Icma.az
close
up
RU
Yaşar Qarayev: toxunulacaq qədər yaxından

Yaşar Qarayev: toxunulacaq qədər yaxından

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Sərxan XAVƏRİ
Filologiya elmləri doktoru

Martın 5-i öz elmi-ədəbi və kulturoloji-fəlsəfi görüşlərinin dərinlik və genişlik miqyası ilə fənn sahəsi olaraq ədəbiyyatşünaslığın çərçivələrini, mədəni-mənəvi məkan olaraq milli sərhədləri aşıb bütövlükdə XX əsr ümumtürk  humanitar-ictimai elmi düşüncəsinin zirvə məqamlarından birinə yüksələn, zaman keçdikcə o zirvədə əbədi olaraq qərarlaşdığı getdikcə daha çox təsbit olunan Yaşar Qarayevin növbəti doğum günüdür. Bu doğum gününü bu gün xatırlamağın xüsusi əhəmiyyəti Yaşar müəllimin tələbələrinə, onu sevənlərə, elmi-ədəbi ictimaiyyətə xatırlatmaqdır ki, düz bir ildən sonra Yaşar Qarayevin  90 illik yubileyidir. Hesab edirik ki, bu doxsan illik yubileyin ən yüksək səviyyədə qeyd edilməsini onun parlaq irsinin, ədəbi-fəlsəfi elmi düşüncələrinin, etik və estetik baxışlarının, milli cəmiyyətimizin aktual sosial problemlərinə həsr olunmuş publisistik görüşlərinin, Azərbaycan türk dilinin elmi ifadə imkanlarının hüdudsuzluğunu əks etdirən təkrarolunmaz və bənzərsiz üslubunun humanitar elmi mühitə, bütövlükdə milli ictimai şüura ötürülməsinin fürsətinə çevirə bilərik. Bu, bütün milli-mənəvi dəyərlərin, mədəni resursların, sosial münasibətlərin sürətlə rəqəmsal sosiokulturoloji mühitə transfer etdiyi və bütün bu proseslərdə milli mədəniyyətin şok effektlərlə qarşılaşdığı, çaşqınlıq keçirdiyi, milli elmi düşüncəmizin bu proseslərə bir sıra hallarda adekvat reaksiya verə bilmədiyi bir dövrdə bu yubileyə Yaşar Qarayevdən daha çox bütövlükdə milli cəmiyyətimizin ehtiyacı vardır. Yaşar Qarayev o alimlərdən idi ki, onun  universal yaradıcılığı  bənzərsiz şəxsiyyətinin davamı idi. Onunla canlı ünsiyyətdə olmaq, söhbətlərini dinləmək, davranışlarını, ətrafdakı hadisələrə, bütövlükdə varlığa münasibətini sadəcə müşahidə etmək... əsərlərini oxumaq qədər dərin, siraətedici təsirə malik idi. Onun özünəməxsus cazibə sahəsi vardır. O cazibəyə düşüb də oradan çıxmaq o qədər də asan deyildi. Ona görə də Ustadın bu doğum günlərində onunla canlı ünsiyyətin bir neçə yaddaqalan xatirə-fraqmentlərini oxucularımızla bölüşmək istədik. Hesab edirik ki, bu xatirələr onu yalnız əsərləri vasitəsilə tanıyanlar, xüsusən gənclər üçün"Yaşar Qarayev" obrazının daha mükəmməl təsəvvür edilməsində əhəmiyyətli rol oynayar.

