Icma.az
close
up
RU
Yassin Benzia qalacağına ümid edir: “Qarabağ” karyeramın ən uğurlu komandasıdır”

Yassin Benzia qalacağına ümid edir: “Qarabağ” karyeramın ən uğurlu komandasıdır”

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Qarabağ”ın futbolçusu Yassin Benzianın futbolinfo.az-a müsahibəsi

– Başlayaq hələ dünyaya gəlmədiyin vaxtlardan. Valideynlərin nə səbəbdən Əlcazairdən Fransaya köçüb?

– Əksər əlcəzairlilər kimi bu işlə bağlı olub. Əlcəzairdən Fransaya köçənlər həmişə orada yaxşı iş tapmaq istəyiblər. Mənim valideynlərim də haradasa, 1980-ci illərin sonları və 1990-cı illərin əvvəllərində vətəni tərk etmək qərarına gəlib.

– Nəsildə futbol oynayan olub?

– İki böyük qardaşım futbol oynayıb, mən də elə onların yolunu getmişəm. Əslində, böyük qardaşım indi də Fransanın 3-cü divizionunda oynayır, o biri qardaşım da “Lill” və “Havr” akademiyalarında çıxış edib, amma sonradan futbolu atdı. Futbola maraq da elə mənə qardaşlarımdan keçib.

– Müxtəlif uşaq olsan da, 16 yaşında Lion akademiyasına dəvət aldın. Ora necə düşdün?

– Əslində, ayağım top tutandan məhəllədə futbol oynamağı sevmişəm. Bizim yaşadığımız yerin yaxınlığındakı Küvi şəhərində akademiya var idi. Deməli, orada bir turnir keçirilirdi, məni də ora dəvət etdilər. Həmin turnirə də PSJ, “Lill” və digər böyük klubların uşaq komandaları mübarizə aparırdı. Mən o turnirdə yaşda özümdən böyüklərə qarşı oynadım. Bu turnirə “Olimpik Lion” öz skautlarını göndərmişdi. Burada mən “9” nömrə kimi oynayırdım, xeyli də qol vurdum. Elə orada da “Olimpik” skautlarının diqqətini cəlb etdim. Ailə üzvlərimlə görüşdülər, heç olmasa ora yollanıb yoxlanışdan keçməyimi xahiş etdilər. Mən də baxışdan uğurla keçdim və akademiyaya qəbul olundum.

– Lionda sənə “yeni Benzema” deyirdilər. Bu səni təzyiq altında saxlayırdı?

– Qətiyyən! Onu bilirəm ki, futbolda hər kəsin öz yolu, öz karyerası var. Bəlkə də kimlərsə məndən daha çox şey gözləyib, amma bu məni təzyiq altında saxlamırdı.

– “Olimpik” karyeranı necə dəyərləndirərdin?

– Əslində Lion klubunun akademiyasının məzunu olub əsas komandaya düşmək elə də asan iş deyil. Orada həddindən artıq istedadlı futbolçu var idi. Doğrusu, əsas komandaya düşsəm də, orada çox futbol oynamadım. Nəticədə “Lill”ə transfer olundum. Çünki o vaxt “Lill” mənə daha çox oynamaq zəmanəti verirdi. Əslində, “Olimpik”də çox da futbolun dərinliklərinə vara bilmədim, amma bu oyunun bəzi prinsiplərini məhz bu klubda öyrənmişəm.

– 2013-cü ildə “Olimpik”də “Soşo” ilə oyunda 1 qol vurdun və Lakazettlə Qyurkuffa da qol ötürmələri etdin. Bütün Fransa səndən danışdı. Həmin oyunu xatırlayırsan?

– Əlbəttə, onu unutmaq olar?! Bu, mənim peşəkar karyeramda ilk qolum idi. Həmişə də bunu xoş xatirələrlə yada salıram.

