Yaxın Şərqdə yeni güc balansı
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məkkə sazişi regionda yeni təhlükəsizlik arxitekturasının başlanğıcı ola bilərmi?
Avqustun 7-də müsəlmanların müqəddəs şəhəri Məkkədə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan müdafiə sazişi dünyada heç də birmənalı qarşılanmayıb. Buna baxmayaraq, fakt faktlığında qalır və tarixə Məkkə sazişi kimi düşən bu müqavilənin müsəlman dünyası üçün çox mühüm əhəmiyyəti var. Dövlət rəsmiləri arasında razılaşdırılmış formata uyğun olaraq, bu ölkələr arasında əməkdaşlığın dörd sahədə həyata keçiriləcəyi təsdiqlənib. Müdafiə sazişinin müddəaları Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi ilə müqayisə edilə bilən və BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq daha geniş kollektiv özünümüdafiə prinsipinə əsaslanır: birgə məşqlər və hərbi təlimlər; kəşfiyyat məlumatlarının bölüşməsi və sənədin ən diqqətəlayiq təzahürü – yaxın gələcəkdə Türkiyənin Səudiyyə Ərəbistanı ilə birgə dron istehsalının da daxil olduğu müdafiə sənayelərinin inteqrasiyası.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə Məkkə sazişi ilə bağlı çox geniş açıqlamalar verib. Onun müsahibəsindəki əsas fikir sazişin siyasi mahiyyətini tam mənası ilə açıqlamasa da, əsas konturlarını göstərir: “Bu saziş bütün dünyaya mühüm siqnal göndərib”, – deyə Ərdoğan bəyan edib.
Elə bu səbəbdəndir ki, beynəlxalq siyasi dairələrdə və ekspertlər arasında Məkkə sazişinə diqqət əhəmiyyətli dərəcədə artıb. Çünki bu üç ölkənin geosiyasi və hərbi çəkisi sazişin əhəmiyyətini izah etmək üçün kifayətdir. Məsələn, rusiyalı ekspert, siyasi elmlər üzrə fəlsəfə doktoru Mariya Kolesnikova belə hesab edir ki, bu, inteqrasiyanın hərbi-siyasi konturlarına istinadən üfüqi regional əlaqələrin formalaşması üçün ilk presedentdir. “Lakin əldə edilmiş bütün razılaşmalar toplusunun məzmunu və onların həyata keçirilməsi mexanizmləri barədə tam, açıq məlumatların olmaması çox sayda şərhə səbəb olub. Bunlardan bəziləri heç də həmişə reallığa əsaslanmır. Bundan əlavə, bir sıra aspektlərdə davam edən qeyri-müəyyənlik hazırda yeni birliyin mahiyyətini xarakterizə edən potensial ziddiyyətlər barədə suallar doğurur”.
Almaniyanın “Die Welt” qəzeti sazişi şərh edərkən yazır ki, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə özlərini yeni strateji müttəfiqlər kimi təqdim edirlər. Nəşrin qənaətinə görə, bu saziş Yaxın Şərqdə güc balansını dəyişdirə bilər və Donald Trampın zəifliyinə hesablanıb.
Nəşr yazır ki, “informasiya kampaniyasının miqyasına görə, Məkkə sazişi altında yaranan alyansı tarixin ən güclü hərbi ittifaqlarından biri hesab etmək olardı”.
Məqalənin müəllifi Daniel-Dilan Böhmer yazır ki, Yaxın Şərqdə son dövrlərdə ən böyük və uzun müddət davam edən böhranın ortasında, müsəlman dünyasının üç nüfuzlu ölkəsi NATO ilə müqayisə edilə bilən müdafiə ittifaqı yaradır. Bu yanaşmanın arxasında müəyyən geosiyasi narahatlıqların dayandığını istisna etmək olmaz. “Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə bənzər şəkildə, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə bir üzvə hücumu bütün üzvlərə hücum hesab etməyə və buna uyğun hərəkət etməyə söz verirlər”.