Universitetlə Akademiya arasındakı beş metrlik tale məsafəsi

1994-cü ilin yayı, necə deyərlər, mənimki gətirmədi. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dördüncü kursunu bitirdiyim həmin yay bizə klassik ədəbiyyatdan dərs deyən, tanınmış şərqşünas və ədəbiyyatşünas alim, professor Əliyar Səfərli gözlənilmədən İran İslam Respublikasına fövqəladə və səlahiyyətli səfir təyin edildi. Bu mühüm diplomatik təyinatla mənim adi tələbə taleyim arasında əlaqə  ondan ibarət idi ki, Əliyar müəllim hələ üçüncü kursda klassik ədəbiyyata olan xüsusi marağımı, Füzuli ilə bağlı seminar cavablarımı, ilk tələbə yazılarımı nəzərə alıb, mənə Universitetin aspiranturasında yer alacağına, həmin dövrün məşhur təbirincə desək,məni "Universitetdə saxlayacağına" söz vermişdi. Əliyar müəllimin bu gözlənilməz təyinatı ilə mənim bütün arzularım - rayona qayıtmamaq, Bakıda qalmaq, məşhur adam olmaq... və nələr, nələr... bir anın içində sabun köpüyü kimi yox oldu. 1995-ci ilin yayına, sonuncu - beşinci kursa beləcə ümidsiz gəlib çıxdım. Əliyar müəllim əlçatmaz uzaqlıqda, mən isə fağır və naəlac bir tələbə...

Təyinatımı Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq doğulduğum Goranboy rayonuna alıb Əkrəm Əylislinin "Gilənar çiçəyinə dediklərim" povestinin qəhrəmanı kimi uşaqlıq illərinin doğma dostları olan ağaclarla dərdləşmək üçün rayona getməyə hazırlaşırdım. Bakı Dövlət Universitetinin binasının ikinci mərtəbəsində yerləşən Filologiya fakültəsinin dekanlığından çıxıb aşağı düşürdüm. Pilləkəndə tələbə yoldaşım Etibarla rastlaşdım (o vaxt ağlıma da gəlməzdi ki, bu təsadüfi qarşılaşma mənim taleyimin dönüş nöqtəsi imiş). Etibar başqa tələbə yoldaşlarımızdan, elə mənim özümdən də xüsusi ünsiyyətcilliyi, diribaşlığı, gözüaçıqlılığı ilə seçilirdi. Universitetə birbaşa orta məktəbi qurtarıb qəbul olan, əsgərlik təcrübəsi görməyən bizlərdən fərqli olaraq o, bütün tələbəlik dövründə "Bakının ayağından girib başından çıxmışdı". Hal-əhvaldan sonra aspirantura ilə maraqlandı. Əliyar müəllimin diplomatik təyinatını ona bir daha xatırlatmalı oldum. Sənədlərimi alıb rayona getməyə hazırlaşdığımı dedim. O, bir az dodaqaltı nə isə mızıldanıb dedi:

- Eşitmişəm ki, Akademiyada Ədəbiyyat İnstitutunun direktoruYaşar Qarayev aspirantura üçün istedadlı gənclər axtarır. Orda müavin var, Məhərrəm Qasımlı.  Yaşar müəllim bu işləri ona tapşırıb. Bəlkə bir ora gedək?

Real heç nəyə ümid etməsəm də, "boğulan saman çöpündən yapışar" prinsipi ilə razılaşdım. Elə oradanca o vaxtlar köhnə, sınıq-salxaq dəmir məhəccərlərlə bir-birindən ayrılan Universitetin həyətindən Akademiyaya keçdik.

İlk görüş

Məhərrəm müəllim bizi xüsusi mehribanlıqla qarşıladı. Mənim həmin dövrdə yad adamlarla ünsiyyətdə (illah da ki, bu, yaşca böyük xüsusi statuslu şəxslər olsun) əzab səviyyəsində utancaqlıq komplekslərim vardı. Məhərrəm müəllim nə soruşdu, mən nə cavab verdim, yadımda deyil. Bir az söhbətdən sonra, deyəsən, ağlı məndən bir şey kəsmədi. Ürəyimdə fikirləşdim ki, özümü təqdim edə bilmədim, deyəsən, işləri korladım. Dedi ki, Yaşar müəllim, əsas yazıya  fikir verir. Əgər  yazın varsa, gətir, baxaq, sonra bir söz deyərik. Bu cavabı üstüörtülü "sən buralarlıq deyilsən" kimi qəbul etsəm də, bəxtimi sınamaq qərarına gəldim.