– Lionda oynayarkən bu komandanın azarkeşləri gələcək perspektivini Benzia – Bahluli – Marsialda görürdülər. Amma o ikisi “Monako”ya keçdi, sən “Lill”ə. Sizə uzun müddət şans verilsəydi, fərqli “Olimpik” izləyə bilərdik?

– Həqiqətən də orada qalsaydıq, fərqli “Olimpik” izləyə bilərdik, bütün karyeramız dəyişərdi. Amma həmin zaman klub ciddi maliyyə problemləri ilə üzləşmişdi. Ona görə də onların bizi satmaqdan başqa çarələri yox idi. Məcburiyyətdən bunu etdilər.

– “Lill”ə keçidin necə alındı?

– Əslində məni bura agentim gətirdi. Halbuki, buna qədər “Renn” variantı var idi. Son anda “Lill” məsələsi ortaya çıxdı. O vaxt “Lill”i Erve Renar çalışdırırdı. Yəqin onu son dünya çempionatından yaxşı tanıyırsız – Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi idi. Renarla yaxşı münasibətlərim var idi. Elə ona görə də “Lill”i seçdik.

– Bu komanda ilə 4 illik müqavilə imzalasan da, o qədər çox qol vura bilmədin. Ən uğurlu oyunun kimi “Lill”dəki ilk mövsümündə sabiq komandan “Olimpik”in qapısından iki top keçirməyini söyləmək olarmı?

– Doğrudur, həmin oyunda dubl etdim, amma daha yaxşı matçlar da var idi. Sadəcə, onu deyə bilərəm ki, mənim yenidən keçmiş komandama qayıtmaq söhbətləri də var idi. Ona görə də bu oyun daha çox yaddaşlarda qalıb.

– “Lill” karyeranı necə dəyərləndirərdin? Orada oyununun alındığını söyləyə bilərsən?

– Əslində, mən oynadığım müddətdə “Lill”in də vəziyyəti o qədər yaxşı deyildi. Klubun sahibi onu başqa bir adama satmağı planlaşdırırdı. Məşqçilər tez-tez dəyişirdi, hər gələn məni yeni mövqedə oynadırdı. Mən orada 22 yaşımda komandanın kapitanı idim. Onu deyə bilərəm ki, “Lill” mənim üçün böyük təcrübə oldu.

– 2018/19 mövsümündə “Fənərbağça”ya icarəyə verildin, amma 13 oyunda meydana çıxdın və qol vurmadın. Türkiyədə işlərin niyə alınmadı?

– Mən “Fənərbağça”ya gedəndə orada baş məşqçi Filipp Koku idi. Haradasa 7-8 oyunda onun başçılığı altında çox yaxşı oynadım. Xüsusilə də “Beşiktaş”a qarşı keçirdiyimiz oyunu qeyd edərdim. Hamı mənim həmin oyundakı çıxışımdan danışırdı. Amma sonradan Kokunu göndərib Ərsun Yanalı gətirdilər. Yanal gələn kimi məni bir qədər arxaya çəkdi, yəni “6” nömrə mövqeyində oynatmağa başladı. Qış fasiləsindən sonra isə ümumiyyətlə məni komandadan kənara qoydu, üstəlik dedi ki, “sən burada icarə əsasında oynayırsan, mən icarədə olan oyunçunu istəmirəm”. Bu adamın qərarı mənim Türkiyə və “Fənərbağça” karyeramı alt-üst etdi. 6 ay təkbaşına məşq etməli oldum. Hətta buna görə mənə heç maaş da vermədilər.

– “Fənərbağça”dan söz düşmüşkən, bu komanda 2013/14 mövsümündən etibarən çempion ola bilmir. Səncə, bu komandanın problemləri nədən ibarətdir?

– Mənə görə “Fənərbağça”nın fəlsəfəsi yoxdur. Bu komandanın elə bir yolu yoxdur ki, ona sadiq qalsınlar. Hər mövsüm saysız-hesabsız oyunçu dəyişirlər. Orada futbolçularla heyvan kimi davranırlar. Necə ki, vaxtilə mənə qarşı belə etdilər. Həmin vaxtda klubun belə bir siyasətindən tək mən əziyyət çəkmirdim. Sən işini düzgün görmürsənsə, nəticələr də elə belə olacaq.

