Yaşasın “Şuşa”, rədd olsun “Şuşi”!
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qusarlı polkovnik bu nida ilə Azərbaycan bayrağını şəhərin qala qapısının üzərində ucaltdı
Azərbaycan Ordusunun xüsusi təyinatlı dəstəsinin komandiri, polkovnik Rəşad Aslanov döyüş yoldaşları ilə bərabər Şuşa şəhərinin işğaldan azad edilməsində böyük qəhrəmanlıq göstərib. O, düz 6 il əvvəl Azərbaycan bayrağını Şuşanın girişinə sancıb. Bu tarixi an bu gün yalnız Rəşad üçün deyil, bütün Azərbaycan xalqı üçün sonsuz qürur mənbəyidir!
Polkovnik Rəşad Aslanovun Şuşanın girəcəyində erməni dilində yazılmış “Şuşi” sözünün önündə Azərbaycan bayrağını sancmasını əks etdirən videoyazı var və bu kadrlar müxtəlif televiziya kanallarında və sosial şəbəkələrdə dəfələrlə nümayiş etdirilib. İgid zabitimiz Şuşada düşməni yenənədək çox ağır döyüşlərdə misilsiz şücaətlər göstərmiş, dəfələrlə ölümlə üzbəüz qalmış, nəhayət, ən böyük arzusuna çatmışdı.
Bu, əlbəttə, polkovnik üçün sözlə ifadə edilməsi mümkün olmayan böyük bir xoşbəxtlikdir. Yeri gəlmişkən, Rəşad Aslanov dəfələrlə “Xalq qəzeti”nin redaksiyasında olub, “XQ TV”də çıxış edib, qəzetin səhifəsində onunla müsahibələr dərc olunub. Bu günlərdə onunla yenidən görüşüb həmin həyəcanlı anları yada salmasını xahiş etdik. Polkovnik hər dəfə olduğu kimi, bu dəfə də o anları həyəcanla xatırladı və dedi:
– Şuşa alınanda Naxçıvanda xidmət etdiyim hərbi hissədən özümlə gətirdiyim Azərbaycan bayrağı üstümdə idi. Bütün yaxınlarıma, dostlara və ailəmə demişdim ki, Şuşanı alacağıq və üçrəngli bayrağımızı Şuşaya mən sancacağam. Arzuma çatdım. Şuşanın girişinə o bayrağı sancanda özümü çox xoşbəxt biri sandım. Qüdrətli, qalib ölkənin Qalib Ali Baş Komandanının rəhbərliyi ilə gözəl Şuşamızı bayraq müjdəsi ilə salamlamaqdan qürurlu nə ola bilərdi ki?
Bəli, polkovnik Rəşad Aslanov Vətən müharibəsinin igid qəhrəmanlarındandır. 44 günlük şanlı savaşda yüksək peşəkarlıq və vətənpərvərlik nümunəsi göstərib. “Qarabağ” ordeni, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə” və digər medallarla təltif edilib. O, həmçinin “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallara da layiq görülüb.
Qarabağ müharibəsinin qəhrəmanı Rəşad Əmirbəy oğlu Aslanov 1979-cu il mayın 2-də Qusar şəhərində dünyaya göz açıb. Atası Əmirbəy kişi rayonda adlı-sanlı kimya müəllimi olub. Rəşad ilk təhsilini Qusar şəhərində alıb, sonra Bakı Türk Liseyinə daxil olub. Hələ orta məktəb illərindən cüdo ilə fəal şəkildə məşğul olub, idman ustası dərəcəsi əldə edib və bir çox respublika və beynəlxalq yarışlarda qalib gəlib.
Rəşad liseyi əla qiymətlərlə bitirmişdi və həmin il sınaq imtahanlarından 687 bal toplamışdı. O, bu balla istənilən nüfuzlu ali məktəbin ödənişsiz əsaslarla “ən əlçatmaz fakültəsi”nə daxil ola bilərdi. Amma çətin və çətin olduğu qədər şərəfli hərb sənətini seçdi. Ona görə seçdi ki, doğma Vətənin torpaqlarının bir hissəsi hələ də düşmən əsarətində idi. Ona görə hərbçi olmaq istədi ki, məşhur bir şeirdə deyildiyi kimi, “Vətən ona oğul desin!” O, bu haqqı qazandığı üçün xoşbəxtdir!
Bəli, Rəşad 1997-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olundu. Kursant olduğu müddətdə yüksək təhsil göstəricilərinə görə Prezident təqaüdünə layiq görüldü, ali təhsilini fərqlənmə diplomu ilə başa vurdu. Xoşbəxtlikdən, həmin diplomu ona şəxsən ümummilli lider Heydər Əliyev təqdim etdi. Rəşad söylədi ki, ulu öndər Heydər Əliyevin əlindən aldığı diplom bir məşəl kimi onun bütün həyatını işıqlandırıb: “Mən xoşbəxtəm ki, o dahi insanı şəxsən görmüşəm. Bu, mənə böyük şərəfdir”.
...2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən təxribatına cavab olaraq doğma torpaqlarımızın işğalçılardan azad edilməsinə başlayanda Rəşad Aslanov Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı hərbi hissəsinin komandiri idi. Bir neçə gün sonra Ali Baş Komandanın əmri ilə Naxçıvan xüsusi təyinatlıları da Qarabağda Vətən müharibəsinə qoşuldular.
Rəşad Aslanov həmin günü illər boyu səbirsizliklə gözləmişdi. Nəhayət, oktyabrın 10-da xüsusi təyinatlılar müharibə bölgəsinə gələrək ağır döyüşlərə başladılar. Düşmən ciddi müqavimət göstərirdi. Amma Azərbaycan əsgər və zabitlərinin sonsuz qələbə əzmi qarşısında duruş gətirə bilmədi və bilməzdi də. Haqq bizim tərəfimizdə idi. Rəşad Aslanov dedi ki, onların yalnız bir amalı vardı: yalnız irəli getmək, “Dəmir yumruq” altında Şuşanı və bütün Qarabağı azad etmək!
Artıq azad Şuşada bir müddət sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə çəkilən foto da polkovnik Rəşad Aslanov üçün son dərəcə əziz xatirədir. O, sonralar dəfələrlə döyüş dostları ilə bərabər Şuşada olub, milli mədəniyyətimizin paytaxtı sayılan bu gözəl, ecazkar şəhərin havasını ciyərlərinə çəkib. Hər dəfə ürəyindən bu sözlər qopub: “Şuşa, sənə bizim Qusardan, Şahdağdan salamlar gətirmişəm!”
Bu gün, bu əziz bayram günlərində özünü haqlı olaraq “Xalq qəzeti”nin dostu adlandıran igid zabitimizi ürəkdən təbrik etməyi özümüzə şərəf bilirik! Bayramınız mübarək, cənab polkovnik!
Məsaim ABDULLAYEV,
Kəmalə ABDİNOVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 09 Noyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