İkinci kursda oxuyarkən bir məqalə yazmışdım: "Abbasqulu Ağa Bakıxanov: orta əsrlər epoxasından yeni dövrə keçid". Məqalə başdan-başa Yaşar Qarayevin Abbasqulu Ağa Bakıxanovun maarifçilik konsepsiyasının tənqidi üzərində qurulmuşdu. Təxminən yanaşma belə idi ki, Yaşar Qarayevin A.A.Bakıxanovu Avropa və rus mənşəli maarifçilik hərəkatı kontekstində dəyərləndirməsi  kökündən yanlışdır. Əslində, Bakıxanovun maarifçiliyi həmin dövrdə bir çox müsəlman ölkələrində müşahidə olunan "Müsəlman maarifçilik hərəkatı" adı verilə bilən islami mədəni-mənəvi dirçəliş kontekstində dəyərləndirilməlidir. Faktlarım da var idi: A.A.Bakıxanovun Şərq-Qərb mədəniyyətləri arasında daxili təbəddülatları, əsərlərində dini tendensiyalar, Məkkə ziyarəti və s. Əslində, əks konseptual yanaşmanın özünü də elə Yaşar Qarayevdən götürmüşdüm. Sadəcə gənclik radikalizmi, özünü təsdiq etmək cəhdi, bilik nümayiş etdirmək arzusu...

Bu məqalənin əlyazmasını gətirib verdim Məhərrəm müəllimə. Dedi ki, bir həftə sonra əlaqə saxlayarsan. Bir həftə sonra Məhərrəm müəllimin yanına tək gəldim (Etibarı tapa bilmədim. O, həmin qarışıq dövrdə nə işlə desən, məşğul idi). Məni görən kimi Məhərrəm müəllim dedi:

- İgid, hardasan? Yaşar müəllim neçə gündür səni axtarır.

Məlum oldu ki, Məhərrəm müəllim məqaləni oxuyub və verib Yaşar müəllimə... Məhərrəm müəllim Yaşar müəllimin otağına şən əhval-ruhiyyə ilə daxil oldu:

- Yaşar müəllim, igidin adını eşit, üzünü görmə, tapıb gətirmişəm.

Beləliklə, sonralar mənim həyat və yaradıcılıq bioqrafiyamda dərin iz buraxacaq Yaşar Qarayevlə ilk dəfə canlı olaraq Ədəbiyyat İnstitutundakı iş otağında ilk görüşüm belə baş verdi. Tələbəlik illərində bir neçə kitabını oxuduğum, zahiri görkəmini mətbuatdakı və kitablardakı fotolardan gördüyüm Yaşar Qarayevin məndə yaratdığı ilk təəssürat ondan ibarət oldu ki, uzun stolun baş ucunda əyləşmiş, o qədər də ucaboy olmayan bu insan ağ işıq topasına bənzəyir. Özümü mistik bir auraya düşmüş kimi hiss edirdim. Bu nə isə ifadəedilməz sirli-sehrli bir təəssürat idi. Bir az keçəndən sonra anladım ki, bu aura əsasını Yaşar müəllimin təbəssümlə kədərin qovuşduğu işıqlı çöhrəsindən götürür. Mən Yaşar müəllimə həsr etdiyim məqalələrin birində yazmışdım ki, Yaşar müəllimi yaxından tanıyanlar təsdiq edər ki, onun ən sevincli anlarında belə gözlərindən kədər, ən kədərli anlarında belə dodaqlarından təbəssüm əskik olmurdu. Müdrik çöhrədə qoşalaşan bu gülüş və kədər qeyri-adi bir dünyadan xəbər verirdi. Təbəssümdə ümumən iş dünyanın məsumluğu, həlimlik, müdriklikdən doğan sakitlik (peyğəmbər təbəssümü) əks olunmaqla yanaşı, Zamana və Dünyaya bir istehza da yaşayırdı. Gözlərdəki kədər isə "anlamaq həsrəti"nin (Füzuli kədəri) və "anlamaq dərdi"nin (Mirzə Cəlil dərdi) ifadəsi idi. Bu təəssüratın əsası məndə həmin ilk görüşdən yaranmışdı.