Təbii ki, “qısqanclığa” ciddi əsaslar var. Çünki 3 ölkənin hər biri bu yeni alyansa öz güclü tərəflərini gətirirlər. Pakistan yeganə rəsmi İslam nüvə gücü kimi, Türkiyə ABŞ-dan sonra NATO-nun ikinci ən böyük ordusuna və alyansın yeganə “müsəlman ordusuna” malik dövlət kimi daxil olur. Ən böyük neft ixracatçısı və İslamın əsas müqəddəs ziyarətgahlarının yerləşdiyi Səudiyyə Ərəbistanı isə həm maliyyə, həm də ideoloji cəhətdən əhəmiyyətli beynəlxalq təsir gücünə malik dövlət olaraq alyansda yer alır. Yaranan üçlük indiki mərhələdə müsəlman dünyasının ən ciddi hərbi-siyasi formatlarından biri kimi qiymətləndirilə bilər.
Fikrimizcə, yeni alyansın “müsəlman bloku” kimi təqdim edilməsi tezisi məsələnin mübahisəli aspektlərindən biridir. Bu paradiqmada, regionun ən böyük şiə dövləti olan, əhəmiyyətli hərbi potensiala malik və son aylarda demək olar ki, bütün əsas regional münaqişələrdə istəksiz tərəf olan İranın kənarda qalması özlüyündə hər şeyi deyir.
Rusiyalı ekspert, siyasi elmlər üzrə fəlsəfə doktoru Mariya Kolesnikova bu tezisə münasibətini belə açıqlayır: “Sazişdə Fələstin məsələsinin və Fələstinin özünün iştirakçı kimi, hətta elan edilmiş prioritet kimi olmaması da bir qədər qəribədir. Fələstin Dövlətinin rəsmi olaraq hərbi pakta tamhüquqlu tərəf olmaq üçün silahlı qüvvələri və kifayət qədər tanınmış suveren ərazisi olmasa da, Fələstin məsələsinin onilliklər ərzində İslam dünyasının möhkəmlənməsi üçün simvolik əhəmiyyəti onun sazişin ritorikasından və məzmunundan kənarda qalmasını əsas göstəriciyə çevirir”.
Daniel-Dilan Böhmer isə bu tezisə fərqli yöndən yanaşaraq yazır ki, “siyasi cəhətdən bu ölkələr bir neçə ortaq xüsusiyyətə malikdirlər: hər üçü, ən azı, İranla mürəkkəb münasibətlər qurub və əvvəllər ənənəvi müttəfiqləri olan ABŞ-dan daha çox məmnundurlar. Səudiyyə Ərəbistanı ilə İran arasındakı rəqabətin kökləri əsrlərə gedib çıxır. Şiə İranı özünü əsl İslamın mərkəzi hesab edirdi. Məhəmməd peyğəmbərin doğulduğu Ərəbistan yarımadasının sünniləri də oxşar fikirdə idilər”.
Alman şərhçi qonşu ölkələr arasındakı ziddiyyətli məqamları qabardaraq yazır ki, “İranın xarici siyasəti dəfələrlə Qərbyönümlü və əsasən sünni olan qonşu Türkiyə və Pakistanla qarşıdurmaya səbəb olub. İsrail və ABŞ arasında İranla silahlı toqquşmalar zamanı İran raketləri Səudiyyə Ərəbistanı və Türkiyəni də vurur. Buna görə də, Məkkə sazişini Tehrana qarşı yönəlmiş bir ittifaq və ABŞ-ın İranı neytrallaşdırmaqda göstərdiyi acizliyin nəticəsi kimi görmək üçün tutarlı səbəblər var. Lakin vəziyyət göründüyündən daha mürəkkəbdir”.
Fars körfəzi ölkələri arasında diplomatik münasibətləri araşdıran Bonnda yerləşən “CARPO” analitik mərkəzinin baş elmi işçisi Sebastian Zons yazır: “Əlbəttə ki, Məkkə sazişi İranı çəkindirmək üçün bir mesaj göndərir, lakin bunu mümkün olan son dərəcə diplomatik şəkildə edir. “Səudiyyə Ərəbistanının regiondakı yeni rolu haqqında kitabın müəllifi olan Zons qeyd edir ki, son aylarda hər üç ölkə Vaşinqton və Tehran arasındakı mövcud münaqişənin sülh yolu ilə həlli üçün səylər göstərir. Pakistan və Türkiyə ABŞ və İran arasında fəal şəkildə vasitəçilik edir, Səudiyyə Ərəbistanı isə Donald Tramp administrasiyası ilə danışıqlar zamanı Tehranla razılığa gəlməkdə israr edir. Saziş imzalandıqdan sonra da hər üç ölkənin dövlət rəsmiləri ittifaqın İrana qarşı yönəlmədiyini vurğuladılar.
Zons Məkkə sazişinin hər üç ölkə üçün əhəmiyyətini açıqlayaraq deyir: “Xüsusilə Səudiyyə Ərəbistanının regional sabitliyə xüsusi marağı var”. Həqiqətən krallıqda 35 milyon insan yaşayır ki, bu da Fars körfəzindəki ərəb monarxiyaları arasında ən böyük əhali sayılır. Ölkənin daha çox neftdən asılı olan iqtisadiyyatını yenidən qurmaq lazımdır. Çünki vəliəhd şahzadə Məhəmməd bin Salmanın “Vizyon 2030” islahat proqramının ilkin uğurlarını təkrarlamaq getdikcə çətinləşir.
Zons həmçinin qeyd edir ki, Ankara və İslamabaddakı hakimiyyət də daxili sabitlikdən narahat olmalıdırlar. “İlk növbədə, saziş, nəhayət, yenidən xoş xəbər çatdırmaq üçün bir fürsətdir ki, bu da Səudiyyə Ərəbistanı üçün xüsusilə vacibdir. Çünki krallıq iki qeyri-ərəb sünni dövlətini ittifaqa daxil etməklə öz təsirini ərəb dünyasından kənara çıxardığını nümayiş etdirir. Bu, Səudiyyə Ərəbistanının dünyanın aparıcı müsəlman gücü olmaq iddiasını ortaya qoyur və buna görə də, İsrailin ən qatı düşməni kimi oxşar statusa can atan İrana qarşı güc nümayişidir. Lakin müqavilənin simvolik əhəmiyyətini kənara qoysaq, mahiyyətcə elə də çox dəyişiklik olmayacaq”, – deyə Zons fikrini tamamlayır.
Ekspertin fikrincə, yeni alyansın NATO-ya bənzər nə daimi strukturları, nə də birgə qərargahı olacaq. Türkiyə və ya Pakistanın Səudiyyə Ərəbistanının hazırkı münaqişələrinə, məsələn, Yəməndəki husilərlə qarşıdurmasına müdaxiləsi ehtimalı da azdır. Eyni şey Türkiyə və ya Səudiyyə Ərəbistanının Pakistanın Əfqanıstan Talibanı ilə toqquşmalarında mümkün iştirakına da aiddir.
Bir çox müşahidəçi vurğulayır ki, üç ölkənin birgə səyləri, xüsusən də Ər-Riyad tərəfindən Vaşinqtona “etimadsızlıq səsverməsi” nümayiş etdirmək istəyindən qaynaqlanır. İranla münaqişənin gərginləşməsi, guya, regiondakı Amerika bazalarının yalnız ABŞ və İsrailin maraqlarına xidmət etdiyini göstərib və indi öz təhlükəsizliklərini gücləndirmək üçün regional qüvvələrin birləşdirilməsinin zəruriliyi qəbul edilir.
Rusiyalı ekspert Mariya Kolesnikova isə bu qənaətdədir ki, bu tezis əsassızdır. “Birincisi, hər üç iştirakçı ölkə Vaşinqtonla müxtəlif formatlarda sıx hərbi və iqtisadi əlaqələr saxlayır. İkincisi, ABŞ və Səudiyyə Ərəbistanı arasında mülki nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında bu yaxınlarda imzalanmış müqavilə Ər-Riyadın “İbrahim Sazişləri”nə (Donald Trampın şərtləri) qoşulma perspektivini ön plana çıxardı. Bu da indiki mərhələdə “Qərb əleyhinə kurs”la çətin ki, uyğun gələ”. Rusiyalı politoloqun rəyinə görə, bu presedent obyektiv olaraq regionda Amerikapərəst təhlükəsizlik arxitekturasını dəstəkləyir. ABŞ Prezidenti Donald Trampın artıq yeni blokun yaradılmasını alqışlaması buna əyani sübutdur. Doğrudur, bəzi siyasi ekspertlər Məkkə sazişini formal olaraq müsəlman dövlətlərinin strateji müstəqilliyinin təzahürü kimi təqdim edirlər.
Zons da, həmçinin Məkkə sazişi üzvlərinin ABŞ-a arxa çevirməsi iddialarını şişirdilmiş hesab edir və bildirir ki, Səudiyyə Ərəbistanı bu yaxınlarda Vaşinqtonla müdafiə müqaviləsi bağladı. Ekspertin bu fikri ilə razılaşmamaq doğru olmazdı. Məkkə sazişi sadəcə Ər-Riyadın ən geniş tərəflərlə mümkün olan ən yaxın əlaqələri qorumaq üzrə ənənəvi siyasətini davam etdirir.
Qərb mediasında sızan məlumatlara görə, Misirin Məkkə sazişinə potensial qoşulması ilə bağlı üç ölkə arasında birlik yoxdur. Türk siyasətçiləri isə Qahirənin alyansda iştirakı məsələsini artıq həll olunmuş hesab edirlər. Türkiyə prezidenti “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində bu məsələyə münasibətini açıqlayaraq bildirib ki, Misir Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında bu yaxınlarda bağlanmış müdafiə sazişinə qoşula bilər. Qahirənin alyansda iştirakını “mümkün” hesab edən Ərdoğan qeyd edib ki, Misirin qoşulması alyansın daha da genişləndirilməsi üçün bir seçim ola bilər. O, müqavilənin yeni üzvlər üçün də açıq olduğunu bildirib.
Yeri gəlmişkən, müsahibədə Ankaranın Avropa ilə münasibətlərindən danışan Ərdoğan Avropa Birliyinin Türkiyəni qəbul etməyə hazır görünmədiyini bildirib və əlavə etdi ki, AB üzvlüyü artıq Ankara üçün prioritet deyil.
Məkkə sazişindən irəli gələn bir reallıq da ondan ibarətdir ki, Pakistan Səudiyyə Ərəbistanı üçün yeni tərəfdaş deyil. Ər-Riyad təxminən 200 milyon əhalisi olan kasıb Cənubi Asiya ölkəsinin ən böyük maliyyə dəstəkçilərindən biridir. Pakistan ordusu şəxsi heyət baxımından dünyanın ən böyük 10 ordusu arasındadır. Hindistan və Talibanla uzun müddətdir davam edən münaqişələr sayəsində o, həmçinin ən təcrübəli ordulardan biri hesab olunur və dəfələrlə Səudiyyə Ərəbistanının təhlükəsizlik maraqlarını müdafiə edib.
Maraqlıdır ki, Birləşmiş Ərəb Əmirlikləri Pakistanın sazişə qoşulmasından son dərəcə narazıdır. Çünki BƏƏ İslamabadın digər əsas maliyyə dəstəkçisidir. Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanı arasında isə son zamanlar gərginlik artıb. Cəmi bir neçə il əvvəl aralarında rəsmi ittifaq olmasa da, Səudiyyə Ərəbistanı və BƏƏ ərəb dünyasına təsirli şəkildə birgə hakim idilər. Onları İranla qarşıdurma, həm Qərbə, həm də Rusiya və Çinə qarşı daha müstəqil xarici siyasət yürütmək istəyi, İsraillə əməkdaşlığa açıq olmaq və beynəlxalq islamçı təşkilat olan “Müsəlman Qardaşlığı”na qarşı dərin düşmənçilik birləşdirirdi. Bu islamçı qrup, sözdə “Ərəb Baharı” dövründə ərəb hökumətlərinin devrilməsində iştirak edən əsas qüvvələrdən biri idi.
Bu gün vəziyyət nəzərəçarpacaq dərəcədə dəyişib və Məkkə sazişi bu dəyişikliyin daha bir təsdiqidir. Son zamanlar Fars körfəzinin iki varlı monarxiyası bir-birindən ayrılmağa başlayıb. İranla müharibə zamanı BƏƏ, İranın intensiv bombardmanına baxmayaraq, İsraillə sülh müqaviləsinə sadiq qalıb və İsrail də öz növbəsində yeni tərəfdaşlarını hava hücumundan müdafiə sistemləri ilə təmin edib. Səudiyyə Ərəbistanı kompromisə tərəfdardır, BƏƏ isə İran hökumətini mümkün qədər zəiflətməyə çalışır.
Rusiyalı ekspert Mariya Kolesnikova qeyd edir ki, “Türkiyənin NATO-ya üzvlük statusu ilə Məkkə sazişi çərçivəsində yeni öhdəlikləri arasındakı ziddiyyət, Ankaranın eyni vaxtda NATO və Məkkə sazişi tərəfdaşlarının maraqlarının üst-üstə düşmədiyi müxtəlif istiqamətlərdə münaqişələrə cəlb olunması kimi hipotetik ssenaridə diplomatik və hüquqi münaqişələr riskini yaradır”.
Bəzi ekspertlər bu fikirdədirlər ki, sazişdə hərbi komponentin özü mübahisəlidir. Əlbəttə, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi ilə müqayisələr jurnalistika baxımından cəlbedicidir, lakin analitik araşdırmada fərqli nəticələr meydana çıxır. NATO zəmanətləri daimi müqavilə təşkilatına, inteqrasiya olunmuş komandanlıq strukturuna, 70 il ərzində qurulmuş doktrinaya və gizli “nüvə çətirinə” əsaslanır. Məkkə sazişi hələ ki, buna bənzər heç nə təklif etmir. O, özünümüdafiə məntiqinə əsaslanır, coğrafi əhatə dairəsini və ya yardım şərtlərini müəyyən etmir.
Sənəddə birgə komandanlıq qərargahının, daimi birgə qüvvələrin və ya ortaq büdcənin yaradılması nəzərdə tutulmayıb. Bundan əlavə, Pakistanın “nüvə çətirini” digər iki ölkəyə də genişləndirə biləcəyi ilə bağlı iddialar rəsmi olaraq bəyan edilmiş siyasətdən daha çox fərziyyə olaraq qalır.
Lakin Məkkə sazişinin NATO-ya bənzər struktura malik olmaması qarşılıqlı müdafiə müqaviləsini əhəmiyyətsiz etmir. İndiki mərhələdə bu, birləşmənin hərbi elementinin potensial “yetişdirilməsi” üçün siyasi çərçivənin yaradılmasını göstərir. Üç dövlətin nüfuz və hərbi çəkilərini birləşdirərək qeyri-müəyyənliyə qarşı mübarizə apardıqları ilə razılaşmaq olar, lakin onlar bu zəmanətləri etibarlı edəcək bir institusional təməl yaratmalıdırlar. Ona görə də Məkkə sazişinin uzunmüddətli təsiri üç ölkənin bu sənədi qarşıdakı dövrdə konkret hərbi əməkdaşlığa nə dərəcədə çevirə biləcəyindən asılı olacaq.
Hazırladı:
İlqar RÜSTƏMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 19 Avqust 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