– 2019/20 mövsümündə də icarə əsasında “Olimpiakos”da oynamısan. Burada da çox az oyun keçirmisən və qol vura bilməmisən. Yunanıstanda nə kimi çətinliklə üzləşmisən?

– Mən ora keçənə qədər komanda artıq tam olaraq komplektləşmişdi. “Olimpiakos” onda Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Buna baxmayaraq, baş məşqçi Pedro Martinş mənə şans verirdi. Məsələn, “Tottenhem”ə qarşı oynadım. Amma uğruszuluq məni “Srvena Zvezda” ilə oyunda yaxaladı. Bu oyunda qırmızı vərəqə aldım, “Olimpiakos”un sahibi Georgios Marinakis matçdan sonra gəlib dedi ki, “daha mən Benzianı komandada görmək istəmirəm”. Həmişə mənim karyeramda bir nəfər gəlib qarşımı kəsir də… Nəticədə yanvara kimi oynamadım, məsələ bununla da bağlandı.

– 2020-ci ildə yenidən Fransaya qayıtmısan və iddiasız “Dijon”da oynamısan. Buradakı çıxışını necə dəyərlənidrərdin?

– Əslində “Fənərbağça”ya keçərkən ölkə xaricində təcrübə qazanmaq istəyirdim. Amma təəssüf ki, uğursuzluqla üzləşdim. Eyni problemlərlə “Olimpiakos”da da üzləşdim. Bu 2 illik uğursuz təcrübə məni Fransaya qayıtmaq məcburiyyətində qoydu. Agentimə dedim ki, “klubun statusu və mövqeyi vacib deyil, Fransaya qayıdıb yenidən futbol oynamaq istəyirəm”. Həmin vaxt ortaya “Dijon” variantı çıxdı. Onda da bu komanda Liqa 1-də yerini qorumaq uğrunda mübarizə aparırdı. 20 komanda arasında haradasa 15-ci sırada idi. Baş məşqçi də mənə demişdi ki, “gəl, sənə ehtiyacımız var”.

– Türkiyədə çətinliklərlə üzləşməyinə baxmayaraq yenidən ora qayıtmısan, bu dəfə icarə əsasında “Hatayspor”da çıxış etmisən…

– Fransada ağır avtomobil qəzası nəticəsində ciddi xəsarət aldım. Nəticədə bir müddət futboldan kənarda qaldım. İş elə gətirdi ki, “Dijon” da aşağı dəstəyə yuvarlandı. Əlbəttə ki, mən də Liqa 2-də oynamaq istəmirdim. Xidmətimdə maraqlı olan klublar da tərəddüd içində idilər, heç kim sağalandan sonra necə oynayacağımı bilmirdi. Amma mən öz üzərimdə işlədim, məşqləri bərpa etdim. Onda da “Hatayspor”dan dəvət aldım. Bu komandanın baş məşqçisi Ömər Ərdoğan mənimlə əlaqə yaratdı. “Hatayspor” da onda çox yaxşı çıxış edirdi, səhv etmirəmsə, 3-cü sırada idilər. Ona görə yanvarda Türkiyəyə getmək qərarına gəldim. Bir sözlə, “Hatayspor” karyeramı uğurlu adlandıra bilərəm.

– Bəs onda niyə orada qalmadın?

– Əslində, qala bilərdim, müqaviləm də qala biləcəyimlə bağlı bənd də var idi. Onlar da məni istəyirdi, amma mən Türkiyəni tərk etmək qərarına gəldim.

– Bir ildən sonra orada zəlzələ oldu, şəhər dağıldı, hətta “Hatayspor” bu faciə nəticəsində Kristian Atsunu da itirdi. Tanrıya şükr edirsən ki, bu bəladan xilas oldun?

– Hər şey qismətə bağlıdır, bütün bunlar Tanrının yazısıdır.