Yaşar müəllim bizi dünyada yalnız onun özü ilə ünsiyyətdə olanların təsəvvür edə biləcəyi nəzakətlə qarşıladı. Əyləşdik. Dedi:

- Məqalənizi böyük maraqla oxudum. Elmi aparaturası mükəmməldir. Məni də yaxşıca tənqid etmisiniz. Siz bu ilin sentyabrında hökmən bizim İnstitutun aspiranturasına sənəd verməlisiniz.

Səsinin ahəngi və ritmi düşdüyüm auranı bir az da mistik ovqata bürüdü (yəqin ki, iyirmi iki illik həyatımda mənə ilk dəfə idi ki, kimsə "siz" deyə müraciət edirdi).

Tale bu qədər gözlənilmədən və bu səviyyədə sığortalı (həmin dövrdə Yaşar müəllim cəmiyyətdə kifayət qədər intellektual, mənəvi, həm də inzibati nüfuza malik idi) adamın üzünə gülə bilərmiş...

Yaşar müəllim yayda harada olacağımla maraqlandı. Dedim ki, rayonda olacağam. Bir az da universitet həyatı ilə bağlı söhbətdən sonra sağollaşıb ayrıldıq. Qapıdan çıxanda, arxadan səsləndi:

- Məhərrəm, rayondakı evlərinin telefon nömrəsini götür. Birdən gedər, əlaqə saxlamaz.

İmtahan

Avqustun sonları Bakıdan rayondakı evimizə zəng gəldi. Məhərrəm Qasımlı idi. Dedi:

- Yaşar müəllim Bilgəhdən zəng vurmuşdu ki, o məni tənqid edən oğlana zəng vur, sentyabrın əvvəli gəlib sənədlərini aspiranturaya versin.

Sentyabrın əvvəli gəldim Bakıya, imtahanlar başladı. O dövr indikindən fərqli olaraq qəbulun taleyini həll edən əsas imtahan ixtisas fənni idi. Yadımdadır ki, imtahanda Füzulidən sual düşmüşdü. Eləmə tənbəllik, orda da Füzuli ilə bağlı bütün cavabımı imtahan komissiyasının üzvü kimi mənimlə üzbəüz oturmuş, mərhum Azadə Rüstəmovanın klassik ədəbiyyat haqqındakı mülahizələrinin tənqidi üzərində qurdum. Həmin dövrdə Azadə Rüstəmova istər intellekti (məşhur Y.Bertelsin yetişdirmələrindən olmuşdur), istər mənəvi keyfiyyətləri ilə ziyalılığın, elitarlığın, kübarlığın simvolu idi. Onun qadın nəcibliyi, qadın zərifliyi isə bambaşqa bir söhbətin mövzusu idi.

Komissiya üzvləri cavablarımı yüksək qiymətləndirdilər. Hətta Teymur Kərimli dedi ki, mən çox şadam ki, nəhayət ki, Azərbaycan ədəbiyyatşünaslığının Fuad Köprülüzadəsi gəlib çıxdı. Azadə xanım isə bütün təriflərdən sonra axırda o komplimenti də əlavə etdi ki, bu oğlanın həm də dərin mənalı gözləri var. Hiss olunurdu ki, Yaşar müəllimin təbəssümlü çöhrəsində "bəs mən nə deyirdim?" ədası vardı. Çaşıb qalmışdım. Fiziki mənada beş il ayaq döydüyüm Universitetin cəmi beş addımlığında bu qədər fərqli bir mühitin olduğuna inanmır, hara düşdüyümü ayırd edə bilmirdim. Direktoru elə, direktor müavini belə, şöbə müdirləri də ki, lap belə... Əvvəl düşündüm ki, bəlkə bütün bunlar elə peşəkar səviyyəli ironiyalardır ki, mən ciddiyyətlə səhv salıram. Sonra dedim, yox, yəqin məndə də nə isə var də...

İmtahanlardan sonra Yaşar müəllim məni qəbul etdi, dedi ki, əgər etiraz etmirsinizsə, sizin elmi rəhbəriniz mən olardım. Təbii ki, məmnuniyyətlə razılaşdım. Sonralar  bildim ki, həmin illərdə Yaşar müəllimin elmi rəhbərliyi üçün nə qədər xahiş-minnətlər, nə qədər zənglər olurmuş, nə qədər növbə gözləyənlər varmış.

Sonra dissertasiya mövzusu ilə bağlı müzakirələrə başladıq. İsrarla təsəvvüf ədəbiyyatı üzərində dayandım. Nəhayət "XIII-XVI əsrlər Azərbaycan təsəvvüf ədəbiyyatı: təşəkkülü, cərəyanları və ənənələri" mövzusunu seçdik. Mövzu təsdiqindən bir neçə gün keçmişdi. Dissertasiyanın ilkin plan-prospektini müəyyənləşdirmək üçün görüşmüşdük. Rəsmi söhbətlərdən sonra Yaşar müəllim özünəməxsus bir səmimiyyətlə dedi:

- Gəl, bir az da yaxından tanış olaq. Kimsiz, kimlərdənsiniz, haradan gəlib hara gedirsiniz?

Dedim:

- Yaşar müəllim, özüm Goranboyda doğulmuşam, on yeddi yaşında tələbə olaraq Bakıya köçmüşəm, ata babam Ordubadda doğulub, Dizədə, əsrin əvvəllərində bu taydan Cənubi Azərbaycana köçüb. Atam Cənubi Azərbaycanda doğulub, Ələmdar vilayətində, əsrin ortalarında o taydan Naxçıvana köçüb. Anam Şəkidə doğulub, Böyük Dəhnədə, əsrin ortalarında Şəkidən Goranboya köçüb... Sonradan atam da Naxçıvandan Goranboya köçüb...

Mən bu "köçhaköçdə" ikən Yaşar müəllim qəfil məni dayandırdı:

- Dayan, dayan... Ötən əsrin birinci yarısında bir cənublu mühacirlə şəkili xanımın izdivacından əsrin böyük materialisti Mirzə Fətəli Axundzadə dünyaya gəlmişdir. Görürəm ki, yüz ildən sonra növbəti cənublu mühacirlə şəkili xanımın izdivacından əsrin böyük idealisti  doğulub!

O, "idealist" deyərkən mənim təsəvvüf mövzusuna marağıma işarə edirdi. Təbiidir ki, deyilənlərin hiperbolik müqayisə olduğunu bilsəm də, dünyada yalnız Yaşar Qarayev təfəkkürünə məxsus belə bir epoxal müqayisənin predmeti olmaq, olduqca xoş idi. Tanıyanlar bilir, epoxal miqyaslarda analogiyalar, yaxud tezislər və antitezislər tapmaq, onlar arasında müqayisələr aparmaq, onları real situasiyada hadisələrlə əlaqələndirmək Yaşar Qarayev təfəkkürü üçün adi məişət əyləncəsi  idi. Həm də o, bunu yalnız adi söhbətlərində etmirdi. Rəsmi sənədlərdə, rəylərdə Hatəm səxavəti ilə belə hiperbolik müqayisələr aparırdı, xüsusən gəncləri olduğundan xeyli fərqli dəyərləndirirdi. Məsələn, aşağıdakı cümlələr mənim dissertasiyama yazdığı rəsmi elmi rəhbər rəyindəndir: "Nəsimiyə təkcə Nəimidən baxmaq - XIV əsrin düşüncə və şüur kontekstində dayanmaq, donub-qalmaq demək olardı: həm Nəsimiyə, həm də Nəiminin özünə məhz XXI əsrdən - Sərxandan baxmaq lazımdır. Adətən, Nəsimi və Nəimi ilə bağlı qaynaqlar mütləq məqsədə çevrilir, amma onlara yanaşmada bugünkü baxışın - Sərxanın elmi intellekt göstəriciləri olmasa, bu qaynaqların rolu, əhəmiyyəti elə qaynaq çərçivəsində də qalar (İnformasiyanın həcmi, passiv "bankı" böyüyər, amma canlı elmi dövriyyədə iştirakı sıfıra bərabər olar)".

Qoca satıcı və funksional transformasiya

Şopenhayer deyirdi ki, o adam istedadlıdır ki, qoyulan məsələni hamıdan tez həll edir, o adam dahidir ki, yeni məsələnin qoyuluşu ilk dəfə onun ağlına gəlir. Burada problemin qoyuluşu ilə onun həlli arasındakı intellekt nisbəti dəqiq ifadə edilmişdir. Yaşar müəllim də problemə ən mükəmməl şərh və həll verməklə bərabər, yeni problem qoymağın da mahir ustası idi. Yalnız bədii mətnə yox, ümumiyyətlə, varlığa onun fərqli baxışı vardır. Hərdən adama elə gəlirdi ki, varlıq hamıdan fərqli olaraq Yaşar Qarayevin gözündə olduğundan fərqli bir ölçüdə, fərqli biçimdə, fərqli rəngdə cilvələnir. O, ən adi bir hadisəni tamamilə qeyri-adi rakursdan dəyərləndirməyi, ondan ümumiləşmiş bitkin nəticə, düstur çıxarmağı ilə hər dəfə heyrətləndirməyi bacarırıdı.

Bir dəfə Yaşar müəllimlə Akademiyanın həyətindən çıxırdıq. Bir nəfər yaşlı bir kişi öz köhnə sovet "jiquli"sinin baqaj, yan və ön hissələrinə əlavə taxtalar quraşdıraraq müxtəlif meyvələri cərgə ilə onların üzərinə düzüb, satırdı. Yaşar müəllim xüsusi bir maraq və təəccüblə bir xeyli bu mənzərəyə tamaşa etdi. Ağlımıza gələn bu idi ki, yəqin ki, Yaşar müəllim bu qocaya baxaraq bazar iqtisadiyyatının sıxıntıları fonunda xalqın güzəran problemləri haqqında düşünür (o vaxt onun cəmiyyətdə böyük rezonans doğuran, əsasən, ziyalıların ağır güzəranından, bazarın təzyiqi altında mənəvi deformasiyasından bəhs edən "Yaddaşsızlıq və zamansızlıq - bazar dövrü" məqaləsi nəşr olunmuşdu). Bir müddət müşahidədən sonra o, son dərəcə səmimi bir təəccüblə dedi:

- Qəribədir, bu adam öz şəxsi avtomobilindən mağaza kimi istifadə edir. Görəsən, bunu ilkin təyinatın funksional  transformasiyasına nümunə hesab etmək olarmı?

Təbii ki, Ustad bu sualı mənə yox, özü-özünə verirdi. Başa düşdüm ki, onun təfəkküründə hansısa elmi problemin ilkin qoyuluşunun konturları cızılır. Az sonra Yaşar müəllimin geniş elmi ictimaiyyətə hələ indi də o qədər bəlli olmayan, yalnız az tirajla nəşr olunmuş "İnternet və İntellekt" Eksperimental Bülleteninə daxil edilmiş "Riyazi ədəbiyyatşünaslığa giriş" məqaləsi nəşr olundu. Oradakı humanitar elmlərlə dəqiq elmlərin qarşılıqlı münasibətlərindən bəhs edən mülahizələri oxuyanda başa düşdüm ki, o qoca satıcı öz "jiquli"si ilə bu universal təfəkkür orbitinin fokusuna niyə düşübmüş?

Vida

2000-ci ilin əvvəllərində Yaşar müəllim infarkt keçirdi. "Qasırğa məni yaman yaxaladı. Yıxılsam, aparacaqdı. Ayağım üstə möhkəm dayandım, çiynimdən sürüşüb aşdı..." Onda hələ nə özünün, nə də başqalarının ağlına da gəlmirdi ki, bəla sürüşüb keçməyib. O, bir daha tam bərpa oluna bilmədi. Onun da əzabkeş sələfi Sabir kimi öncə ürəyi, az sonra isə qara ciyəri... Əsərlərinin birində Yaşar müəllim Sabiri "qeyrətin ağrısına, namus yanğısına timsal" adlandırmışdı. Onu da acı tale yoldaşı Sabir kimi, ümummilli dərd Qarabağla bağlı "qeyrətin ağrısı, namus yanğısı" için-için ovmuşdu.

2002-ci ilin avqustu. Daxili İşlər Nazirliyinin Hospitalında Yaşar müəllim ölüm yatağında son günlərini yaşayır. Başının üstündə yaxın ailə üzvləri ilə bərabər, yetişdirmələri Hüseyn İsmayılov, Seyfəddin Rzasoy, Ağaverdi Xəlil və başqaları...

Yaşar müəllim yatağının başı tərəfindəki stolun üstündə əlyazmanı bizə göstərib dedi:

- Sonuncu kitabımdır: "Min ilin sonu". Mümkün olsa, onu kitablaşdırarsınız.

Sonra ağır-ağır əlavə etdi:

- Təsəvvür edin ki, dünyada hər hansısa bir bitki növünü yox etmək istəyirlər. Hər yerdə onun kökünü kəsir, toxumlarını məhv edirlər. Belə bir vəziyyətdə həmin bitkinin yalnız bircə toxumunu gizlətmək, qoruyub saxlamaq mümkün olsa, yenidən o bitki əvvəlcə kiçik bir ərazidə, daha sonra bir ölkədə, daha sonra bir qitədə, daha sonra bütün planetdə yayıla bilər.

Sonra əlavə etdi:

- Əgər siz məndən sonra elmi, halallığı, saflığı, mənəvi dəyərləri, ədaləti yalnız Ədəbiyyat İnstitutunda qoruyub saxlaya bilsəniz, onda bu dəyərlər zamanla Ədəbiyyat İnstitutundan Akademiyaya, Akademiyadan bütün ölkəyə yayıla bilər. Bu, Ustadın bizə son vəsiyyəti idi.

2002-ci il avqust ayının 25-də Yaşar Qarayev gözlərini dünyaya əbədi olaraq yumdu. Yaşar Qarayevin sağlığında üzünü görmədiyi sonuncu kitabı "Min ilin sonu" onun qırx mərasimində artıq çapdan çıxmışdı. "Fiziki mənada son nəfəsi və səsinin ritmi, ahəngi bu kitaba hopdu. Ömrün qürubu da elmdə yeni fikir və mülahizələrin doğuluşuna ünvanlandı, son anadək ona sədaqətlə xidmətə həsr edildi". Bu, həmin kitaba yazılan son sözün ilk cümlələrindəndir...

Yaşar Qarayevin vəfatı ədəbi-elmi mühitdə dərin rezonans verdi, qəfil mətbuat səhifələri bu itkinin ağrı-acısı ilə dolub daşdı. Yaşar Qarayevlə bağlı onun vəfatından sonra yazılmış yazıların əksəriyyətində bir günahkarlıq kompleksi, "onu qoruya bilmədik!" iniltisi, təəssüfü və peşmançılığı var idi.

Bəzən daxilən zəngin şəxsiyyətlərdə insani həssaslıq elə zəriflik səviyyəsinə yüksəlir ki, nəinki ictimai məzmun daşıyan problemlər, hətta adi sünilik, qeyri-təbiilik, qeyri-səmimilik belə onlara, sözün həqiqi mənasında, öldürücü təsir göstərir. Ona görə "sözün həqiqi mənasında"kı zərif həssaslıq üçün mühitin psixoloji təzyiqi radiasiyalı təsirə bərabər olur və onu ən cüzi təsirlə belə zədələyə bilir. Ən xəfif yeldən belə bəmbəyaz pənbə ləçəkləri qopub havaya dağılan zəncirotu çiçəyi kimi, zərif həssaslar da ən zəif təsirdən həm psixi, həm psixofiziki mənada qəlpə-qəlpə parçalanıb sökülürlər.

Yaşar müəllimin yalnız insanlığa deyil, varlığa qarşı həssaslığı belə zəriflik səviyyəsində idi. Ən adi neqativ belə ona təsəvvürəgəlməz dərəcədə əzab verirdi. O, başqalarının yerinə utanır, başqalarının yerinə əzab çəkir, başqaların taleyi üçün cavabdehlik və məsuliyyət hissini öz üzərində başqalarından daha çox hiss edirdi.

Belə həssaslıq insanlığa və varlığa  görə mənəvi məsuliyyətin peyğəmbərlik səviyyəsidir. Və ən qəribəsi də odur ki, belə hallarda cəmiyyət şəxsiyyətə nə etdiyini qətiyyən anlamır.

Belə həssasları həm özünə qəsd etməkdən, həm də cəmiyyət tərəfindən sözün məcazi mənasında qətlə yetirilməkdən qorumaq lazımdır. Radiasiyalı mühitdə işləyənlərə xüsusi qidalar verildiyi kimi, onlar da əlavə izolyativ üsullarla qorunmalıdırlar. Bu mənada Yaşar Qarayevin ölümü, Vsevold Meyerxoldun ifadələri ilə desək, həm də "istehsalatın radiasiyalı sahələrindən birində əməyin mühafizəsi qaydalarının kobudcasına pozulması" demək idi...

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlər ən qədim quşlardan birini aşkar etdilər

04 Mart 2025 15:58see151

Finlandiya prezidenti Ukrayna ilə bağlı maraqlı şərt irəli sürdü: ABŞ Rusiya ilə yan yana ola bilməz

05 Mart 2025 11:03see130

“Abşeron” və “Milli Aviasiya Akademiyası” turu qələbə ilə bitirib

05 Mart 2025 01:34see126

Ekoloqlar yanğın yerinə GETDİLƏR

05 Mart 2025 11:03see125

Çin hərbi büdcəsini kəskin artıracaq

05 Mart 2025 20:40see124

İlon Mask amerikalıların şəxsi məlumatlarını araşdırmaqda ittiham olunur

05 Mart 2025 11:03see124

Gəncədə avtomobillər toqquşdu: Yaralı var Fotolar

05 Mart 2025 21:04see123

Dağıstanda silahlı toqquşma: 4 terrorçu öldürüldü YENİLƏNİB

05 Mart 2025 08:40see122

Ərdoğan və İlham Əliyev iftar süfrəsində

05 Mart 2025 21:24see119

Qaraciyər üçün ən faydalı qidalar Kələm, balıq, avokado

05 Mart 2025 07:20see117

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR 10 12 martdan…

05 Mart 2025 04:30see114

Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır

05 Mart 2025 09:09see114

Ermənilərin ABŞ dən deportasiyası: “Tramp belə addımlarla öz nüfuzunu…”

04 Mart 2025 22:26see114

Starbucks Rusiya bazarına qayıdır

05 Mart 2025 07:41see114

ABŞ da güclü külək: 500 mindən ev işıqsız qalıb

05 Mart 2025 21:08see113

ABŞ qanunsuz miqrasiyaya şərait yaradan xarici rəsmilərə qarşı sanksiyalar tətbiq edəcək

06 Mart 2025 00:46see113

Lənkəranda yanğın zamanı ata və oğlu xəsarət alıb

06 Mart 2025 03:28see112

Deku rəğbət bəsləyir, Flik isə tam əmin deyil

05 Mart 2025 22:57see112

Bakının məşhur restoranlarında iftar süfrəsinin qiymətləri SİYAHI

05 Mart 2025 09:02see110

Rusiyalı deputat Rusiyaya qarşı sanksiyaları ləğv etməməyi xahiş edir...

06 Mart 2025 00:06see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri