Yaxın Şərq yeni eskalasiya astanasında: İsrail İran qarşıdurmasının genişlənən geosiyasi mənzərəsi
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Son günlər daxil olan məlumatlar göstərir ki, İsrail-İran qarşıdurması artıq klassik ritorika və dolayı toqquşmalar mərhələsini aşaraq açıq hərbi eskalasiya ehtimalının ciddi şəkildə nəzərdən keçirildiyi yeni fazaya daxil olur.
İsrailin ABŞ-ni mümkün zərbəyə razı salmaq üçün hərtərəfli kəşfiyyat dosyesi hazırlaması təsadüfi addım deyil. Bu sənəd yalnız İranın nüvə və ballistik raket proqramlarının bərpasına dair faktları deyil, eyni zamanda Tehranın regional proksi şəbəkələri üzərindən apardığı sistemli silahlandırma strategiyasını da ön plana çıxarır. Beləliklə, İsrail Vaşinqtona İranın təkcə potensial təhlükə yox, artıq aktiv və sürətlə genişlənən hərbi risk mənbəyi olduğunu anlatmağa çalışır. Bu yanaşma İsrailin preventiv zərbə doktrinasının yenidən gündəmə gətirildiyini göstərir.
İran tərəfinin davranışı isə müdafiə ritorikasından daha çox, uzunmüddətli qarşıdurmaya hazırlıq görüntüsü yaradır. HHM sistemlərinin Təbriz, Ərdəbil, İsfahan və Tehrana əlavə şəkildə cəlb edilməsi Tehranın hava məkanını mümkün zərbələrə qarşı maksimum səviyyədə qorumağa çalışdığını göstərir. İran rəsmilərinin sərt açıqlamaları, “yeni müharibədən imtina etməyəcəyik” və “bütün ssenarilərə hazırıq” kimi mesajlar daxili auditoriyadan daha çox xarici aktorlara ünvanlanıb. Bu, Tehranın qarşı tərəfi çəkindirmək, eyni zamanda eskalasiya baş verərsə məsuliyyəti üzərindən atmaq cəhdidir. İran açıq şəkildə göstərir ki, mümkün toqquşmanı qısa və lokal yox, geniş və çoxşaxəli qarşıdurma kimi qəbul edir.
Digər mühüm məqam İranın hərbi-texniki potensialının keyfiyyətcə yeni mərhələyə keçməsidir. Ballistik raketlərin istehsal tempi, dron ehtiyatlarının miqyası və hava gücünün gücləndirilməsi ilə bağlı açıqlamalar İsrail üçün əsas təhlükə indikatorudur. İsrail müdafiə naziri İsrael Katz tərəfindən səsləndirilən rəqəmlər, əgər reallığa yaxındırsa, İranın orta müddətdə regionda hərbi balansı dəyişə biləcək gücə çatmaq üzrə olduğunu göstərir. Bu vəziyyət İsrailin “indi hərəkət etməsək, sonra gec olacaq” arqumentini daha da gücləndirir və mümkün preventiv zərbənin psixoloji əsasını formalaşdırır.
Eyni zamanda proses təkcə İsrail-İran xətti ilə məhdudlaşmır. İsrail nümayəndə heyətinin Rusiyaya səfəri və Moskvanın mümkün neytrallığı ilə bağlı aparılan danışıqlar qarşıdurmanın qlobal ölçü qazandığını göstərir. İsrailin Rusiyaya sanksiyaların yumşaldılması və Vaşinqtonda lobbiçilik təklifləri əslində Moskvanın passiv qalmasının nə qədər strateji əhəmiyyət daşıdığını sübut edir. Bu fonda İranın Rusiyadan S-400 və modernləşdirilmiş S-300 sistemləri əldə etməsi, Çinlə kosmik kəşfiyyat əməkdaşlığı qurması Tehranın mümkün müharibəni təkbaşına aparmaq niyyətində olmadığını göstərir. Rusiya və Çin bu prosesdə birbaşa tərəf kimi çıxış etməsələr də, dolayı dəstək mexanizmləri ilə balansı dəyişirlər.
Bütün bu mənzərə onu göstərir ki, Yaxın Şərq yeni bir müharibənin astanasındadır, lakin bu müharibə klassik dövlətlərarası toqquşma formatında olmayacaq. Daha çox hava zərbələri, kəşfiyyat müharibəsi, proksi qüvvələr və texnoloji üstünlük üzərindən qurulan çoxqatlı qarşıdurma modeli formalaşır. ABŞ-nin mövqeyi həlledici olaraq qalır: Vaşinqtonun “yaşıl işıq” verməsi eskalasiyanı sürətləndirə, tərəddüdü isə prosesi müvəqqəti dondura bilər. Ancaq görünən odur ki, tərəflər artıq psixoloji və hərbi baxımdan qarşıdurmaya hazır vəziyyətə gəliblər. Bu isə Yaxın Şərqdə uzun müddət davam edəcək yeni təhlükəsizlik böhranının əsasını qoyur.
Alim Nəsirov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 22 Dekabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