– Bu qədər komanda sadaladıq. “Qarabağ”ı karyeranın ən uğurlu komandası kimi görürsən?

– Əlbəttə, “Qarabağ”a karyeramın ən uğurlu komandası deyə bilərəm.

– 2010-dan 2015-ə qədər Fransanın aşağı yaş qruplarından ibarət komandalarında çıxış etmisən. Həmin komandalarda kimlərlə yanaşı oynamısan?

– Daha kimlərlə oynamamışam ki. Onların sayı-hesabı yoxdur. Amma ad çəkməyimi istəyirsizsə, Emerik Laport, Adrian Rabyo, Antoni Marsial, Joffre Kondoqbiya və Kurt Zumanı xüsusi fərqləndirərdim.

– 2013-cü ildə Litvada keçirilən U-19 Avropa çempionatında Fransa millisi ilə gümüş medal qazandın. Finalda serblərə 0:1 hesabı ilə uduzduz. Həmin turnirdə qrupda türklərə, yarımfinalda ispanlara qol vurdun. Hətta turinirin rəmzi “11-liy”inə də düşdün.

– Bu turniri həmişə xoş təəssüratlarla xatırlayıram. Biz o vaxt qitə birinciliyinin aşkar favoriti idik. Çempion biz olmalı idik. Finalda serblərə 0:1 hesabı ilə uduzmaq hamımız üçün gözlənilməz oldu. Mən buna qədər də Meksikada keçirilən U-17 dünya çempionatında oynamışam. Biz orada 1/4 finalda meydan sahiblərinə uduzduq.

– U-19 Avropa çempionatı sənin üçün tramplin olmalı idi ki, sonradan U-21-ə qədər getdin. Əsas millidən dəvət aldın?

– Bəli, U-21-ə qədər irəliləmişəm. Amma əsas millidən heç vaxt dəvət almamışam. Hərçənd bir dəfə U-21 millisinin heyətində bazada əsas yığmaya qarşı hazırlıq oyunumuz olub. Həmin oyunda mən Fransanın əsas millisinə qol da vurmuşdum. Amma həmin oyunda 1:3 hesabı ilə məğlub olduq. İstənilən halda, U-21-ə qədər irəliləmək özü böyük uğurdur. Çünki burada əsas millinin baş məşqçisi də tanıyır. Belə oyunçular hər an yığmadan dəvət ala bilər.

– Əlcəzair millisində 2016-cı ildən oynayırsan. Özünü yığmanın aparıcı fiqurlarından biri kimi görürsən?

– Əslində, istənilən komandanın 1-2 əsas fiquru olur. Bizdə əsas lider Riad Mahrezdir. Digərlərinin də hərəsinin özünə görə önəmi var. Son 1 ildən artıq müddətdir ki, müntəzəm olaraq yığmaya dəvət alıram. Hər şey yaxşıdır…

– 2024-cü ildə CAR millisinə möhtəşəm qol vurdun, hətta adın “Puşkaş mükafatı” ilə yanaşı hallandı, amma bu mükafatı qazanmadın. Ümidli idin?

– Doğrusu, bu mükafatı qazanacağımı gözləyirdim. Razıyam, Alexandro Qarnaço da gözəl qol vurmuşdu. Amma nəzərə alaq ki, Qarnaçonun arxasında Argentina kimi ölkənin futbol azarkeşləri durmuşdu, hələ nəzərə alaq ki, səsvermədə “Mançester Yunayted” fanatları da fəal iştirak etmişdi. Lakin biz belə qollardan çox görümüşük, mənə elə gəlir ki, vurduğum qol daha yaxşı idi. Mən onu qazanmağa daha layiq idim. Çünki vurduğum qola bənzər başqa qol yoxdur, ən azı heç kim xatırlamır. Futbolçuların çoxundan soruşsan, onlar da məni seçərdilər.

– Zinəddin Zidan, Kərim Benzema… Əlcəzairlilər onlarla fəxr edir, yoxsa Fransanı təmsil edir deyə çox da veclərinə almırlar?

– Əlcəzair xalqının onlarla qürur duyduğunu deyə bilmərəm. Təbii ki, onların əlcəzairli olması bizə xoşdur. Buna görə onlara simpatiya var. Amma Zidandan və Benzemadan Əlcəzir millisini seçmədiklərinə görə inciklik var.

– Zidan və Benzema ilə görüşmək imkanı əldə etmisən?

– Zidanın oğlu Luka ilə münasibətlərim var. Təxminən 2020-ci ildə Dubayda olanda Luka mənə zəng etdi ki, biz minifutbol oynamaq istəyirik, gəl, bizə qoşul. Getdim, Zinəddin də orada idi. Orada 5/5-ə futbol oynadıq. Orada Zizu ilə tanış oldum, söhbət də etdik. Benzemaya gəlincə, Kərim 2024-cü ildə Əlcəzair millisinin düşərgəsini ziyarət etdi, bizimlə görüşdü, söhbətləşdik, şəkil çəkdirdik.

– Komanda yoldaşın Abdullah Zubirin vətəni olan Mərakeşin yığması 2022-də dünya çempionatında yarımfinala çıxaraq bunu bacaran ilk Afrika komandası kimi tarixə düşdü. Əlcəzairlilər buna sevindi, ya üzüldü?

– Bu suala cavab vermək çətindir. Kimsə buna sevinə, kimsə də qısqana bilər. Mən bütün əlcəzairlilərin adından danışa bilmərəm.

– Bəs özün necə?

– Mənim Mərakeş millisində bir neçə tanışım var. Onların yarımfinala çıxması məni ancaq sevindirə bilərdi.

– Səncə, Əlcəzair millisi həmin mundialda Mərakeşin yerində olsaydı, həmin nəticəni göstərə bilərdi? Ümumiyyətlə, bu iki millinin səviyyəsi arasında nə qədər fərq var?

– Əslində, onların millisinin baş məşqçisi Valid Reqraqi çoxdandır ki, bu postu tutur. Bizim baş məşqçimiz isə bir ildən artıqdır ki, təyinat alıb. Aramızda sən deyən o qədər də böyük fərq yoxdur. Biz haradasa Mərakeş millisinin yolu ilə gedirik deyə bilərik.

– Əlcəzairə tez-tez yolun düşür. Orada uşaq futboluna qayğı necədir? Yoxsa ancaq Fransadan çıxan əlcəzairlilər uğur qazanır?

– Əlcəzairdə futbol insanların həyat tərzidir. Ölkəmizdə futbolu çox sevirlər. Uşaq futbolunu inkişaf etdirmək istəyirsənsə, sən infrastruktura diqqət ayırmalısan. Son illər Əlcəzirdə biz bunu görürük. İldən-ilə bu siyasət müsbət nəticə verir. Məsələn, Dortmund “Borussiya”sının müdafiəçisi Rami Bensebaini Əlcəzair futbolunun yetirməsidir. “Volfsburq”un hücumçusu Məhəmməd Amura da Əlcaəzirdə doğulub. Elə İslam Slimaninin də adını çəkə bilərik.

– Azərbaycanlılarla əlcəzairlilərin oxşar cəhətlərindən sual verməyə dəyməz. Müsəlmanıq, aşağı-yuxarı mentalitetimiz birdir, fərqlərimiz nədir bəs?

– Özünüz də dediz ki, hamımız müsəlmanıq, amma siz daha çox İrana yaxınsınız, biz Afrika xalqlarına. Xarakter olaraq həm də işgüzarlıqda oxşarlığımız var. Məsələn, küçələrdə kişilər və qadınların əziyyətə qatlanaraq işlədiyini görürük. Əlcəzairdə də, Azərbaycanda da hətta qadınların belə zəhmətkeş kimi küçə süpürür. Belə baxanda, bizim ölkəmiz də Azərbaycan kimi müstəqilliyini əldə etmək üçün qurbanlar verib. Hər iki xalq müstəqilliyi qazandığı üçün fəxarət hissi keçirir. İdman nöqteyi-nəzərindən danışmalı olsaq, Əlcəairdə futbol 1 nömrəli idman növüdür, amma bunu Azərbaycana aid etmək olmaz. Çünki Azərbaycanda cüdo və güləş daha ön plandadır. Bizdə milli komanda oynayanda bütün ölkə dayanır. Kafelərdə hamı oyuna baxır. Biz qalib gələndə bütün ölkə sevinc içində olur.

– İran məsələsi mənə çatmadı. Biz İrana daha yaxınıq, yoxsa, Türkiyəyə?

– Türkiyə də demək olar, amma mənə görə Türkiyə sizdən fərqlənir.

– Bu o deməkdir ki, biz İrana daha yaxınıq?

– Sən özün nə fikirləşirsən?

– İndiki vəziyyətdə İran demək olmaz.

– Doğrudur, Türkiyəyə yaxınlıq var, amma dini məsələdə, xüsusən də məzhəbçilikdə siz İrana daha yaxınsınız.

– Türkiyə və Azərbaycanda yaşayan kimi fikrin maraqlıdır: biz təfəkkür cəhətdən Avropaya daha yaxınıq, yoxsa Türkiyə?

– Heç biriniz. Hər iki ölkə özünə görə fərqlidir. Heç Əlcəzəir də təfəkkür sarıdan Avropaya yaxın deyil. Fransanın ora təsiri də boş şeydir. Çünki fransızlar müsəlman deyil.

– Əlcəzairdən Azərbaycan necə görünür? Bir də bizim hansı xüsusiyyətimiz səni daha çox təəccübləndirdi? Bir dənə yaxşı cəhət de, bir dənə də qəribə.

– Nəinki Əlcəzairdə, hətta Fransada belə çox adam var ki, Azərbaycanı tanımır. Hətta mən Azərbaycana gələrkən ətrafıma bu ölkəyə getdiyimi deyəndə, 90-95 faiz adam məndən “Azərbaycan haradır” deyə soruşdu. Azərbaycan mənim özüm üçün də yeni bir ölkə idi. Amma bura gəlib yaxşı mənada təəccübləndim. Ölkənin inkişafı məni heyran etdi. Doğrusu, belə bir şey gözləmirdim. Prezident İlham Əliyevin ölkə üçün gördüyü işlər, buranın inkişafı… Yaxşı və qəribə cəhətlərə gəlincə, çölə çox çıxmıram deyə, mənim üçün konkret nəsə demək bir qədər çətindir. Amma “Qarabağ”ın bazasında azərbaycanlıların xasiyyətini özüm üçün analiz edəndə görürəm ki, burada işləyən bütün yerli insanlar zəhmətkeşdir. Komandanın tərcüməçilərindən tutmuş yemək və geyim məsələsinə baxanlara qədər. Qəribə cəhət kimi də maşın sürməyinizi xüsusi qeyd edərdim. Burada avtomobillər cərgə ilə hərəkət etmir, hamı bir-birinin yoluna çıxır.

– Səni növbəti mövsüm “Qarabağ”da görə bilərik?

– İnşallah! Mən buna ümid edirəm!

– Geyim dəstindən görürəm ki, basketbolu sevirsən. “Los Anceles Leykers”in geyim dəstinə üstünlük verirsən. Deyəsən, bu komandanın azarkeşisən.

– Hə, elədir.

– Mən də “Boston Seltiks”.

– O-o-o, onda biz düşmənik ki (gülür).

– Səncə, bu mövsüm MBA çempionu hansı komanda olacaq?

– Mənə elə gəlir ki, “Oklahoma Siti Tander” daha şanslıdır.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 İyun 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see140

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see136

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see132

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see132

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see130

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see124

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see120

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see119

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see118

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see117

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see116

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see115

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see114

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see114

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see114

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri