələrində dünən olurdu bu gün.

"Sonası! Sənə hey kağız yazıram, heç bir cavab almıram. Hələ bircə teleqraf almışam. İndi də daha gecdir. Bu gün ayın 25-dir. Kağız sizə çatsa, 30-da çatar. O vaxt da biz Leninqraddan çıxıb Kazana gedəcəyiz. Oradan Moskvaya gələcəyiz.

Sonası, sizin üçün lap darıxmışam. Ürəyim elə nazikləşib, gəl görəsən. Buralar yaxşıdır. Ancaq yeməli azdır. Pendir-filan çətin tapılır. Pirimus, yəni gur-gur pilitə və ət maşını var. Bilmirəm istəyirsən, ya yox? Bilsəydim, alıb yollardım. Çəkmə yoxdur. Paltar da çətin tapılır. Ancaq bunlar bir şey deyil. Özüm yaman dəliyəm. Bircə sizdən nigaran qalmışam. Qorxuram uşaqlardan naxoşlayanı-zadı olar, ya tənbəllikdən, ya pulsuzluqdan, ya da, kim bilir, nədən həkimə aparmazsan.

Bakı istidirmi? Bura əvvəl gündən soyuq idi. İndi havalar istiləşir. Hərdən ağ köynək də geyib gəzmək olur. Bu 3-cü kağızdır sənə yazıram. Bir də teleqraf göndərmişəm. Burada 15 oyun oynanılmışdır. 3 "Hacı Qara", 2 "Hamlet", 2 "Gülən adam", 3 "Sevil", 5 "Od gəlini". İndi burada, yəni Leninqradda 4 oyun da verəcəyik. "Sevil", "Hamlet", "Od gəlini", "Namus". İyunun 1-də buradan yola düşəcəyiz. Hava ilə məktub gərək ki, 1 günə gəlir. 10 qəpik alırlar. Mən bu məktubu hava ilə, yəni təyyarə ilə göndərəcəyəm. Tarixinə bax, gör neçə vaxta gəlib çatır. Yaşadığım evə tapşıracağam. Məndən sonra kağız gəlsə, geri, evimizə göndərsin".

Xatırlayıram - 1998-ci il idi, qarşıdan Cəfər Cabbarlının 100 illiyi gəlirdi, növbəti ildə Azərbaycan o yubileyi təntənə ilə keçirəcəkdi, Nizami muzeyində də bu münasibətlə böyük sərgi hazırlanırdı. Bir gün Cəfərin qızı Gülarə xanım muzeyə gəlmişdi, ona babasının burada saxlanan hansısa məktublarının surəti lazım idi. Bir-bir məktublara baxırdı və elə 1930-cu illərə aid məktublardan növbətisini oxuyanda dalğınlaşdı, bu ağ saçlı, bu dünyagörmüş qadın sanki sadəlövh, amma həmin anda otaqdakı özü kimi yaşlı muzey əməkdaşlarının hər birini kövrəldən sözlər dedi. Əslində məktubun o yeri Cəfərin zarafatı idi. Qohum-əqrəbada, məhəllədə adam qalmamışdı, hamısının adını bircə-bircə, şəbədə qoşa-qoşa yazmışdı, salam göndərmişdi və gəlib çatmışdı həyətin, məhəllənin digər daimi "sakinlərinə": "Şarikin və Popkanın kefləri necədir? Pişik əfəndinin xorultusu sazdır, ya yox? Burada bir pişik vardır, 4-nü doğmuşdur. Ev yiyəmizin arvadı 3-nü boğub, birini saxlayıbdır. Bilsəydim qoymazdım. Gecə boğub, xəbərim olmayıbdır. Bunların hamısını qurtardıqdan sonra, Sonası, yaz görüm öz kefin necədir?"

Gülarə xanım kövrəlmişdi: "İlahi, mən uşaq idim, o Şariki də, Popkanı da, Məstanı da görmüşəm, qocalmışdılar, amma anam həmişə onlara yemək verərdi, sığallayardı ki, bunlar da Cəfərin yadigarıdır".

Cəfərin nəticəsini, Gülarə xanımın nəvəsini və adı da Sona olan qızı Nizami muzeyində işə götürmüşəm, elə bir vaxtlar nənəsinin Cəfərin məktublarını oxuduğu otaqda oturur. Cəfərin yadigarı Cəfərdən qalan yadigarların yanındadır.

9 sentyabr, 2026

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Noyabr 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri